
REGİONAL TƏSİRİ AZALTMAQ CƏHDİ
Ankaranın başını daxili problemlərə qatmaq istəyən kimlərdir: PKK, yoxsa üçüncü qüvvələr?
Müəllif: Ramin ABDULLAYEV Bakı
Türkiyənin Suriya və İsraillə münasibətlərinin pisləşməsi fonunda, həmçinin, Türkiyə Konstitusiyasının yeni variantı üzərində işlərin başlandığı bir vaxtda terrorçu təşkilat kimi tanınmış Kürd Fəhlə Partiyası (PKK) kəskin şəkildə fəallaşıb.
Türkiyənin Əsas Qanununun yeni variantında kürdpərəst Sülh və Demokratiya Partiyasının dəstəklədiyi fikirlərin də yer alması separatçılığın təbliğat imkanlarını heçə endirir. Bu üzdən terrorçular yeni Konstitusiyanın qəbulunu əngəlləmək üçün əllərindən gələni edirlər. Çünki yeni variant qəbul ediləcəyi təqdirdə, etnik azlıqların, həmçinin, kürdlərin mədəni hüquqları rəsmən geniş şəkildə tanınacaq.
Beləliklə, son zamanlar fəallaşan PKK ardarda qanlı terror aktları törətdi. İraqla sərhəddə yerləşən Həkəri əyalətində 26 türk əsgərinin öldürülməsi isə daha böyük rezonansa səbəb olub. Əlbəttə ki, bu aksiyalarda məqsəd Türkiyənin cənub-qərbində milli zəmində yeni münaqişə yaratmaq, Türkiyə Ordusunu İraqın şimalında uzunmüddətli hərbi əməliyyatlara təhrik etmək idi. Çünki bu halda İraq kürdlərinin lideri Ankaranın PKK ilə mübarizəsinə yanaşmasını dəyişə bilər.
1984-cü il avqustun 15-də bir neçə tələbənin atəş açması ilə terror fəaliyyətinə başlamış PKK-nın bütün bu illərdə kənardan dəstək aldığına heç bir şübhə yoxdur. Son qanlı hadisələr diqqəti yenidən bu faktora cəlb edib. Çünki son aksiya PKK-nın formalaşmasından bəri həyata keçirdiyi ən mükəmməl planlaşdırılmış terror hücumlarından idi: 250 yaraqlı 8 müxtəlif yerdə eyni vaxtda fəaliyyətə keçib.
Terrorçular peşəkar təlimatçıların dəstəyi olmadan belə düşünülmüş əməliyat təşkil edə bilməzdi. İlk dəfə olaraq türklərin blokpostlarına hücumlarda muzdlulardan istifadə edildiyi də istisna deyil. Üstəlik, yüzlərlə terrorçunun saatlarla Türkiyə hərbçiləri ilə döyüşməsi, sonda sakitcə Şimali İraqda gizlənməsi qətiyyən inandırıcı deyil. Bir variant qalır: terrorçuların bir hissəsi yerli əhali arasında "buxarlanıb", digər hissə isə İraqa vertolyotlarla aparılıb.
Hücumun Türkiyə Prezidenti Abdullah Gülün ölkənin sərhədyanı ərazisinə baş çəkməsindən dərhal sonra baş verməsi də diqqətdən yayınmayıb. Prezident Baş Qərargah rəisi Nejdet Özel ilə məhz həmin Çukurca vilayətində olub. Bu üzdən də terrorçuların hücumu daha böyük rezonans doğurub.
Baş verənlərlə bağlı ilk açıqlama da elə A.Güldən gəlib. O, prezidentliyi dönəmində ən sərt bəyanatını səsləndirib: "Bu hücumlarla dövlətimizi geri çəkilməyə məcbur edəcəklərini düşünənlər qisasımızın nə qədər sərt olacağını görəcək. Onlar layiqli cavablarını alacaqlar. Bu problemi həll etmək üçün əlimizdən gələn hər şeyi edəcəyik. Terrorçulara kömək edənlər də əməllərinə görə cavablarını alacaqlar".
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan isə öz növbəsində Qazaxıstana səfərini təxirə salıb və güc strukturları rəhbərlərinin iştirakı ilə fövqəladə toplantı keçirib.
Bütün bunların nəticəsi olaraq, Türkiyə ictimaiyyətində gərginlik artıb. Həkəridəki hücumdan dərhal sonra səsləndirilməyə başlanan "Qana qan!" şüarı və etnik kürdlərin ölkədən çıxarılmasına çağırışların qarşısı alınsa da, ictimaiyyəti sakitləşdirəcək, millətçilərin hiddətini bir qədər "söndürmək" üçün təcili tədbirlər görülməli idi. Nəticədə, hökumət Şimali İraqda genişmiqyaslı əməliyyatlara qərar verdi və oraya 10 min əsgərdən ibarət 22 batalyon yeridildi.
Məlumdur ki, İstanbulun kürdlər yaşayan bir sıra rayonları uzun illərdir "PKK-ya dəstək mərkəzi" sayılır. Terrorçular Həkəridəki qanlı aksiyadan dərhal sonra, türk millətçilərinin iğtişaşlar törədəcəyini düşünüblər. Yəni, PKK-nın taktikanı dəyişdiyi ortadadır. İndi etnik kürdlərdən gözlədikləri dəstəyi almayan terrorçular türk millətçilərinin əsəbi ilə oynamağa, ölkədə vətəndaş müharibəsinə nail olmağa çalışır.
Türkiyə xüsusi xidmət orqanlarının KİV-ə sızmış hesabatlarının birində bildirilir ki, Türkiyədə vətəndaş qarşıdurmasına nail olmağın ssenarisi çoxdan hazırdır. PKK-nın planına görə, İstanbul, Ankara, Aydın, Manisa, İzmir, Bursa və Antalyada kürdldərə qarşı antitəbliğat aparılacaq. Nəticədə, vaxtilə Tür-kiyənin nəhəng şəhərlərinə köçmüş etnik kürdlər psixoloji təzyiqdən bezərək, vaxtilə tərk etdikləri kəndlərə dönəcəklər.
Məlumata görə, eyni vaxtda Türkiyənin böyük şəhərlərində terror aktlarının törədilməsi də nəzərdə tutulub. Kəşfiyyat orqanlarının son 6 ayda Türkiyənin qərbinə 6 tonadək plastik partlayıcının göndərildiyinə dair məlumatları da deyilənləri təsdiqləyir. Bu öldürücü yükün yalnız ondabir hissəsi ələ keçib. Son məlumatlara görə, PKK silahlılarının sayı da 6 min nəfərədək artırılıb və təxminən, eyni sayda silah terrorçulara simpatiyası olan şəxslərə paylanılıb.
Mətbuat nə qədər Şimali İraqdakı Kandil dağını terrorçuların əsas məskəni adlandırsa da, son 2 ildə onların Türkiyə ərazisinə fəal şəkildə yiyələnməkdə olmaları reallıqdır. Məhz bunun nəticəsində Tunceli regionu "yeni Kandil"ə çevrilib. İndi PKK-nın yeni rəmzi Şirnak və Həkəri əyalətlərinin sərhədində yerləşən Kato dağıdır.
Aktual olan sual: terrorçulara təlimi kimlər keçir PKK sıralarında elə Türkiyə Ordusunda təlim keçmiş şəxslər var. Onların bəziləri isə bu gün də müəyyən postlar tutur və bu, terrorçuların işini asanlaşdırır. Bundan başqa, yerli əhali arasında PKK-nı dəstəkləyənlər də az deyil.
Bilavasitə Həkəridəki son hücuma gəlincə, orada PKK yaraqlılarının ən müasir silahlardan yararlandıqları, dəqiq işlənmiş taktikadan istifadə etdikləri şübhəsizdir. Türkiyə KİV-in ilk ehtimalı ondan ibarətdir ki, terrorçular Amerikanın qalmaqallı özəl mühafizə şirkəti olan "Blackwater" təlimatçılarından dəstək alıblar. Qeyd edək ki, ciddi beynəlxalq tənqidlərə baxmayaraq, bu qrup İraqda qalır və şimalda kürdlərə təlim keçir. Bu gün İraqda "Blackwater"dən olan 15 min muzdlunun mövcudluğu hər kəsə məlumdur. Onlar kürdlərin hərbi birləşmələri olan "peşmerqe"nin peşəkarlıq səviyyəsinin yüksəldilməsinə kömək edir.
Bundan başqa, Türkiyə mətbuatının yazdığına görə, PKK-nın İsrail istehsalı olan, ən azı, 4 "HERON" pilotsuz uçuş aparatı var və onlardan Kandil üzərindəki uçuşlarda istifadə olunur. Bu aparatlar düşmənin analoji aparatından verilən siqnalları tutmaq iqtidarındadır. Yəni Türkiyə Ordusunun pilotsuz təyyarələrinin verdiyi informasiyalar "yolda" itib və bu, PKK üzvlərinə manevr imkanları yaradıb.
Bu gün rəsmi Ankaranın dünya ictimaiyyətinin, xüsusilə qonşu dövlətlərin dəstəyinə həmişəkindən daha çox ehtiyacı var. Dəfələrlə Türkiyənin PKK-nın zərərsizləşdirilməsi üçün atdığı addımları dəstəklədiyini bildirən Azərbaycanın mövqeyi bəllidir və bu mövqe hər zaman ən yüksək səviyyədə ortaya qoyulur. Bu mövqe Azərbaycan Prezidenti İlham Əliyevin Həkəridəki əsgər ölümü ilə bağlı qarşı tərəfə ünvanladığı başsağlığı məktubunda, həmçinin, oktyabrın 25-də İzmirdə Türkiyənin Baş naziri ilə birgə keçirdiyi mətbuat konfransında da bir daha ortaya qoyuldu: "Azərbaycan terror və terrorçularla mübarizədə hər zaman Türkiyənin yanındadır. Biz Türkiyənin bütün fəaliyyətini dəstəkləyir və müdafiə edirik".
Tehran da mövqeyini açıq şəkildə bəyan edib, Türkiyənin istənilən antiterror fəaliyyətini dəstəkləməyə hazır olduğunu bildirib. Həkəridə baş verən hadisədən dərhal sonra, İranın xarici işlər naziri Əli Əkbər Salehinin planlaşdırılmamış səfərlə Türkiyəyə baş çəkməsi də təsadüf deyil. Kürd yaraqlılarını "ümumi problem" adlandıran Salehi birgə səylərlə "terror təhlükəsinin tam məhv ediləcəyinə" söz verib.
Həqiqətən də, Türkiyə Ordusu İraqın şimalında dəfələrlə trans-sərhəd əməliyyatları keçirib. Bundan əvvəl o, İraq ərazisinə 2008-ci ildə daxil olmuş, o zaman 240 kürd yaraqlısı məhv edilmişdi. 1997-ci ilin may və iyulunda keçirilən əməliyyatlarda isə PKK-ya daha ciddi zərbə vurulmuşdu: o zaman 2 370 yaraqlı məhv edilmişdi.
Amma Türkiyə Ordusunun da itkisi az olmayıb - 114 nəfər. Və məlum olub ki, yalnız hərbi əməliyyatla PKK təhlükəsini aradan qaldırmaq mümkün deyil. Türkiyə HHQ-nin avqust-sentyabr aylarında Şimali İraqa endirdiyi və 300-dən artıq yaraqlının məhvinə səbəb olmuş zərbələr də kömək etməyib.
Bunu nəzərə alan rəsmi Ankara PKK ilə dialoqa da cəhd edib. KİV-ə sızmış və sonradan rəsmən təsdiqlənmiş məlumatlara görə, Türkiyə Milli Kəşfiyyat İdarəsinin vəzifəliləri 2006-cı ildən etibarən terrorçuların liderləri ilə mütəmadi əlaqələrə girib. Amma R.T.Ərdoğanın mövqeləri o zaman elə də güclü olmadığından, hökumət Baş Qərargahın dəstəyini almadan bu işə təkbaşına gedə bilməyib. Hakimiyyət terrorçularla danışıqların aparıldığına dair məlumatın ictimaiyyətə sızacağı təqdirdə, bunun hökumətin reytinqinə ciddi zərbə olacağını anlayırdı. Üstəlik, həmin vaxt Türkiyə Konstitusiya Məhkəməsi hakim Ədalət və İnkişaf Partiyasının fəaliyyətini tam qadağan etmək məsələsinə baxırdı. İstənilən halda, Baş Qərargahın dəstəyi olsa da-olmasa da, terrorçularla danışıqlar dalana dirəndi, hökumətin imicinə isə zərbə dəydi.
Hər halda, İraqla sərhəddəki son qanlı hadisələr Türkiyədəki hadisələrin inkişaf dinamikasını çətin ki dəyişsin. Bunu həm Türkiyənin rəhbər şəxslərinin sərt bəyanatları, həm də baş verənlərə Türkiyə ictimaiyyətinin reaksiyası göstərir. Terrorçuların və ya üçüncü qüvvələrin nail ola biləcəyi yeganə şey Ankaraya beynəlxalq təzyiqin bir qədər artırılması və onun regiondakı mövqelərinin möhkəmlənməsinin əngəllənməsi ola bilər. Yəni, PKK Türkiyə hökumətinin başını daxili problemlərə qatmaq üçün əlindən gələni edir.
MƏSLƏHƏT GÖR: