Müəllif: Sabirə MUSTAFAYEVA Bakı
Azərbaycan BMT-nin "Əlillərin hüquqları haqqında" konvensiyasına 2008-ci ilin noyabr ayında qoşulub. Doğrudur, bu zaman xüsusi bəyanat verilib ki, Azərbaycan ərazisinin bir hissəsi hələ ki Ermənistan tərəfindən işğal edildiyindən, ölkə konvensiyanın bəndlərini tam dərəcədə yerinə yetirmək imkanında deyil. Konvensiyanın tələblərinin qalan hissəsi ilə ölkə razılaşıb və onları yerinə yetirməyi qəbul edib. Üç il ərzində çox iş görülüb, amma hələ də edilməli işlər az deyil.
BMT-nin saytında bildirilir ki, "Əlillərin hüquqları haqqında" konvensiya məhdud imkanlı 650 mln insanın maraqlarını qorumaq məqsədi daşıyır. Onda əlillərin müdafiəsinə və dəstəklənməsinə, onlara qarşı ayrı-seçkilik hallarının aradan qaldırılmasına, onların iş, sağlamlıq, təhsil və cəmiyyətin həyatında tam iştirak hüquqlarının qorunmasına, hüquqi müdafiə imkanının, şəxsi həyatının toxunulmazlığının, istismardan və sui-istifadədən qorunma azadlığının, yerdəyişmə azadlığının və s.-in təmin edilməsi ilə bağlı bəndlər yer alır.
Əlillərə qarşı ayrı-seçkilik halları təkcə onların maraqlarına qarşı yönəlmiş hansısa fəal hərəkətlərlə məhdudlaşmır. Əksinə, daha çox əlillər ətrafdakıların laqeydliyindən və fəaliyyətsizliyindən əziyyət çəkirlər. Çünki ətrafdakılar heç də həmişə düşünmürlər ki, insanların imkanları müxtəlifdir. Yəni indi hansısa konsert zalı yoxdur ki, "Əlillərin girişi qadağandır!" sözləri yazılsın, amma əlil arabaları üçün xüsusi panduslar quraşdırılmış zal tapmaq da çox çətindir.
Çox vaxt onları görmürlər
Əlilliyi olan insanların bərabər imkanlarla tam təmin edilməsindən və onların bizim cəmiyyətin həyatına tam inteqrasiyasından danışmaq hələ tezdir. Bunu sübut etmək üçün bir sadə nümunə də göstərmək olar - köhnə səbəblər üzündən bizim şəhərin küçələrində məhdud imkanlı insanları, demək olar ki, görmək mümkün deyil. Çox illər əvvəl olduğu kimi, şəhərlərimiz hələ də onların hərəkət etməsinə uyğunlaşdırılmayıb və onlar kənar adamların yardımı olmadan küçəyə çıxa bilmirlər. "R+" bir neçə il əvvəl bu problemdən yazmışdı, amma göründüyü kimi bu problemin aktuallığı hələ də ortadan qaldırılmayıb.
Düzdür, son zamanlarda Bakıda bu və ya başqa obyektin tikintisi zamanı məhdud imkanlı insanların hərəkətinin təmin edilməsi üçün panduslar quraşdırılır, amma çox vaxt onlar təhlükəsizlik normalarına uyğun gəlmir. Bundan başqa, bu cür qurğuların yetərincə olmadığı da göz qabağındadır.
Bir sıra pandusların yoxuşları bəzən elə sərt və yüksəkdir ki, əlilliyi olan məhdud imkanlı insan ikinci dəfə zədə ala bilər. Bəzi pandusların heç məhəccəri də yoxdur və "R+" müxbiri bu yaxınlarda bu faktı metro "Q.Qarayev" stansiyasının yaxınlığında aşkarlayıb. Əgər başqa hal olsaydı, bu mənzərə gülüş doğura bilərdi, amma bu dəfə həddindən kədərlidir. Yanında pandus quraşdırılmış pilləkənin əvvəlcə məhərrəcləri var imiş. Amma görünür, kimsə onları sındırıb - çünki paralanmış məhərrəc sütunları acınacaqlı şəkildə pandus nərdivanın yaxınlığında yerə atılmış vəziyyətdə idi. Məhərrəclərin özləri də buradaydı. Ekstremal vəziyyətləri sevənlər üçün yaxşı yerdir, elə deyilmi? Amma əlillər üçün yox!
Şəksiz, bütün bu ləvazimatlar istifadə üçün yararlı olmalıdır. Əlilliyi olan insanların yaşaması üçün "maneəsiz" mühit nədir? Bu, bütün şəhər infrastrukturunun həmin insanların ehtiyacına uyğunlaşdırılması hesabına onların sərbəst yerdəyişməsinin təmin edilməsidir. Bu fikir yetərincə sadə postulatı nəzərdə tutur: şəhərə fiziki imkanları məhdud insanların gözü ilə baxmaq lazımdır - səkilərlə hərəkət hissəsinin qovuşuğunu buna uyğunlaşdırmaq, ictimai nəqliyyatı və dayanacaqları lazımi avadanlıqla təchiz etmək vacibdir. Sonuncu məsələ bu cür insanlar üçün ən kəskin həlledilməz problem olaraq qalmaqdadır.
Yeri gəlmişkən, mövcud qanunvericiliyə görə, yeni tikilən binaların norma və standartlara uyğunluğunu yoxlayan, onları istismara qəbul edən dövlət komissiyaları binalarda yalnız məhdud imkanlı insanlar üçün xüsusi infrastuktur olduqdan sonra onları istismara götürməlidir. Bu problemə əsaslı hazırlıqla, beynəlxalq təcrübədən yararlanmaqla, bütün əlillik kateqoriyalarını, o cümlədən, gözdən və qulaqdan əlilləri də nəzərə almaqla yanaşmaq lazımdır. Populyar televiziya verilişlərinin subtitrlərlə təmin edilməsinə çalışan yerli televiziya kanallarının sayı çoxdurmu? Böyük ehtimalla, bu sual ritorik sayılacaq.
Əmək imkanı
1992-ci ildən bu yana Azərbaycanda əlillərin reabilitasiyası məsələlərini tənzimləyən qanun qüvvədədir. Bu qanuna görə, ölkədə çox sadə, amma dahiyanə bir mexanizm işləməlidir - 1000-dən çox adamın çalışdığı hər bir özəl və ya dövlət müəssisəsində fiziki imkanları məhdud insanların müəyyən sayda işə götürülməsi üçün icbari kvota müəyyən edilib. Bu kvotanın olması "Məşğulluq xidməti haqqında" qanunda da öz əksini tapıb. Qanuna görə, işəgötürülmə zamanı əlillərə qarşı prioritetlik qüvvədədir.
Eyni zamanda, yüngül əlillik qazanmış insanlar ikinci ixtisas qazana və başqa işlə məşğul ola bilərlər. Həmçinin, son illərdə ölkədə əlilliyin müəyyən edilməsində yeni dərəcələr qəbul edilib. Buna görə, I və II qrup əlillərin əvvəllər əmək qabiliyyətini itirmiş sayılan 70-80%-i indi əmək qabiliyyətli sayılır. Həmçinin, əlilləri işə götürmüş qurumlar onların sayına uyğun şəkildə vergiləri azaldırlar.
Amma bu cür önəmli qaydalar işləkdirmi? Məhdud fiziki imkanlı insanların işə düzəldilməsinin gerçək vəziyyətində işəgötürənlər onları işə qəbul etmək istəmirlər, çünki bu onlara "sərf" etmir. Məsələ bundadır ki, sağlam insana 21 gün məzuniyyət verildiyi halda, dərəcəsindən asılı olmayaraq, əlil insana 42 gün pulu ödənilən məzuniyyət düşür. Həmçinin, işəgötürən iş yerində buna uyğun şərait yaratmalıdır - panduslar, xüsusi liftlər, sanitariya qovşaqları, yəni tualetlər və s. olmalıdır. Həmçinin, işəgötürən m?t?madi olaraq əlillərin ixtisasartımı üçün xüsusi proqramlar gerçəkləşdirməlidir. Şəksiz, bir çox işəgötürənlərə bu cür "problemlər" lazım deyil.
Belə çıxır ki, müəssisələrdə, o cümlədən, özəl müəssisələrdə və yeni yaradılan müəssisələrdə müvafiq infrastrukturların yaradılması ilə dövlət məşğul olmalıdır? Əgər bu, baş verərsə, xüsusi infrastrukturun yaradılması küçələrdən başlanmalıdır - əlillərin əmək imkanı şəhərlərdən başlayır, əks halda, onlar iş yerinə qədər necə gedə bilərlər? Məhdud imkanlı insanların əmək reabilitasiyası Azərbaycanda real bazaya malik deyil, çünki arabaya məhkum əlil şəhərin hərəkət hissəsinə yetişmək üçün öz evindən, blokundan müstəqil şəkildə çıxa bilmir. Əgər o, bərabər olmayan imkanlar cəmiyyətində yaşayırsa, iş yerinə, məktəbə və ya instituta qədər hərəkət edə bilmir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən "R+"un suallarına cavab verərkən etiraf ediblər ki, fiziki imkanları məhdud olan şəxslərin "maneəsiz" hərəkətində gerçəkdən də problem var. Ancaq yaxın zamanlarda hökumət əlillik üzrə müxtəlif proqramların həyata keçirilməsi ilə bu problemi həll etmək niyyətindədir. Çünki bu məsələ, cavabdeh olan bütün təşkilat və qurumların da iştirakı ilə irimiqyaslı həll tələb edir. Heç bir şübhə yoxdur ki, bu fakt Bakının yenidən işlənən Baş Planında da öz əksini tapacaq. Nazirlikdən bildiriblər ki, bu, problemin real həlli olacaq. Hazırda bu işləri pərakəndə şəkildə, lazımi norma və standartları nəzərə almadan gerçəkləşdirməyin heç bir mənası yoxdur. Azərbaycanın BMT-nin "Əlillərin hüquqları haqqında" konvensiyasına uyğun gəlməsi, məhdud imkanlı insanların sağlamlarla eyni hüquqlara malik olmasına şərait yaradılması üçün zamana ehtiyacı var.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən qeyd ediblər ki, hər bir müəssisənin kvota sisteminə malik olduğu nəzərə alınarsa, əlillərin iş yerləri ilə təmin edilməsində problem yoxdur. Əgər əlillərin hüquqlarının pozulması barədə siqnal daxil olursa, xüsusilə də işəgötürmə zamanı, nazirliyin müvafiq işçiləri bunu yoxlayır və işəgötürənin cəzalandırılması ilə bağlı tədbir görürlər. Bununla yanaşı, Azərbaycanda əlillərin tibbi və sosial bərpası üzrə Dövlət Proqramı fəaliyyət göstərir ki, hər il təxminən, 100 nəfər əlil reabilitasiya mərkəzlərində tibbi müalicə almaq üçün Ukraynaya yola salınır. Azərbaycanın özündə isə əlillərin yeni peşələrə öyrədilməsi üçün öz fərdi proqramı ilə işləyən regional mərkəz fəaliyyət göstərir.
Əlillərə tibbi yardım göstərilməsi üçün ölkənin müxtəlif regionlarında yeni tibbi müəssisələr açılıb. Hazırda 14 reabilitasiya tibb mərkəzi fəaliyyət göstərir ki, hökumətin planlarında onların sayının artırılması var. Nazirlikdən bildiriblər ki, indiki avadanlıqlar 10 il qabaq müalicəsi mümkün olmayan xəstəlikləri sağaltmağa imkan verir, yəni əlillik səviyyəsi aşağı düşür və ikinci qrupa daxil olan fiziki qüsurlu insanların sayı azalaraq üçüncü qrupa keçirilir. Sosial-tibbi ekspertiza xidməti nəzarətinin gücləndirilməsi hesabına əlilliyin artım göstəricisi aşağı düşüb və əlillərin tam reabilitasiyası göstəricisində 5,9% artıma nail olunub. Bununla yanaşı, Azərbaycanda əlili yaşayış yerində müayinə etmək məqsədilə səyyar ekspertiza qrupları yaradılıb. Yerlərdəki vətəndaşların şikayətlərinə baxmaq üçün Respublika Sosial-Tibbi Ekspert Mərkəzinin və Bakı Protez-Ortopedik Bərpa Mərkəzinin əməkdaşları, həmçinin, nazirliyin məsul şəxsləri regionlara ezamiyyətə göndərilirlər.
Qanunsuz olaraq əlillik təyin edərək rüşvətxorluğa yol vermiş şəxslərə qarşı sərt tədbirlər görülür. Hazırda müalicə-bərpa xidmətlərinin maddi-texniki bazasının gücləndirilməsi üzrə işlər görülür. Bunun üçün onların çağdaş meyillərə uyğunluğu üzrə təkmilləşmə aparılır və əlillik səviyyəsinin müəyyən edilməsi əmsallarına yenidən baxılır. 2011-ci ildən əlillik üzrə bütün obyektlərdə təmir işlərinə başlanılıb və əlillərin ictimaiyyətə inteqrasiyasının təmin edilməsi üçün yeni sosial obyektlər də yaradılacaq.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində sosial təminat sahəsində ictimai nəzarətin gücləndirilməsi və şəffaflığın təmin edilməsi məqsədi ilə İctimai Şura da yaradılıb ki, bu da çox önəmli məsələdir. Əlillərin effektiv bərpasının təşkili məqsədi ilə qurum tərəfindən əlillərin həyat fəaliyyətinin məhdudlaşma dərəcəsinin təyin edilməsi, strukturun müəyyənləşdirilməsi və dəqiq qiymətləndirmənin təmin edilməsi üçün fərdi reabilitasiya proqramlarının tətbiqi qaydaları hazırlanıb.
Yeni qaydalar ölkənin regionlarında ixtisaslaşmış hökumət və qeyri-hökumət təşkilatları ilə müzakirə olunacaq və bundan sonra təsdiq edilmək üçün nazirliyin kollegiyasına təqdim ediləcək. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əlillərin sosial müdafiəsinin gücləndirilməsi, həmçinin, xidmətlərin effektivliyinin artırılması üçün "Əlillik qruplarının müəyyən edilməsi əmsalları haqqında", "Sosial tibbi ekspertiza haqqında", "Reabilitasiya qurumlarının fəaliyyəti haqqında" əsasnamələrin çağdaş tələblərə uyğunlaşdırılması üzrə işləri başa çatdırır. Qurum həmçinin əlillər barədə vahid informasiya bazasının yaradılması üzrə işləri davam etdirir və orada indiyə kimi 14 min adam haqqında məlumat toplanıb.
BİZİM MƏLUMAT
Azərbaycanda əlillərin sayı ümumi ölkə əhalisinin sayının 5%-ni, yəni 462672 təşkil edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildiriblər ki, bu, yetərincə əlverişli göstəricidir, Avropa və MDB göstəricilərindən aşağıdır.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hazırda dünyada əlillərin sayı 750 milyondan 1 milyarda qədər dəyişir ki, bu rəqəmin də önəmli hissəsini uşaqlar təşkil edir.
On nəfərdən biri fiziki, əqli və ya sensor qüsurlara malikdir və əhalinin 25%-dən çoxu sağlamlıq pozuntularından əziyyət çəkir.
MƏSLƏHƏT GÖR: