
YUMURTALARIN HAMISINI EYNİ SƏBƏTƏ YIĞMAYIN
Vladimir Sidenko: "MDB-də azad ticarət zonası haqda razılaşma Avropaya inteqrasiyaya zidd deyil"
Müəllif: Ceyhun NƏCƏFOV Bakı
MDB-nin Sankt-Peterburqda keçirilmiş sammitində Birlikdə Azad Ticarət Zonasının yaradılması haqda razılaşma imzalandı. Azərbaycan, Özbəkistan və Türkmənistan istisna olmaqla, MDB-nin bütün digər üzvləri sənədə imza atıblar. Bu 3 dövlət razılaşmaya qoşulmaq məsələsini ilin sonunadək nəzərdən keçirmək niyyətindədir.
Rusiya Prezidenti Dmitri Medvedev razılaşmanı "çox səmərəli, amma bəzi qüsurları olan" sənəd adlandırıb.
Bu prosesin mənfi və müsbət tərəfləri nədən ibarətdir? Bu inteqrasiya iştirakçı ölkələrin iqtisadi müstəqilliyinə hansısa təsiri göstərə bilərmi? Bu suallara cavab almaq üçün Ukrayna Milli Elmlər Akademiyasının İqtisadiyyat və Proqnozlaşdırma İnstitutunun baş elmi işçisi Vladimir Sidenkoya müraciət etdik.
- Ukrayna ilə Rusiya arasında təbii qazın qiyməti ilə bağlı yaşanan mübahisələr fonunda Kiyev MDB-də Azad Ticarət Zonasının yaradılması haqda razılaşmanı imzaladı. Bu razılaşma iştirakçı ölkələrə nə verə bilər?
- MDB-də Azad Ticarət Zonasının yaradılması ideyası, şübhəsiz ki, irəli atılmış addımdır. Amma razılaşmanın səmərəli olması üçün çox iş görülməlidir. Bu razılaşma ticarət rejiminin tənzimlənməsi normalarını Ümumdünya Ticarət Təşkilatının standartlarına yaxınlaşdırır. Ümumiyyətlə, çoxlu ikitərəfli razılaşmaların çoxtərəfli razılaşma ilə əvəzlənməsi özü-özlüyündə müsbət haldır. Amma digər yandan, razılaşmada bəzi məhdudiyyətlər var. Məsələn, Bakı, Daşkənd və Aşqabad orada iştirak etmir. Yəni bu, təcrübədə mövcüd olan məhdudiyyətlərin heç birini aradan qaldırmır. Bəzi məhdudiyyətlər isə perspektivdə ortaya çıxacaq. MDB çərçivəsində ticarətin yalnız müqavilənin imzalanması ilə dinamik inkişafı mümkün deyil. Ticarətin aparılması üçün də nəsə olmalıdır. Təəssüf ki, çox tez-tez Sovet İttifaqı dönəminə apellyasiya edilir. Amma bu çox uğursuz apellyasiyadır. 20 ildə keçmiş SSRİ respublikalarının iqtisadiyyatı çox dəyişib. Ticarət o zaman inkişaf edəcək ki, rəqabət bacarıqlı yeni texnologiya məhsulları istehsal olunsun. Bu isə yalnız ticarətin rüsumlardan, kəmiyyət məhdudiyyətlərindən azad olunması ilə əlaqəli deyil. Bu, innovasiyaların, kooperasiyaların inkişafı, ölkə daxilində iqtisadi islahatların aparılması, iqtisadi fəaliyyətin tənzimlənməsi ilə məşğul olan institutların kəmiyyətinin yaxşılaşdırılmasına bağlıdır. Bunlar olmadan qarşılıqlı ticarətdə uğur qazanmaq çətindir.
- Yeri gəlmişkən, Azad Ticarət Zonasının yaradılması təklifi Avropa İttifaqı tərəfindən də irəli sürülüb. Sankt-Peterburq razılaşması Avropaya inteqrasiya yolunu bağlamır ki?
- Burada ziddiyyət yoxdur. Gömrük İttifaqından fərqli olaraq, Azad Ticarət Zonası Avropaya inteqresiyaya mane olmur. Gömrük İttifaqında səlahiyyətlərin bir hissəsinin hansısa üçüncü quruma verilməsindən də söhbət getmir. Azad Ticarət Zonasında bu məqam yoxdur. Dünyanın bir çox dövlətləri eyni vaxtda bir neçə azad ticarət zonasına malikdir. Sadəcə, bu razılaşmaların ticarət ənənələri ilə fəaliyyət göstərən Ümumdünya Ticarət Təşkilatının hamı tərəfindən qəbul edilmiş normalarına əsaslanması kifayətdir.
Ukrayna üçün Sankt-Peterburq razılaşmasına qoşulmaq Avropaya inteqrasiyanı nə rədd edir, nə də Kiyevi buna məcbur edir. Kiyevin Avropa İttifaqı ilə siyasi məqamlarla bağlı yeni fikir ayrılıqlarının yaranması isə başqa məsələdir.
- Amma MDB ölkələrinin öz aralarında da ərazi münaqişələri, siyasi xarakterli qarşıdurmalar var; məsələn, Azərbaycanla Ermənistan, Qazaxıstanla Özbəkistan. Elə Ukrayna ilə Rusiya arasında da hər şey qaydasında deyil. Dərin siyasi ziddiyyətlərin olduğu MDB-də iqtisadi münasibətlər inkişaf edə bilərmi?
- Siyasi ziddiyyətlərin iqtisadi inteqrasiyaya mənfi təsir göstərməsi onun tərəflər arasında inamsızlıq yaratması ilə bağlıdır. İnamsızlıq təsərrüfat əlaqələrinə həmişə mənfi təsir göstərir. Çünki bu halda sahibkarlar tərəfdaşlarından əmin olmur, ticarətdə, investisiya məsələlərində və s. çətinliklərin olacağını düşünür. Təbii ki, ziddiyyətlərin qalması razılaşmaya əməl edilməsinə kömək edəcək amil deyil. Ona görə də ölkələr arasında inam atmosferinin yaxşılaşdırılması vacibdir. Ölkələr arasında qarşıdurmalar aradan qaldırılmasa, heç bir iqtisadi razılaşma reallaşmayacaq.
- Rusiya nəhəng iqtisadiyyata malik böyük dövlətdir. Bu baxımdan, MDB-nin kiçik dövlətləri Moskvadan iqtisadi asılı duruma düşməyəcəkmi? Rusiya iqtisadiyyatı milli iqtisadiyyatları "udmayacaq" ki?
- Əgər ölkə tənzimləyici birgə institutların olduğu inteqrasiya prosesinə qoşulursa, təbii ki, həmin institutlarda daha güclü ölkələrin əsas rol oynayacağını bilməlidir. Bu, hər yerdə belədir. Avropa İttifaqında digər ölkələrlə müqayisədə Almaniya və Fransanın xüsusi çəkisi var. Amma orada mədəni ənənələr faktoru da mövcuddur. Böyük təsir imkanlarına malik dövlətlər var. Amma onların dövlətlərarası münasibətdə əsrlərlə toplanmış etikası öz üstünlüklərindən açıq şəkildə sui-istifadə etmələrinə imkan vermir. Bizdə isə bundan danışmaq çətindir. Bizdə güclü dövlətlər deyir: "Belə etməlisən! Nə düşündüyün isə bizi maraqlandırmır!".
Yəni bizdə alternativ yanaşmalar, konsepsiyalar qəbul olunmur. Təəssüf ki, bu faktdır və kiçik dövlətlər bununla razılaşmalıdır. Belə olan təqdirdə, iqtisadi münasibətlərin diversifikasiyası köməyə çatır - necə deyərlər, "yumurtaların hamısının eyni səbətə qoyulmaması". Sınaqdan çıxmış bu siyasət belə variantlardan qaçmağa kömək edir.
- MDB-də Azad Ticarət Zonasının yaradılması ideyası Rusiya Baş nazirinin Avrasiya Birliyinin yaradılması təşəbbüsünün tərkib hissəsi deyil ki?
- Birmənalı olaraq hesab edirəm ki, Avrasiya Birliyi layihəsi yalnız Avrasiya İqtisadi Məkanının üzvlərinə aiddir. Onlar vahid Gömrük İttifaqında bir araya gəliblər, tezliklə vahid iqtisadi məkan da yaradılacaq. Avrasiya Birliyi layihəsi də onlara aiddir. İnteqrasiyanın daha yumşaq formasına üstünlük verən digər MDB ölkələrinin bu layihəyə aidiyyəti yoxdur. Bu, Ukrayna, Moldova və Azərbaycana aid deyil. MDB-nin Azad Ticarət Zonasını da Rusiya Baş nazirinin təşəbbüsünün tərkib hissəsi saymıram.
MƏSLƏHƏT GÖR: