12 Mart 2025

Çərşənbə, 22:54

90 İLLİK ETİBAR

Dövlət sığorta şirkəti müstəqil Azərbaycanın sığorta bazarında liderliyini qorumaq niyyətindədir

Müəllif:

15.10.2011

Bu il 20 yaşını bayram edən müstəqil Azərbaycanın sığorta sektoru da ölkə iqtisadiyyatının bütün başqa sahələr  kimi bazar iqtisadiyyatı şəraitində formalaşmasının 20 illiyini qeyd edir. Maliyyə sektorunun əsas seqmentlərindən olan bu sahə, ötən müddət ərzində Azərbaycan iqtisadiyyatındakı təlatümlərdən tutmuş dünyada baş verən iqtisadi böhranlaradək, "bir-günlük" müvəqqəti şirkətlərin ələnərək bazardan çıxmasınadək mürəkkəb bir formalaşma yolu keçib. Sığorta bazarına dövlət nəzarəti və artan maraq bu cür qısa müddət ərzində əlverişli nəticələr əldə etməyə imkan yaradıb - bu gün artıq əminliklə demək olar ki, Azərbaycanın sığorta sektoru  çətinliklərin öhdəsindən gələrək uğurla inkişaf edir. Müstəqilliyin 20 ili ərzində ölkənin sığorta bazarının birincisi və renkinqlərin əvəzsiz lideri olan  Dövlət Sığorta Şirkəti isə bu il özünün 90 yaşını qeyd edir. 

 

Qanunvericilik bazası 

Müstəqillik illərində Azərbaycanın sığorta sahəsinin necə bir inkişaf yolu keçdiyini aydın təsəvvür etmək üçün bu sektorun indiki vəziyyətini 1990-cı illərin əvvəli ilə müqayisə etmək yetərlidir. Onda hətta elementar qanunvericilik bazası da olmayıb və demək olar ki, 2 il sığorta fəaliyyəti hələ SSRİ dövründə qəbul edilmiş norma və qaydalara əsaslanıb. Yalnız 1993-cü ildə  Milli Məclis tərəfindən Azərbaycan Respulikasının "Sığorta  haqqında" ilk qanunu qəbul edilib. 

Bu qanun ölkədə bazar münasibətləri əsasında sığorta işinini təşkil edilməsi məsələsinə köklü surətdə baxmağa imkan yaratdı, sığorta bazarınının formalaşmasına və onun əhali arasında populyarlaşmasına təkan verdi. Daha sonra isə müxtəlif normativ hüquqi sənədlər hazırlandı  ki, bu da sığorta xidmətlərinin həcminin artmasına və həmin sahədə çalışan şirkətlərin maliyyə sabitliyinin möhkəmlənməsinə imkan yaratdı.

 Bütün bu tədbirlərdən sonra Azərbaycanda sığorta işinin inkişafı daha sürətli templərlə getməyə başlayıb, bir-birinin ardınca "Nəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası haqqında", "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortalanması haqqında", "Məhkəmə və hüquq-mühafizə orqanlarının işçilərinin dövlət icbari şəxsi sığortalanması haqqında", "Dövlət qulluqçularının icbari sığortası haqqında", "Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında" və s. qanunlar qəbul edilib. 

Beləliklə, Azərbaycanın müstəqillik illərində sığorta bazarının inkişafı və onun dünya standartları səviyyəsinə çatdırılması məqsədi ilə 25-dən çox qanun, fərman və qərar qəbul edilib, mövcud hüquqi və normativ baza təkmilləşdirilib (o cümlədən "Sığorta haqqında" qanun yenidən işlənərək "Sığorta fəaliyyəti haqqında" qanun kimi qəbul edilib). 

Bütün bunlar yekunda ölkənin sığorta bazarının inkişafına  səbəb olub və bütün Sığorta Şirkətləri tərəfindən toplanan  sığorta haqlarının həcmini 2007-ci ildə 148 mln manata, 2008-ci ildə 174,2 mln manata, 2009-cu ildə 163,3 mln manata, 2010-cu ildə isə 155,6 mln manata çatdırmağa imkan verib. 

Son iki ildə yığım səviyyəsinin azalmasının səbəbləri barədə çox deyilib və çox yazılıb - dünya iqtisadi böhranı və sığorta bazarının yeni qanunvericilik aktlarına adaptasiya olunması Azərbaycan sığortaçılarının fəaliyyətinə də öz mənfi təsirini göstərib. Amma artıq bu ildən bazar nəzərəçarpacaq dərəcədə canlanıb və bunu, 2011-ci ilin 9 ayının göstəriciləri nümayiş etdirilir: bu müddət ərzində ölkədə fəaliyyət göstərən bütün şirkətlərin topladığı sığorta haqlarının həcmi 165269,2 mln manat olub, sığorta hadisələri  üzrə ödənişlər isə 41189,7 mln manat məbləğində  gerçəkləşdirilib. Əvvəlki renkinqlərdə olduğu kimi, bu dəfə də Azərbaycanın ən yaxşı sığorta şirkətlərinin siyahısına Azərbaycan Respublikasının Dövlət Sığorta Şirkəti başçılıq edib. 

 

Zəmanətli liderlik

"Azərsığorta"nın bazarda liderliyi təsadüfi deyil - doxsan illik fəaliyyət dövründə qazanılmış təcrübə, geniş filial şəbəkəsi, təklif edilən xidmətlərin böyük spektri, etibarlılıq və operativlik şirkətə SSRİ dağılandan sonra da, iqtisadi böhranlar dövründə də müştəri bazasını əldə saxlamağa və hətta artırmağa imkan yaradıb.  "Əsrin müqaviləsi"nin sığorta üzrə operatoru məhz "Azərsığorta" olub və layihənin səhmdarı olan şirkətlərlə fəal əməkdaşlıq edib, qazma işləri, neftin çıxarılması və daşınması ilə bağlı sığorta risqlərini qəbul edib və bölüşdürüb. Şirkətin bu fəaliyyəti sözügedən sazişin sonuna qədər keçərlidir. Bundan başqa, "TRASECA" layihəsi çərçivəsində Azərbaycan ərazisindən keçən tranzit yüklərin sığortalanması, Azərbaycan Hava Yollarına  (AZAL) məxsus təyyarələrin, Xəzər Dəniz Gəmiçiliyinin Xəzər hövzəsində üzən gəmilərinin sığorta edilməsi və başqa iri layihələrdə iştirak uzun müddətə dövlət şirkətinə həvalə edilmişdir. 

Qəbul edilən risqlərin tam zəmanətinin təmin edilməsi üçün Dövlət Sığorta Şirkəti dünyanın tanınmış təkrarsığorta şirkətləri ilə əməkdaşlıq edir. Bu sırada Böyük Britaniyanın "Lloyd" sığorta korporasiyasına daxil olan "Willis Faber",  "Sedcvik" " Marg broker qrupları", Almaniyanın "Munich Re", Yaponiyanın "Tokio Marine", Rusiyanın "İnqosstrax", Türkiyənin  "Merkez Sigorta" və "Yapı Kredi Sigorta" şirkətlərini, İranın "Asiya" Sığorta  şirkətini  göstərmək olar.

Onu da qeyd edək ki, Dövlət Sığorta Şirkəti göstərdiyi xidmətlərə görə beynəlxalq  "ISO-2008" keyfiyyət sertifikatı alıb. 

Dövlət Sığorta Şirkətinin İdarə Heyəti  tərəfindən görülən tədbirlər nəticəsində 2008-ci ildə  21,8 milyon manat, 2009-cu ildə 26,5 milyon manat, 2010-cu ildə isə 24,2 milyon manat sığorta haqqı toplanıb. Artıq son 3 ildə  Xaçmaz, İsmayıllı, Tovuz, Ağstafa, Sabirabad, Lənkaran, Gədəbəy və Cəlilabad kənd rayon filialları ilə yanaşı Bakı şəhərinin Nəsimi, Yasamal və Qaradağ filialları da qarşıya qoyulan məqsədlərə çataraq şirkət rəhbərliyi tərəfindən verilən plan tapşırıqlarını yerinə yetirirlər. 

Azərbaycan Respublikasının Dövlət Sığorta Şirkətinin İdarə Heyətinin sədri Məmməd Məmmədov "Region +"a müsahibəsində qeyd edib ki, bu gün şirkət müştəri bazasını inkişaf etdirməyə və genişləndirməyə, xidmət səviyyəsini təkmilləşdirməyə çalışır. 

- Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan bir sığorta şirkətinin rəhbəri kimi, əhalinin sığortaya maraq səviyyəsini necə qiymətləndirirsiniz?

- Hazırda bizim şirkət əhaliyə 30-dan çox sığorta növü üzrə xidmət göstərir. Şirkət ölkənin bütün regionlarında öz filiallarını və nümayəndəliklərini açıb, sığorta təminatının yaradılması məqsədilə bu nümayəndəlikləri yüksək ixtisaslı kadrlarla təmin edib. 

Bundan başqa, sığorta olunanlar  qarşısında öz öhdəliklərini yerinə yetirmək üçün dövlət şirkəti həm yerli, həm də xarici təkrarsığorta şirkətləri ilə əməkdaşlıq edir. 

Marağa gəldikdə isə, bəllidir ki, Azərbaycanda sığorta icbari və könüllü növlərə bölünüb və bu qrupların hər birinin öz favoritləri var. Belə deyək, icbari sığorta növləri arasında xüsusi populyarlıq nəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari  sığortasına, həmçinin yanğınlardan icbari  sığortaya məxsusdur. Könüllü növlər arasında isə daha çox nəqliyyat vasitələrinin, tikintilərin, fərdi qəza   sığortası, tibbi sığorta və s. geniş yayılıb. 

Qeyd etmək istəyirəm ki, son illərdə əhalinin sığortaya marağının artırılması və bütünlükdə bu sahənin inkişaf etdirilməsi üçün az iş görülməyib ki, bu da, şübhəsiz, cari ilin bazar göstəricilərində əks olunacaq. 

- Görülən işlər dedikdə, qanunvericilik bazasının təkmilləşdirilməsini nəzərdə tutursunuz?

- Bəli, bu amil bazarın fəallaşmasına birinci dərəcəli təsir göstərib. Qeyd edim ki, bizim şirkət əlverişli durumdan yararlanaraq ölkə iqtisadiyyatının sahələrindən biri kimi sığorta bazarının inkişaf etdirilməsini qarşısına məqsəd qoyub. Biz qüvvədə olan sığorta qaydalarının təkmilləşdirilməsi yolu ilə yeni sığorta qaydaları üzərində işləyirik ki, bu da fiziki və hüquqi şəxslərə sığorta hadisələri zamanı  vaxtında ödənişin verilməsinə   imkan yaradacaq.

Bununla yanaşı, bilirsiniz ki, son bir neçə ildə Azərbaycanda sığortanın inkişafına səbəb olan və yığım göstəricilərinin artırılmasını stimullaşdıran vacib sənədlər qəbul edilib. Onların içində iki önəmli qanunu - "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri zamanı peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" və "İcbari sığortalar haqqında" qanunları göstərmək yerinə düşər. Onlar sığorta sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsi işinin yaxşı davamı oldular. 

- Bəs bölgələrin sığorta xidmətləri ilə əhatə olunması səviyyəsi nə yerdədir? 

- Mən artıq qeyd etdim ki, ölkənin bütün şəhər və rayonlarında bizim filiallarımız var və onların vasitəsi ilə şirkət tərəfindən təklif edilən bütün xidmət spektrini təqdim edirik. Bəllidir ki, bölgələrimizin böyük əksəriyyəti aqrar sektorla məşğuldur və "Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında" qanun da bu sahəyə marağın artırılmasına yönəlib.  Qanuna görə, fermer təsərrüfatının ödəyəcəyi sığorta haqqının 50%-ni dövlət öz üzərinə götürür. Bu, öz məhsulunu sığorta etdirmək istəyən kənd sahibkarları üçün yetərincə güclü dəstəkdir. Hər il dövlət büdcəsində bu məqsədlə böyük məbləğ nəzərdə tutulur, amma, təəssüf ki, demək olar heç zaman bu məbləğin 100%-i istifadə edilmir. Açıq-aydın faydalı olmasına baxmayaraq, nə fermerlər, nə də sığortaçılar tərəfindən bu sığorta növünə layiqli qiymət verilməyib. Düzdür, bizim şirkətin agentləri hər il fermerlərlə az miqdarda müqavilə  bağlamağa nail olurlar, amma bu, mövcud potensialın çox kiçik hissəsidir. Bizim şirkətin əməkdaşları tərəfindən həmçinin tikililərin, ev əmlakının, nəqliyyat vasitələrinin, məsuliyyətin sığortası, həmçinin sağlamlığın bədbəxt hadisələrdən sığortası üzrə xidmətlər göstərilir və sığorta haqları yığılır. 

- Sığortanın əhali arasında populyarlaşması üçün, sizcə, hansı tədbirlər vacibdir?

- İlk öncə, təbliğat və maarifçilik. Təəssüf ki, bizdə təbii fəlakətlər, yanğınlar və s. nəticəsində əmlaka zərər dəydikdə insanlar dərhal yerli icra hakimiyyətlərinə üz tuturlar. Amma inkişaf etmiş ölkələrdə əhali hər il öz xərclərinin 10-15%-ni sığorta haqlarına yönəldir. Bizdə bu göstərici çox aşağıdır. 

Yeri gəlmişkən, bu sahədə möv-cud problemlər keçən il Kür və Araz çaylarının daşması zamanı Azərbaycanın bir sıra rayonlarının sakinlərinə dəymiş zərər nəticəsində daha bariz üzə çıxdı. Onda hətta Prezident İlham Əliyev öz çıxışında qeyd etmişdi ki, zərər çəkmiş vətəndaşlardan  heç biri öz tikilisini və təsərrüfatını sığorta etdirməməsi səbəbindən, dövlət  əhaliyə yardım üçün dövlət büdcəsindən böyük vəsaitlər ayırmalı olub. 

- Azərbaycanın Dövlət Sığorta Şirkəti artıq 20 ildir ki, Azərbaycan sığorta bazarında liderliyini qoruyur. Bu müsbət meylin davam etdirilməsi üçün hansı tədbirlər görülür?

- Düşünürəm ki, burada əsas amil müştərilərin etibarıdır, bu etibar 90 illik gərgin əmək nəticəsində qazanılıb. Biz xidmət səviyyəsinin təkmilləşdirilməsi, təqdim edilən xidmətlər zərfinin genişləndirilməsi üçün səylərimizi davam etdirəcəyik, bir sözlə, inkişaf etməkdə və Azərbaycan sığorta bazarını inkişaf etdirməkdə qərarlıyıq. 


MƏSLƏHƏT GÖR:

623