15 Mart 2025

Şənbə, 01:39

MARAQLAR HÖVZƏSİ

D.Qorenburq,Harvard universitetinin professoru: "Xəzərin təhlükəsizliyi ilə bağlı proqramlarda bu regiondan olmayan ölkələrin də iştirakı üçün potensial var"

Müəllif:

15.11.2011

Xəzər və onun enerji resursları Avropa və Asiyanın maraq mərkəzindədir. Azərbaycan və Mərkəzi Asiya qazı və onun nəql marşrutları, həmçinin, hərbi potensialı geosiyasi gündəmdədir. Xəzər adlı "piroq" necə bölünəcək və Xəzəryanı ölkələr öz maraqlarını hansı yolla qorumaq fikrindədir? "R+"un əməkdaşı bu haqda Harvard Universitetinin Slavyan, Şərqi Avorpa və Avrasiya Təhqiqatları Assosiasiyasının (AAASS) icraçı-direktoru Dmitri Qorenburqla söhbətləşib. (AAASS) 

- Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ettingerin Avropa Komissiyasının Azərbaycan və Türkmənistanla Transxəzər qaz kəmərinin tikintisinə dair danışıqlara başlayacağı haqda sentyabrda səsləndirdiyi bəyanat Rusiyanın etirazına səbəb olub. Kreml sahilyanı dövlətlər arasında hüquqi statusunun hələ də müəyyənləşdirilmədiyi Xəzərin dibi ilə qaz kəmərinin çəkilişinə etiraz edir. Fikrinizcə, Moskva bu layihənin reallaşdırılmasına mane ola biləcəkmi?

- "Nabucco" layihəsi haqda müzakirələr başlandığı andan Kreml ardıcıl olaraq bu mövqedən çıxış edir. Əlbəttə ki, Moskvanın hər iki paytaxta təsir etməsi üçün bəzi rçaqları var. Rusiyanın etirazının layihənin qarşısını alacağını düşünmürəm. Amma bu onu həm tikintinin maddi-texniki təchizatı, həm də siyasi nöqteyi-nəzərdən çətinləşdirə bilər.

- Xəzər nefti və qazının tranzit marşrutları uğrunda qızğın mübarizə getdiyi ortadadır. Bu məsələdə real vəziyyət necədir?

- Bu qısa cavabla tam əhatəsi  mümkün olmayan çox geniş məsələdir. Fikrimcə, son 2 ilin ən vacib hadisəsi Çinin Mərkəzi Asiyanın enerji bazarında daha əhəmiyyətli oyunçulardan birinə çevrilməsidir. Qazaxıstan və Türkmənistandan Çinə neft və təbii qazın daşınacağı boru xətləri tikintisinin başa çatdırılması Rusiyanın Xəzər regionundan enerjidaşıyıcıları nəqlindəki monopoliyasına birdəfəlik son qoyub. Azərbaycan isə hələ bunadək alternativ boru xətlərinə malik idi. Beləliklə, hazırda enerjidaşyıcıları ixrac edən bütün Xəzəryanı ölkələrin ixrac marşrutunu seçmək imkanı var. Bu o deməkdir ki, artıq Rusiyanın həmin ölkələrə öz şərtlərini diktə etmək imkanı yoxdur. Bu, Transxəzər qaz kəməri və "Nabucco"nun reallaşdırılıb-reallaşdırılmayacağı baxımından, regional enerji siyasəti üçün son dərəcə vacib məqamdır. İstənilən halda, Türkmənistanın öz qazına qiymət qoymaq və onu nəql etmək imkanları olacaq. "Nabucco" yaxın perspektivdə Avropaya qaz nəqlinin təmini baxımından vacib əhəmiyyətə malikdir. Uzaq perspektivdə isə şist qazı Avropanın Xəzər qazının nəqlindən asılılığını azalda bilər. Odur ki, mübarizənin necə gedəcəyindən asılı olmayaraq, sonda həm region dövlətləri, həm də nəhəng müştərilər üçün hər şey yaxşı olacaq. Orta və uzaq perspektiv üçün məhz Rusiya məğlub durumda qala bilər.

- Xəzərdə neft və qaz ehtiyatı qlobal miqyasda o qədər də böyük deyil. Belə olan təqdirdə bu, dünya iqtisadiyyatı üçün nə qədər vacibdir ki, bu dərəcədə mübahisəyə səbəb olur? Yoxsa bu, geosiyasətdir?

- Burada geosiyasət daha çoxdur. Amma təbii qaz təchizatı  xüsusilə Çin və Avropa üçün potensial olaraq, çox əhəmiyyətlidir. Hazırda əlbəttə ki, enerji təhlükəsizliyi geosiyasətin əhəmiyyətli hissəsinə çevrilib və onları bir-birindən ayırmaq çətindir. Konkret milli və transmilli enerji təşkilatının potensial gəliri onların yerləşdikləri ölkələr arasında mübahisəsinə qatılmasına da təsirini göstərir.

- Xəzəryanı dövlətlər son sammitlərində region dövləti olmayan oyunçuları Xəzərin təhlükəsizliyi məsələsindən uzaq tutmağa qərar verdilər. Fikrinizcə, regionda yerləşməyən dövlətlərin Xəzərdə mövcudluğu mümkündürmü? Bu, nələrə səbəb ola bilər?

- Fikrimcə, bu mümkündür. Amma yalnız müəyyən sahələrdə. Qeyri-Xəzər dövlətləri yerli ölkələrin təhlükəsizlik, xüsusilə də, hərbi sahədə təhlükəsizliyik proqramlarının reallaşdırılmasında iştirak edə bilərlər. Enerji infrastrukturunun qorunması, narkotik qaçaqmalçılığı, nərəkimilərə qarşı brakonyerliklə və terrorla mübarizədə kəşfiyyat və polis patrul xidməti kimi sahələrdə bu, mümkündür. Bunlar gələcəkdə Avropa İttifaqı, ABŞ, Türkiyə, hətta Çinlə də əməkdaşlığın mümkün, bəlkə də regionun təhlükəsizliyini artırmaq üçün sərfəli olacaq sahələrdir. Hərbi sahədə əməkdaşlıq isə siyasi baxımdan daha həssasdır. Ona görə də o, Xəzəryanı ölkələr üçün arzuolunan deyil.

- Rusiyanın birgə (beştərəfli) təhlükəsizlik mexanizminin yaradılması təşəbbüsü Xəzəryanı ölkələrin 3-ü tərəfindən dəstəklənmir. Onlar Rusiyanın həmin mexanizmdən regiona təsir imkanlarını artırmaq üçün istifadə edə biləcəyindən ehtiyatlanır. Moskva Kasfor adlı həmin mexanizmi özünün Xəzər hövzəsinə nəzarəti həyata keçirməsi məqsədilə istifadə edə bilərmi?

- O, bunu digər ölkələrin də razılığı olduğu təqdirdə edə bilərdi. Amma Xəzəryanı ölkələrin hamısı xarici siyasətdə müstəqilliyini qoruyur. Digər ölkələr Kasfora Rusiyanın təhlükəsizlik məsələlərini öz üzərinə götürməsi cəhdi kimi baxır. Bu səbəbdən də onlar Moskvanın təşəbbüsünü dəstəkləmir. Xəzəryanı dövlətlər təhlükəsizlik məsələsində Rusiya ilə ikitərəfli əməkdaşlığa üstünlük verir. Bir müddət əvvəl Qazaxıstan “Mərkəz-2011R” təlimində iştirakla etdiyi kimi.

- Yaxın gələcəkdə Xəzərin hüquqi statusu ilə bağlı məsələ öz həllini tapa bilərmi? Hazırda  Xəzəryanı ölkələrin bu problemi həll etməsinə nə mane olur?

- Yaxın gələcəkdə ümumi razılığın əldə ediləcəyini düşünmürəm. Buna maneə indiyədək razılığa gəlinməsinə mane olan məqamlardır - təbii resurslar uğrunda mübahisə. Seçiləcək istənilən yol ölkələrdən bəzilərinin xeyrinə, digərlərinin ziyanına olacaq. Məncə, status-kvo davam edəcək və bəzi ölkələr şimalda olduğu kimi, öz aralarında ikitərəfli razılaşmalara gedəcək. Dənizin hüquqi statusunun müəyyənləşdirilməsilə nəticələnəcək ümumi razılıq əldə edilməyəcək.


MƏSLƏHƏT GÖR:

462