15 Mart 2025

Şənbə, 01:45

AVROPA İTTİFAQI ÇAT VERİR

Avrozona "güclü altılıq" və "böhranlı ətraf"a bölünə bilər

Müəllif:

15.11.2011

İqtisadiyyat yenidən dünya siyasətinin düzənini dəyişir. İndi artıq yalnız Avropa İttifaqının əsaslarında deyil, yeni iqtisadi böhrana hazırlaşan bütün qlobal oyunçuların planlarında da ciddi dəyişikliklər gözlənilir. 

Avropa İttifaqında suveren borclarla bağlı böhran 2009-cu ilin sonlarından başlayıb. Bu dövrdə avrozonanın bir neçə ölkəsi - İrlandiya, İtaliya, Yunanıstan, İspaniya və Portuqaliya borc öhdəliklərinin yerinə yetirilməsi işində problemlə üzləşib. Bu, artan büdcə kəsri və qlobal iqtisadi böhranın nəticəsidir. Bu ilin əvvəllərində vəziyyətin getdikcə daha da ağırlaşması Aİ liderlərini ittifaqın əsasını təşkil edən iqtisadi əlaqələrə yenidən baxmağa sövq edib, həmçinin, Afina və Romada siyasi böhrana səbəb olub. Afinada daha ciddi siyasi hadisələr yaşanır. Kütləvi etiraz aksiyaları Georgios Papandreu hökumətini ciddi seçim qarşısında qoymuşdu: Aİ-nin dəstəyini almaq üçün dövlət xərclərində kəskin azalma olmalı idi. Papandreu isə risk edərək, Avropa İttifaqından növbəti 100 milyard avro borc alınıb-alınmaması məsələsini referenduma çıxarmaq qərarına gəldi.

"Bu, demokratiyanın ən yüksək forması, böyük vətənpərvərlik anıdır. Odur ki, gəlin son sözü demək hüququnu insanlara verək, onlara qərar çıxarmaq imkanı yaradaq", - deyə xalqa müraciət edən baş nazir bildirib.

Amma Afinada referendum haqda bəyanatın səsləndirilməsi kifayət etdi ki, bazarlarda yaşanan eyforiya keçsin: bir neçə saat ərzində Fransa və Almaniyanın indeksi, təxminən, 5% aşağı düşdü. Aylardır aparılan danışıqlar, 100 milyardlarla avro dotasiyalar, Brüsseldə keçirilmiş son sammitdə Aİ ölkələrinin nəhayət ki razılaşdıqları islahatlar bir anda bütün əhəmiyyətini itirmək təhlükəsi ilə üz-üzə qaldı - Avropaya ən böyük borcu olan Yunanıstan birdən-birə beynəlxalq yardımın növbəti hissəsindən imtinanın mümkünlüyü haqda düşünməyə başlamışdı.

Avropa liderlərinin məsələyə reaksiyasını bir kəlmə ilə belə ifadə etmək olar: şok! Avropanın son antiböhran planının əsas müəllifləri olan Nikola Sarkozi və Angela Merkel telefon vasitəsilə təcili müzakirələr aparıblar. Onlar Avropa demokratiyasının vətəni olan Yunanıstanı referendum keçirmək qərarına görə, formal olaraq, məzəmmət edə bilməyib. Brüssel bazarlardakı vəziyyəti sabitləşdirmək üçün təcili kommünike ilə çıxış edib: "Aİ əvvəlkitək Yunanıstana güvənir".

Amma bu da işə yaramayıb. Çünki Yunanıstanın keçirəcəyi referendumun nəticəsi əvvəlcədən bəllidir: yunanların əksəriyyəti Aİ-dən yardım alınmasının əleyhinədir. Çünki bunun əvəzində Brüssel Afinadan vergilərin artırılmasını və əməkhaqlarının azaldılmasını tələb edir. Beləliklə, Yunanıstanın baş naziri, faktik olaraq, siyasi intihar etdi. Nəticədə, Aİ-dən gələn ciddi təzyiqlər qarşısında o, vəzifəsindən istefa verdi. Cəmi bir neçə gün ərzində ölkədə Lukas Papadimosun rəhbərliyi ilə yeni hökumət formalaşdırıldı. Yeni hökumət fəaliyyətini, təxminən, 100 gün - növbədənkənar parlament seçkisinədək davam etdirəcək.

Yunanıstanda yeni hökumətin ilk vəzifəsi Aİ-dən növbəti kredit tranşının alınması qərarını verməkdir. Papandreu və Yunanıstanın siyasi qüvvələri ilə Aİ arasında əsas fikir ayrılığına səbəb də məhz bu idi.

Amma Aİ hələ də baş verənlərdən razı deyil. O, Afinanın birlik üzvlərinin hazırladığı antiböhran planına əməl edəcəyinə dair yazılı zəmanət istəyir. Belə zəmanət olmadan yardımın 6-cı tranşı ayrılmayacaq.

Bununla yanaşı, Yunanıstanın gedişi avrozona üçün də fəlakətə səbəb ola bilər. İndiyədək heç kəs valyuta birliyini tərk etməyib. Maastrix müqaviləsində də bu, nəzərdə tutulmayıb.

Amma Yunanıstanda böhranın daha ciddi olduğu görünsə də, oradakı defoltun avrozonanın sonu olacağını düşünməyə əsas vermir.  İtaliyada iqtisadi qeyri-sabitlik isə bütünlükdə Avropa bazarı üçün əsl fəlakət olardı. Məhz İtaliya iqtisadi çəkisinə görə, avrozonada 3-cü dövlətdir.

İtaliyanın dövlət borcu ÜDM-in 120%-ni təşkil edir. Başqa sözlə, söhbət, təxminən, 1,9 trilyon avrodan gedir. Bu, Yunanıstan, İspaniya, İrlandiya və Portuqaliyanın birgə borclarından daha çoxdur. Avrozonanın sabitlik fondundakı vəsaitinin həcmi də İtaliyanın dövlət borcundan azdır.

İtaliyadakı ciddi siyasi və iqtisadi çətinliklər artıq 17 ölkənin vahid valyuta ittifaqının dağılması təhlükəsini yaradıb. Üstəlik, İtaliya və avrozonanın ən etibarlı dövlət istiqrazlarının (Almaniya) qiymətləri arasında fərq 5%-lik rekorda çatıb. Bu, avrozonanın tarixində qeydə alınmış ən yüksək rəqəmdir. Vəziyyətin sabitləşdirilməsi üçün yalnız gələn il İtaliyaya 300 milyard avro lazımdır.

İtaliyanın özündə tənəzzül göz önündədir: gənclərin 23%-i işsizdir. Sənaye sahəsində ixtisarlar davam edir, turizmdə də tənəzzül yaşanır. İtaliya parlamentinin yuxarı palatası olan Senatın son qərarlarından biri sadalananların son hədd olmadığını göstərir. Qurumun büdcə haqqında qəbul etdiyi qanunda borc böhranı ilə mübarizə üçün sərt qənaətlər nəzərdə tutulur. Baş nazir Silvio Berluskoninin istefası üçün məhz bu sənədin qəbulu əsas şərt idi.

Şübhəsiz, İtaliyada Yunanıstan sxemi işə yaramayacaq, Avropa banklarının borcun 50%-ni silməsi kömək etməyəcək. Çünki bu halda ümumilikdə Avropanın bank sistemi iflic olacaq. Bu böhran bütünlükdə dünya iqtisadiyyatına yayıla, onun üçün daha ciddi təlatüümlərə səbəb ola bilər.

Bu ilin üçüncü rübündə İspaniyada da iqtisadi artım qeydə alınmayıb. 

Bütün bunlar Böyük Britaniyanın Baş naziri Devid Kemeronu bədbin bəyanatlar səsləndirməyə vadar edib. O, açıq şəkildə bildirib ki, avrozonanın gələcəyi və Aİ ölkələrinin iqtisadi perspektivi böyük sual altındadır: "Bazarlarda qeyri-sabit vəziyyət hökm sürür. Avropa İttifaqı ölkələrinin borc probleminin öhdəsindən gələ bilib-bilməyəcəyi məlum deyil".

Almaniyada Angela Merkelin lideri olduğu Xristian-Demokrat İttifaqı Partiyasının hazırladığı qətnamə sanki Kemeronun sözlərinin təsdiqidir. Sənəddə ayrı-ayrı ölkələrin avrozonanı tərk etməsinin mümkünlüyündən danışılır. Qətnamə müəllifləri hesab edir ki, avrozonanın bütün maddi-iqtisadi tələblərinə əməl etmək istəməyən və ya edə bilməyən ölkələr onun sıralarını tərk edə, amma Aİ-də qala bilər.

Bu xəbərlə eyni vaxtda o da məlum olub ki, Berlinlə Paris avrozonada köklü islahatlar hazırlayır. İslahatlar vahid iqtisadi və vergi siyasətinə əsaslanan federativ özülün yaradılmasını nəzərdə tutur. Avro məkanının üzvü olan 17 ölkə arasında növbəti milli suverenliyini itirmək istməyənlər bu dövlətlərin sırasını tərk edə bilər. Qərb KİV-in yazdığına görə, söhbət avrozona daxilində Almaniya, Fransa, Niderland, Lüksenburq, Finlandiya və Avstriyadan ibarət "güclü altılıq"ın yaradılmasından, yəni "böhranlı ətrafın  amputasiyası"ndan gedir.

Angela Merkel etiraf edib ki, Avropa ölkələrinin maddi sıxıntıdan çıxması üçün ən azı 10 il vaxt lazım gələcək. "Borc böhranını bir anda aradan qaldırmaq mümkün deyil", - deyə Merkel bildirib. O, hazırkı borcların "onilliklər boyunca toplandığını" söyləyib. Bununla yanaşı, kansler avropalıları maliyyə intizamını gücləndirməyə də çağırıb: "Bədbinlik üçün əsas yoxdur. Amma Avropada hər kəs səy göstərməli, ev tapşırıqlarının öhdəsindən gəlməlidir".

Avropanın ən qüdrətli ikinci dövləti olan Fransada da problemlər var. Paris büdcənin möhkəmləndirilməsi üçün səyləri artırıb. O, bununla da ən yüksək hədd olan "AAA" kredit reytinqini qoruyub-saxlamağa, İtaliyanı bürümüş maliyyə böhranının təzyiqindən qaçmağa çalışır. Fransanın Baş naziri Fransua Fiyon bildirib ki, ölkənin büdcəsi 2012-ci ildə 7 milyard, 2013-cü ildə isə 11,6 milyard avro azaldılacaq.

Əksər ekspertlər hesab edir ki, başqa kreditorlar kimi, Almaniya da avro məkanında yaranmış böhrana görə Yunanıstandan heç də az günahkar deyil, əksinə, bəlkə də daha çox günahkardır. Çünki hansısa bank o qədər də etibarlı olmayan borc alana pulun qaytarılacağına dair ciddi zəmanət olmadan vəsait verirsə, sonradan pulunu geri ala bilməməsində onun özü günahkardır. İndi avroməkanın nəhəng dövlətləri, həmçinin, Almaniya eyni durumla üzləşib: onlar böyük gəlir əldə etmək niyyəti ilə Afinaya illik 5%-lə kredit ayırıblar. Halbuki həmin vaxt Berlinin özü maliyyə bazarında bu məqsədlər üçün 3%-dən də ucuz qiymətə borc alırmış. Başqa sözlə desək, ikiqat xeyir götürürmüş.

Yunanıstanın borcu avropalıların razılaşdıqları həddi - ÜDM-in 60%-ni ötdükdə bu, demək olar ki, hamını narahat etməyə başlamışdı. Yeri gəlmişkən, Yunanıstanın dövlət büdcəsindəki kəsrdən fərqli olaraq, dövlət borcunun həcmi həm kreditorlara, həm də beynəlxalq təşkilatlara məlum idi.

Əsəbi halda böhrandan çıxış yolları axtaran iqtisadçılar və siyasətçilər Avropa Mərkəzi Bankını qeyri-standart və radikal addımlar atmağa çağırır. Əks təqdirdə, İtaliyanın borcunun restrukturlaşdırılması valyuta ittifaqının dağılmasının əsasını qoyacaq.

Məsələnin aktuallığı "Böyük iyirmilik" ölkələrinin Kannda baş tutmuş sammitində də vurğulanıb. ABŞ Prezidenti Barak Obama sammitin yekunundakı çıxışında Avropanın hazırkı böhranı aradan qaldırmaq iqtidarında olduğuna ümid ifadə edib.

ABŞ-ın maliyyə naziri Timoti Qaytner də avroməkanda baş verənlərdən ciddi narahatlığını dilə gətirib. O bildirib ki, "avrozonadakı böhran hazırda dünya iqtisadiyyatının inkişafına başlıca əngəldir".

"Avroməkana daxil olan dövlətlər maliyyə sabitliyini bərpa etmək üçün təcili tədbirlər görməlidir", - deyə Qaytner qeyd edib.

ABŞ-da Mərkəzi Bankın funksiyalarını icra edən Federal Ehtiyat Sistemi (FES) rəhbərinin müavini Canet Yellen öz növbəsində açıq şəkildə etiraf edib ki, avro məkanındakı borc böhranı ABŞ iqtisadiyyatına da ciddi zərbə ola bilər. Yellen bildirib ki, Amerika bankları öz balansında avrozonanın ən problemli ölkələrinin dövlət qəbzlərinin saxlayır. Amma Amerikanın bank sisteminin Avropanın daha böyük dövlətlərinin iqtisadi durumundan asılılığı daha yüksəkdir. Bununla əlaqədar olaraq, Yellen bəyan edib ki, FES  ağırlaşan iqtisadi durumda ABŞ-ın 19 aparıcı bankının vəziyyətini araşdırmaq üçün stress-testin növbəti mərhələsini keçirəcək.

Qeyd edək ki, iqtisadiyyatı inkişaf etməkdə olan ölkələrin liderləri son zamanlar avroməkan ölkələrinin hökumətlərindən narazılıqlarını açıq şəkildə dilə gətirir. Çin və Hindistan birgə bəyanatla çıxış edərək bildiriblər ki, "Bəzi inkişaf etmiş dövlətlərdə suveren öhdəliklərin sabitliyi baxımından qeyri-müəyyənlik var".

Hər halda, avroməkanda bu ilin yayından böhranın daha da dərinləşməsi inkişaf etməkdə olan dövlətlərin iqtisadiyyatında da geriləməni sürətləndirib. "Bloomberg" agentliyi bildirir ki, "Avropa onu gözləyən iqtisadi fəlakətdən qaçmaq istəyirsə, bütün arsenalını, yəni, təxminən, 3 trilyon avronu döyüşə atmalıdır". Agentlikdə hesab edirlər ki, hazırda Avropanın ən böyük problemi avrozonanın problemli dövlətlərinə inamın itməsidir. Onun bərpası üçün isə avropalıların hələ də öhdəsindən gələ bilmədikləri 3 məsələ öz həllini tapmalıdır: "Birincisi, avrozonanın bəzi hökumətlərinin, ilk növbədə, Yunanıstanın borcunu ödəyə biləcəyinə dair xülyalardan qurtulmaq lazımdır. İkincisi, bu ölkələrin hökumətlərinin müflisləşdiyini bəyan etməsinin ardından, Avropa banklarının itirəcəkləri məbləğlə bağlı real analiz olmalıdır. Üçüncüsü, bazarları bu müflisliyin və zərərin sonuncu olacağına inandırmaq üçün lazımi maddi zəmanət ortaya qoyulmalıdır".

Bir şey aydındır: avrozonadakı böhran yaxın ayların əsas xəbəri və mövzusu olaraq qalacaq. Avropa liderlərinə gəlincə, onlar getdikcə daha çox təzyiqlə üzləşirlər. Bu təzyiqlər onları problemin kompleks həllinə nail olmaq üçün mümkün variantlar axtarmağa vadar edir. Çünki Köhnə Dünyada vahid Avropanın qorunub-saxlanmasına tərəfdar olanların sayı durmadan azalır.



MƏSLƏHƏT GÖR:

574