
SEÇMƏ YANAŞMA
Müharibə öz yerində, ikili standartlar isə cədvəl üzrə
Müəllif: Sahil İSGƏNDƏROV, politoloq Bakı
Ukraynada bir-birini inkar edən seçkilər silsiləsi öz geosiyasi iddialarının girovu olan dünya güc mərkəzlərinin qərəzliliyini bir daha üzə çıxardı. Oktyabrın sonlarında Kiyev ölkə Konstitusiyasına əsasən, Ali Radaya (Ukrayna parlamenti) seçki keçirdi. Bir həftə sonra isə Donetsk və Luqanskın separatçı rəhbərliyi tanınmamış respublikalarda "prezident" və "parlament" seçkiləri keçirdilər. Gözlənildiyi kimi, Moskva ilə Qərbin bu seçkilərlə bağlı mövqeləri bir-birindən kəskin şəkildə fərqləndi.
Ali Radaya keçirilmiş seçkinin ilkin nəticələri açıqlanmamışdan, ATƏT, Aİ, Avropa Komissiyası və əksər Qərb KİV onların azad, şəffaf şəraitdə keçirildiyini bəyan etdi, seçkinin nəticəsini əvvəlcədən Ukrayna xalqının və demokratiyanın qələbəsi kimi qiymətləndirdi. ABŞ prezidenti Barak Obama isə "parlament seçkisinin Ukraynanın demokratik inkişafında vacib mərhələ olduğunu" bəyan etdi.
Moskvanın mövqeyinə gəlincə, Kreml seçkiyə hazırlıq mərhələsində "çoxsaylı pozuntuların olduğunu", səsvermənin "bütün Ukrayna ərazisində keçirilmədiyini" desə də, nəticələri tanıdı. Ukrayna xalqının bir hissəsinin ifadə etdiyi iradəyə hörmətlə yanaşmağa hazır olduğunu nümayiş etdirən Moskva bununla Qərbə "DXR" və "LXR"də keçirilmiş seçkiləri də tanıyacağını bildirdi. Dəfələrlə Kremli separatçılara seçkidən imtina etmək üçün təzyiq göstərməyə çağırmış ABŞ və müttəfiqləri, təbii ki, onların nəticəsini tanımadı. Səsvermədən sonra ATƏT Daimi Şurasının toplantısında çıxış edən BMT-nin baş katibi Pan Gi Mun tanınmamış "DXR" və "LXR"də keçirilmiş seçkiləri təəssüfləndirici, qeyri-səmərəli hadisə adlandırıb. Donetsk və Luqanskdakı rusiyapərəst qüvvələrin seçkisini "psevdoseçki" adlandıran NATO və Aİ üzvləri də onları tanımaq niyyətində deyillər. Krımı özünə birləşdirdiyi və Ukraynanın şərqində separatçı rejimlərə dəstək verdiyi üçün Rusiyanı tənqid atəşinə tutan Qərb onu beynəlxalq hüququn ən vacib prinsiplərini pozmaqda təqsirləndirir. Söhbət Ukraynanın ərazi bütövlüyü və suverenliyindən gedir. İndi Qərb Rusiyaya tətbiq etdiyi sanksiyaları yumşaltmaq niyyətində deyil. Kreml isə öz növbəsində, güzəştə getmək fikrində olmadığını göstərir, Qərbi ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyinetmə prinsiplərinə seçmə yanaşmada təqsirləndirir.
Hərçənd bu məsələdə Moskvanı haqlı saymaq olar. Təcrübə göstərir ki, hansısa məqamda Qərb üçün nəinki separatçı ocaqlar yaratmaq, hətta başqasının ərazilərini işğal etmək hüququna malik dövlət və milli azlıq anlayışı da mövcuddur. Ən başlıcası, onlar bu halda beynəlxalq hüququ nəzərə almaya, onu özlərinə sərf edən formada təqdim edə, saysız-hesabsız qeyri-legitim seçkilər keçirə bilərlər. Təəssüfləndirici haldır ki, bəzi beynəlxalq və regional təşkilatlar bu cür siyasətə dəstək verirlər.
Deyilənlərə bariz nümunə kimi, Azərbaycan ərazisinin 20%-ni işğal etmiş Ermənistana, işğal olunmuş ərazilərdə yaradılmış separatçı Dağlıq Qarabağ rejiminə münasibəti göstərmək olar. "DXR" və "LXR"də keçirilmiş "seçkilər"ə görə operativ şəkildə təəssüflənən BMT-nin baş katibi Pan Gi Mun və seçkiləri pisləyən bəyanat qəbul etmiş qurumun Təhlükəsizlik Şurası, nədənsə, erməni separatçılarının Qarabağda dəfələrlə təşkil etdikləri "prezident" və "parlament" seçkiləri ilə bağlı eyni narahatlığı göstərmir. Hər belə "seçki" zamanı BMT Dağlıq Qarabağda keçirilən səsvermənin legitimliyini tanımadığına dair növbətçi bəyanatlarla kifayətlənir. Dünyanın "əsas" beynəlxalq təşkilatını Ermənistanın BMT TŞ-nin 4 qətnaməsinə etinasız münasibəti də narahat etmir. Söhbət Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələrdən gedir. O, bu məsələdə, nədənsə, Rusiyaya qarşı əl atdığı siyasi təzyiqlərin təkrarlanmasına, "təəssüflər"ə və sanksiyalara ehtiyac duymur.
Ermənistana qarşı analoji, hətta daha qəribə və qayğıkeş münasibət NATO və Aİ, həmçinin Avropanın əksər təşkilatları tərəfindən müşahidə olunur. Onlar indiyədək heç zaman İrəvanı açıq şəkildə işğalçılıqda təqsirləndirməyib, Dağlıq Qarabağda keçirilən silsilə "seçkilər"i heç zaman pisləməyiblər. Əksinə, Avropa Parlamentinin (AP) və AŞPA-nın bəzi deputatları sanki bu "tədbirlər"in hamısında iştirakı özlərinə müqəddəs borc sayır, üstəlik, dünya birliyini Dağlıq Qarabağdakı "demokratik seçki"nin nəticələrini tanımağa da çağırırlar. Bakının bunlarla bağlı iradlarına Brüsselin cavabı isə bayağı olur: bütün bu səfərlər fərdi xarakter daşıyır və Aİ, AP və AŞPA-nın rəsmi mövqeyini əks etdirmir.
Bununla yanaşı, məsələn, Krıma baş çəkən və onu dəstəkləyən Avropa rəsmilərinə tamamilə fərqli münasibət göstərilir. Məsələn, bu ilin sentyabrında Avropa Parlamentində kifayət qədər maraqlı hadisə yaşanıb və bu, qurumda fərqli adətlərin olduğunu açıq şəkildə ortaya çıxarıb. AP sədri Martin Şuls və qurumun xarici məsələlər komitəsinin rəhbəri Elmar Brok Avropa Parlamentinin Latviyadan olan deputatı Tatyana Jdanoku Krıma səfəri, orada verdiyi bəyanat və ortaya qoyduğu mövqeyə görə sərt tənqid atəşinə tutublar. Jdanokun AP-nin və ya qurumun hər hansı rəsmi nümayəndə heyətinin adından danışmadığına, sadəcə, şəxsi fikrini söylədiyinə dair bütün sözləri sanki eşidilməyib. E.Brok görünməmiş prinsipiallıq nümayiş etdirərək bildirib ki, Jdanok bu hərəkətindən əvvəl müstəqil hüquqşünaslarla məsləhətləşsəydi, daha yaxşı olardı. Brok hesab edir ki, hüquqşünaslar avroparlamentariyə Krımda keçirilən referendumun qeyri-leqal olduğunu və hüquqi qüvvə daşımadığını izah edərdilər. Amma bu cür prinsipial mövqeyin yalnız "işə yarayanda" deyil, hər zaman nümayiş etdirilməsi daha yaxşı olardı.
Avropa Şurasının yerli və regional hakimiyyətlər Konqresi, az qala, Avropa Parlamenti ilə eyni davranış nümayiş etdirib. Oktyabrın ortalarında Konqresin plenar iclasında "Ukraynada və qonşu ölkələrdə separatçılıq gərginliyi" adlı məruzə dinlənilib, bu mövzuda müzakirələr aparılıb. Lakin hansısa səbəblərdən konqresin separatçılıqdan əziyyət çəkən ölkələrin yer aldığı siyahısında əvvəlcə təkcə Ukrayna, Gürcüstan və Moldovanın adları əksini tapıb. Yalnız uzun-uzadı müzakirələrdən sonra qurumun bürosu sənədə Azərbaycanın adını əlavə etmək qərarına gəlib. Çox qəribə təsadüf və "unutqanlılıq"dır, deyilmi?
Belə çıxır ki, Qərb dövlətləri və beynəlxalq təşkilatlar məsələlərə "müharibə öz yerində, ikili standartlar isə cədvəl üzrə" prinsipi ilə yanaşırlar.
Diqqət yetirin! Azərbaycan və Ermənistan prezidentlərinin Parisdə danışıqlar apardığı gündə Dağlıq Qarabağın separatçı rejimi doğmalarının məzarlarını ziyarət etmək üçün işğal altındakı Kəlbəcər rayonuna keçmək cəsarəti göstərmiş iki azərbaycanlı üzərində "məhkəmə" adlı şou düzənləyir. Diqqətləri sülh danışıqlarından yayındırmağa yönəlmiş bu təxribatı pisləməli olan Vaşinqton isə ABŞ Dövlət Departamentinin rəsmisi Cen Psakinin vasitəsilə son dərəcə ikiüzlü bəyanatla çıxış edir. Qarabağ münaqişəsi tərəflərini danışıqlar prosesini intensivləşdirməyə çağıran Psaki ermənilərin növbəti təxribatına münasibət bildirməkdən imtina edir. "Bizdə bu məsələ ilə bağlı konkret məlumat yoxdur", - deyə Dövlət Departamentinin rəsmisi bildirir.
Və nəhayət, Rusiyanın Krımı, "DXR" və "LXR"i dəstəkləməsindən bu qədər narahatlıq keçirən Qərb, nədənsə, Ermənistanın Dağlıq Qarabağın separatçı rejimini özü ilə Avrasiya İqtisadi İttifaqına sürükləmək cəhdinə reaksiya verməyi lazım bilməyib. Halbuki, məntiqlə ABŞ və müttəfiqləri Moskvanın postsovet məkanındakı inteqrasiya layihələrinin pikində Ermənistanın həddini aşmasını kəskin şəkildə pisləməli idilər.
Maraqlıdır ki, ikili standartlardan heç də az istifadə etməyən Rusiya belə, konkret bu hadisə zamanı erməni təxribatına uymayıb.
Beynəlxalq təşkilatların tərəfdaş ölkələrin bənzər problemlərinə bu cür fərqli yanaşmaları yalnız təəssüf doğurur. Üstəlik bu, Avropanın əsas strukturlarından olan ATƏT-in Minsk qrupu vasitəsilə Ermənistan-Azərbaycan münaqişəsinin həllində vasitəçilik etdiyi bir şəraitdə baş verir. Vasitəçi ölkələrin nümayiş etdirdikləri ikili standartlar haqda danışmaq isə artıq olardı.
MƏSLƏHƏT GÖR: