
ZİDDİYYƏTLƏRİN ƏSİRLİYİNDƏ
Gilad Şalitin minlərlə fələstinli yaraqlıya dəyişdirilməsi, bəlkə də, yaxın şərq münaqişəsinin həlli prosesini fəallaşdıracaq
Müəllif: Natiq NAZİMOĞLU Bakı
5 illik əsirlikdən sonra İsrail ordusunun kapralı Gilad Şalitin 1000-dən artıq fələstinli yaraqlının İsrail həbsxanalarından buraxılması müqabilində azad olunması, bəlkə də, Yaxın Şərq münaqişəsinin həllində yeni fazanın başlanğıcıdır. Bu hadisə Müqəddəs Torpaqda çoxdan gözlənilən sülhə səbəb olacaqmı? Gözləntilərin əksinə olaraq, bu suala müsbət cavab vermək çətindir. Münaqişə tərəfləri hələ də razılaşmadan o qədər uzaqdırlar ki, istənilən sülh təşəbbüsünün uğur qazanacağına inanmaq çətindir. Bu, ən azı, yaxın gələcək üçün belədir. Amma müsbət dəyişikliyin başvermə şansı hər zaman var.
Mübadilə razılaşması
İsrail 1027 fələstinli məhbusu azad etməyə razılıq verdi. Onların əksəriyyəti Fələstinin radikal HƏMAS hərəkatının üzvləri idi. Bəziləri isə terror və qətllərdə günahkar bilinən "xüsusi təhlükəli şəxslər" sayılır. Amma Təl-Əviv HƏMAS-ın girov götürdüyü israilli kapralın azad olunması üçün buna getməli oldu. Daha dəqiq desək, İsrail 2008-ci ilin sonlarında məhz Şalitin girov götürülməsinə cavab olaraq, "Ərimiş qurğuşun" əməliyyatına başlamış və o, dinc fələstinlilər arasında çoxsaylı insan tələfatına gətirib çıxarmışdı.
Sonda Təl-Əviv HƏMAS-ın tələbi ilə razılaşmalı oldu. Halbuki İsrailin daxilində də buna etiraz edənlər kifayət qədər idi. Onlar hesab edirlər ki, bir israillinin həyatını xilas etmək üçün azadlığa buraxılan fələstinlilər bütünlükdə yəhudi dövlətinin əhalisi üçün təhlükədir.
İsraillə HƏMAS arasındakı razılaşma Fələstin Milli Administrasiyası (FMA) rəhbərliyinin, həmçinin onun rəhbəri Mahmud Abbasın kürsüsünü bir qədər laxlatdı. Bir tərəfdən fələstinli məhbusların azadlığa çıxması HƏMAS-ın populyarlığını artırdı və bu, təbii ki, Abbasın başçılıq etdiyi FƏTH hərəkatının maraqlarına zidd idi.
Digər yandan, FMA Şalitin azadlığı qarşılığında İsrail həbsxanalarından, əsasən, məhz HƏMAS nümayəndələrinin buraxılmasından narazıdır. Bu səbəbdən, Fələstin rəhbərliyi İsrailin FƏTH üzvü olan dustaqları da azad etməsi tələbi ilə çıxış edib. Bu dustaqlar arasında FƏTH-in hərbi qanadının lideri Maruan Barquti və Fələstinin Azadlığı Uğrunda Xalq Cəbhəsinin baş katibi Əhməd Saadat da var.
İsrail KİV yazır ki, M.Abbas bu tələbi israillilərlə danışıqların bərpa edilməsi üçün əsas şərtlərdən biri kimi də irəli sürüb.
FMA-nın bu tələbini İsrail ordusunun generalları da dəstəkləyib və bu heç də təəccüblü deyil. Onlar hesab edir ki, daha çox fələstinlinin azad olunması HƏMAS-la qarşıdurmada Abbasın dəstəklənməsi baxımından vacibdir.
İsrail xarici işlər naziri Aviqdor Liberman isə bunun əleyhinədir. Onun fikrincə, FMA-ya qarşı xoşməramlı jestlər yalnız fələstinlilərin iştahını artırır. Bundan başqa, o, Abbası FMA başçısı postundan istefa verməyə çağırıb və bildirib ki, İsrailin fələstinlilərlə uğurlu danışıqlarına yeganə maneə məhz FƏTH lideridir. Liberman hesab edir ki, Abbasın yerinə qərbtəhsilli praqmatik lider gələrsə, yaxın gələcəkdə tərəflər arasında sülhə nail oluna bilər.
Demək olar ki, bütün fələstinlilərin 1967-ci il sərhədləri çərçivəsində paytaxtı Şərqi Qüds olan Fələstin dövlətinin yaradılması ideyasının birləşdirdiyi, İsrailin isə bunu rədd etdiyi şəraitdə, Liberman hansı "praqmatik qərbtəhsilli" şəxsdən danışdığını konkretləşdirməyib. Ola bilsin, onun bəyanatı, sadəcə, beynəlxalq vasitəçilərin regiona çox vacib səfəri ərəfəsində Abbası əsəbiləşdirmək məqsədi güdüb.
Kvartet yenidən gündəmə gəlir
Yaxın Şərq münaqişəsinin həlli üzrə beynəlxalq kvartetin (BMT, Avropa İttifaqı, ABŞ və Rusiya) nümayəndə heyəti xüsusi təmsilçi Toni Bleyerin rəhbərliyi altında İsrail və Fələstin nüma-yəndələri ilə danışıqlar aparıb. Məqsəd tərəflər arasında dialoqun bərpasıdır.
Danışıqlar ərəfəsində Fələstin rəhbərliyində təmsil olunan Saib Arikat vasitəçilərin İsrailin Baş naziri Benyamin Netanyahu ilə Fələstin lideri Mahmud Abbas arasında görüş təşkil etməyə çalışdıqlarını açıqlamışdı. İsrailin "Maariv" qəzeti isə Amerika administrasiyasının tərəflərə dialoqu bərpa etmək imkanı verəcək kompromis variantla çıxış etdiyini yazırdı. Söhbət İsrailin İudeydə, Samirədə və Şərqi Qüdsdə yəhudi yaşayış məntəqələrinin tikintisini dayandırmağa şifahi razılıq verməsindən, yəni fələstinlilərin tələbini yerinə yetirməsindən gedir.
Bleyer isə regiona səfəri ərəfəsində münaqişə tərəflərinin hərəkətlərindən narazılığını bildirmişdi. O, 1 ay əvvəl kvartetin tərəflər arasında 1 il ərzində yekun sülhə nail olmaq məqsədini açıqladığını xatırladıb: məhz həmin vaxt danışıqlar qrafiki müəyyənləşdirilsə də, münaqişə tərəfləri onu açıq şəkildə "sabotaj edir".
Kvartetin siyasi prosesin bərpası ilə bağlı yeni təşəbbüs irəli sürməsindən 1 aydan artıq vaxt keçir. Amma israillilərlə fələstinlilər hələ də yüksək səviyyədə bir araya gəlməyib. Bleyerin sözlərinə görə, bu dövrdə "dialoqun bərpasına cəhd belə, edilməyib". Kvartet hesab edir ki, yüksək səviyyədə görüşdən əvvəl sərhədlərin müəyyənləşdirilməsi işini görməli olan xüsusi qruplar bir araya gəlməlidir. Məhz onlar İsraillə Fələstinin yekun sülh razılaşmasından sonra hansı sərhədlər çərçivəsində yaşayacaqlarını mü-əyyən etməlidir. Beynəlxalq vasitəçilər hesab edir ki, bu məsələ öz həllini tapmadan danışıqların davam etdirilməsinin mənası yoxdur. Amma beynəlxalq vasitəçilərin özlərində də sərhədlərin haradan keçməli olduğuna dair dəqiq təsəvvür yoxdur. BMT, Rusiya və Avropa İttifaqı İsrailin 1967-ci ildə mövcud olmuş sərhədlər çərçivəsində yaşamalı olduğunu düşünürsə, ABŞ daha israilpərəst mövqedən çıxış edir. O, prioritet kimi İsrailin təhlükəsizliyinin təmini məsələsini önə çəkir.
Rəmallah və Qüdsdəki danışıqların sonunda kvartetin nü-mayəndə heyəti münaqişə tərəflərinin beynəlxalq vasitəçilərlə əlaqəni davam etdirməyə hazır olduqlarını açıqlayıb. Məqsəd maneələrin aradan qaldırılması və birbaşa ikitərəfli dialoqun bərpasıdır. "Tərəflər 3 ay ərzində bizim əsas məqsədimiz olan birbaşa danışıqlar və 2012-ci ilin sonunadək razılaşmanın əldə edilməsi üçün ərazi məsələləri və təhlükəsizlik problemi ilə bağlı təkliflərini irəli sürməyə razılıq verib", - deyə Bleyerin rəhbərlik etdiyi nümayəndə heyətinin bəyanatında bildirilir.
Amma Yaxın Şərq münaqişəsinin həllindəki əsas problemlər olduğu kimi qalır. Münaqişə tərəfləri sərhədlər və İsrailin birtərəfli qaydada öz paytaxtı elan etdiyi Qüdsün statusu məsələsində güzəştə getməyə razılaşacaqmı? Aydındır ki, fələstinlilər BMT qətnamələri ilə təsdiqlənən ərazilərini tələb edəcəklər. İsrail isə Fələstin ərazisində status-kvonun qorunub-saxlanmasına və ya problemin başqa yolla həllinə (1967-ci il sərhədlərini tanımadan) çalışacaq. Odur ki, kvartet qarşıya qoyulmuş məqsədə - gələn ilin sonunadək İsraillə Fələstin arasında razılaşmaya nail olmaq üçün həqiqətən də nəhəng işlər görməlidir.
Fələstinin ərizələri
İsraillilərin danışıqlarda və ondan kənarda sərt mövqe nümayiş etdirməsindən başqa, vasitəçilərin öz aralarındakı və fələstinlilər daxilindəki fikir ayrılıqları da qarşıya qoyulmuş məqsədə nail olmağın çətinliyini sübut edir. Onlar hesab edirlər ki, İsrail hökumətinin bu yaxınlarda yaşayış məntəqələrinin inşasının dondurulması təşəbbüsü (Amerikanın tərəflər arasında dialoqun bərpası planının oraya çıxmasına da güman ki, məhz bu təsir göstərib) sadəcə, "beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi güdən siyasi manevr" ola bilər.
Abbasın rəhbərlik etdiyi FMA danışıqlara şübhə ilə yanaşdığından, Fələstinin BMT tərəfindən müstəqil dövlət kimi tanınması məsələsinə diqqəti getdikcə daha da artırır.
Xatırladaq ki, Fələstin rəhbərliyi BMT Təhlükəsizlik Şurasına qurumun tamhüquqlu üzvü olmasına dair təqdim etdiyi ərizəyə baxılmasını sürətləndirmək xahişi ilə müraciət edib. Bu məsələyə dair ekspertlərin məruzəsi BMT-yə yeni üzvlərin qəbulu komitəsinə noyabrın 11-də təqdim ediləcək. Hələliksə ekspertlər Abbasın məktubunun BMT-nin yeni üzvləri üçün nəzərdə tutulmuş prosedur və qurumun nizamnaməsinə nə qədər uyğun olduğunu öyrənir.
Bununla yanaşı, artıq yaxın günlərdə Fələstin YUNESKO-ya qəbul oluna bilər. Qurum Fələstinə tamhüquqlu üzv statusunun verilməsi məsələsini 193 üzvün səsverməsinə çıxarmaq niyyətindədir. Artıq YUNESKO-nun İcraiyyə Komitəsi Fələstinin quruma qəbulu məsələsini adi səs çoxluğu ilə qəbul edib. Yeni status fələstinlilərə İsrailin iddia etdiyi abidələrinin Dünya mədəni irsi siyahısına salınması üçün ərizə ilə müraciət etmək imkanı yaradacaq. İsrailin dəfələrlə Fələstinin YUNESKO-ya qəbuluna qarşı çıxması da məhz bu baxımdan təəccüblü deyil. "Biz belə zərbələri asanlıqla buraxmaq niyyətində deyilik. Bu qərara qarşı ata biləcəyimiz addımlar haqda düşünəcəyik", - deyə A. Liberman bildirib.
Fələstinin YUNESKO-ya qəbuluna ABŞ da etirazını bildirib. Vaşinqton bu halda qurumun maliyyələşdirilməsinin məhdudlaşdırılacağını bəyan edib. Birləşmiş Ştatların dövlət katibi Hillari Klinton bildirib ki, Fələstinin statusu məsələsi BMT TŞ-nin səlahiyyətindədir. O, YUNESKO İcraiyyə Komitəsini "yaxşı fikirləşməyə" çağırıb.
Hər halda, YUNESKO-nun Parisdə noyabrın 10-dək davam edəcək ümumi konfransında Fələstinin xeyrinə qərar çıxarılacağı gözlənilir. Bu, Fələstinin BMT-nin tamhüquqlu üzvü olmaq yolunda atacağı daha bir ciddi addım olacaq.
MƏSLƏHƏT GÖR: