15 Mart 2025

Şənbə, 01:39

SERJ SARQSYAN KOMANDA AXTARIŞINDA

Ermənistan prezidenti ilə Sələfi Robert Koçaryan arasındakı rəqabət qarabağ klanında parçalanma yaradıb

Müəllif:

15.11.2011

Ermənistanın siyasi isteblişmentində titrəmələr davam edir. Ölkədə səs-küylü istefalar bir-birini əvəzləyir. Yerevana, təxminən, 1 il əvvəl rəhbərliyə başlamış mer Karen Karapetyan vəzifəsini tərk edib, parlamentin spikeri Ovik Abramyan istefaya gedib, Serj Sarqsyanın kürəkəni Mikael Minasyan Prezident Administrasiyası rəhbərinin müavini postunu tərk edib, Ermənistan polisinin rəhbəri Alik Sarkisyanın, həmçinin, Ermənistan prezidentinin protokol şöbəsinin əməkdaşı Aram Sandayanın (Kndo) yerinə başqaları təyin edilib.

KİV-də baş nazirin müavini, ərazi idarəetmə naziri Armen Gevorkyanın da istefa verdiyinə dair xəbərlər yayılsa da, onun mətbuat katibi Zoya Barseqyan deyilənləri təkzib edib.

Ekspertlər bildirirdi ki, Ermənistan polisinin vəzifəsindən kənarlaşdırılmış rəhbəri Alik Sarkisyan Prezident Administrasiyası rəhbərinin müavini təyin olunacaq. Onun əvvəlki vəzifəsini isə müdafiə nazirinin müavini Vladimir Qasparyan tutacaq. Qasparyanın polis rəisi təyin olunmasından dərhal sonra, Yerevanın "Zvartnots" aeroportunun nizami polis şöbəsinin rəisi, "Şerif" ləqəbli polkovnik Karen Babayan, həmçinin, Yerevan şəhər polis idarəsinin rəisi, "Qleb" ləqəbi ilə tanınan və müxalifətin mitinqlərinin dağıdılması ilə məşhurlaşmış Armen Akopyan istefa veriblər.

Müdafiə Nazirliyində Qasparyanın yerini kimin tutacağı hələ ki bəlli deyil. Lakin Ermənistanda yaxın vaxtlarda silahlı qüvvələrin baş qərargah rəisi Yuri Xaçaturovun istefaya göndəriləcəyinə dair xəbərlər də yenidən vüsət alıb. Onun yerini müdafiə nazirinin digər müavini - Alik Mirzabekyanın tutacağı bildirilir.

Ermənistanda parlament seçkisinin yaxınlaşdığını nəzərə alsaq, bu qədər səs-küylü istefalara izah tapmaq o qədər də çətin deyil. Əksər mütəxəssislər hesab edir ki, qarşıdan gələn seçkidə hakim respublika partiyasının qələbəsi, xüsusilə "təmiz seçki" ilə bu qələbənin mümkünlüyü xeyli şübhəli görünür.

Beynəlxalq ekspertlərin araşdırmaları Ermənistanda iqtisadi vəziyyətin yalnız Madaqaskar adasından geri qalmadığını göstərir. Amma hakimiyyət bu qiymətləndirmələrin qarşısında sadəcə susur. 

Məlum olduğu kimi, ölkənin iqtisadi durumu bilavasitə vətəndaşların cibində əksini tapır. Onlar isə seçkidə rəsmi pres-relizlərdə yazılanlardan yox, ciblərindəki vəziyyətdən çıxış edirlər.

Yerevanın xarici siyasətində də vəziyyət iqtisadiyyatda olduğundan yaxşı deyil. Azərbaycanın BMT TŞ-nin qeyri-daimi üzvü seçilməsi Ermənistanı, az qala, şok vəziyyətinə salıb. Bu, Yerevanın xarici siyasətindəki uğursuzluğun daha bir göstəricisidir.

Bundan başqa, Ermənistan müstəqilliyinin 20-ci ildönümü ilə əlaqədar keçirməyə hazırlaşdığı paradı əvvəlcədən gursəslə reklam etsə də, bu sahədə də iflas yaşanıb.

Ölkədə emiqrasiya milli fəlakət səviyyəsinə çatıb və sair.

Bir sözlə, hazırkı hakim partiyanın qarşıdan gələn parlament seçkisində "təmiz yol"la qələbə qazanması çox problemli görünür.

Hələ bir neçə həftə əvvəl respublika partiyasının qələbə naminə inzibati resurslardan istifadə etməyi düşündüyünün ilk əlamətləri ortaya çıxmışdı. Müxalifət KİV-in məlumatına görə, əhalinin siyahıyaalınmasının həyata keçirildiyi Ermənistanda bu işə məsul qurumlara əhalinin sayının, ən azı, 3 milyona çatdırılması tapşırılıb. Məqsəd sonradan həmin "ölü canlar"ı seçici siyahısına salmaqdır. Amma bu, müxalifətin sıralarında böyük hiddətə, "partlayışa" səbəb ola, hadisələrin "İran ssenarisi" ilə inkişafına yol aça, yaxud 2008-ci ilin martında baş verənlərin təkrarlanmasına aparıb çıxara bilər. Ermənistanın müxalifətçi erməni milli konqresinin (EMK) müntəzəm olaraq keçirdiyi izdihamlı mitinqlər göstərir ki, məhz bu ssenarinin gerçəkləşəcəyini istisna etmək olmaz. Belə olan təqdirdə, Serj Sarqsyanın populist addımlar atacağını gözləməyə dəyər.  Bu baxımdan, kadr dəyişiklikləri və istefalar onun öz "komanda"sını möhkəmləndirməsi üçün daha məntiqi "alət"dir.

"İstefaya gedənlər" arasında ölkədə böyük siyasi çəkiyə, vəziyyətə təsir göstərmək imkanına malik olan şəxslər də var. Prezidentin protokol şöbəsinin əməkdaşı Kandayan ("Kndo" və ya "Qndo" adı ilə də tanınır) ilk baxımdan siyasi çəkisi böyük olan şəxslərə aid deyil. Onun istefasını keçən ilin sonlarında baş vermiş insidentlə əlaqələndirirlər. Xatırladaq ki, bir zaman Yerevan meri postunu tutan Qagik Bəyləryan Kandayanı oğurlayaraq, "Metaks" zavodu ərazisinə aparmış və orada döymüşdü. Buna səbəb isə Plasido Dominqonun konsertində protokol şöbəsi əməkdaşlarının merin xanımının Ermənistan prezidenti ilə yanaşı oturmasına icazə verməməsi idi. Həmin hadisədən bir qədər sonra Bəyləryan da istefaya göndərilmişdi. İndi isə Kandayan da postunu itirdi. Rəsmi versiyaya görə, səbəb onun S.Sarqsyanın xarici səfərlərindən biri zamanı kobud səhvə yol verməsidir. Amma seçki ərəfəsində Sarqsyanın ətrafından qalmaqalları ilə yadda qalmış şəxsləri təmizləmək qərarına gəldiyi də istisna deyil.

Daha uzaqgörən ekspertlər isə xatırladır ki, vaxtilə parlament seçkisində Qagik Bəyləryanı məhz döyülmüş "Kndo"nun atası məğlub edib. Odur ki, elə də önəmli fiqur sayılmayan "protokolçu", əslində, çox nüfuzlu ailənin varisidir.

Eyni zamanda,  son günlər bir-birini əvəzləyən istefalar arasında əlaqənin olmaması da mümkündür. Ermənistanda dolaşan söz-söhbətə görə, vaxtilə "Armrosqazprom"a rəhbərlik etmiş Yerevanın artıq sabiq meri Karen Karapetyan bu dəfə Rusiya supermonopoliyaçısının rəhbərinə müavinlik etmək niyyətindədir. Hələ ki bu məlumat rəsmən nə təsdiq, nə də təkzib olunub.

Ermənistan polisinin rəhbəri A. Sarqsyanın istefasını isə hələ çoxdan proqnozlaşdırırdılar. Xüsusilə ölkənin hüquq-mühafizə orqanları sırasında vəziyyətin pis olmasına dair tənqidlər fonunda belə ehtimalların səsləndirilməsi başadüşülən idi. Bu baxımdan, onun vəzifəsindən kənarlaşdırılması müəyyən mənada ictimai rəyə güzəşt də sayıla bilər. Amma A.Sarqsyanın prezident administrasiyasına rəhbərlik edəcəyinə dair də xəbərlər dolaşmaqdadır.

Ermənistanın həm siyasi isteblişmentinin, həm də ekspertlərin diqqətini daha çox cəlb edən isə parlamentin spikeri O. Abramyanın istefası olub. Rəsmi versiyaya görə, o, vəzifəsindən respublika partiyasının seçki qərargahına başçılıq etmək üçün gedib. Amma bu açıqlama Abramyanın istefasının arxasında hər hansı siyasi məqamın olmadığına kimisə çətin ki inandırsın. Hər halda, əksər ekspertlər məsələyə dair şərhlərində məhz Abramyanın sabiq prezident Robert Koçaryana ən yaxın şəxs sayıldığına diqqət çəkir. Robert Koçaryan isə bu gün ölkədə ən çox müzakirə edilən şəxsə çevrilib. O, hakimiyyətə qayıtmaq niyyətini elə açıq şəkildə nümayiş etdirir ki, bu gün Serj Sarqsyanla Robert Koçaryan arasında "sakit rəqabət" həm siyasi şərhlər, həm  şayiələr, həm də sensasiyalı "sızmalar"ın əsas mövzusudur. 

Bundan başqa, ekspertlər hesab edir ki, məhz Koçaryan Sarqsyan üçün daha təhlükəli rəqibdir. Ermənistandakı seçkiqabağı vəziyyətə nəzər salan ekspertlər Sarqsyanın Levon Ter-Petrosyan, yaxud "İrs" partiyasının və daşnakların simasında sağçı müxalifətlə deyil, məhz Koçaryanla rəqabətindən danışır. Son istefaları şərh edən bəzi erməni KİV, xüsusilə "Jamanak" qəzeti açıq şəkildə yazır ki, seçki ərəfəsində Ermənistan hakimiyyətinin strukturlarında S. Sarqsyanın R.Koçaryanla əvəzlənməsi üçün əməlli-başlı iş aparılıb. Hazırkı prezidentə qarşı qurulmuş bu qəsdin üstü açılıb və prosesin əsas iştirakçıları postlarından uzaqlaşdırılıblar. Onlardan biri də parlamentin spikeri imiş.

S. Sarqsyanın bununla da sələfinin rçaqlarını neytrallaşdırmağa nail olub-olmadığı hələ ki sual olaraq qalır. Birincisi, Sarqsyanın özü bir müddət əvvələdək Koçaryan komandasının üzvü idi. Onların hər ikisi "Qarabağ klanı"nı təmsil edir. Belə şəraitdə "yaxın ətrafı" "loyallar" və "təhlükəlilərə" bölmək, onları Koçaryan və Sarqsyan tərəfdarlarına ayırmaq 1-2 mart hadisələrindən sonra Levon Ter-Petrosyan tərəfdarlarının "təmizlənməsi" ilə müqayisədə çox çətindir.

İkincisi, S. Sarqsyanla R.Koçaryan arasında rəqabət obyektiv olaraq, hakim "Qarabağ klanı"nı zəiflədir. Üstəlik, artıq xeyli vaxtdır Ermənistan əhalisi onsuz da bu klanı sevmir. Bu baxımdan, məhz seçki ərəfəsində Sarqsyanın "yerevanlılar"ı öz tərəfinə çəkməyə çalışmasını da təsadüf saymaq olmaz. İstənilən halda, respublika partiyasının namizədlər siyahısına Manvel Qriqoryanın daxil edildiyinə dair xəbərləri məhz bu cür izah etmək olar. Söhbət istefada olan general, Qarabağ müharibəsi veteranlarını özündə birləşdirən "Yerkrap" təşkilatının rəhbərindən gedir. Hakim "komanda" bu yolla, ən azı, nəzəri baxımdan bir neçə məsələni həll etməyə çalışır. Manvel Qriqoryan "yerevanlılar"ın dəstəyini ala bilər. Güman edilir ki, məhz bu, onları mütəmadi olaraq Yerevanda mitinqlər keçirən, hakimiyyəti Qarabağı satmaqdan tutmuş, korrupsiyaya qədər hər şeydə günahlandıran Levon Ter-Petrosyanın rəhbərlik etdiyi EMK-yə tərəf yönəlməkdən çəkindirmək iqtidarındadır. 

Qarabağ müharibəsi veteranları arasında hakimiyyətə sərt müxalifətdə olan Jirayr Səfilyan, onun "Sardarapat" qrupundakı tərəfdarları kimi şəxslərə də dəstək artmaqdadır. 

Nəhayət, "Yerkrap"ın "güc strukturları"nın olduğu da unudulmamalıdır.

Daha bir maraqlı məqam: Robert Koçaryanın hakimiyyətə qayıdışı üçün mümkün alət kimi hakim respublika partiyası deyil, onun koalisiyadakı "kiçik qardaşı" olan "Çiçəklənən Ermənistan"ın adı çəkilir. Söhbət "araq oliqarxı" olan Qagik Sarukyanın rəhbərlik etdiyi partiyadan gedir.

Ermənistandakı siyasi düzümə "Rusiya faktoru"nun təsirini əvvəlcədən proqnozlaşdırmaq çətindir. Xatırladaq ki, Moskva Ermənistanın, demək olar ki, bütün həyati əhəmiyyətli sahələrinə nəzarət edir. Söhbət nəqliyyat, infrastruktur, mobil rabitə sahələrindən, güc strukturlarının böyük bir hissəsindən, xüsusilə xarici sərhədlərin mühafizəsi və Ermənistan ordusundan gedir. Demək, Rusiya müvafiq olaraq Ermənistanda daxili siyasi vəziyyətə təsir etmək üçün ciddi rçaqlara malikdir və o heç bir çətinlik çəkmədən hakim "komanda"ya təzyiq göstərə bilər. Elə bu məqamda gözlənilməz hadisələrin yaşanması mümkündür. Müşahidəçilərin əksəriyyəti əmindir ki, Moskva "sərt lider" olan Robert Koçaryanı seçib. Daha doğrusu o, Kreml tərəfindən Ermənistanda vəziyyəti nəzarətdə saxlaya biləcək diktator sayılır. Rusiyalı ekspertlərin fikrincə, Moskva Sarqsyanda bu keyfiyyətləri görmür. "Qarabağlılar"ın məğlubiyyəti isə hakimiyyətə EMK-nin simasında qərbpərəst qüvvələrin gəlməsi demək olardı. Hər halda, Rusiyanın "forpost"unu itirmək istəmədiyi heç kimdə şübhə doğurmur. Analitiklər istisna etmirlər ki, Ermənistanın Rusiyadan asılılığı fonunda, Moskvada baş verən və şahmat oyunundakı gedişləri xatırladan  siyasi manevrlər də Yerevandakı proseslərə birbaşa təsir göstərə bilər. Və söhbət heç də yalnız R.Koçaryana dəstək verdiyi bildirilən Vladimir Putinin prezidentliyə qayıdışından getmir. Kudrində mübahisələr, "Seçim faktoru", maliyyə-siyasi qruplaşmalar arasında güclənən qarşıdurma və s. - bütün bunlar vəziyyəti daha da qarışdırır. Bununla əlaqədar olaraq, Yerevanın meri, "Armrosqazprom"un sabiq rəhbəri Karen Karapetyanın Yerevanın başçısı vəzifəsindən istefası, şübhəsiz, Rusiya, daha dəqiqi, Putin faktorunun neytrallaşdırılmasına cəhddir. Amma real şərtlər daxilində yaxın perspektivdə Moskvanın Ermənistandakı vəziyyətə təsir imkanlarını, hətta nəzəri cəhətdən azaltmaq, çətin ki, mümkün olsun.

Ekspertlər Ermənistan XİN-də də istefaların baş verə biləcəyini istisna etmir. Bu mənada daşnakların liderlərindən olan Vahan Ovannisyanın erməni diplomatiyasının ünvanına tənqidlərlə dolu çıxışı diqqətlərdən yayınmayıb. O, Azərbaycanın BMT  TŞ-nin qeyri-daimi üzvü seçilməsinə imkan yaratdığı üçün rəsmi Yerevanı tənqid atəşinə tutub. Ovannisyan tam əsaslı olaraq bildirib ki, burada söhbət erməni diplomatiyasının ciddi məğlubiyyətindən gedir. Onun fikrincə, bu məğlubiyyətin davamı da var: Azərbaycan mütləq BMT TŞ-yə elə bir sənəd təqdim edəcək ki, o, "erməni diplomatiyasının başına endiriləcək zərbə" olacaq.

Xatırladaq ki, Yerevanın Ankara ilə Sürix protokollarını imzalamasından sonra, daşnaklar mütəmadi olaraq Ermənistan XİN-in ünvanına tənqidlər səsləndirir. Bununla yanaşı, Ermənistanın beynəlxalq nüfuzunun azalması mütləq xarici siyasətdəki məğlubiyyətlərin artmasına səbəb olacaq. Bu isə XİN-ə daha sərt tənqidlərin ünvanlanmasına aparıb çıxaracaq. Ekspertlər sabiq xarici işlər naziri Vardan Oskanyanın istefasına da Azərbaycanın BMT-dəki uğurunun səbəb olduğunu xatırladır. Söhbət BMT Baş Assambleyasında işğal olunmuş ərazilərə dair qətnamənin qəbulundan gedir. Daşnaklar isə hakimiyyətə qarşı müxalifət mövqe ortaya qoymaqla ultramilli ritorika hesabına "xal toplamağa" davam edir. S. Sarqsyanın onların bu tənqidlərini qulaqardına vurması mümkün deyil.

Ən başlıcası isə odur ki, Ermənistan hakimiyyətinin nüfuzunu sürətlə itirməsi, həmçinin, "Koçaryan faktoru" fonunda Sarqsyan seçki ərəfəsində "komandasız prezident"ə çevrilmək riski ilə qarşı-qarşıyadır. Onun komandasında artıq bir çoxları vəziyyəti təhlil edir, özləri üçün Robert Koçaryanın düşərgəsində az-çox etibarlı gələcək təmin etmək haqda düşünürlər. Məqsəd Serj Sarqsyanla birlikdə batmaqdan qurtulmaqdır.

Yerevan KİV-in yazdığına görə, artıq Ermənistanda bir çox diplomatik missiyalar əməkdaşlarına hər səhər müxtəlif qurumlarla əlaqə saxlanılmasını, hansı nazirin iş başında olduğunun, hansının istefaya göndərildiyinin öyrənilməsini tapşırıb. Şübhəsiz, parlament, xüsusilə də prezident seçkisi yaxınlaşdıqca, Ermənistanda siyasi gərginlik artacaq. Bu ölkənin siyasi ənənələrini nəzərə alsaq, orada elektoratın səsi uğrunda açıq mübarizə ilə eyni dərəcədə "gizli mübarizə", sui-qəsdlər, terror rçaqlarından istifadə də gözləniləndir. Hər halda, yaxın keçmişdə baş verənlər bunun istisna olmadığını sübut edir.



MƏSLƏHƏT GÖR:

400