15 Mart 2025

Şənbə, 03:02

XXI ƏSRİN LAYİHƏSİ

Müəllif:

01.11.2011

Azərbaycanla Türkiyə, nəhayət, "Şahdəniz" qaz-kondensat yatağının işlənməsinin ikinci fazası çərçivəsində hasil olunan təbii qazın nəqli ilə bağlı bütün problemli məsələləri həll edib. Prezident İlham Əliyevin Türkiyəyə oktyabrın 25-də etdiyi səfər çərçivəsində İzmirdə qaz razılaşması imzalanıb. Orada Azərbaycan qazının Türkiyə üçün qiyməti, 2017-ci ildən bu yataqdan nəql olunacaq qazın həcmi, eləcə də, qazın Türkiyə ərazisindən tranziti ilə bağlı tranzit razılaşması əksini tapıb.

Bu, Azərbaycan qazının Türkiyə-Yunanıstan və Türkiyə-Bolqarıstan sərhədinədək nəqlini təmin edəcək bütün məqamları özündə əks etdirir. Bununla, faktik olaraq, Xəzər regionunu Avropa ilə birləşdirəcək, 2020-ci ilə Avropa İttifaqının qaza olan tələbatının 10-20%-ni ödəyəcək "Cənub qaz dəhlizi" layihəsinin reallaşdırılması üçün bütün şərait yaranıb.

Amma əsl sensasiya Türkiyə ilə tranzit probleminin həlli yox, razılaşmanın imzalanmasından cəmi bir neçə gün sonra Rövnəq Abdullayevin yerli telekanala müsahibəsində səsləndirdiyi heyrətləndirici bəyanatdır: Azərbaycanla Türkiyə Azərbaycan qazının nəqli üçün tam yeni boru xəttinin çəkilişinə dair razılığa gəlib. Layihənin dəyərini qısa şəkildə ifadə etmək üçün SOCAR prezidentinin açıqlamasına diqqət yetirmək kifayətdir: "Düşünürəm, Ümummilli Lider Heydər Əliyev vaxtilə "Azəri-Çıraq-Günəşli"  yatağı blokunun birgə işlənməsini "XX əsrin müqaviləsi" adlandırmışdısa, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüskarı olduğu bu yeni qaz kəməri layihəsi "XXI əsrin layihəsi" sayıla bilər".

Türkiyə ilə razılaşma qaz nəqli təchizatı mənbələrinin diversifikasiyasına, xüsusilə Rusiyadan enerji asılılığının azaldılmasına çalışan Avropanı, nəhayət ümidləndirib. Azərbaycanda əlavə qaz yataqlarının aşkarlandığını, yeni tranzit marşrutuna Türkmənistanın da qoşula biləcəyini nəzərə alsaq, söhbət avropalıların qazla kifayət qədər sabit və uzunmüddətli təchizatından gedir. Azərbaycanla Türkiyə arasında razılaşmanın imzalanmasını dərhal ABŞ-ın, Avropa İttifaqının, Avropaya qaz nəqli marşrutlarını işləyib -hazırlayan şirkətlərin alqışlaması da təsadüf deyil.

Bu layihələr arasında Azərbaycan qazı uğrunda "sakit savaş" həmişə gedib. Onların hər biri öz effektivliyini, maddi cəhətdən səmərəli olduğunu sübut etməyə, bununla da Azərbaycan hökumətinin dəstəyini almağa çalışır. Bakı isə bu müddətdə diplomatikcəsinə Türkiyə ilə razılaşmanın olmadığını əsas gətirərək, seçimi haqda susurdu. Artıq Türkiyənin enerji naziri Taner Yıldızın da dediyi kimi, Azərbaycan qazının Avropaya nəqli yolunda heç bir maneə qalmayıb.

Seçim nə olursa-olsun, Avropa Komissiyası tərəfdaşlarına Türkmənistan qazının da qoşulacağı mexanizmin nəzərdən keçirilməsinin vacibliyini bildirir. Yeri gəlmişkən, Avropa İttifaqı Azərbaycan və Türkmənistanla Transxəzər qaz kəməri layihəsinin hüquqi bazası haqda danışıqlara da başlayıb.

Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev bildirib ki, bu mövzuda danışıqların ilk raundu Brüsseldə baş tutub. Güman olunur ki, Transxəzər qaz kəməri Xəzərin Azərbaycan və Türkmənistan sahillərini birləşdirəcək, bununla da "mavi yanacaq" Azərbaycan vasitəsilə Avropa ölkələrinəi nəql olunacaq. Tengiz (Qazaxıstan) - Türkmənbaşı (Türkmənistan) - Bakı (Azərbaycan) - Tbilisi (Gürcüstan) - Ərzurum (Türkiyə) marşrutu üzrə hər il 20-30 milyard kubmetr qazın nəqli planlaşdırılır. Layihənin dəyəri 7,9 milyard avro qiymətləndirilir.

Azərbaycan layihələr arasında çətin seçim etməlidir. Çünki onlar arasında mübarizə "genişmiqyaslı" mərhələyə keçəcək. Bakı seçimini 2012-ci ilin əvvəllərində edəcəyini bildirir. Əvvəl isə bunu 2011-ci ilin sonunadək  açıqlayacağını deyirdi. Təəssüf ki, hələlik yeni layihənin detalları açıqlanmır. Bu, nə verəcək? İlk növbədə, tranzitdən əlavə gəlirlər.

İkincisi, qardaş ölkələr olan Azərbaycan və Türkiyənin tranzit müstəqilliyi. Bu ölkələr arasında indiyədək hansısa iqtisadi mövzuda fikir ayrılıqları yaranıbsa belə, onlar dostluq və mehriban qonşuluq  prinsipləri əsasında çözülüb. Yəni, bu ölkədən başlayan marşrutun yaradılması Azərbaycanın işini xeyli yüngülləşdirəcək. Bu hələ yeni razılaşmanın yalnız görünən iki müsbət məqamıdır.

Azərbaycanla Türkiyənin layihənin maliyyə tərəflərini razılaşdıra biləcəklərinə şübhə yoxdur. Son illər Azərbaycan maddi baxımdan xeyli möhkəmlənib. Bundan başqa, R.Abdullayev bildirib ki, layihənin müəllifləri xarici şirkətləri səhmdar kimi qəbul etməyə hazırdır. Üstəlik, layihə iqtisadi cəhətdən o qədər effektivdir ki, oraya kreditlərin cəlbi heç bir problem yaratmayacaq.

"2012-ci ildə bu qaz kəməri layihəsi ilə bağlı bütün məqamları razılaşdırmağı, vaxt itirmədən onun reallaşdırılmasına başlamağı düşünürük. Yeni qaz kəmərinin 2017-ci ilə, yəni "Şahdəniz" layihəsinin 2-ci fazasının işlənməsinə başlanılanadək hazır olmasını istəyirik", - deyə R. Abdullayev bildirib.

Bir daha qeyd edək ki, yeni layihə Azərbaycan tərəfinin indiyədək "Cənub dəhlizi" layihələri ilə bağlı səsləndirdiyi bəyanatlardan imtinası anlamına gəlməməlidir. Söhbət yalnız qazın Avropanın sərhədlərinə çatdırılmasından gedir. Bundan başqa, hazırda Azərbaycanda miqyaslı kəşfiyyat-axtarış işləri aparılır və proqnozlara görə, 2025-ci ilədək ölkədə 50 milyard kubmetrədək qaz hasil ediləcək. Bu həcm üçün bir layihə kifayət deyil. Bununla yanaşı, istehlakçılar, yəni avropalılar qaz alışında öz maddi xeyirlərinə əsaslanacaqlar. Odur ki, indi söhbət müəyyən mənada sərfəli tranzit qiymətlərindən gedir.

Bir məqam aydındır: Bakı-Tbilisi-Ceyhan və Cənubi Qafqaz qaz kəməri layihələri Azərbaycan enerji resurslarının tranzit tarixində yalnız başlanğıcdır. Yeni qaz kəməri layihəsi  - XXI əsrin layihəsi bu tarixin kulminasiyası olacaq.


MƏSLƏHƏT GÖR:

372