24 Noyabr 2024

Bazar, 13:16

MƏNZİL İSTİSMARI

Bu gün MİS-lərin funksiyası nədir və bu institut Azərbaycanın nəyinə lazımdır?

Müəllif:

15.10.2011

"Rəis nə vaxt olacaq?". "O, ərazidədir, tezliklə gəlməlidir, amma gələcəyi vaxt dəqiq məlum deyil"/. "Ay qız, əgər sizin idarəyə zəng eləmək mümkün olsaydı, mən gəlməzdən öncə müdirin yerində olub-olmadığını öyrənmək üçün zəng edərdim. İndi bir dənə yaşayış yeri arayışı almaq üçün nə qədər gözləyəcəyimi də bilmirəm, mən gecikirəm, işə getməliyəm".

Bakının mənzil fonduna "xidmət göstərən" istənilən mənzil istismar sahəsində (MİS) bu cür dialoq eşitmək çox adi haldır. Amma "xidmət göstərmək" ifadəsi bu sahədəki vəziyyət üçün həddindən şişirdilmiş təyinatdır, bu bölmədəki durumu qeyri-müəyyənlik adlandırmaq daha doğru olardı.  Əgər MİS-in əvvəllər yerinə yetirdiyi funksiyaların əksəriyyəti mənzil sahiblərinin öhdəsinə verilibsə, onda icra hakimiyyətinin bu institutu nəyə lazımdır?  Axı hazırda MİS-lər arayış vermək və mənzilpulu yığmaqdan başqa heç bir işlə məşğul olmur. 

MİS-lərin verdiyi hüquqi sənədlərə görə, onlara müraciət edəndə isə ağır və yorucu şəraitdə müdiriyyəti gözləmək lazım gəlir, özü də çox vaxt bu cür qurumların iş vaxtı gün ərzində  üç saatı keçmir ki, bu da qanunvericiliyin və istehlakçı hüquqlarının pozulması deməkdir. Həmin vaxt ərzində isə özünün çoxdan təmirə ehtiyacı olan köhnəlmiş mənzil-istismar idarəsində heç kimi tapmaq olmur. Bu vəziyyət, demək olar  ki, bütün yerli kommunal təsərrüfatı idarələrində müşahidə olunur. 

Belə bir reallıqla MİS-lərə ehtiyac varmı? Onların fəaliyyəti bizi razı salırmı? Onları nə ilə əvəz etmək olar? Azərbaycnda artıq 10 ildir ki, bələdiyyələr olduğu halda, MİS-lər niyə fəaliyyət göstərir? Bu suallara cavab tapmaq üçün ilk öncə bu idarələrin səlahiyyətlərinə nələrin daxil olduğunu araşdırmaq lızımdır. 

Məsələn, sovet illərində MİS-lər təsərrüfat hesablı dövlət təşkilatları idi və başlıca vəzifə kimi  onların idarəsinə verilmiş mənzil fondunun saxlanılması düşünül-müşdü. Bunun üçün MİS-lər düzgün bina təsərrüfatçılığı həyata keçirməli, binaların cari və əsaslı təmirini vaxtında yerinə yetirməli, yaşayış binalarının avadanlıq və qurğularının fasiləsiz işini təmin etməliydi. MİS-lər bina təsərrüfatını yaxşı sanitar durumda saxlamalı, sakinlərin mənzillərə, binalara qayğı ilə yanaşmasını təmin etməli, həmçinin, sakinlərin mənzil-məişət şəraitini yaxşılaşdırmalı idi. 

 MİS-lər öz təsərrüfat funksiyalarını birbaşa öz aparatları vasitəsilə və xüsusi ixtisaslaşmış təşkilatlar şəbəkəsinin yardımı əsasında gerçəkləşdirirdi. Bu şəbəkəyə ixtisaslaşmış təmir-quraşdırma qurumları, təmizləmə, yaşıllaşdırma, nəqliyyat, tüstü borularının təmizlənməsi  və s. qurumlar daxil idi. Əgər bu gün Azərbaycanda bu sistem fəaliyyətini davam etdirirsə, məhz bu cür işləməlidir. Gerçəklikdə necədir? Bu gün bizim hansımız əminliklə və qürurla deyə bilər ki, mənzil-istismar idarələri yenə də həmin işləri görür? Əgər qonşu evimizi su ilə batırırsa, yuxarı mərtəbədə dam deşilirsə, mənzildə su borusu partlayırsa və yaxud blokun girişini təmir etmək lazım gəlirsə, bu qurumlara müraciət etsək, nə baş verər? MİS-in sərəncamında yuxarıda sadalanan qurumlar varmı? 

Artıq çoxdan və demək olar ki, həmişə sakinlər problemləri özləri, həm də ki şəxsi vəsaitləri hesabına həll edirlər. Bəs MİS-lər bu gün təsərrüfat hesablı təşkilat kimi nə edə bilir? "Biz güc-bəla ilə ili başa çatdırırıq. Rəhbərlər ona görə yerində tapılmır ki, daim əraziyə çıxmalı olurlar", - deyə yerli kommunal idarənin xanım əməkdaşlarından biri bizimlə söhbətində bildirdi. Amma o da etiraf etdi ki, bu gün kommunal təsərrüfatların fəaliyyəti həyətlərin cüzi abadlaşdırılması, təmizliyiə riayət və arayış verilməsi ilə məhdudlaşır. 

Amma hər hansı bir sakin balkonu şüşəbənd etmək və ya başqa təmir işləri görmək niyyətinə düşərsə, o zaman MİS təmsilçisi dərhal peyda olur və xatırladır ki, bu cür işlər binanın xarici görkəmini pozduğundan, belə prosedurların gerçəkləşdirilməsi üçün mənzil sahibi qeyri-rəsmi pul ödəməlidir. Əlbəttə, heç kim binanın memarlıq quruluşuna xələl gətirə bilməz. Belə qadağa ədalətlidir. Amma adətən, belə də olur ki, yerli MİS rəisinin "əlini qızdırmaqla" evin fasadını korlamaq mümkün olur, bu zaman polis sahə rəisini də unutmaq olmaz. Nəticədə, bir qanun pozuntusu digərinə də səbəb olur. 

Maraqlıdır ki, əksər MİS-lərin fəaliyyəti bəzən doğrudan da həyətlərin abadlığında  özünü göstərir. Özü də bu elə gözlənilməz olur ki, adam həyətlərdə ani şəkildə uşaq yelləncəklərinin quraşdırılmasının, skamyaların rənglənməsinin, səkilərin ağardılmasının gözə gələcəyindən qorxur. Belə alınır ki, bəzi MİS-lər doğrudan da hansısa işi görür, o biriləri isə sakinlərdən yerli-yerində kommunal haqları yığmasına baxmayaraq, əlini ağdan-qaraya da vurmur. 

Pulun yığılması ayrı və daha çox məzəli bir mövzudur. Bu yaxınlarda qəbul edilmiş Mənzil Məcəlləsinə görə, MİS-lərin səlahiyyəti bələdiyyələrə ötürülüb, yəni kommunal xidmətlərin ləğv edilməsi üçün hüquqi baza artıq mövcuddur. Amma paradoksal hadisələr baş verir. Bələdiyyələr əhalidən torpaq və əmlak vergisi, MİS isə mənzilhaqqı və hətta bəzi bələdiyyə vergilərini yığır; insanlar, demək olar ki, eyni şeyə görə iki dəfə vergi ödəyirlər. MİS-in bu gün insanlardan mənzilhaqqını hansı qanun əsasında yığdığı bəlli deyil; nəzərə almaq lazımdır ki, onların çoxunun göstərdiyi kommunal xidmət yalnız zibilin yığılması ilə məhdudlaşır. 

Bələdiyyələr sahəsi üzrə ekspert Vüqar Tofiqli "Region plus"la söhbətində bildirib ki, MİS və bələdiyyələrin fəaliyyəti bir-birini təkrarlamamalıdır. Problem ondadır ki, 10 illik mövcudiyyətinə baxmayaraq, Azərbaycan bələdiyyələri hələ də real gücə çevrilməyib. Buna görə də bu gün ölkədə kommunal təsərrüfat kimi rayon qurumlarını ləğv etmək mümkün olmur. 

Düzdür, elə bələdiyyələr var ki, mövcud olduqları 10 il ərzində əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına yönəlmiş çox sayda sosial layihələr gerçəkləşdirib. Həm də yerli özünüidarəetmə qurumlarının fəaliyyət sahəsini tənzimləyən qanunlar da mövcuddur, amma onlar təkmil deyil. Onların fəaliyyət sahələrinin dəqiq reqlamenti yoxdur, bir çox hallarda icra hakimiyyətlərinin işi bələdiyyələrin fəaliyyəti ilə üst-üstə düşür. Buna görə də ölkədə bələdiyyələrin "maraq dairələri"nə yenidən baxılması üçün ekspertiza aparmaq gərəkdir. 

Tofiqli etiraf edir ki, kommunal xidmətlərin öz öhdəlikləri var ki, onlar bələdiyyələr tərəfindən gerçəkləşdirilməməlidir. Buna görə də MİS sahəsində də islahatlar aparılmalı və mənzil fonduna xidmət edilməsi üzrə yeni qurumlar yaradılmalıdır. Bunlar kondominiumlar da ola bilər. Yeri gəlmişkən, onların yaradılması məsələsi Azərbaycanda dəfələrlə ictimai təşkilatlar səviyyəsində müzakirə edilib, Bakının bir neçə binasında bu sahədə pilot layihələr gerçəkləşdirilib və uğurlu nəticələr əldə edilib. Çoxmənzilli binaların ortaq sahiblərinin icması olan bu cür kondominiumlar MDB və Avropanın bir çox ölkələrində mövcuddur; məsələn, Ukraynada ilk kondominiumlar 18 il qabaq, mənzillərin özəlləşdirilməsinə başlayarkən peyda olub. Hazırda bu ölkədə çoxmənzilli binaların ortaq yiyələrinin 1,5 mindən çox icması fəaliyyət göstərir. Mənzil mülkiyyətçisi olan bina yiyələri müqavilələri kiminlə və hansı şərtlərlə bağlamaq barədə qərarları özləri verirlər. Çünki bələdiyyələr bütün bu cür məsələlərlə məşğul olmalı deyil. 

Kondominiumun yaradılması mənzil yiyələri üçün əlverişlidir, çünki mənzil sahiblərinin maraqlarını məhkəmələrdə müdafiə etməli olan, binanın saxlanması üçün nəzərdə tutulan vəsaitlərin səmərəli istifadə edilməsini nəzarətdə saxlamağa cavabdeh real idarəedici peyda olur. Nəticədə, binanın daha səliqəli olması, tariflərin isə MİS-inki səviyyəsində qalması mümkündür. 

Beləliklə, bugünkü reallıq bu cürdür. Mənzil-istismar kontorlarının fəaliyyəti dayandırılmalı və çoxmənzilli binaların sakinlərinin peyda olan problemlərini həll etməkdə maraqlı olan yeni strukturlar yaradılmalıdır. 



MƏSLƏHƏT GÖR:

568