25 Noyabr 2024

Bazar ertəsi, 19:21

TÜRK "AVROPA İTTİFAQI" YARANACAQMI?

Barzuxan Turlubekov: "Türk dövlətlərinin inteqrasiya prosesi ilkin mərhələsindədir"

Müəllif:

01.11.2011

Oktyabrda Qazaxıstanda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) yekununda Almatı Bəyannaməsi imzalandı. Sənəddə ticari-iqtisadi və mədəni-humanitar əməkdaşlığın genişləndirilməsinin vacibliyi qeyd olunub. Ekspertlər isə türkdilli dövlətlərin vahid ticari-iqtisadi məkan yarada biləcəyinə dair fikirlər səsləndirməyə başlanıb. Türkdilli dövlətlər arasında inteqrasiyanın dərinləşməsinin hansı nəticələr verə biləcəyini, həmçinin, bu yoldakı maneələri Qazaxıstan İqtisadi Tədqiqatlar İnstitutunun Makroiqtisadi İnkişaf və Sosial Sahə İdarəsinin rəhbəri Barzuxan Turlubekov ilə müzakirə etdik.

- Keçirilən forumdan sonra türkdilli dövlətlərin iqtisadi əlaqələrinin inkişafı baxımından hansı konkret nəticələrə gəlmək olar?

- Türkdilli dövlətlər arasında lider üçlük formalaşıb: Türkiyə, Azərbaycan və Qazaxıstan. Türkdilli dövlətləri enerjidaşıyıcılarının istehsalçıları və istehlakçılarına da bölmək olar. Almatıda keçirilmiş sammitdə Xəzərin şərq sahillərində yerləşən dövlətlər arasında Xəzərin enerjidaşıyıcılarının ixracından çox su resurslarından rasional istifadə, onun bölünməsi məsələləri müzakirə olunub. Almatı sammitinədək Azərbaycan, Türkiyə və Qazaxıstandan olan işçi qruplar gündəmdə duran ən geniş məsələləri müzakirə ediblər. Həmin görüşdə çox maraqlı təşəbbüslər irəli sürülüb. Məsələn, türkdilli dövlətlərin ümuminvestisiya agentliyinin, arbitraj məhkəməsinin və s. yaradılması. Amma bu məsələlərin plenar iclasın gündəliyinə çıxarılmasını hələ ki, tez hesab ediblər. Bizim fikrimizcə, yükdaşımaları sahəsində əməkdaşlıq daha real və perspektivlidir. Çünki Qazaxıstan, Özbəkistan və regionun digər türkdilli ölkələri Türkiyənin iri Qara dəniz və Aralıq dənizi limanlarına çıxışa malik deyil. Bu məsələ bizim üçün bir sıra aspektlərdən çox vacibdir. Mərkəzi Asiyadan, Cənubi Qafqaza, Türkiyəyədək nəqliyyat dəhlizinin yaradılmasında neft hasil edən və etməyən bütün türkdilli dövlətlər maraqlıdır.

- Yəni vahid tariflər, rüsum sistemi və digərlərini  yaratmaq   mümkündürmü?

- Bəli. Bu işdə heç bir problem olmamalıdır. Türkiyə ilə Qırğızıstan artıq ÜTT-nin üzvüdür. Azərbaycan və Qazaxıstan isə quruma üzv olmaq ərəfəsindədir. Doğrudur, Qırğızıstan Gömrük İttifaqına da qoşulub. Amma bütün şərtləri razılaşdırmaq və ümumi məxrəcə gəlmək mümkündür.

- Artıq 16 ildir ki, ümumtürk forumları keçirilir. Amma hələ mədəniyyət sahəsində inteqrasiyadan o tərəfə keçmək mümkün olmayıb. Ümumi etnomədəni köklərə malik xalqların bir-biri üçün daha əlverişli rejim yaratmasına nə mane olur?

- İnteqrasiya proseslərinə mü-əyyən mənada siyasi xarakterli faktorlar mane olur. Məsələn, Qırğızıstanda bir-birini əvəzləyən çevrilişlər olursa, Türkmənistan da qapalı ölkə olaraq qalır. Su resurslarının bölüşdürülməsi ilə bağlı da kifayət qədər ciddi problem var. Bu, elektrik enerjisi istehsalı ilə birbaşa əlaqəli məsələdir və türkdilli dövlətlərlə Aralıq dənizi regionu ölkələri arasında ziddiyyətə səbəb olur. Digər yandan, hazırda Rusiyanın inteqrasiyasının sanki ikinci nəfəsi açılıb. Buna xammal ixracından asılılığın mənfi tərəflərini üzə çıxarmış qlobal maliyyə böhranı da öz təsirini göstərib. Böhran zamanı kapital axını kəskin şəkildə azalıb, defisit yaranır və s. Biz Almatı sammitinin proqramının hazırlanmasında iştirak etmişik. Bu zaman türkdilli dövlətlərin inteqrasiya prosesinin ilkin mərhələdə olduğu aydın görünürdü. Hətta xammal asılılığı halında belə, təmin olunmuş iqtisadi bağlar yoxdur. Digər faktorlar kimi, Cənubi Qafqazdakı çətin təbii şəraiti (başdan-başa dağlıq), həmçinin Özbəkistanda baş vermiş vətəndaş müharibəsini göstərmək olar.

- Qazaxıstan Gömrük İttifaqına qoşulub. O, Rusiya və Belarusla vahid iqtisadi məkanın yaradılması ideyasını da dəstəkləyir. Belə olan təqdirdə onun Avropa yolunu seçmiş Azərbaycan və Türkiyə ilə inteqrasiyası necə alınacaq?

- Sırf hüquqi baxımdan ÜTT-yə üzv olmaq yolu seçmiş ölkələr yeni inteqrasiya birliyi yaratmaqla digər tərəfdaşlarla ticarət və iqtisadi əlaqələr imkanını məhtudlaşdırmamalıdırlar. Ən azı bundan pis olmamalıdır. Qazaxıstanın Gömrük İttifaqına üzvlüyünün onun əl-qolunu bağlayıb-bağlamamasına gəlincə, Astana şimal istiqamətdə inteqrasiyadan iqtisadi qazanc əldə etməyə çalışır. Amma türkdilli dövlətlərlə inteqrasiya prosesinə köməklik üçün qarşı tərəfin də hansısa təklifləri olmalıdır. Enerjidaşıyıcılarını nəql edən boru xətləri, tanker daşımaları kimi sahələrdə belə ümumi maraqlar var. Qazaxıstan artıq Bakı-Tbilisi-Ceyhan kəmərindən istifadə edir.

- Uzun illərdir, Xəzərin dibi ilə Transxəzər qaz kəmərinin çəkilməsi iedyası var. Sanki bu ideya qaz hasil edən ölkələrin hamısına, ilk növbədə, Qazaxıstan və Türkmənistana səfr edir. Qərbin qaz istehlakçıları bu layihə ilə bağlı məsələni qəti şəkildə qoyarsa, Astana hansı mövqedən çıxış edəcək?

- Bu çox cəlbedici layihədir. Problem resurslardadır. Transxəzər qaz kəmərinin məntiqi davamı "Nabukko" kimi nəhəng qaz layihəsi olmalıdır. Qazaxıstan ildə, təxminən, 10 milyard kubmetr qaz ixrac edir. Ümumilikdə, Mərkəzi Asiyada bu rəqəm, təxminən, 42 milyarddır.

Artıq Qazaxıstan-Çin neft kəməri mövcuddur. Qazaxıstan-Çin qaz kəmərinin çəkilməsi, onun vasitəsilə Qazaxıstan və Türkmənistan qazının nəqli ideyası da var. Əlbəttə ki, başqa layihələrin reallaşdırılması imkanı da mövcuddur. Qazaxıstan qazının Transxəzər qaz kəmərinə vurulması üçün onu yataqlardan ölkənin cənubunda yerləşən Qaraçanağa daşımaq lazımdır. Amma orada ixrac məsələləri ilə Rusiyanın "Qazprom" şirkəti məşğul olur. Rusiya şirkətinin Qazaxıstanın cənubuna qaz nəqlini əngəlləməyə hər zaman imkanı var. Digər yandan, bütünlükdə dünyada ağır maliyyə vəziyyətinin mövcud olduğunu nəzərə alsaq, qaz kəmərinin tikintisini kim maliyyələşdirəcək?


MƏSLƏHƏT GÖR:

562