15 Mart 2025

Şənbə, 01:34

HƏYAT ƏHVALATI

Avstriya kinorejissoru Mixael Qlavoqqer: "Mən Azərbaycan nefti barədə film çəkərdim…"

Müəllif:

15.10.2011

Mixael Qlavoqqer özünü" hərəkətdə olan kinematoqraf" adlandırır. Yalnız məcazi mənada de-yil, həm də ona görə ki, onun yaradıcılıq üslubu janrlar və formalar arasında hərəkətdədir. San-Fransisko İncəsənət İnstitutunu və Vyana Kino Akademiyasını bitirdikdən sonra, Qlavoqqer "Qiraətçinin ölümü" (1984), "Başqalarının şəhəri" və "Vyanada savaş" (1989) kimi şəhər təsvirlərindən başlayıb. Sonra tanınmış Avstriya rejissoru Ulrix Saydlla bir ssenariçi, ("İtki ilə razılaşmaq lazımdır", 1992), həm də operator və montajçı ("Heyvani sevgi", 1995) kimi də əməkdaşlıq edib.

Sənədli və bədii kinonun çuğlaşması olan "Qarışqa küçəsi" (1995) filmi ilə diqqəti çəkib. Qlavoggerin sonraki işi "Kino bizim beynimizdədir" (1996) filmi eksperimental xarakterli olub. "Meqapolislər" (1998) filmi geniş tanınıb. "Ölkədəki vəziyyət: Avstriya altı fəsildə" (2002) və "İşçinin ölümü" (2005) filmlərində gerçəkliyin sosial-tənqidi qeyd olunur.  

Eyni zamanda, Qlavogger şəhər komediyası janrında ssenari müəllifi kimi çıxış edir, özü "İlbizlər" (2004), "Qınanılan məşğuliyyət" (2006) və "Xüsusi əlaqə" (2008) kimi bəzi əsərləri çəkir. Bakıda keçirilən Avropa Film Festivalına Qlavoqqer yeni  "Atacığı gecə öldür" filmini gətirib. 

Mixael Qlavoqqeer "Region +" ilə söhbətində mübahisəli filmi, hobbiləri və bir çox başqa şeylər barədə fikirlərini paylaşıb.

- Niyə iki nəslin daimi qarşıdurmasını izah edən filmin belə "triller" adı var?

- Əslində, bu filmdə trillerlik bir şey yoxdur. Mən yalnız "Atacığı gecə öp" ifadəsini dəyişmişəm. Bu filmdə İkinci Dünya savaşı əsnasında və ondan sonra üç ailənin əhvalatı  yer alır. Rats atasıyla - uğurlu br siyasətçi ilə mübarizə aparır, çünki öz avtoriteti ilə oğluna təzyiq edir. 

Psixoloji problemlərin öhdəsindən gəlmək üçün, Rats bir kompüter oyunu düzəldir və orada  pis adam obrazında atasını təsvir edir. Bir gün tanış bir qız ona zəng edərək evinə çağırır. Onun evinin zirzəmisində Rats müharibə xatirələrindən gizlənən yaşlı bir qocanı görür. 

Film Yozef Hazlingerin eyniadlı kitabı əsasında çəkilib. Bu, ata və uşaqlar - iki nəsil arasında  qarşıdurma haqqında bir hekayədir. Gənclərin çoxu onları anlamadıqlarını düşündükləri ana-atalarla ünsiyyət problemləri yaşayır. Zaman keçdikcə böyüyən gənclərin özləri ailə qururlar, uşaq sahibi olurlar. Və keçmiş oğulların özləri ata olduqda, öz atalarının, əslində, necə bir ata olduqlarını anlayırlar.

- "İşçinin ölümü"  filminizin təməlində sovet əmək qəhrəmanı Aleksey Staxanovun əhvalatı durur. Bu filmi necə çəkdiniz?

- Bu filmin çox hissəsini mən Ukraynada çəkmişəm. Ümumiyyətlə, "İşçinin ölümü" - dünyanın müxtəlif bölgələrində çəkilən qısa əhvalatların sənədli kolleksiyasıdır. Donbas mədənlərindən, Nigerya sallaqxanalarından, Pakistan limanlarından və Çin poladəritmə fabriklərindən bəhs edir... 

Filmin hər hissənin özünə aid tərzi var. İlk hissə "Qəhrəman" adlanır və sənədli xronikalarla başlayır: 30-cu illər, sovet Donbası, Staxanovun əmək qəhrəmanlığı, Staxanov hərəkatının yüksəlişi, sənayeləşmə fonunda kütləvi terror. Və dərhal müstəqil ölkənin Donbası, tərk edilmiş mədənlər, ölməkdə olan bir sənayenin mənzərəsi, dövlət hesabından silinmiş mədənlərdən qanunsuz kömür çıxaran ukraynalı mədənçi qrupunun gərgin fəaliyyəti təsvir edilir. 

Mən fəhlə əməyi haqqında Staxanovun rekordunu müəyyənləşdirməsindən başlayan və "ikonalaşmış" təsəvvürlərin kökünü aramaq niyyətində idim. Bu rekord böyük bir tarixi hadisə idi, çünki əmək haqqında mifologiyaya və fəhlənin populyarlaşmasına təkan verdi. Mən fəhlələrin hansısa ideoloji məqsədlər üçün çəkilmiş şəkillərini istifadə etmək istəmədim, Staxanovla bağlı da belə oldu. 

Bunun yerinə, filmə həssaslıq verməyə çalışdım, amma sözlər və ya ideologiya ilə yox, duyğularla. Qeyd edim ki, mənim bu filmim Qrirson mükafatına (London), ən yaxşı sənədli film kimi DOX (Kopenhagen) mükafatına, Hihonda beynəlxalq kino festivalının  münsiflər heyətinin xüsusi mükafatına, Leypsiqdə Fipressi beynəlxalq film festivalının da mükafatına layiq görülüb. O həmçinin Avropanın ən yaxşı sənədli film mükafatına nominat göstərilib.

- Bir avstriyalı kimi, sovet qəhrəmanı Staxanov haqqında film çəkməyə  necə qərar verdiniz?

- (Gülür) Çox vaxt insanlar hava limanında məni rus sayaraq yaxınlaşırlar və rusca suallar verirlər. Bir dəfə mən Staxanov və onun qəhrəmanlığı haqqında oxudum və onun hekayəsi məni heyran qoydu.

Axı o, öz dövrünün bir ulduzu, bir növ pop-starı idi. Bu, əslində çox məzəli bir hekayədir. Əslində, Staxanov öz qəhrəmanlığından sonra bəzən Stalinlə içməkdən başqa heç bir şeylə məşğul olmurdu (gülür). Mən bu filmin çəkilişi zamanı çox ləzzət aldım. Yaxşı insanlarla tanış oldum, başqa mədəniyyəti daha yaxından tanıdım.

- Sizin filmlər çox gerçək və həyatidir. Siz həyatı qlamursuz və parıltısız göstərirsiniz. Bu cür effekti necə əldə edə bilərsiniz?

- Təbiətcə, mən hər şeylə maraqlanan adamam. Mən dünyanı gəzməyi, qəhrəmanların həyat tərzini öyrənməyi, yeni insanlarla tanış olmağı və onların taleyini araşdırmağı çox sevirəm. Mən jurnalistikaya inanmıram, çünki televiziya ekrandan bizə səhv məlumatlar verir (gülür). Mən CNN-ə də inanmıram. Düşünürəm ki,  həyatın gerçək tərəfini göstərmək gərəkdir.

"Fahişə şöhrəti" filmi üzərində çalışarkən, fahişəlik problemi haqqında daha çox məlumat əldə etmək üçün dörd il dünyanı səyahət etməli oldum. Çox tez-tez bizə elə gəlir ki, müxtəlif televiziya proqramları vasitəsilə həyatı bilirik, amma inanın mənə, vəziyyət heç də belə deyil. Gerçək həyat ekrandakından tamam fərqlidir. Onda romantika və parıltı azdır. Planetimizdə  yaşayan çoxları üçün həyat həddindən qəddardır.

- Sizin "sərt reallıqlar"a baxmayaraq, bir zaman çox əyləncəli "Xarabalığa səyahət" filmini çəkmişdiniz... 

- Mən  bu filmi Avstriya və Çexiyada çəkmişəm. Film ondan bəhs edir ki, zəngin Vyana  "donjuanı" və onun dostu praktik zarafatları və bəzən də yetərincə qəddar zarafatları sevir. Bir dəfə onlar əyləncə xatirinə huşu başında olmayan sərxoş yerli şairi götürərək, bədbəxtin pasportunu aldıqdan sonra, Çexiya sərhədinin o üzündə bir əyalət şəhərciyinə atırlar. Ayılan şair özünə gəldikdən sonra evə dönmək üçün macəradolu bir səfərə başlayır. Həmin vaxt yerdəyişmə ehtirası filmin başqa qəhrəmanlarına da keçir və onlar finalda özlərini Cakarta və Bankok kimi ən ekzotik yerlərdə  aşkarlayırlar. Bu film adamları öz cığırından çıxardıqdan sonra özünə necə gəlmək və kim olduğunu dərk etmək barədədir. 

- Əgər Bakıda film çəkmək üçün fürsət düşsəydi, nə kimi mövzulara toxunardınız?

- Mən Azərbaycan nefti haqqında film çəkərdim. Onu necə çıxarmaları haqqında, neftçilər və onların ağır əməyi haqqında. Burda çox fakturalı yerlər, maraqlı məkanlar var. Düşünürəm ki, əla film  alınardı!

- Kinodan başqa nə ilə maraq-lanırsınız? Boş zamanlarınızda nə eləməyi xoşlayırsınız?

- Fotokamera ilə tanımadığım küçələrdə gəzməyi sevirəm. Boş də-qiqələrim olan kimi - yeni ssenari yazıram (gülür). Yaxşı araqdan bir-iki stəkan da gillətmək pis olmazdı. Bəli, arağı sevirəm.

- Şəxsi həyatınızda nə var?

- Evliyəm, ancaq uşaqlarım hələ ki yoxdur. Bilirsiniz, vaxt hər şeyə çatmır. Evdə nadir hallarda oluram. Daim səfərlərdəyəm. İstəmirəm ki, uşaqlarım atalarının daimi yox-luğundan əziyyət çəksinlər. Nəti-cədə, ya peşəni, ya da ortastatistik ailəni seçməlisiniz. Hələ ki peşənin xeyrinə seçim edirəm.


MƏSLƏHƏT GÖR:

535