Müəllif: Sahil İSGƏNDƏROV, politoloq Bakı
Enerjidaşıyıcılarının Avropaya nəqlinin diversifikasiyası ilə bağlı yay tətilindən sonra yeni mərhələyə qədəm qoymuş mübahisələr getdikcə daha da qızışır. Avropa İttifaqının (Aİ) Transxəzər qaz kəməri layihəsinin reallaşdırılması üçün hüquqi razılaşmanın imzalanması mandatını Avropa Komissiyasına verməsi Moskvanın tənqidinə səbəb olub. Nəticədə, Avropa Komissiyası "Qazprom"un Mərkəzi və Şərqi Avropa ölkələrindəki ofislərində, həmçinin, onun törəmə qurumlarında yoxlamalara başlayıb. Yoxlamalar "Qazprom"un Avropadakı bir sıra müştərilərinin ofislərində də aparılır.
Ümumilikdə, Avropanın 10 ölkəsində belə yoxlamalar həyata keçirilib. Yoxlamalara məruz qalmış şirkətlər arasında "EON Ruhrgas", "PGNiG", "OMV" və "RWE" də var. Yeri gəlmişkən, "OMV" (Avstriya) və "RWE" (Almaniya) "Nabukko" layihəsini reallaşdırmalı olan konsorsiumun üzvləri də var.
Avropa Komissiyasının rəsmi açıqlamasında bildirilir ki, yoxlamalar "Mərkəzi və Şərqi Avropa ölkələrinə təbii qazın nəqlində rəqabət qaydalarının pozulması hallarının mümkünlüyünə dair şübhələr"lə bağlıdır. Başqa sözlə, qurum Moskvanın nəzərinə çatdırmaq istəyir ki, onun əməlində siyasi və digər məqamlar axtarmaq lazım deyil: bu, sadəcə biznesdir.
Avropa Komissiyasının press-relizində bildirilir ki, aparılan yoxlamalar həmin şirkətlərin avtomatik olaraq günahkar sayılması demək deyil. Bununla yanaşı, Aİ-nin enerji məsələləri üzrə ali komissarı Günter Otinger yoxlamalara Aİ-nin antiinhisar qaydalarının pozulduğuna dair şübhələrin səbəb olduğunu bildirib. Demək, baş verənlər təsadüf deyil.
Avropa Komissiyası xüsusilə "Qazprom-Almaniya" şirkətini qiymətin müəyyən edilməsi məsələsində bazara təsir imkanlarından sui-istifadədə günahlandırır, onun sağlam rəqabət qaydalarını pozduğunu iddia edir. Avropa Komissiyasının rəqabət məsələləri üzrə mətbuat katibi Ameliya Torres də analoji ruhlu açıqlama ilə çıxış edib: "Bu, sıravi yoxlama deyil. Biz antiinhisar tədqiqatlarını yalnız əlimizdə ciddi əsaslar olarkən aparırıq".
Rusiyanın qaz monopoliyaçısı olan "Qazprom" isə onu antiinhisar qanunvericiliyinin tələblərini pozmaqda günahlandıran Avropa Komissiyasına bütün lazımi dəstəyi verməyə hazır olduğunu bəyan edib. Bununla yanaşı, AK Avropa İttifaqının 18 ölkəsini "üçüncü enerji paketi"nin şərtlərinə əməl etmədiyi üçün məhkəməyə vermək fikrindədir. Qeyd edək ki, sözügedən "paket" ölkələrin qaz bazarını liberallaşdırmasına kömək etmək üçün nəzərdə tutulub. Enerji bazarlarında rəqabətin inkişafını nəzərdə tutan həmin sənədə əsasən, istehsalçı şirkətlər eyni zamanda paylayıcı və nəqledici şəbəkələrə malik ola bilməz. Aİ bu paketi 2009-cu ildə "Qazprom"dan asılılığı azaltmaq niyyəti ilə qəbul edib.
Avropanın "Qazprom"la əlaqəli bir sıra şirkətlərində aparılan yoxlamaların Şərqi Avropa ölkələrinin Rusiyanın "mavi yanacaq"a görə qiyməti artırmasından narazılığının nəticəsi olduğu istisna deyil. Eyni zamanda bu, "Cənub axını" qaz kəməri ilə Avropanın "Nabukko" layihəsi arasında rəqabətin nəticəsi də ola bilər. Hər halda, aparılan yoxlamalar nəticəsində antiinhisar qaydalarının pozulduğuna dair faktlar ortaya çıxarsa, bu, "Qazprom"un milyardlarla cərimələnəcəyi deməkdir (bəzi qiymətləndirmələrə görə, təxminən, 4,5 milyard avro).
Avropada ehtiraslar yatmamış, Moskva bu dəfə Ankara tərəfindən daha bir xoşagəlməz "sürpriz"lə qarşılaşıb. Oktyabrın ilk günündə Türkiyənin enerji naziri Taner Yıldız bəyan edib ki, onlar "Botas" xətti ilə "Qərb marşrutu üzrə" Rusiyadan qaz alışını dayandırır. Qeyd edək ki, hələ SSRİ dövründə (1986) imzalanmış razılaşmaya əsasən, Türkiyə bu marşrutla ildə 6 milyard kubmetr Rusiya qazı idxal edirdi. Müqavilənin müddəti bu ilin dekabrında başa çatır. Türkiyənin dövlət şirkəti olan "Botas"ın "Qazprom"la müqaviləni uzatmaqdan imtinası Ankaranın Rusiyadan aldığı qazın həcminin 18 milyard kubmetrdən (ötənilki göstərici) 12 milyard kubmetrə enəcəyi anlamını verir. Tərəflər arasındakı razılaşma isə ildə 30 milyard kubmetr qazın ("Qərb marşrutu" nəzərə alınmaqla) nəqlini nəzərdə tuturdu.
Rəsmi versiyaya əsasən, Tür-kiyənin imtinasına səbəb Moskvanın yanacağın qiymətində 20% endirim etmək istəməməsidir. Türkiyə uzun müddətdir davam edən danışıqlarda məhz buna nail olmaq istəyirdi. 2009-cu ildə Rusiya ilə Türkiyə arasında imzalanmış hökumətlərarası qaz protokolunda da Moskva "mavi yanacaq"ın qiymətinin aşağı salınacağını vəd etmişdi. Üstəlik, protokolun imzalanmasından bir müddət sonra, Rusiya Baş nazirinin müavini İqor Syoçin endirimin olacağını bir daha təsdiqləmişdi.
Yeri gəlmişkən, qiymət məsələsi Moskva ilə Mərkəzi və Qərbi Avropa ölkələri arasında da diskussiya mövzusudur. "Qazprom" həmin ölkələr üçün bu ilin dördüncü rübündən etibarən, 1000 kubmetr qaza görə, 500 dollar qiymət müəyyənləşdirib (təxminən, Türkiyə üçün olduğu qədər).
Bəzi ekspertlər hesab edir ki, Ankara ilə danışıqlarda güzəştə getməyən Moskva Türkiyənin Şimaldan gələn qazdan imtina edə bilməyəcəyini düşünürdü. Lakin göründüyü kimi, o yanılıb. İqtisadçıların hesablamasına görə, Ankaranın "Qərb marşrutu"ndan imtinası "Qazprom"a ildə, təxminən, 2,5 milyard dollar bahasına başa gələcək. Bununla yanaşı, yaranmış vəziyyət Rusiya üçün daha ciddi fəsadlara da yol aça bilər.
Ankara ilə Moskva Qara dənizin Türkiyəyə aid hissəsindən də keçməli olan "Cənub axını" qaz kəməri ilə bağlı hələ də razılığa gəlməyib. İndi Türkiyə layihədə iştirakdan imtina edə bilər. Təbii ki, Ankara "Qərb marşrutu"ndan imtina edərkən, alternativ qaz kəmərlərinə, həmçinin, "Nabukko"ya ümid bəsləyir. Bunu Türkiyənin enerji naziri T.Yıldız da dəfələrlə dilə gətirib. "Biz "Nabukko"ya strateji layihə kimi baxırıq və onun reallaşdırılması üçün əlimizdən gələni edəcəyik", - deyə o bildirib. Nazirin bu bəyanatı göstərir ki, Ankara Rusiyadan asılı vəziyyətdə qalmamaq üçün yaxın zamanlarda diqqətini Azərbaycan və İran qazına yönəldə bilər. Üstəlik, hazırda Bakı ilə Ankara qaz razılaşması paketini razılaşdırmaq ərəfəsindədir. Razılaşma "Şahdəniz" yatağının ikinci fazası çərçivəsində qaz nəqlinə dair müqavilənin imzalanmasını, həmçinin, Azərbaycan qazının Avropaya Türkiyə ərazisi ilə nəqlini nəzərdə tutur.
10 Avropa ölkəsində Rusiyanın qaz monopoliyaçısı ilə əlaqəli şirkətlərin, həmçinin, "Qazprom"un törəmə şirkətlərinin yoxlanılması, üstəlik, Ankaranın "Qərb marşrutu"ndan imtinası, Azərbaycanla Türkiyənin uzun müddət razılaşdıra bilmədiyi qaz razılaşmasının imzalanmaq ərəfəsində olması göstərir ki, son hadisələrdə yalnız iqtisadi deyil, siyasi məqamlar da var. Güman ki, bütün mövcud resurslarını və vasitələrini, həmçinin, tərəfdaşlarını səfərbər etmiş Qərb Rusiyaya "cəbhəboyu" təzyiqlərə başlayıb. Məqsəd Moskvanı "Nabukko" və Transxəzər qaz kəməri layihələrinin reallaşdırılmasına mane olmaqdan çəkindirməkdir. Bu taktika müsbət nəticələnəcəyi təqdirdə, "Qazprom"un qiymət diktəsindən şikayətlənən avropalı istehlakçı Rusiya qazının qiymətinin aşağı salınmasına dair danışıqlarda güclü rçaq əldə edəcək. Digər tərəfdən, bu, Xəzər regionu ölkələrinə Avropa bazarlarına birbaşa çıxış imkanı da verəcək. Bu, rəqabət əsasında enerjidaşıyıcılarının qiymətinin ucuzlaşmasına aparıb çıxara bilər.
Bu gün ciddi sınaqlarla qarşılaşmış Avropa iqtisadiyyatı üçün bu vəziyyət vaxtında gələn kömək olardı. "Qazprom"un uzunmüddətli müqavilələrdə təyin etdiyi sabit yüksək qiymət Avropa istehlakçısı üçün sərfəli deyil və onun iqtisadiyyatına ağır yükdür. Bundan başqa, enerjidaşıyıcıları mənbələrinin və marşrutlarının diversifikasiyası Qərbin mütəmadi olaraq siyasi məqsədlər üçün "enerji dəyənəyi"ndən istifadədə ittiham etdiyi Moskvanın imkanlarını məhdudlaşdırardı.
Avropanın Rusiyadan yan keçən layihələri reallaşdırmaqda israrlı olduğunu göstərən daha bir məqam enerji məsələləri üzrə avrokomissar G.Otingerin oktyabrın əvvəllərində Astanada keçirilən VI Avrasiya Kazenergy forumunda Qazaxıstanı (Rusiya və Belarusla birlikdə Gömrük İttifaqının həmtəsisçisi) Transxəzər qaz kəməri layihəsinə qoşulmağa dəvət etməsidir.
Qərb layihələri bir neçə il əvvəl onlarda iştirak etməyə prinsipial razılığını vermiş Türkmənistanı da getdikcə daha çox cəlb edir. Axı qaz hasilatını artıran Türkmənistan üçün Avropa bazarlarına birbaşa çıxış əldə etmək zamanın tələbidir. Bu, xüsusilə Türkmənistanı Rusiya vasitəsilə Qazaxıstanla birləşdirməli olan Xəzəryanı qaz kəmərinin inşasının təxirə salınması fonunda da aktualdır. Rusiya Baş nazirinin müavini S.Seçin bildirir ki, Xəzəryanı qaz kəmərinin inşasının təxirə salınması Aİ bazarlarında qaza olan tələbatın artmasını gözləmələri ilə bağlıdır. Amma əksər ekspertlər layihənin təxirə düşməsini Moskva ilə Aşqabad arasında 2009-cu ildən Türkmənistan qazının qiyməti və həcmi ilə bağlı mövcud olan fikir ayrılığı ilə əlaqələndirir. Maraqlıdır ki, o zaman Rusiya Türkmənistana "Nabukko"dan imtina müqabilində qazını TƏPH (Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan) kəməri ilə Cənubi Asiya bazarlarına çıxarmaqda kömək edəcəyini bildirirdi. Bu isə çətin ki, Aİ-nin ürəyincə olsun. Bütün bunlar Moskva-Brüssel qarşıdurması da daxil olmaqla, bütün bu ziddiyyətlərdə ciddi siyasi məqamların da olduğuna daha bir sübutdur.
"Qazprom"da yoxlamalara başlamış Avropa Rusiyanın qaz monopoliyaçısını Moskvanın öz xarici siyasətində istifadə etdiyi əsas oyunçulardan biri sayır. Ola bilsin, Almaniyanın "Şpigel" jurnalının məhz "Qazprom"un Rusiyanı yenidən fövqəldövlətə çevirməli olduğunu yazması da bununla bağlıdır. Brüsseldə əmindirlər ki, "Qazprom"un strategiyası şirkətin ofislərində deyil, Kremldə hazırlanır. Odur ki, Avropa Komissiyasının son addımlarının Vladimir Putinin Kremlə qayıdacağının elan olunması ilə bağlılığı da istisna deyil. Hər halda, Putinin ənənəvi sərt siyasətin tərəfdarı olduğu bəllidir.
Moskva öz növbəsində bu qarşıdurmada bir neçə əks-gediş edib. "Qazpromeksport"un rəhbəri Aleksandr Medvedev bildirib ki, Rusiyanın qaz monopolisti Türkiyənin "Botas" şirkətinin imtina etdiyi qazı yeni tərəfdaşlara satmaq fikrindədir. Söhbət Türkiyənin özəl şirkətlərindən gedir. Eyni varianta Ukraynaya qaz satışında da əl atılması nəzərdə tutulub. "Qazprom"la Ukraynanın "Naftoqaz" şirkəti arasında razılaşma ləğv olunarsa, Rusiyanın monopoliyaçısı "mavi yanacaq"ı öz törəmələrinə - "Qazpromsbıt-Ukrayna" və "UkrQaz-Enerqo"ya satacaq.
Rusiyanın Baş naziri Vladimir Putinin bu yaxınlarda postsovet ölkələrinə Gömrük İttifaqının bazasında Avrasiya Birliyində bir araya gəlmək təklifini də Moskvanın baş verənlərə daha bir cavabı kimi qiymətləndirmək olar.
Görünən odur ki, "pərdəarxası"nda Avropanın bəzi aparıcı dövlətlərinə dəstək verən Kreml Aİ-nin birliyinə zərbə vurmaq, bununla da "Qazprom"a təzyiqləri neytrallaşdırmaq, həmçinin, alternativ enerji layihələrinin reallaşdırılmasını ən-gəlləmək istəyir. Bu məsələdə Moskva, güman ki, sentyabrın əvvəlindən Rusiya ilə birlikdə "Şimal axını" layihəsinin reallaşdırılmasına başlamış Almaniyanın dəstəyinə arxalanır.
Yeri gəlmişkən, V. Putin Berlinin (həm də digərlərinin) Aİ-də Rusiyanın maraqlarını dəstəklədiyini Ukrayna Prezidenti Viktor Yanukoviçlə Zavidovda apardığı qapalı danışıqlarda açıq şəkildə dilə gətirib. Rusiya KİV-in yazdığına görə, Prezident Dmitri Medvedevin də iştirak etdiyi görüşdə Putin Yanukoviçi Gömrük İttifaqına üzvlüyə razı salmağa çalışıb. O, Aİ-də Kiyevi heç kimin gözləmədiyini, Avropanın heç zaman Moskvanın maraqlarına birbaşa zidd olan qərarlar verməyəcəyini, Aİ-də, Almaniya başda olmaqla, bir sıra ölkələrin Moskvanın maraqlarını müdafiə etdiyini söyləyib.
V. Putinin bu sözlərini nəzərə alsaq, Almaniyanın "Qazprom"la əlaqəli bir sıra aparıcı şirkətlərinin eyni vaxtda Avropa Komissiyasının şübhəli bildiyi qurumlar sırasına düşməsi təsadüfi deyil. Burada siyasətin, yoxsa iqtisadiyyatın daha öndə olduğunu necə müəyyənləşdirmək olar?
MƏSLƏHƏT GÖR: