24 Noyabr 2024

Bazar, 13:34

SƏYAHƏTÇİLƏR İLİ

İnfrastruktura sərmayələr və turizm sahəsində islahatlar azərbaycanı xarici turistlər üçün daha cəlbedici edir

Müəllif:

15.10.2011

Bu ilin iki hadisəsi Azərbaycanda istirahət sektorunun inkişafı üçün önəmli oldu: dövlət başçısı tərəfindən 2011-ci ilin Turizm İli elan edilməsi, həmçinin, "Avroviziya" müsabiqəsində ölkəmizin qələbə çalması gələn il Azərbaycana indiyə qədər  görünməmiş sayda turist axınının olacağından xəbər verir. Bu amillər, təbii ki, turizm sahəsində müsbət dəyişikliklərin olmasına, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən yeni təşəbbüslərin gerçəkləşdirilməsinə xeyli təkan verib. 

 

Qiymətlərin salınması - keyfiyyətin yüksəlməsi 

2009-2010-cu illərdə ölkənin turizm sənayesi ilk dəfə olaraq göstərilən xidmətlərə tələbatın nəzərəçarpacaq səviyyədə düşməsi ilə üzləşdi. Vətəndaşların böyük hissəsi Türkiyə, Misir və BƏƏ-nin qlobal böhran dövründə ucuzlaşmış kurortlarına üstünlük verməyə başladı. Bu tənəzzülün qarşısını almaq məqsədi ilə Mədəniyyət və Turizm Nazirliyi ölkənin kurort zonalarında keyfiyyətin yaxşılaşmasına və qiymətlərin aşağı salınmasına yönəlmiş bir sıra tədbirlər gerçəkləşdirdi.  

Qurum mütəxəssislərinin əsas səyləri biznes subyektlərinə məsləhət yardımına yönəldi: cari turizm mövsümünün əvvəlində nazirliyin ekspert qrupları ölkənin şimal-şərqində və qərbində, o cümlədən Qax və Xaçmaz rayonu ərazilərində yerləşən turizm obyektlərində ilk monitorinqləri başa çatdırdılar. Bu araşdırmalarda başlıca məqsəd istirahət sektorunda səciyyəvi problemlərin aşkarlanması və bölgələrdə turistlərə xidmət səviyyəsinin qaldırılması məqsədi ilə özəl sahibkarlara tövsiyələrin hazırlanması idi. Bu cür monitorinqlər nazirlik tərəfindən ölkənin başqa regionlarında da aparılıb. 

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin sözlərinə görə, ölkənin bir sıra turizm obyektlərində işlərin təşkilində çox sayda yanlışlıqlar aşkarlanıb. "Biz turizm obyektlərinin sahiblərinə  səhvləri qısa zamanda düzəltmək üçün yardım edirik, məqsədimiz cari turizm mövsümündə onların işinin səmərəliliyini artırmaqdır. Artıq onların səyləri öz bəhrəsini verir - şimal və cənub bölgələrində turizm xidmətlərinin qiymətinin 15-20 faiz azalması müşahidə edilir ki, bu da çox sevindiricidir. Daxili istirahət qiymətlərinin azalması məsələsi qurumun qarşısına qoyduğu birinci dərəcəli öhdəlikdir, biz bundan sonra da maksimum səy göstərəcəyik ki, vətəndaşlarmızı öz ölkəmizdə istirahət etməyə həvəsləndirək", - deyə Ə.Qarayev vurğulayıb.

Yerli turistlərin Azərbaycanda istirahətə marağının artması artıq  cari ilin ilk səkkiz ayının göstəricilərində özünü bariz göstərir: ölkə regionlarının turizm obyektlərinə 168 min vətəndaş baş çəkib ki, bu da keçən ildəkindən dörddəbir dəfə çoxdur. Bu artım xaricdə istirahət etmək istəyən vətəndaşlarımızın sayının 36,3 faiz azalması ilə izah edilir. Belə ki, keçən il dünyanın populyar kurortlarına 55 min Azərbaycan turisti getmişdisə, bu il onların sayı 35 min təşkil edib. Azərbaycan sakinləri qiymətlərin aşağı və xidmətlərin yüksək olduğu yerli obyektlərə üstünlük veriblər. Uyğun olaraq, ölkənin bölgələrində turizm obyektlərinin orta məşğulluq səviyyəsi də yüksəlib. Yay mövsümünün pikində iş günlərində turist bazalarının və pansionatların məşğulluq səviyyəsi 40%-dən aşağı olmayıb, həftəsonlarında isə demək olar ki, yüzfaizlik səviyyəyə çatıb. 

Regional turizm obyektlərində dincələnənlərin artmasında ölkəmizə gələn turistlərin sayının 14 faiz yüksəlməsinin də rolu olub, burada üstünlük, əsasən, yaxın xaric ölkələrinin payına düşüb. Göstəricilərə görə, Azərbaycana ən çox turist Rusiyadan gəlir - 701 min; daha sonrakı yeri Gürcüstan - 492 min, üçüncü və dördüncü yerləri isə İran və Türkiyə tutur. Bu ölkələrdən uyğun olaraq 350 min və 215 min  turist gəlib. Bütünlükdə, səkkiz ay ərzində Azərbaycana 1,9 mln xarici qonaq gəlib ki, onların 1,5 mln.-u turist kateqoriyasına aid edilə bilər. Özü də Mədəniyyət və Turizm Nazirliyinin qiymətləndirməsinə əsasən, cari ilin nəticələrinə görə, ölkəyə gələn xarici turistlərin sayı 2,1 mln adama çata bilər. 

Amma bununla belə, turizm böl-gələrində istirahət edənlərin sayının artmasının əsas səbəbi qiymətin nəzərəçarapacaq dərəcədə aşağı düşməsidir. Belə ki, yay mövsümündə şimal-şərq bölgəsinin turizm obyektlərində istirahət edənlərdən birinin yaşayış haqqı sutkada 40 manat ətrafında olub, qərb və cənub bölgəsində isə 30-35 manat ətrafında dəyişib. "Maraqlıdır ki, hələ bir-iki il qabaq pansionatların və istirahət zonalarının böyük hissəsi turistlərə yeməyi ayrıca qiymətlə təklif edirdilər, ən yaxşı halda pulsuz yalnız səhər yeməyi verirdilər. Ancaq indi obyektlərin çoxu "hər şey daxildir" prinsipi ilə gündə üç dəfə yemək təklif edir, özü də qiymətə çox kiçik əlavə ilə", - deyə Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Aydın İsmiyev bildirir.

Qiymətlərin birbaşa azaldılması ilə yanaşı, regional turizm şirkətlərinin böyük hissəsi, demək olar ki, turist zərfinin ümumi qiymətini dəyişmədən qrafikə əlavə əməliyyatlar da daxil etməyə başlayıblar. Burada söhbət ekskursiyaların, gəzintilərin və başqa fəal istirahət növlərinin təşkilindən, attraksionlara və çimərlik əyləncələrinə buraxılışdan, istifadə üçün müxtəlif avadanlıq təklif edilməsindən və müxtəlif cür xidmətlərin göstərilməsindən gedir. 

Mədəniyyət və Turizm Nazirliyinin mütəxəssisləri və turizm biznesinin təmsilçiləri keçən il lisenziya qaydalarında nəzərdə tutulan sanitariya və təhlükəsizlik normalarının yerinə yetirilməsinə də çox diqqət yetiriblər. Həmçinin, müvafiq icazəsi olmayan bir sıra zonaların fəaliyyətinin də qarşısı alınıb. Hazırda Azərbaycanda 30-a yaxın turizm obyekti fəaliyyət göstərir, onların üçdəikisindən çoxu nazirlik tərəfindən verilən lisenziya əsasında işləyir. İcazəsiz fəaliyyət göstərən  və əsasən də regionlarda yerləşən qalan obyektlər barədə isə qanunla nəzərdə tutulmuş müvafiq tədbirlər görülür. O cümlədən, xidmətin keyfiyyəti standartlara uyğun gəlmədiyindən, Lənkəran və Qəbələ rayonlarında yerləşən "Xəzər" və "Sahil" istirahət zonalarının lisenziyası geri alınıb. 

Həmçinin , nazirlik qurum mütəxəssisləri tərəfindən hazırlanmış nizamnamyə uyğun olaraq, bələdçilərin attestasiyası üzrə komissiyasını da yaradıb. Attestasiyadan keçmişlər vahid ekskursiyaçı kartı alacaqlar. Bölgə tarixindən və mədəniyyət abidələrindən xəbərsiz, həmçinin,  xarici  dilləri bilməyən insanların bələdçi xidmətləri göstərməyə icazəsi olmayacaq. 

Ötən, xüsusilə də bu il Mədəniyyət və Turizm Nazirliyi mehmanxanaların və istirahət zonalarının çoxdilli interaktiv saytlarının yaradılmasına və onların onlayn xidmətləri göstərməsinə maksimum səy göstəriblər. Elektron və çap kontentlərinin, o cümlədən, ölkənin regional turizm potensialı, tarix və mədəniyyət abidələri barədə xəbər verən jurnalların, bukletlərin, sorğu kitabçalarının və xəritələrin yaradılmasına da böyük diqqət yetirilib. 

 

Gələcəyə planlar 

Sadalanan tədbirlər ölkənin istirahət sektorunda cari Turizm ili çərçivəsində və gələn ilin yazında "Avroviziya" mahnı müsabiqəsinə gələcək çoxsaylı qonaqların qəbulu üzrə nəzərdə tutulan ciddi islahatlar planının yalnız kiçik hissəsidir. Ən önəmli məsələlərdən biri qonaqların qəbulu üçün Azərbaycanda yetərincə mehmanxana potensialının olmasıdır: qlobal iqtisadi böhrana baxmayaraq, yeni otellərin, pansionatların, kempinqlərin və mehmanxana tipli başqa obyektlərin sayı sürətlə artır və artıq 500-ü keçib. Hazırda pansionat, kempinq, turbaza və başqa mehmanxana tipli obyektlərin toplam tutumu 32 mini keçir və özü də yataq yerlərinin 11 mini Bakının payına düşür. Həmçinin, yalnız bu il və  gələn ilin əvvəlinə paytaxtda altı ədəd beşulduz mehmanxana işə salınmalıdır. Onlardan ikisi - "Kempinski Badamdar" və "Hilton Bakı" artıq istismara verilib, başqa otellər - "Flame Tower", "Four Seasons", "Absheron-JW Marriot", "Dedeman Hotels Resorts International" də açılmaq ərəfəsindədir. 

Bununla yanaşı, bizim ölkənin otel potensialının əsasını aşağı klasslı nisbətən kiçik obyektlər təşkil edir. Bu cür azulduzlu obyektlərə tələb, xüsusilə Bakıda  həddindən yüksəkdir. Gələn ilin may ayında şəhərə, əsasən, Avropadan on minlərlə səyahətçi gələcək. "Turistlərin böyük hissəsinin Bakıdakı musiqi festivalına gəlməyi planlaşdıran gənclərin olacağı nəzərə alınarsa, Mədəniyyət və Turizm Nazirliyi sahibkarları iki və üç ulduz mehmanxanaların tikintsinə həvəsləndirməyi qərara alıb", - deyə Əbülfəs Qarayev vurğulayıb. Kiçik və nisbətən ciddi pansionatlar və mehmanxanalar artıq on illərdir ki, Avropanın turist potensilanı uğurla irəli aparır və belə görünür ki, bu meylin inkişafı qarşıda duran uzun illər ərzində bizim ölkə üçün də əsas olacaq. 

Bu cür əlverişli qiymətləri və xidmət keyfiyyəti olan turizm infrastrukturu  xarici qonaqların sayını ildən-ilə artırmağa imkan verir. Əbülfəs Qarayevin sözlərinə görə, ilkin məlumatlara əsasən, keçən il ölkənin turizm sənayesinin dövriyyəsi yalnız xarici qonaqlar üzrə 1,5 mlrd manat təşkil edib. Nazirliyin hesablamasına görə, yaxın beş il ərzində bizim ölkə turist sayını illik 3-4 mln turist səviyyəsinə qaldıracaq. Uyğun olaraq, dövlət başçısı tərəfindən təsdiq edilmiş "2011-ci ilin Azərbaycanda Turizm İli elan edilməsi ilə bağlı tədbirlər planı"nda turizm sahəsində müsbət meyillərin möhkəmləndirilməsi və sürətlənməsi üçün əlverişli şəraitin yaradılması da planlaşdırılır. 

Turizm ili üçün nəzərdə tutulmuş məsələlərin əksəriyyəti ölkənin istirahət resurslarından istifadənin səmərələşdirilməsi, dünya miqyasında bizim gəzməli yerlərin, o cümlədən, təbii-coğrafi landşaft zənginliklərinin, tarixi-mədəni irsin reklamının təşkili və populyarlaşdırılması ilə bağlıdır. Bu planın yerinə yetirilməsi yalnız istirahət və səyahət sahəsinin inkişafına təkan verməklə qalmayacaq. Mədəniyyət və turizmin sıx qarşılıqlı əlaqəsi nəzərə alınarsa, biz xalqımızın zəngin mədəniyyətini bütün dünyaya tanıtmaq üçün istirahət sektorunun imkanlarından yararlanmalıyıq. Yəni Mədəniyyət  və Turizm Nazirliyi  hesab edir ki, xarici qonaqların axını əlavə gəlir və imkanlar deməkdir ki, bundan da birmənalı şəkildə mədəniyyət udur. 

Tədbirlər planının istiqamətlərindən biri bu sahə üçün kadrların hazırlanmasını, həmçinin, Turizm İnstitutunun fəaliyyətinin daha da inkişaf etdirilməsini, profil üzrə bir neçə orta ixtisas məktəbinin yaradılmasını əhatə edir.  Həmçinin, İqtisadi İnkişaf Nazirliyinin xətti üzrə turizm sahəsində fəaliyyət göstərən kiçik və orta sahibkarlara güzəştli kreditlərin verilməsi də planlaşdırılır. 

İstirahət və kurort zonalarının inkişafına iri yerli və xarici sərmayələrin cəlb edilməsi üçün əlavə stimullar nəzərdə tutulur. Tədbirlər planına uyğun olaraq, müxtəlif mədəniyyət aksiyaları çərçivəsində aztəminatlı ailələrin uşaqlarının, əlil uşaqların və yetimlərin ölkənin müxtəlif turizm zonalarına aparılması planlaşdırılır. 

Bizim ölkəyə yollayışla gəlmiş xarici turistlərə isə biletlər güzəştli qiymətlərlə satılacaq. Onlar üçün sadələşdirilmiş viza rejimi nəzərdə tutulur. Burada söhbət hava, dəniz, beynəlxalq və yerli avtobus turist daşımalarından gedir ki, Dövlət Miqrasiya Xidməti, Xarici İşlər Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi müvafiq təkliflərini işləyib-hazırlamalıdır. 

İstirahət zonalarının idarəedilməsi və turizm infrastrukturunun inkişafı sahəsində ciddi dəyişikliklər gözlənilir. O cümlədən, il ərzində ölkə üzrə tarix və mədəniyyət abidələrinə, xüsusitəyinatlı abidələrə aparan yollar abadlaşdırılacaq və təmir ediləcək, xüsusi turist yol işarələri qoyulacaq. "Şahdağ" yay-qış turist kompleksinin yaradılması üzrə işlər sürətləndiriləcək, Şabran və Lahıc tarix-mədəniyyət qoruqlarında turizm  infrastrukturunun yaradılması üzrə xüsusi işlər görüləcək, həmçinin, çağdaş xəritə işlənəcək. 

Ölkədə Xəzər çimərliklərinin idarə edilməsinin yeni mexanizminin tətbiqi gözlənilir, onun işlənməsi Ekologiya və Təbii Sərvətlər, Mədənyyət və Turizm, İqtisadi İnkişaf və Fövqəladə Hallar nazirliklərinə tapşırılıb. Əsas məsələlər sırasına sahil zonasında təsərrüfat və kommersiya fəaliyyəti üzərində nəzarətin gücləndirilməsi, turistlərin çimərliklərə maneəsiz girişinin təmin edilməsi, həmçinin, ölkənin çoxkilometrlik sahil zonasında ekoloji və kommunal intizamın yaradılmasıdır. 

Turizmin inkişafı məqsədi ilə həm də qanunvericiliyə dəyişiklik edilməsi nəzərdə tutulur. Yaxın iki ayda Mədəniyyət və Turizm, həmçinin, Ədliyyə nazirlikləri parlamentə yeni "Turizm haqqında" qanun layihəsini təqdim etməlidirlər; qanunun Milli Məclis tərəfindən ilin sonuna kimi qəbul edilməsi planlaşdırılır. Qanun çərçivəsində turizm resurslarının dövlət kadastrının yaradılması planlaşdırılır, turizm resurslarının qiymətləndirilməsi və onların kadastra daxil edilməsi turizm resurslarının statusunu, onların coğrafi yerini, sərhədlərini, elmi, ekoloji  və mədəni dəyərini, mühafizə rejimini, həmçinin, perspektiv istifadə üsullarını təyin etməyə imkan verəcək.



MƏSLƏHƏT GÖR:

428