
QATAR EYNİDİR, LOKOMOTİV DƏYİŞİR
Qərb Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesində təşəbbüsü ələ alır
Müəllif: Sahil İSGƏNDƏROV, politoloq Bakı
ATƏT-in Minsk qrupu həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin həlli məqsədilə Azərbaycan və Ermənistan prezidentləri arasında uzun illərdir təşkil olunmuş çoxsaylı görüşlərin müəyyən irəliləyişlərə imkan yaratdığını söyləsələr də, son zamanlar vasitəçilərin ünvanına tənqidlər kəskin şəkildə artıb.
Maraqlıdır ki, əvvəllər bu tənqid təbii olaraq hazırki status-kvodan narazı qalan Bakı tərəfindən səsləndirilirdisə, indi eyniruhlu bəyanatları müxtəlif ölkələrin, həmçinin, həmsədr dövlətlərin ekspertləri də dilə gətirir; məsələn, Con Hopkins Universitetinin Mərkəzi Asiya və Qafqaz İnstitutunun direktoru Fredrik Starr müsahibələrinin birində ATƏT-in Minsk qrupunun "pərəstişkarı" olmadığını söyləyib. O bu "maşın"ın 20 il ərzində işləmədiyini və yerində durduğunu bildirib. Bu səbəbdən, onun nə maşın olduğu haqda artıq düşünmək lazımdır.
Rusiya Prezidenti D. Medvedevin vasitəçilik səylərinin heç bir nəticə vermədiyinə diqqət çəkən F.Starr hesab edir ki, ABŞ tərəfindən ciddi cəhdlər olmadan heç bir nəticə mümkün deyil. Amerikalı ekspertin fikrincə, artıq ABŞ-ın Cənubi Qafqazın problemləri ilə daha fəal məşğul olmasının vaxtıdır: "Vaşinqton Qafqaz dövlətlərinin müstəqilliyi və suverenliyini daha açıq şəkildə müdafiə etməlidir".
F. Starrın ardınca Sankt-Peterburqun Müasir Yaxın Şərqin Öyrənilməsi Mərkəzinin aparıcı analitiki Aleksandr Sotniçenko da Minsk qrupunu münaqişəni dondurmaqda günahlandırıb. Onun fikrincə, ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin həllini arzulamır. Amma iki ekspertin qrupun fəaliyyətinə oxşar qiymətinə baxmayaraq, onların vəziyyətdən çıxış yolu haqda düşüncələri fərqlidir. Moskvanın təkbaşına nizamlama prosesini irəli apara bilmədiyini vurğulayan A. Sotniçenko hesab edir ki, Rusiya bunu regional əməkdaşlıq yolu ilə həyata keçirməlidir. Söhbət Türkiyə, Rusiya, Azərbaycan və Ermənistan arasında danışıqlardan gedir. Rusiyalı ekspert əmindir ki, Türkiyə ilə Ermənistan arasında sərhədlər açılarsa, Ankara Yerevana təzyiq üçün əlavə rçaqlar əldə edəcək. O, Dağlıq Qarabağ probleminin həlli prosesinə İranın da cəlb olunmasını lazım bilir. Sotniçenko bildirir ki, ABŞ və Fransa danışıqlar prosesindən kənarlaşdırılmalıdır. Çünki onlar Dağlıq Qarabağın yerləşdiyi regionda təmsil olunmur və münaqişə həmin dövlətlərin təhlükəsizliyinə heç bir problem yaratmır: "Məhz bu səbəbdən ABŞ və Fransa münaqişənin həllini arzulamaqdan daha çox öz maraqlarının təmini ilə məşğul olur".
F. Starr isə əksinə, əmindir ki, Dağlıq Qarabağ münaqişəsinin həllində Vaşinqton müttəfiqlərinin də fəal iştirakı ilə təşəbbüsü öz əlinə almalıdır.
Amerikalı və rusiyalı ekspertlərin bəyanatlarına əsasən, Vaşinqtonla Moskva yaxın vaxtlarda Qarabağ probleminin nizamlanması üçün təşəbbüsə iddia edəcək. Qeyd etmək lazımdır ki, Qarabağ münaqişəsi Vaşinqtonla Moskva arasında Cənubi Qafqaz və Mərkəzi Asiyadakı geosiyasi qarşıdurmanın yeni fazasının əsasını təşkil edir. Son bir neçə həftədə baş verən hadisələr də bunu göstərir.
ATƏT-in Minsk qrupunun həmsədrləri regiona növbəti səfərlərindən sonra münaqişə tərəflərinə növbəti təkliflərini təqdim etdiklərini açıqlayıblar. Bunun ardından ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Cənubi Qafqaza səfər edib. Rəsmi versiyaya görə, o, Bakıya Dağlıq Qarabağ münaqişəsinin həllinə dair yeni ideyalar verib. Bu səfərdən dərhal sonra Rusiya Prezidenti D. Medvedev Moskvanın bu problemin həllinə kömək edəcəyini, amma əvvəlcə iki xalqın barışığa çalışmasının vacibliyini bildirib.
Bu baxımdan, daha bir maraqlı məqamsa Rusiyanın xarici işlər naziri Sergey Lavrovun ABŞ-ın dövlət katibi Hillari Klintonun Özbəkistan və Tacikistana səfərinə münasibətidir: "Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrinin müstəqillik əldə etməsindən sonra Rusiya bu region dövlətlərilə münasibəti monopoliyaya götürməyib. Rusiya onlara tərəfdaşlarını seçmək hüququna malik dövlətlər kimi, hörmətlə yanaşır. Odur ki, ABŞ-ın və Avropa dövlətlərinin Mərkəzi Asiyadakı, Cənubi Qafqazdakı maraqları, bu bölgələrin terror və narkotrafik təhlükəsi ilə əlaqəlidir. Bu təhlükələr isə həm Rusiya, həm Avropa, həm də Birləşmiş Ştatlara təsirsiz ötüşmür. Söhbət həmin regiondan keçən, Şərqlə Qərbi birləşdirən enerji, nəqliyyat kommunikasiyalarından gedir. Biz bu maraqları anlayırıq. Amma istəyirik ki, bu geosiyasi məkanda regionda yerləşməyən oyunçuların obyektiv maraqları buradakı həmin ölkələrin, həm də Rusiyanın maraqlarına hörmət əsasında həyata keçirilsin".
Amma görünən odur ki, Dağlıq Qarabağ münaqişəsinin həllində Vaşinqton artıq öz seçimini edib və bu, prosesdə özünün və müttəfiqlərinin rolunun artırılmasıdır. Faktlara diqqət yetirsək görərik ki, son bir neçə ay ərzində Vaşinqtonda Azərbaycan və Ermənistan QHT-ləri, vətəndaş cəmiyyətlərinin iştirakı ilə bir neçə tədbir təşkil olunub. Məqsəd münaqişə tərəflərinin cəmiyyətləri arasında qarşılıqlı inam atmosferinin yaradılmasıdır. Noyabrın sonlarında isə Berlində Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında görüş gözlənilir.
ABŞ və müttəfiqlərinin taktikasındakı daha bir müsbət məqam ATƏT-in Minsk qrupu formatının qorunub-saxlanması fonunda Avropa İttifaqının münaqişənin həlli prosesində fəallığının artırılmasıdır. Bir müddət əvvələdək Fransanın Aİ ilə əvəzlənməsinə dair söhbətlər dolaşırdı. Amma görünən odur ki, Qərb daha incə taktika seçib. O, Fransanı həmsədr ölkələr sırasında saxlamaqla və nizamlanma prosesində Parisi ilk plana çıxarmaqla, eyni zamanda, Brüsseli ciddi köməkçi rolunda prosesə qoşur. Bu baxımdan, Aİ-nin xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eştonun Cənubi Qafqaza səfəri xüsusi əhəmiyyət daşıyır.
Ənənəvi olaraq ermənipərəst mövqeyi ilə seçilən Parisin bəyanatlarındakı bəzi müsbət məqamlar da az əhəmiyyət kəsb etmir. ATƏT PA-nın sessiyasında Dağlıq Qarabağ münaqişəsinin müzakirəsi zamanı Minsk qrupunun məhz fransalı həmsədri B.Fasye kifayət qədər obyektiv və konstruktiv mövqedən çıxış edib. "Dağlıq Qarabağ Azərbaycan ərazisidir. Dağlıq Qarabağ 7 ətraf rayonla birlikdə Ermənistan tərəfindən işğal edilib. Onların 1 milyon qaçqını var. Münaqişənin bir neçə həll variantının olmasına baxmayaraq, tərəflər onları qəbul etmir. Azərbaycan xalqların öz müqəddəratını təyinetmə prinsipini qəbul etmir. Ermənistan isə nizamlama prosesini uzatmaqla vaxt qazanmağa çalışır". MQ həmsədrinin bu bəyanatını Milli Məclisin sədr müavini Bahar Muradova yayıb.
Fransa prezidenti Nikola Sarkozi öz növbəsində Ermənistanın dövlət başçısı Serj Sarqsyana ünvanladığı məktubda bildirib ki, o, lazım gələcyi təqdirdə, həmkarının Ermənistanın, regionun rifahı xətrinə üzərinə risk götürməyə, bununla da öz ölkəsinin gələcəyinə möhürünü vurmağa hazır olduğuna inanır. Başqa sözlə, Ermənistanın ən yaxın müttəfiqi (N.Sarkozi Ermənistanla Fransanın əkiz bacılar olduğunu dəfələrlə bəyan edib) onu konstruktivliyə, bu istiqamətdə çox vacib addım atmağa çağırır. Amma bu çağırışın Vaşinqtonun istəyi əsasında edildiyi də istisna deyil. Bu da tamamilə mümkündür.
Maraqlıdır ki, Qərb Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində Türkiyənin də imkanlarından istifadə etmək fikrindədir. ATƏT-in yeni seçilmiş baş katibi Lamberto Zanyer Türkiyəni regionun vacib oyunçusu adlandırıb: "Ankara Dağlıq Qarabağ probleminin həllinə ciddi töhfə verə bilər".
Bununla yanaşı, baş katib Ankaranın prosesə cəlbinin rəsmi xarakter daşımasını lazımsız sayır: "Mən Türkiyənin danışıqlardakı formal rolundan yox, onun prosesdə real ifadə olunmasından danışıram. Türkiyə münaqişədə iştirak edən hər iki dövlətlə həmsərhəddir".
"Əl-Cəzirə" ərəb telekanalı da 2012-ci ildə Dağlıq Qarabağ probleminin həlli prosesində təşəbbüsün Vaşinqtonun əlinə keçəcəyini istisna etmir. Telekanalın analitikləri güman edir ki, prezidentlər İlham Əliyevlə Serj Sarqsyan arasında növbəti görüş ABŞ-ın dövlət katibi Hillari Klintonla Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun təşəbbüsü ilə baş tutacaq.
Bütün bunlar belə düşünməyə əsas verir ki, enerji resurslarının Avropaya nəqli marşrutlarının diversifikasiyasında son dərəcə maraqlı olan Qərb bu yolda əsas maneə olan Dağlıq Qarabağ münaqişəsinin həllinin vacibliyini anlayır. Məhz bu problemin davam etməsi ona Cənubi Qafqazda və Mərkəzi Asiyadakı geosiyasi mövqelərini gücləndirməyə imkan vermir. Ola bilsin, Qərb Yerevana "yumşaq təzyiq" göstərməklə Ermənistan rəhbərliyinə mesaj ünvanlayır: onlarla səmərəli regional əməkdaşlıq üçün Qarabağ probleminin həllində konstruktiv mövqenin nümayişi vacibdir. Üstəlik, Varşavada keçirilmiş "Şərq tərəfdaşlığı" sammitində S.Sarqsyan ölkəsinin regional layihələrdə iştirakda maraqlı olduğunu, enerji marşrutları xətlərinin Ermənistan ərazisindən keçməsini məqsədəuyğun saydıqlarını bəyan edib.
Azərbaycanın BMT TŞ-nin qeyri-daimi üzvü seçilməsi də səmərəli regional iqtisadi əməkdaşlığın əvəzində Azərbaycan torpaqlarının işğaldan azad edilməsinin Ermənistan üçün aktuallıq qazanmasına daha bir səbəbdir.
ABŞ-ın Ermənistandakı səfiri Con Heffernin qəti bəyanatını da Qərbin Yerevana "yumşaq təzyiqi"nin göstəricisi saymaq olar: "Ümid edirik ki, Ermənistanda 2012 və 2013-cü illərdə olacaq seçkilər indiyədək keçirilmiş ən yaxşı seçki olacaq. Məhz bu istiqamətdə də işləyirik. Onların beynəlxalq standartlara tam cavab verəcəyinə ümidliyik. Ümid edirəm, qarşıdan gələn seçkilər ərəfəsində müsbət inkişaf davam edəcək. Birləşmiş Ştatlar bu yolda əlindən gələn köməyi göstərməyə hazırdır".
Bəzi ekspertlər hesab edir ki, bu baxımdan Vaşinqtonun mövqeyi Ermənistanın hazırkı rəhbərliyinin bundan sonra atacağı addımlardan, onların ABŞ-ın regiondakı geosiyasi maraqlarına nə qədər cavab verəcəyindən asılı olacaq. Bu baxımdan lakmus kağızı rolunu Yerevanın Qarabağ probleminin həllinə dair Qərbdən gələn təkliflərə adekvat cavab verməsi oynayacaq. Hər halda, Qərb hesab edir ki, o, Ermənistana imtinası çətin olacaq təklif verib.
MƏSLƏHƏT GÖR: