15 Mart 2025

Şənbə, 02:36

AZƏRBAYCAN BMT TƏHLÜKƏSİZLİK ŞURASINDA

İndi diplomatik uğuru ağıllı tədbirlərlə daha da möhkəmləndirmək lazımdır

Müəllif:

01.11.2011

Oktyabrın son həftəsində Azərbaycanın 20 illik müstəqillik tarixinin ən böyük diplomatik uğuru elan olundu - ölkə 2012-13-cü illər üçün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi. Bu fakta Azərbaycan xalqının reaksiyasını, yəqin ki, hamıdan yaxşı Prezident İlham Əliyev ifadə edib. O, məsələyə dair xüsusi bəyanatında deyib: "Azərbaycanın həyatında çox əlamətdar və tarixi hadisə baş verib. BMT Təhlükəsizlik Şurasına seçkilərdə Azərbaycan bu mötəbər təşkilatın üzvü seçilib. Bu böyük qələbə münasibətilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bu, həqiqətən də böyük qülübüdir. BMT Təhlükəsizlik Şurası dünyanın ən mötəbər qurumudur və Azərbaycan müstəqil dövlət kimi artıq bu qurumun üzvüdür".

BMT-də bir neçə gün davam edən gərgin səsvermə prosesinin xronologiyası bəllidir. KİV onu kifayət qədər geniş işıqlandırıb. Qısa olaraq xatırladaq ki, sondan əvvəlki səsvermə zamanı Azərbaycan 116, Sloveniya isə 77 səs qazanıb. Bu, Avropa İttifaqının aparıcı fövqəldövlətlərinin, xüsusilə Fransanın "pərdəarxası"nda bu Balkan ölkəsinə göstərdiyi dəstəyin nəticə vermədiyini nümayiş etdirib. Hər səsvermədə Sloveniyanın qazandığı səslər nəinki artmayıb, əksinə, azalıb. Son səsvermədən əvvəl Sloveniyanın xarici işlər naziri Samuel Zboqarın ölkəsinin namizədliyini geri götürdüyünü açıqlaması da təsadüf deyil. Bundan sonrası məlumdur. 115 ölkə Azərbaycanın lehinə səs verib, 24-ü bitərəf qalıb. 13 ölkə isə yenə də namizədliyini geri götürmüş Sloveniyaya səs verib. BMT-də keçirilən səsvermənin Azərbaycan üçün sevindirici olan nəticəsi budur. O, yalnız nəticəsi ilə yox, həm də qızğın mübarizə şəraitində keçməsi ilə gözlənilməz olub. BMT-nin köhnə üzvlərinin gözlədiyi ssenari artıq ilk səsvermədəcə pozulub - Azərbaycan favorit sayılan Macarıstan və Sloveniyadan daha çox səs toplayıb. Qərb və Rusiya analitiklərinin Azərbaycanın 25%-dən çox səs yığa bilməyəcəyinə dair proqnozlarının əksinə olaraq, ölkəmiz bundan, təxminən, 2 dəfə çox səs qazanıb. Nəticədə, Macarıstan ilk turdan sonra yarışdan kənarda qalıb, mübarizə Azərbaycanla Sloveniya arasında davam edib. Ola bilsin, səsvermə nəticəsində Azərbaycanın uğurlu fəaliyyəti ilə yanaşı, Macarıstan və Sloveniyanın, həmçinin, onları dəstəkləyən Avropa İttifaqının taktiki səhvləri də təsirini göstərib. Səsvermənin gedişi göstərib ki, bu ölkələrin namizədliyinin irəli sürülməsi özü-özlüyündə yanlış olub. Macarıstanda hökumətə millətçilər rəhbərlik edir və onların nəinki qonşu Rumıniya və Slovakiya, həmçinin, Avropa İttifaqının bürokratları ilə də münasibətləri pisdir. 

Üstəlik, bu dövlət onsuz da lazımi səsi qazanacağını düşünərək, dəstək almaq istiqamətində fəaliyyətini də zəif qurub.

Sloveniyaya gəlincə, onun da öz mənfilikləri var. Müstəqillik stajı Azərbaycanınkından çox olmayan Sloveniya 1998-99-cu illərdə BMT TŞ-nin üzvü olub. Nəzərə alsaq ki, daha bir keçmiş Yuqoslaviya ölkəsi olmuş Bosniya-Herseqovina da 2010-2011-ci illərdə qurumda yenə də keçmiş Yuqoslaviya dövləti olan Xorvatiyanı (2008-09) əvəzləyib, onda belə çıxır ki, onlar BMT TŞ-də Şərqi Avropa ölkələri qrupunun yerini monopoliyaya alıb.

Macarıstan və Sloveniyanın tərəfdarları, şübhəsiz ki, Azərbaycanın artan nüfuzunu, Azərbaycan rəhbərliyi və diplomatiyasının bu istiqamətdə gördüyü böyük təşkilatçılığı və siyasi işləri  nəzərə almayıb. Onlar düşünürdülər ki, Azərbaycan yalnız namizəd olmaqla kifayətlənəcək, quruma üzv seçilməyə belə israrlı cəhdlər göstərməyəcək və məsələ Qərb üçün qəbuledilən olan Macarıstan və Sloveniya arasında həll olunacaq. Səsvermənin nəticələri onların yanıldığını göstərdi.

Azərbaycanı yalnız İKT-yə daxil olan müsəlman dövlətləri deyil, MDB üzvləri (Ermənistan istisna olmaqla), həmçinin, Bloklara Qoşulmayan Ölkələr Hərəkatının bir çox üzvləri də dəstəkləyib. Şübhəsiz, burada BMT-dəki kiçik ölkələrin daimi nümayəndələrinin Azərbaycana tanışlıq səfərləri, həm BMT-də, həm də diplomatik nümayəndəliklərimizin olduğu digər dövlətlərdəki diplomatlarımızın konstruktiv və məqsədyönlü fəaliyyəti də öz müsbət rolunu oynayıb.

Sloveniya üçün isə daha bir mənfi məqam əvvəlcə üstünlük kimi qəbul edilmiş Avropa İttifaqına üzvlüyü olub. BMT TŞ-də artıq 4 belə dövlət var. Daimi üzvlər olan Fransa və Böyük Britaniya ilə yanaşı, Almaniya və Portuqaliya da qurumda təmsil olunur. Orada həm də NATO üzvü olan 5-ci Aİ üzvünün yer alması, çətin ki, Rusiya və Çinin maraqlarına cavab verərdi. Hər halda, bu iki nüfuzlu fövqəldövlət də səsvermədə Azərbaycanı dəstəkləyib və bu, mövqeyini dəqiqləşdirməkdə çətinlik çəkən bir sıra ölkələrin seçiminə öz təsirini göstərməyə bilməzdi.

Azərbaycanın uğurunun əhəmiyyətini qiymətləndirmək üçün bircə onu vurğulamaq kifayətdir ki, yalnız 20 il əvvəl müstəqillik qazanmış 15 keçmiş sovet respublikasından bircə Ukrayna BMT TŞ-yə üzv ola bilib (2000-01). TŞ-də SSRİ-nin varisi qismində daimi üzv olan Rusiya istisnadır. Hətta qardaş Türkiyə BMT TŞ-nin qeyri-daimi üzvü olmaq üçün 50 il gözləyib və buna yalnız 2 il əvvəl nail olub.

BMT TŞ-nin qeyri-daimi üzvlüyünə Şərqi Avropa ölkələri qrupunda Ermənistan da irəli sürülmşdü. Lakin minimum səs toplaya bilməyəcəyini anlayan ermənilər sakitcə ərizələrini geri götürərək, Azərbaycana mane olmaq işinə girişdilər. Ermənistan prezident Serj Sarqsyan və xarici işlər naziri Edvard Nalbandyan kluarlarda Azərbaycanın yolunu əngəlləmək üçün əllərindən gələni etdilər. Əlbəttə ki, buna onların gücü çatmadı. Ermənilərin himayədarı olan fövqəldövlətlərin isə başları özlərinə qarışıb. İndi Yerevan məyus, bəlkə də şokdadır. Amma özünü sanki heç nə olmamış kimi aparmağa çalışır.

Riçard Kirakosyan, Karen Bekaryan kimi daim hökumətin siyasətini dəstəkləyən analitiklər Azərbaycanın uğurunun əhəmiyyətini azaltmaq üçün əllərindən gələni edirlər. Onlar ictimaiyyətlərini inandırmağa çalışırlar ki, Bakı BMT TŞ-yə üzv olmaqla, Dağlıq Qarabağ münaqişəsinin həllində heç nəyi öz xeyrinə dəyişə bilməyəcək.

Müxalifət siyasətçiləri və ekspertlər isə Ermənistan diplomatiyasının iflasını açıq şəkildə dilə gətirir. Sabiq xarici işlər naziri Vaan Papazyan baş verənləri belə şərh edib: "Azərbaycanın Təhlükəsizlik Şurasına üzv seçilməsində hansısa geosiyasi maraqlar axtarmaq lazım deyil. Sadəcə, arxasında ciddi maliyyə dəstəyi olan Azərbaycan diplomatiyasının fəal işlədiyini, ermənilərinsə işləmədiyini etiraf etmək lazımdır".

Ermənistanın daha bir sabiq XİN başçısı Aleksandr Arzumanyan da təxminən eyni mövqedən çıxış edib.

Azərbaycanın dostlarına gəlincə, onlar Bakının uğuruna səmimi-qəlbdən sevinirlər. Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyev ilə görüşdə deyib: "2 il əvvəl Türkiyə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü idi. İndi bu quruma qardaş Azərbaycan üzv seçilib. Qardaş ölkənin bu uğuru ilə əlaqədar sevincimin həddi-hüdudu yoxdur. Azərbaycanla Türkiyə ayrılmaz qardaş və dost ölkələrdir. Biz Azərbaycanla əl-ələ, çiyin-çiynə regionumuzda sülh və çiçəklənmə uğrunda çalışacağıq".

Azərbaycanın BMT TŞ-yə qeyri-daimi üzv seçilməsini Rusiya XİN rəsmiləri, ABŞ Dövlət Departamentinin nümayəndələri və digər dövlətlərin təmsilçiləri də müsbət qiymətləndirib.

Beləliklə, seçkiqabağı çəkişmələr arxada qalıb. Cümə günü keçirilən səsvermə nəticəsində quruma üzv seçilən Azərbaycan, Pakistan, Mərakeş, Toqo və Qvatemala gələn ilin yanvarından orada Livan, Nigeriya, Qabon, Bosniya və Braziliyanı əvəzləyəcək.

Azərbaycanın BMT TŞ-yə üzv seçilməsi gənc dövlətin beynəlxalq nüfuzunun artması və qəbul edilməsinin göstəricisidir. 

Bəs bu uğurdan daha nələri gözləmək olar?

Tənqidçilər BMT-nin dünya siyasətindəki rolunun azalması haqda nə qədər danışsalar da, bu hələ də sülh, təhlükəsizlik və beynəlxalq əməkdaşlıq məsələlərində istisna səlahiyyətlərə malik yeganə nüfuzlu və universal qurumdur. BMT-də Təhlükəsizlik Şurasının xüsusi yeri və əhəmiyyəti var. BMT-nin digər orqanları hökumətlərə tövsiyələr verirsə, yalnız TŞ üzv dövlətlərin Nizamnaməyə əsasən, mütləq əməl etməli olduqları qərarlar vermək səlahiyyətindədir.

TŞ-yə rəhbərliyi onun üzvləri əlifba sırası ilə həyata keçirir. BMT  TŞ sədrinin vacib funksiyası onun qurumun baş katibi ilə birlikdə iclasın gündəliyini hazırlaması, iclasın çağırılması və bağlanışını müəyyənləşdirməsi, qətnamələrin hazırlanacağı layihələri razılaşdırmasıdır. Bir ölkə TŞ-yə sədrliyi 1 ay ərzində həyata keçirir. Qurumun hər üzvü 1 səsə malikdir. 15 üzvdən, ən azı, 9-nun dəstəyi hər hansı qərarın qəbulu üçün kifayətdir. Ciddi siyasi məsələlərə dair qərarın qəbulu üçün 9 səs, o cümlədən, 5 daimi üzvün səsi lazımdır.

TŞ-də ab-havanın 5 fövqəldövlət tərəfindən formalaşdırıldığı aydındır. Amma beynəlxalq siyasətin "bişirildiyi" mətbəxdə bilavasitə iştirak Azərbaycana böyük təcrübə qazandıracaq, öz maraqlarını irəli çəkməyin yollarını daha dərindən öyrədəcək. BMT TŞ-nin gündəliyindəki kəskin məsələlərdə mövqeyin düzgün seçilməsi ölkənin beynəlxalq nüfuzunu daha da artıracaq, Azərbaycanın problemlərinin, ilk növbədə, Dağlıq Qarabağ münaqişəsinin həllində rola malik nəhəng dövlətləri bizim müraciətlərimizə, maraqlarımıza daha diqqətlə yanaşmağa vadar edəcək.

1994-2001-ci illərdə Azərbaycanın BMT-dəki daimi nümayəndəsi olmuş Eldar Quliyev bu proseslərdən xəbərdar şəxs kimi, məsələyə belə münasibət bildirib: "BMT daxilində çox ciddi və çətin siyasət aparılır. Düzgün addım atmaqla gələcək 2 ildə ölkələrlə əməkdaşlıqdan ciddi dividendlər qazanmaq, bizə lazım olan anda onların dəstəyini almaq olar. Azərbaycanın dünyanın ciddi problemlərinin həllində iştirak edə-cəyini də unutmaq olmaz. BMT Təhlükəsizlik Şurasının iclaslarında, ilk növbədə, müharibə və sülh məsələlərinə baxılır, müxtəlif sanksiyalar, qərarların  tətbiqi və ləğvi nəzərdən keçirilir. Dünya siyasəti orada müəyyənləşir. Bunun bilavasitə iştirakçısı olmaq nüfuzlu və əla işdir".

İndi Azərbaycan diplomatiyasının uğurunu bizimçün və dostlarımız üçün vacib problemlərin həllinin irəli aparılmasına transformasiya etmək lazımdır. Bunun üçün bəlkə də BMT TŞ-yə seçilmək üçün göstərilmiş səylərdən daha çox işləmək lazım olacaq. Bu istiqamətdə işə başlanılıb. Oktyabrın 28-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan Diplomatiya Akademiyasının müəllim və tələbələri qarşısındakı çıxışında bildirib ki, XİN qarşıdakı 2 ildə BMT TŞ-dəki fəaliyyəti ilə bağlı hazırlıq prosesinə başlayıb. Qurumun gündəliyinə uyğun tədbirlər planlaşdırılır. Azərbaycan bu strukturdakı fəaliyyəti ilə bağlı prioritetlərini müəyyənləşdirib. Bakı üçün milli maraqlarının dəstəklənməsi ilə yanaşı, sülh və sabitliyin dəstəklənməsi, münaqişələrin həlli, qlobal istiləşmə ilə mübarizə, BMT-nin Minillik Proqramı çərçivəsində yoxsulluğun aradan qaldırılması, həmçinin, Azərbaycanın timsalında multikulturalizmin geniş təbliği də vacibdir.

Beynəlxalq həyatın çətin problemləri ilə mübarizədə ölçülüb-biçilmiş mövqe tutulması çox vacibdir.  Söhbət Yaxın Şərq münaqişəsi, Fələstinin tanınması, Kipr problemi, İranın nüvə proqramı, Əfqanıstandakı vəziyyət və sairdən gedir. Azərbaycanı TŞ-yə seçilməkdə dəstəkləmiş dövlətlərin, həmçinin, qurumun daimi üzvü statusuna malik fövqəldövlətlərin maraqları çox zaman üst-üstə düşmür, bəzən isə hətta  toqquşur. Azərbaycanın məsuliyyətli, əsaslı və prinsipial mövqeyi dostların məyus olmamasına, dövlətimizin beynəlxalq nüfuzunun daha da artmasına kömək edə bilər. Bu, Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyişə də kömək edəcək.

Ermənistan ərazi iddialarından əl çəkməsə, "DQR-in tanınması" kimi avantürist fəaliyyətini davam etdirməyə risk edərsə, yaxud hərbi təxribatlara əl atarsa, Azərbaycanın BMT TŞ-də təmsil olunması ona belə əməllərin qarşısını alacaq qətnamələrin gündəmə çıxarılması təşəbbüsü ilə çıxış etməsinə imkan verəcək. Azərbaycanın geosiyasi vəziyyəti, enerji resursları, iqtisadiyyatının gücü, valyuta-maliyyə ehtiyatları onsuz da aparıcı fövqəldövlətlərin diqqətini ona cəlb edir. BMT TŞ-yə üzvlük Azərbaycanın tərəfdaş kimi əhəmiyyətini daha da artıran faktordur.


MƏSLƏHƏT GÖR:

618