15 Mart 2025

Şənbə, 01:22

BİR SƏFƏRİN İKİ MƏQSƏDİ

Azərbaycan türk dünyası ilə münasibətləri həm ikitərəfli, həm də çoxtərəfli formatda genişləndirir

Müəllif:

01.11.2011

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstanda rəsmi səfərdə olub. Səfər ok-tyabrın 19-21-də - Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sammiti ərəfəində baş tutub. Bu, səfərin əhəmiyyətini daha da artırırırdı: sammitdə iştirak və Qazaxıstanla ikitərəfli əlaqələrin inkişafı.

Azərbaycan və Qazaxıstan prezidentləri İlham Əliyevlə Nursultan Nazarbayev arasında nümayəndə heyətlərinin iştirakı ilə keçirilən geniştərkibli danışıqlar vacib sənədlərin imzalanması ilə bitib. İmzalanmadan sonra dövlət başçıları mətbuat üçün birgə bəyanatla çıxış ediblər.

Tərəflər həm ikitərəfli, həm də beynəlxalq qurumlar çərçivəsində bütün sahələrdə əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd ediblər. Qazaxıstan prezidentinin sözlərinə görə, hər iki ölkə MDB məkanında inteqrasiyaya, həmçinin, Avropa İttifaqı ilə əməkdaşlığın inkişafına tərəfdardır.

İ. Əliyev öz növbəsində Qazaxıstan rəhbərliyinə Ermənistanla münaqişənin həlli prosesində Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsinə görə minnətdarlığını bildirib.

İki ölkənin iqtisadi sahədəki prioritetləri enerji, nəqliyyat, kənd təsərrüfatı məhsulları ilə təchizat və s. sahədə əməkdaşlıqdır. Qazaxıstan Prezidenti bildirib ki, "Enerji, neftdaşımaları məsələlərində əməkdaşlıq, Qazaxıstanın Qara dəniz və Avropaya çıxışının təmini baxımından Xəzərin nəqliyyat arteriyası kimi istifadəsi  münasibətlərimizin vacib məqamlarıdır".

Nəqliyyat yolları məsələsinə toxunan İlham Əliyev tezliklə Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinin başa çatdırılacağını xatırladıb. O, bu dəmir yolunun 2013-cü ildə istismara veriləcəyini deyib.

"Əslində bu, yeni ipək dəmir yolunun yaradılması deməkdir. Azərbaycanı Gürcüstan vasitəsilə Türkiyə və Avropa ilə, Avropanı Azərbaycan, Qazaxıstan, digər Orta Asiya ölkələri, Çin ilə birləşdirən bir yoldur. Mən əminəm ki, bu həm vaxt, həm də iqtisadi göstəricilər baxımından ən əlverişli nəqliyyat yolu olacaq. Əminəm ki, bu yol istismara veriləndən sonra on milyon tonlarla ölçələn yüklər bizim ərazimizdən keçəcək və ölkələrimiz, eyni zamanda, təkcə Azərbaycan deyil, bütün dövlətlər tranzit ölkələr kimi bu nəqliyyat dəhlizinin fəaliyyətinə öz töhfəsini vermiş olacaqlar. Bu, konkret real layihələrdir. Bu layihələr həm iqtisadi cəhətdən səmərəlidir, həm də kommersiya baxımından əlverişlidir. Eyni zamanda, bu layihələr birliyimizi daha da gücləndirir", - deyə İ.Əliyev bildirib.

Azərbaycanın kənd təsərrüfatı məhsullarının Qazaxıstanın qərb regionlarına ixracı haqda da razılıq əldə edilib.

Qeyd edək ki, Qazaxıstanla Azərbaycan həm siyasi, həm də iqtsiadi və humanitar planda bir-birlərinə lazımlı ölkələrdir. İki ölkə arasındakı münasibətlərin vacibliyi bu gün Qazaxıstanın Mərkəzi Asiya regionunun lideri, Azərabycanın isə Xəzərin qərb sahillərində eyni mövqeyə malik olmasındadır. Astananın iştirakı olmadan Avrasiyada heç bir layihənin reallaşdırılması mümkün deyilsə, Bakısız başlanğıcını Cənubi Qafqazdan götürən və ya buradan keçən transmilli enerji və nəqliyyat layihələrini hə-yata keçirmək də mümkünsüzdür.

Azərbaycanla Qazaxıstan BMT, Avropa Şurası və digər nüfuzlu beynəlxalq qurumlar çərçivəsində də məhsuldar əməkdaşlıq edir və bir-birini dəstəkləyirlər. Bu aydan etibarən, Bakı BMT Təhlükəsizlik Şurasınan daimi üzvlüuyünə də seçilib. Qazaxıstan isə bu statusu hələ 2016-cı ildə əldə etməyə ümidlidir.

İki ölkə arasında məhsuldar əməkdaşlığa səbəb olan daha bir vacib faktor onların Türk Dünyasına malik olmalarıdır. Oktyabrın 21-də Almatıda Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin sədrliyi ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının I Sammiti keçirilib.

Yeni beynəlxalq təşkilatın ilk forumu olaraq, Qazaxıstan, Azərbaycan və Qırğızıstan prezidentlərinin iştirak etdiyi sammitin əsas mövzusu Şura üzvləri arasında iqtisadi əməkdaşlığın regional inteqrasiyanın əsas qüvvəsi sayılan iqtisadi əməkdaşlığın aspektləri olub. Toplantıda Türkiyə Baş nazirinin müavini Bəkir Bozdağ da iştirak edib.

Sammitin sonunda Almatı Bəyannaməsi imzalanıb. Yekun sənəddə Şura üzvləri arasında iqtisadi, siyasi və mədəni əlaqələrin gələcək inkişaf istiqamətlərinin əsas istiqamətləri razılaşdırılıb. Eyni zamanda, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının prosedur qaydaları da qəbul edilib.

Məlum olduğu kimi, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının əsası tamhüquqlu beynəlxalq qurum olaraq, hələ 2009-cu ilin oktyabrında Naxçıvan razılaşması əsasında qoyulub. Həmin toplantıda Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə iştirak etmişdi.

Prezident Nazarbayev bildirmişdi ki, şuranın üzvü olan bütün ölkələr təşkilatın tamhüquqlu beynəlxalq quruma çevrilməsində maraqlıdır. O, Özbəkistan və Türkmənistanı da bu prosesə qoşulmağa çağırmışdı.

Bununla əlaqədar olaraq, Şura katibliyi bu ölkələrlə müvafiq razılaşmanın imzalanması üçün lazımi işləri görməlidir.

2010-cu ildə İstanbulda yaradılmış Katiblik artıq fəaliyyətdədir; qurumun effektiv fəaliyyəti üçün hüquqi əsas olan lazımi sənədlər qəbul edilib.

İştirakçı ölkələr arasında əməkdaşlığın inkişafı baxımından böyük məsuliyyət həm də Türkdilli Dövlətlərin Parlament Assambleyası və Ağsaqqallar Şurasının üzərinə düşür.

Qazaxıstan Prezidenti türkdilli dövlətlərin mənəvi baxımdan yaxınlaşmasına hesablanmış konkret təkliflərlə də çıxış edib. Təkliflər sırasında əl-Farabi, Yusif Balasaqun, Mahmud Kaşqari, Əhməd Yasəvi irsinin birgə təbliğatı, həmçinin 2012-ci ildə "Türk Dünyası bu gün: real vəziyyət və inkişaf pers-pektivləri" beynəlxalq simpoziumunun keçirilməsi də var.

Astananın 2012-ci ildə Türk Dünyasının mədəni paytaxtı elan edilməsilə əlaqədar olaraq, bir sıra mədəniyyət tədbirləri və festivallarının keçirilməsi də nəzərdə tutulub.

N. Nazarbayev Azərbaycan Prezidentinin Bakıda Türkdilli Dövlətlərin Mədəniyyət Fondunun yaradılması təşəbbüsünü də dəstəkləyib. Bu, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının üzvləri arasında mədəni-humanitar əlaqələrin inkişafına yeni impuls verəcək. 

Türkdilli dövlətlərin iqtisadi əməkdaşlığının Astana sammitində əsas mövzu olması təsadüf deyil. Mənəvi yaxınlıq və təbii resursların zənginliyi, nəqliyyat və enerji potensialı qarşılıqlı səmərəli iqtisadi əməkdaşlığın möhkəmlənməsi üçün əlverişli şərait yaradır.

Bu baxımdan sammitdə çoxtərəfli ticari-iqtisadi və investisiya münasibətlərinin inkişaf perspektivləri təfsilatı ilə müzakirə edilib, təşkilata üzv ölkələrin tranzit potensialından geniş istifadə üçün gələcək istiqamətlər müəyyənləşdirilib.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının rəhbərliyinin qərarı ilə əsas məqsəd birgə səylərlə iqtisadiyyatların inteqrasiyasının stimullaşdırılmasıdır. Bunun üçün Türk Dünyası ölkələrinin kifayət qədər təbii sərvəti, münbit torpağı, su və enerji resursları var.

Sammitdə qlobal iqtisadi böhrana qarşı birgə mexanizmin yaradılmasının vacibliyi də vurğulanıb. Guman olunur ki, türkdilli dövlətlərin iqtisadiyyat nazirləri arasında bu yaxınlarda baş tutmuş görüş uğurun əsası olmalıdır. Türkdilli Dövlətlərin İşgüzar Şurası  ticari-iqtisadi münasibətlərin inkişafına stimul olacaq. Bu baxımdan effektiv qarşılıqlı ticarətə əngəl olan maneələrin arada qaldırılması məsələsinin müzakirəsi vacibdir.

Sammitdə vurğulanıb ki, təşkilata üzv ölkələr arasında ticarət dövriyyəsi onların imkanlarına və maraqlarına uyğun deyil. Məsələn, son 8 ildə təşkilat üzvlərinin Qazaxıstana yatırdığı investisiyanın həcmi 1,7 milyard dollar, Qazaxıstanın bu ölkələrə qoyduğu investisiyanın həcmi isə təxminən, 1 milyard dollar olub. Toplantı iştirakçıları hesab edir ki, bu məbləği xeyli artırmaq üçün böyük potensial var. Bundan başqa, türkdilli dövlətlərin geostrateji mövqeyindən də tam istifadə edilməlidir. Bu, yükdaşımaları və tranzit məsələlərinin effektiv həllinə kömək edəcək. Azərbaycan və Qazaxıstan prezidentləri nəqliyyat sistemi, logistika və digər sahələrdə inkişafa nail olunması üçün konkret təkliflər irəli sürüblər. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Katibliyinə kömək məqsədilə nazirlik və idarələrə müvafiq tapşırıqlar veriləcək. Sammitin yekun bəyannaməsində bildirilir ki, "türkdilli dövlətlərin hərtərəfli əlaqələri, həmrəyliyi Avrasiya regionunda regional və beynəlxalq əməkdaşlığı gücləndirir; iqtisadi əməkdaşlığı regional inteqrasiyanın əsas hərəkətverici qüvvəsinə çevirir, BMT Nizamnaməsi, ATƏT-in sənədləri və ilk növbədə Helsinki Yekun Aktının hədəf və prinsiplərinə sadiqliyi əks etdirir".

Görüş iştirakçıları Türk Elmi Tədqiqatlar Fondunun yaradılması haqda da razılığa gəliblər. İqtisadi sahədə isə investisiya mühitinin yaxşılaşdırılmasının vacibliyi vurğulanıb. Bununla əlaqədar olaraq, bəyannaməni imzalayan tərəflər ticarət və investisiya imkanlarının yaxşılaşdırılması məqsədilə, xüsusilə biznesmenlərə viza və icazələrin verilməsi istiqamətində işlərin genişləndirilməsini vacib adlandırıblar.

İqtisadi sahə ilə yanaşı, siyasi və humanitar əməkdaşlıq məsələləri də müzakirə olunub. Tərəflər terrorçuluq, ekstremizm, separatçılıq, insan alveri, qeyri-leqal miqrasiya, narkotik maddələrin qeyri-qanuni dövriyyəsi və sairlə mübarizədə birgə fəaliyyətə hazır olduqlarını vurğulayıblar. Türkiyədə baş vermiş son terror aktlarının fonunda bu sahələrdə əməkdaşlıq xüsusilə aktuallıq qazanır.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının "Elm, təhsil və mədəniyyət sahəsində əməkdaşlıq" mövzusunda təşkil olunacaq ikinci sammiti gələn il Qırğızıstan paytaxtı Bişkekdə keçiriləcək.



MƏSLƏHƏT GÖR:

552