
QAZ QOXUYAN EHTİRASLAR
Yuliya Timoşenko qərblə Rusiyanı necə birləşdirdi?
Müəllif: Sahil İSGƏNDƏROV, politoloq Bakı
Ukraynada bir neçə hökumət böhranının adı ilə bağlı olduğu sabiq baş nazir Yuliya Timoşenko, yəqin ki, müstəqil Ukraynanın tarixində qalmaqallı siyasətçi kimi qalacaq. Kiyevin Peçer Məhkəməsinin oktyabrın 11-də onunla bağlı çıxardığı ittiham hökmü bomba effekti verib. Timoşenkonun 2009-cu ildə Rusiya ilə qaz müqaviləsinin imzalanmasında vəzifə səlahiyyətlərini aşması ilə əlaqədar çıxarılmış qərar Kiyevin həm Moskva, həm də Qərblə münasibətlərinə mənfi təsir göstərib.
Məhkəmənin qərarı ilə "Batkivşşina" ("Yurd") partiyasının və YTB blokunun lideri Y.Timoşenko 7 il müddətinə azadlıqdan məhrum edilib. Ondan sonrakı 3 ildə Timoşenkonun dövlət vəzifəsi tutması da qadağan olunub. Bununla yanaşı, sabiq baş nazir, təxminən, 189 milyon dollar ödəniş etməlidir. Ukraynanın "Naftoqaz" Dövlət Milli Səhmdar Şirkətinin hesablamasına görə, Timoşenkonun Rusiya ilə qaz razılaşmasının imzalanmasında vəzifə səlahiyyətlərini aşması ölkəyə məhz bu məbləğdə zərər vurub.
Eks-baş nazirin vəkilləri dərhal qərardan apellyasiya və kassasiya məhkəmələrinə şikayət verib. Onlar Avropa İnsan Haqları Məhkəməsinə də müraciət ediblər. Timoşenkonun daha qatı tərəfdarları isə xalqı siyasi tələblərlə etiraz aksiyalarına çıxmağa çağırıb.
Amma Ali Radanın deputatı Taras Çornovil hesab edir ki, artıq Y.Timoşenkonu Ukrayna hakimiyyətinə ciddi təhlükə yaradan siyasətçi saymaq olmaz. Onun fikrincə, məhz bu üzdən müxalifətin gözləntilərinin əksinə olaraq, on minlərlə insan sabiq baş nazir haqda qərara etiraz etmək üçün Kiyev küçələrinə çıxmayıb.
Timoşenko haqda məhkəmə qərarı ölkədən kənarda daha ciddi rezonansa səbəb olub. Bu məsələ ilə bağlı Moskva ilə Qərbin mövqeyinin üst-üstə düşdüyü nadir hallardandır. Rusiya XİN dərhal məhkəmənin qərarında siyasi xarakter və "antirusiya məqamı"nın olduğunu bəyan edib. Rusiyanın Baş naziri Vladimir Putin öz növbəsində Timoşenkonun günahlandırılmasını və 7 il müddətinə azadlıqdan məhrum olunmasını anlamadığını bildirib.
Kremldə hesab edirlər ki, Kiyev Peçer Məhkəməsinin ittiham hökmündən Rusiyanın Ukraynaya satdığı qazın qiymətini endirməsi üçün Moskvaya təzyiq vasitəsi kimi istifadə etmək niyyətindədir. Ukraynanın hazırkı Baş naziri Nikolaf Azarov Rusiya ilə qaz razılaşmalarına yenidən baxılması cəhdlərinin Timoşenko haqda çıxarılmış hökmlə heç bir əlaqəsinin olmadığını dəfələrlə bəyan etsə də, "Zerkalo nedeli" qəzeti öz mənbələrinə istinadla yazır ki, Ukrayna hökuməti Brüsseli bunun əksinə inandırmağa çalışır: "Bu hökm Rusiya ilə qaz müqavilələrinə yenidən baxılmasına nail olmaq və Moskvanın qaz kəməndindən çıxması üçün yeganə vasitədir".
Qərbin baş verənlərə Moskvanın ritorikasına uyğun reaksiyası göstərir ki, bu məsələdə onun öz mövqeyi yoxdur.
Amma Ukrayna hakimiyyətinin ünvanına ən sərt tənqidlər də Avropa ölkələri və strukturlarından gəlib. Avropa İttifaqı və ATƏT Peçer Məhkəməsinin hökmünü "ədalətsiz və siyasi xarakterli qərar" adlandırıb. Onlar Ukrayna hökumətini Timoşenkonun müdafiəsi məqsədilə apellyasiya prosesinin keçiriləcəyi halda prosesin "şəffaflığı və bitərəfliliyni" təmin etməyə çağırıb.
Avropa Komissiyası bəyan edib ki, Timoşenko məsələsi Aİ-Ukrayna münasibətlərinə mənfi təsir göstərə bilər. Avropa Parlamentinin ən böyük fraksiyası olan "Avropa Xalq Partiyası" (AXP) isə "siyasi xarakterli" qərarın ləğvini tələb edib. O, əks təqdirdə, Kiyev üçün Ukrayna ilə Aİ arasında assosiasiya razılaşmasının imzalanması məsələsində mənfi nəticələrin olacağını açıqlayıb.
Yeri gəlmişkən, Timoşenkonun lideri olduğu "Batkivşşina" partiyası 2008-ci ilin yanvarından AXP-nin üzvüdür.
Aİ-nin hazırkı sədri Polşa Avropa İttifaqına istiqamət almış Ukraynanın bu qərarla adına xələl gətirə biləcəyini bəyan edib.
Məsələyə Aİ-nin birgə xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali komissarı K. Eşton da münasibət bildirib: "Ukrayna hökumətinin universal dəyərlərə və qanunun aliliyinə hörməti, bu məsələlərdə özünü aparması Aİ ilə Ukrayna arasında ikitərəfli münasibətlərə ciddi təsir göstərəcək".
Almaniyanın hakim Xristian-Demokrat İttifaqı Partiyasından olan deputat F.Şteffel isə hətta "Avro-2012"nin ev sahibliyinin Ukraynadan alınmasını təklif edib. Onun bu çağırışına Fransanın ictimai-siyasi xadimlərindən və alimlərdən ibarət qrup da dəstək verib. Onlar bəyan ediblər ki, Kiyevin siyasi və məhkəmə hakimiyyətinin mövqeyinin dəyişməsinə nail olmaq üçün FİFA-ya müraciət etməyi düşünürlər. Qrup üzvləri də hesab edir ki, FİFA futbol üzrə Avropa çempionatının Ukraynada keçirilməsi qərarını dəyişməlidir.
Almaniyanın xarici işlər naziri Q.Vestervelle Timoşenko haqda məhkəmə qərarını Ukraynada qanunun aliliyinin tənəzzülü kimi qiymətləndirib: "Sabiq baş nazir haqqında çıxarılmış qərar Ukrayna üçün geriyə atılmış addımdır. Təəssüf ki, o, Ukraynada qanunun aliliyi ilə bağlı vəziyyətin üzərinə kölgə salır. Bu, Ukrayna ilə Aİ arasında münasibətlərə öz təsirini göstərməyə bilməz".
Vaşinqtonla NATO baş verənlərə Avropa qədər sərt reaksiya bildirməsə də, onlar da Ukrayna hökumətinin özündə siyasi idarə tapacağına, məsələnin müsbət həllinə nail ola biləcəyinə ümid ifadə ediblər. Söhbət Timoşenko haqda hökmə yenidən baxılacağına və qərarın dəyişdiriləcəyinə ümiddən gedir.
Həm Qərbin, həm də Şərqin ciddi təzyiqi ilə üzləşmiş Ukrayna Prezidenti Viktor Yanukoviç isə öz bəyanatında bunun yekun qərar olmadığını, Apellyasiya Məhkəməsinin qərarını gözləməyin vacibliyini bildirib. Yanukoviçin dediyinə görə, bu qərarı onun özü də bəyənmir, çünki o, Kiyevin Avropaya inteqrasiyasına mane olur: "Bu məsələ Ukraynanın Avropaya inteqrasiyasına mane olurmu? Olur! Bu mənim xoşuma gəlirmi? Yox. Dəfələrlə demişəm ki, bu, qətiyyən xoşuma gəlmir və bu prosesə mənfi yanaşıram".
Bununla yanaşı, Ukrayna Prezidenti açıq şəkildə bildirib ki, o, məhkəmənin qərarına heç bir müdaxilə edə, təsir göstərə bilməz, Timoşenko ilə bağlı cinayət işi Ukraynanın Avropa İttifaqına inteqrasiya prosesinə qatılmamalıdır: "Ukraynada və ya Avropada hökmün kiminsə xoşuna gəlməməsi önəmli deyil. Əsas qanunun aliliyidir".
Bununla yanaşı, Kiyev həm Moskvanın, həm də Qərbin siyasi təzyiqlərini neytrallaşdırmaq üçün növbəti gedişini edib. Ukrayna Təhlükəsizlik Xidməti (UTX) operativ şəkildə eks-baş nazir Yuliya Timoşenko və Pavel Lazarenkoya qarşı daha bir cinayət işi qaldırıb. Cinayət işi Ukraynanın Vahid Enerji Sistemi (UVES) korporasiyasının Rusiyaya 405 milyon dollar borcunun olması ilə əlaqədar qaldırılıb. Maraqlıdır ki, cinayət işi Rusiya Müdafiə Nazirliyinin Ukraynaya avqustda göndərdiyi məktub əsasında aparılmış yoxlamalara əsasən qaldırılıb.
Düşünmək olar ki, Kiyev Y.Timoşenkoya qarşı daha bir cinayət işi açmaqla opponentləri ilə mübarizədə ciddi kozır əldə edib. Birincisi, Moskva Peçer Məhkəməsinin qəranının obyektivliyinə şübhə edirsə, Rusiya Müdafiə Nazirliyinin xahişi əsasında açılmış ikinci cinayət işi onda eyni şübhələri niyə yaratmır? Rusiya ona dəymiş maddi zərərin ödənilməsini belə israrla tələb edirsə, Timoşenkonun qaz razılaşması ilə Ukraynaya maddi ziyan vurması ittihamı əsasında çıxarılmış qərar Moskvada nədən bu qədər qıcıq yaradır?
İkincisi, əgər Ukarynanın sabiq baş naziri P.Lazarenko maliyyə maxinasiyalarına görə ABŞ-da mühakimə olunursa, onun "şərik"i və ozamankı layihəsi olan Y.Timoşenko eyni işdəki əməllərinə görə nədən məsuliyyət daşımasın? Söhbət qanunun aliliyindən gedirsə, iqtisadi cinayətlərə görə qaldırılmış cinayət işlərinə differensial yanaşma olmamalıdır. İstənilən halda, məntiq Ukrayna ədalət məhkəməsinin mövqeyinin məhz belə olduğunu göstərir.
Şübəhsiz, Kiyevə təzyiq göstərməyə çalışan hər ölkənin öz maraqları var. Moskva açıq şəkildə göstərir ki, Kiyev onunla qaz ticarətində heç bir güzəştə ümid etməməlidir. Kreml həmişə pusiyapərəst siyasətçi kimi tanınmış V.Yanukoviçin Avropaya inteqrasiyaya son dərəcə böyük həvəs göstərməsindən də narazıdır. Bundan başqa, o, Rusiya Prezidenti D.Medvedev və Baş nazir V.Putinlə son qapalı görüşündə Kiyevin Gömrük İttifaqına üzvlüyü təklifinə cavab olaraq, bir neçə ultimatum səsləndirib. Yanukoviç xüsusilə qazın qiyməti aşağı salınmayacağı təqdirdə, Krımdan Qara Dəniz Donanmasının çıxarıla biləcəyini, Ukraynada ABŞ Hava Hücumundan Müdafiə Sisteminin yerləşdirilməsi məsələsinin gündəmə gətiriləcəyini bəyan edib. Bu baxımdan, Aİ-nin Peçer Məhkəməsinin hökmündən narazılığı Moskvanın xeyrinədir. Rusiyanın Kiyevi Gömrük İttifaqına çəkməyə çalışdığı, Aİ-nin isə buna qəti etiraz etdiyi məlumdur.
Bununla yanaşı, Avropa Ukrayna ilə Rusiya arasında qaz müharibəsinin bərpasında qətiyyən maraqlı deyil. Bu, xüsusilə Kiyevin Timoşenko haqda qərarın Rusiya ilə qaz razılaşmalarına yenidən baxılması, Moskvanın qaz kəməndindən xilas olunmaq yolunda yeganə vasitə olduğunu bəyan etməsi fonunda belədir. Amma bu taktika işləməsə, Rusiyanın kəməndi Avropa ölkələrinin boğazında daha da sıxıla bilər. Növbəti qış ərəfəsində və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi üçün alternativ yolların olmadığı şəraitdə bu, Aİ-yə qətiyyən lazım deyil. Bundan başqa, Aİ-nin aparıcı ölkələri Ukraynanın xətrinə Moskva ilə münasibətlərini pozmağı düşünmür. Bu məsələdən də güclü "qaz qoxusu" gəlir.
Ukraynanın Regionlar Partiyasının parlament fraksiyasının üzvü, Ali Radanın Avropaya inteqrasiya komitəsinin sədr müavini Vladimir Veçerko iddia edir ki, eks-baş nazirlə bağlı açılmış cinayət işi daha çox Ukrayna ilə Rusiya arasındakı qaz razılaşmalarına yenidən baxılmasına qarşı olan ölkələrdə rezonans doğurub. Bu məsələdə o, tranzit və ixrac şərtlərinin dəyişdirilməsinə mane olan Almaniyanın rolunu xüsusi vurğulayıb.
Güman ki, Brüsseli qıcıqlandıran daha bir vacib faktor V.Yanukoviçin Ukraynanın Avropaya inteqrasiyası prosesini sürətləndirmək cəhdləridir. Bu gün Aİ ilə Ukrayna, demək olar ki, Assosiasiya razılaşması və azad ticarət zonasının yaradılmasına dair müqavilənin imzalanmasının bir addımlığındadır. Amma Varşavada keçirilən "Şərq Tərəfdaşlığı" sammitində Yanukoviç yalnız Aİ-nin bu proqrama üzv dövlətlərin vətəndaşları üçün viza rejimini ləğv etməli olduğunu bildirməyib. O həm də faktik olaraq, "Şərq Tərəfdaşlığı"nın perspektivdə Aİ-yə üzvlüyə birbaşa yol açmasının vacibliyini bəyan edib.
Yanukoviçin belə inadkarlığı, çətin ki, Aİ-nin son zamanlar ciddi fikir ayrılıqlarının olduğu əsas oyunçularının xoşuna gəlsin. Bu şəraitdə yalnız Aİ-nin adi üzvü yox, bu təşkilatda xüsusi çəkiyə malik dövlətə çevrilmək istəyən daha bir ölkə onların nəyinə gərərkdir?
Bu konteksdə Peçer Məhkəməsinin qərarı çox yerinə düşüb. Aİ-nin təşəbbüsü ilə Ukrayna Prezidentinin Brüsselə oktyabrın 20-nə nəzərdə tutulmuş səfəri qeyri-müəyyən vaxta təxirə salınıb. Qeyd edək ki, məhz bu səfər çərçivəsində Ukrayna ilə Aİ arasında Assosiasiya haqqında razılaşmanın və Azad Ticarət Zonasının yaradılmasına dair müqavilənin imzalanması nəzərdə tutulmuşdu. Bəzi ekspertlər hesab edir ki, Y.Timoşenko haqqında çıxarılmış məhkəmə hökmü Kiyevin iddialarını azaltmağa çalışan Brüsselin əlində alətə çevrilib.
Peçer Məhkəməsinin qərarına Vaşinqtonun mənfi münasibətini isə güman ki, növbəti məqamlarla əsaslandırmaq olar. Birincisi, istənilən halda, Ağ evdə Yanukoviç pusiyapərəst siyasətçi kimi qəbul olunur. Bu baxımdan, Qərbə meyilli Y.Timoşenko Ukraynada keçiriləcək növbəti prezident seçkisində Vaşinqton üçün daha cəlbedici fiqurdur. Timoşenkonun özü isə əmindir ki, Rusiyanın güc strukturları onu məhv etmək istəyir, ona qarşı UVES ilə bağlı qaldırılmış cinayət işində məqsəd də budur.
İkincisi, "narıncı inqilablar"dan sonra cuşa gəlmiş Birləşmiş Ştatlar, çox güman ki, Ukraynada xarizmatik siyasətçi sayılan Timoşenkonu daim ehtiyat variant kimi qoruyub-saxlamağı düşünür.
Üçüncüsü, yəqin ki, Vaşinqton Yanukoviçin Qara Dəniz Donanmasının 2042-ci ilədək Krımda qalmasına dair razılaşmanı imzalamasına ona bağışlaya bilmir.
Nəhayət, dördüncüsü, Ağ evin V.Yanukoviçdən həm Qərb, həm də Şərq "cəbhə"sindən dividend qazanmaq üçün ikili oyun oynamaqda şübhələnməsi də istisna deyil.
Əsas problem isə özləri özlərini küncə sıxmış bütün maraqlı tərəfləri bu qarışıq vəziyyətdən hansı yolla çıxacağı, bir də bu oyunda hüquqi aspektlərin nə dərəcədə yüksək qiymətləndiriləcəyidir.
MƏSLƏHƏT GÖR: