24 Noyabr 2024

Bazar, 21:22

FİRAVANLIQ REYTİNQİ

Azərbaycan "Legatum Institute"un hesabatında 3 ildə 15 pillə irəliləyib

Müəllif:

11.11.2014

Azərbaycanın sürətli sosial-iqtisadi inkişafı dövlətin getdikcə canlanan maliyyə imkanlarının insan potensialının inkişafına yönəldilməsinə imkan verir. Bu nailiyyətlər dəfələrlə nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən müsbət qiymətləndirilib. Vətəndaşlarının yaşayış səviyyəsinin yüksəlməsi, onların sosial müdafiəsinin təmini və ictimai təhlükəsizliyin yüksək səviyyədə olması bu dəfə "Prosperity Index 2014" - dünya ölkələrinin firavanlıq reytinqində öz əksini tapıb.

Azərbaycanın dinamik inkişaf edən iqtisadiyyatı bu gün Cənubi Qafqaz ölkələrinin ümumi potensialının dörddəüç hissəsini təşkil edir. O, ümumdaxili məhsulun həcminə görə, MDB ölkələri arasında 4-cü yerdədir. Baza makroiqtisadi göstəricilərin dayanıqlılığı, investisiyalar üçün yüksək cəlbedicilik, ən başlıcası, qeyri-neft sektorunun dinamik inkişafı qlobal dəyişikliklərdən asılı olmayaraq, dayanıqlı sosial-iqtisadi inkişafın qorunub-saxlanılmasına imkan verir. Müqayisə üçün qeyd edək ki, əgər 1995-ci ildə Azərbaycan iqtisadi inkişaf səiviyyəsinə görə dünyada 125-ci yerdə idisə, bu gün o, bu siyahıda 65-ci pillədə qərarlaşıb. Ümumilikdə, 1995-ci ildən bu günədək Azərbaycanda adambaşına düşən ümumi daxili məhsulun həcmi, orta hesabla, hər 5 ildə 2 dəfə artıb. Hətta postböhran dövründə dünya iqtisadiyyatının inkişafında ləngimələrin müşahidə olunduğu vaxt Azərbaycan iqtisadi inkişafda müsbət dinamikanı qoruyub-saxlaya bilib, yeni sənayeləşmə sahəsində miqyaslı proqramlar həyata keçirib, İKT sahəsini inkişaf etdirib, aqrar kompleksin müasirləşdirilməsində yeni mərhələyə başlayıb.

Effektiv iqtisadi siyasət dövlət gəlirlərinin artmasına şərait yaradıb və bu, hökumətə qısa zamanda ölkənin sosial inkişaf göstəricilərini ciddi şəkildə yüksəltmək imkanı verib. Hazırda Azərbaycanda yoxsulluğun səviyyəsi 1990-cı illərin əvvəllərindəki 60%-dən 5,3%-ə düşüb. Ölkədə yoxsulluğun səviyyəsi dünyadakı orta göstəricidən 3 dəfə aşağıdır. Son onillikdə əhalinin real gəlirləri hər il, orta hesabla, 8,3% artıb və Gini index-in əmsalına görə Azərbaycan dünyanın 25 aparıcı dövləti sırasında yer alır.

"Ölkədə reallaşdırılan çoxsaylı dövlət proqramları, o cümlədən regionların sosial-iqtisadi inkişafına dair proqram 1,3 milyondan artıq yeni iş yerinin yaradılmasına imkan verib. Bu, işsizliyin səviyyəsini dəfələrlə azaldıb və hazırda ölkədə işsizlik 5% civarındadır", - deyə Azərbaycan Prezidenti İlham Əliyev bu yaxınlarda bildirib. Onun sözlərinə görə, bir sıra inkişaf etmiş dövlətlərdə işsizliyin səivyyəsi 30% təşkil edir, gənclərinsə hər iki nəfərdən biri daimi iş yerinə malik deyil. "Bu ilin 3 rübü ərzində əhalinin pul gəlirləri 5,4% artıb", - deyə dövlət başçısı qeyd edib: "Bununla yanaşı, inflyasiya cəmi 1,5% təşkil edib. Bu, postsovet məkanında ən aşağı göstəricilərdən biridir. Yəni, əhalinin gəlirlərinin artım templəri inflyasiyanı 3 dəfədən çox üstələyir və bu, dünyanın istənilən ölkəsi üçün ən optimal balansdır".

Azərbaycan əhalisinin böyük bir hissəsinin rifah halının yaxşılaşdığını dolayısı ilə təsdiqləyən bir çox faktlar göstərmək olar: məsələn, mənzil, avtomobil, məişət texnikası alanların sayında müşahidə olunan ciddi artım, dincəlmək üçün xarici ölkələrə üz tutan vətəndaşların sayının çoxalması və s. Amma bu müsbət göstəriciləri ən bariz şəkildə iki parametrlə ortaya qoymaq mümkündür: Azərbaycan Mərkəzi Bankının məlumatına görə, bu ilin yanvar-sentyabr aylarında ölkənin daşınmaz əmlak bazarında dövriyyə 24,51% artıb və mənzil alqı-satqısı üzrə bazar əməliyyatlarının məbləği 3,6 milyard manatı keçib. Cəmi 1 il əvvəl bu rəqəm 2,9 milyard manat olub. Vətəndaşların rifah halının yüksəldiyini təsdiqləyən daha bir əhəmiyyətli amil ölkədə avtomobillərin sayının sürətlə artmasıdır. Əgər 2003-cü ildə Azərbaycanda minik avtomobillərinin sayı 511 mindən bir qədər artıq idisə, bu ilin ortalarına onların sayı 1,27 milyona çatıb. Bu, 2003-cü ilin göstəricisilə müqayisədə 2,5 dəfə artıqdır. Şəxsi nəqliyyat vasitələrinin əhalinin sayına nisbəti də mövcud dinamikanı bariz şəkildə ortaya qoyur: Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkədə hər 100 ailəyə düşən avtomobillərin sayı 2,6 dəfə artıb. 2003-cü ildə bu 22 idisə, 2012-ci ildə 46 olub. Bu göstəriciyə görə Azərbaycan Avropa dövlətlərinin səviyyəsinə yaxınlaşır.

"Azərbaycana inkişafın davam etdirilməsi və trendlərin müasirləşdirilməsi üçün 5-6 il vaxt lazımdır. 5-6 ildən sonra Azərbaycan yüksək gəlirli dövlətlərin sırasına qoşulacaq", - deyə Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov qeyd edib. Bu fikirlə bir çox beynəlxalq maliyyə təşkilatı və reytinq agentliyi də razıdır. Onlar Azərbaycanın iqtisadi siyasətinin effektivliyini ildən-ilə daha çox dilə gətirirlər.

Amma bu və ya digər dövlətdə inkişafın qiymətləndirilməsi zamanı ekspertlər bir qayda olaraq, yalnız onun iqtisadi potensialı ilə kifayətlənmirlər. Bu zaman əsas sosial və mədəni imkanların əhalinin geniş təbəqəsi üçün əlçatan olmasına da diqqət yetirilir. İnsan potensialının inkişafına dair müxtəlif araşdırmalarda əhalinin sağlamlığı, təhsili, təhlükəsizliyi kimi məsələlər əsas kimi götürülür. Maraqlıdır ki, Azərbaycan bu meyarların bir çoxunda artıq illərdir ki, kifayət qədər yaxşı nəticələr göstərir.

Misal kimi bu ilin əvvəlində Ümumdünya İqtisadi Forumu (ÜİF) tərəfindən açıqlanmış Human Capital Report-2013 hesabatını göstərmək olar. İnsan kapitalı indeksinin hesablanması zamanı təhsil, səhiyyə, məşğulluq, əlverişli iş şəraitinin mövcudluğu kimi parametrlər əsas götürülüb və 0,157 bal toplayan Azərbaycan reytinq cədvəlində 64-cü yeri tutub. Bununla yanaşı, inkan kapitalının ümumi inkişafına görə ÜİF Azərbaycanı MDB ölkələri sırasında 3-cü yerə qoyub. Bu siyahıda Azərbaycan yalnız Qazaxıstan və Rusiyadan geri qalır.

Azərbaycan BMT-nin insan inkişafı indeksi üzrə İnkişaf Proqramının (UNDP) illik məruzəsində də yüksək yerə layiq görülüb. Bu ilin iyulunda açıqlanmış "İnsan inkişafı haqqında-2014" məruzəsində Azərbaycan mövqeyini 6 pillə yaxşılaşdıraraq, 76-cı yerə yüksəlib. Maraqlıdır ki, postsovet məkanı üzrə qonşu respublikalarında yer aldığı siyahıda Azərbaycan Belarus, Rusiya və Qazaxıstandan sonra 4-cü yerdə qərarlaşıb.

Azərbaycanın humanitar inkişaf sahəsindəki uğurlarının daha bir təsdiqi Britaniyanın nüfuzlu "Legatum Institute" analitik mərkəzinin araşdırmalarının nəticəsidir. Qurum apardığı araşdırmalar nəticəsində bu günlərdə dünya ölkələrinin firavanlığı reytinqini - "Prosperity Index 2014" - açıqlayıb. Bu indeks müxtəlif ölkələrin əhalinin rifahı sahəsindəki nailiyyətlərini özündə əks etdirir. Araşdırma vətəndaşları dünya əhalisinin 96%-ni təşkil edən 142 ölkəni əhatə edir. Həmin dövlətlərin birlikdə ümumi daxili məhsulu isə dünya iqtisadiyyatının 99%-i deməkdir. İndeks 8 göstərici əsasında müəyyənləşdirilir: iqtisadiyyatın, təhsilin, səhiyyənin, sosial kapitalın inkişafı, həmçinin şəxsi azadlıqların, təhlükəsizliyin səviyyəsi, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq imkanları və dövlət idarəçiliyinin effektivliyi.

Üç ilə əsasən yenilənmiş məlumata görə, Azərbaycan reytinqdə 15 pillə irəliləyərək, 2012-ci ildəki 94-cü yerdən 79-cu yerə yüksəlib. O, Cənubi Qafqazda vətəndaşların həyat səviyyəsinin inkişaf dinamikasında ən yaxşı göstəriciyə malikdir: Ermənistan reytinqdə 95-cidir və 3 ildə cəmi 3 pillə irəliləyib. Gürcüstan isə bu dövrdə 13 pillə irəliləyərək 80-ci yerə yüksəlib.

Qeyd edək ki, bu reytinq cədvəlində heç də bütün postsovet respublikaları ciddi irəliləyişə nail ola bilməyiblər. Məsələn, MDB ölkələri arasında iqtisadi baxımdan ən inkişaf etmiş dövlət olan Rusiya bu il reytinqdə 68-ci yeri tutub. Bu, əvvəlki reytinqlə müqayisədə 7 pillə geriləmə və Avropa regionunda qeydə alınmış ən pis yerdəyişmədir. Bu il Qazaxıstan üçün də uğursuz olub. O, "Prosperity Index 2014" reytinqində 8 pillə geriləyərək 55-ci yeri tutub.

Maraqlıdır ki, Azərbaycan "Legatum Institute" araşdırma apardığı bir sıra sahələrdə yekun reytinqdəki mövqeyindən daha yüksək nəticələr əldə edib. Məsələn, iqtisadiyyatın vəziyyəti və sahibkarlıq fəaliyyəti göstərmək üçün imkanlar baxımından ölkə müvafiq olaraq 64 və 67-ci yerləri tutub. Təhlükəsizlik və sosial kapital kimi göstəricilərdə Azərbaycan müvafiq olaraq 75-ci və 77-cidir. Aparılmış tədqiqatlar nəticəsində şəxsi təhlükəsizlik və sosial sabitlik baxımından da ölkə yüksək yerlərə layiq görülüb. Rəyi soruşulan vətəndaşların yalnız 0,6%-i bu il hücuma məruz qaldığını və ya digər təhlükəli halla üzləşdiyini bildirib. 73,1% isə "Gecə tənha gəzən zaman özünüzü təhlükəsizlikdə hiss edirsinizmi?" sualına müsbət cavab verib. Üstəlik, vətəndaşların təhlükəsizlik səviyyəsinə görə Azərbaycan dünyadakı orta göstəricini üstələyir. Ölkənin sosial-iqtisadi rifah halı vətəndaşların dövlət institutlarına loyallığında da özünü göstərir. "Legatum Institute" tərəfindən aparılan sorğu zamanı Azərbaycan vətəndaşlarının 60,3%-i ölkədə seçkilərin obyektiv keçirildiyinə inandığını bildirib. Əhalinin hökumətə inamı isə 84,3% təşkil edib. Bu, dünyadakı orta statistik göstəricidən xeyli yüksəkdir.

Beynəlxalq təşkilatın qiymətləndirməsi Azərbaycan cəmiyyətindəki daxili əhvalla üst-üstə düşür. Azərbaycanın "Rəy" Monitorinq Mərkəzinin 1300 nəfəri əhatə edən sorğusu göstərib ki, ölkədə bu gün prezident seçkisi keçirilsəydi, onların 83%-i səsini hazırkı dövlət başçısı İlham Əliyevə verərdi. Təxminən, eyni sayda respondent (82%) İ.Əliyevin onların maraqlarına cavab verdiyini bildirib. Rəyi soruşulanların 65%-i prezident kürsüsündə İlham Əliyevə alternativ görmür, 68% isə ölkədə işlərin doğru istiqamətdə getdiyini düşünür.

Beləliklə, beynəlxalq və yerli təşkilatların araşdırmaları bir faktı açıq şəkildə ortaya qoyur: hökumətin əhalinin əhəmiyyətli hissəsinin yüksək təhlükəsizliyini və yaşayış səviyyəsini təmin edən effektiv iqtisadi siyasəti ölkədə sabitliyin, sosial sülhün əsas qarantıdır.



MƏSLƏHƏT GÖR:

757