15 Mart 2025

Şənbə, 02:46

"QIRĞI"ların GİROVLARI

Suriya böhranı təhlükəli mərhələyə qədəm qoyub

Müəllif:

15.10.2011

Suriya ətrafında baş verənlər daha dramatik xarakter almaqdadır. Qərbin BMT Təhlükəsizlik Şurasında Dəməşqə qarşı sanksiyaların qəbuluna etdiyi uğursuz cəhddən dərhal sonra, Yaxın Şərqdə daha bir "inqilab" böhranı baş verib.

 

"Qarşıdurmalar fəlsəfəsi" ruhunda

Fransa, Almaniya, Portuqaliya və Böyük Britaniya tərəfindən hazırlanmış qətnamə layihəsinin qəbulunu Rusiya ilə Çin əngəlləyib. Onlar Suriyaya Liviya ssenarisinin, yəni daxili qarşıdurmaya kənardan hərbi müdaxilənin yolverilməzliyini bəyan edib. Rusiyanın BMT-dəki daimi nüma-yəndəsi Vitali Çurkinin sözlərinə görə, hazırlanmış qətnamə layihəsi "qarşıdurma fəlsəfəsi" üzərində qurulub və orada Suriya hakimiyyəti birtərəfli şəkildə ittiham olunur.

Moskva ilə Pekinin bu mövqeyi Birləşmiş Ştatlarla Avropa İttifaqı tərəfindən sərt tənqid olunub. "Azadlıq istəyində olan, elementar hüquqlarına hörmət tələb edən Suriya xalqı bunun əvəzində Təhlükəsizlik Şurasının bəzi üzvlərindən möhkəm zərbə aldı. Suriya və region xalqları bu gün bizim aramızda kimlərin onların müsbət gələcəyini  istədiyini, kimlərin diktatorları müdafiə etdiyini gördü", - deyə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Syuzan Rays bildirib.

Amerikanın dövlət katibi Hillari Klinton isə Rusiya ilə Çini TŞ-də veto hüquqlarından istifadə etmək qərarlarını Suriya xalqına izah etməyə çağırıb.

Hadisələr göstərir ki, BMT TŞ-də antisuriya qətnaməsinin iflasa uğraması hələ heç də Suriyada Rusiya və Çinin qəbul etmədiyi ssenarinin işləməyəcəyi demək deyil. Yeri gəlmişkən, Moskva ilə Pekinin qətnamənin qəbulunu regiondakı geosiyasi və iqtisadi maraqları baxımından əngəllədiyi şübhə doğurmur.

İstənilən halda, Türkiyə də Bəşər Əsəd rejiminə bütün mümkün təzyiqlərin göstərilməsinə hazır olduğunu göstərir və bu işdə onu həm ABŞ, həm də Aİ dəstəkləyir. Türkiyə xarici işlər naziri Əhməd Davudoğlunun Suriya ilə bağlı "istənilən qaçılmaz tədbirlərin görülməsinə hazır olduqlarını" söyləməsi göstərir ki, "ərəb baharı" regionda nəhəng geosiyasi "soyuqlaşma" ilə nəticələnə bilər ki, bu da Ankara ilə Dəməşqdən başqa, digər ölkələr üçün də təsirsiz ötüşməyəcək.

 

Ərdoğan Əsədə qarşı

Hələ bir neçə ay əvvəl Ankara ilə Dəməşq dostluq münasibətlərində idi. Amma "ərəb baharı"na həmahəng olaraq, Suriyada etirazların artması Türkiyənin qarşısında bütün İslam Dünyası üçün mərkəz rolunu üzərinə götürmək kimi cəlbedici perspektiv açdı və bu, iki ölkəni qarşı-qarşıya qoydu.

Ankara Dəməşqə eyni vaxtda diplomatik, iqtisadi və hərbi-siyasi təzyiqləri artırır. Bir tərəfdən, Türkiyə Baş naziri Rəcəb Təyyib Ərdoğan BMT TŞ-də Moskva və Pekinin vetosuna baxmayaraq, Suriyaya qarşı sanksiyaların tətbiqinə çalışacağını bildirir, digər yandan, Ankara Dəməşqə qarşı birtərəfli iqtisadi sanksiyaları artırır. Türkiyə Əsəd rejimi ilə hərbi əməkdaşlığın dayandırıldığını da bəyan edib. Bu, xüsusilə Suriyaya silah satışına qadağa qoyulmasını nəzərdə tutur.

Bundan başqa, Türkiyə Suriya ilə sərhəddə genişmiqyaslı hərbi təlimlərə başlayıb. Məhz bu təlimlərin fonunda Ə. Davudoğlu yuxarıda qeyd etdiyimiz bəyanatı səsləndirib.

Ərdoğan Ankaranın hərəkətlərini "Suriyada əliyalın, günahsız insanların kütləvi şəkildə qətlə yetirilməsi" ilə əsaslandırır və bunu "sakit şəkildə kənarda dayanaraq müşahidə etməyin mümkünsüzlüyünü" bildirir. Türkiyə XİN isə ölkə silahlı qüvvələrinin hərbi təlimlərini Suriya ordusunun Türkiyə ərazisinə keçməyə cəhd göstərən hərbçiləri həbs etməsinə cavab kimi qiymətləndirir. Əslində, Ankaranın Suriya ilə "haqq-hesab çəkimək" cəhdləri, güman ki, bu ölkədəki vətəndaş müharibəsinin Türkiyəyə də təsir edəcəyindən yaranan ehtiyatlılıqla bağlıdır. Söhbət heç də yalnız Suriyadan Türkiyə ərazisinə yüz minlərlə qaçqının üz tuta biləcəyindən getmir. Baş verənlər Suriyanın parçalanmasına səbəb ola bilər. Buna çalışan Qərb Dəməşqə qarşı təbliğat müharibəsində sünni-şiə qarşıdurması, Suriyanın ələvi azlıq tərəfindən idarə olunması, həmçinin, daha bir kürd muxtariyyətinin yaranmasının mümkünlüyünü (Səddam Hüseyn rejiminin devrilməsindən sonra, İraqın şimalında yaradılmış muxtariyyətin analoqu kimi) fəal şəkildə gündəmə gətirir.

Şübhəsiz, bütün bunlar Ankaranın maraqlarına ziddir və bu səbəbdən, Türkiyə "Suriya düyünü"nün açılmasında bilavasitə iştirak etməyə qərar verib. Baş verənlərin fonunda Ankaranın faktik olaraq Qərbin oyunçusu olmasına dair fikirlər də Ərdoğan hökumətini narahat etmir. "Bəzi ölkələrin fikrincə, Türkiyə Qərbin razılığı ilə hərəkət edir. Amma bu, belə deyil. Ankara müstəqil siyasət yürüdür", - deyə Davudoğlu bildirib.

Türkiyənin Suriya müxalifətinin liderlərinə sığınacaq verməsinə də bu konteksdə yanaşılmalıdır. İstanbulda formalaşdırılan "Suriya Milli Şurası" həm ölkə daxilində, həm də ondan kənarda "Suriya inqilabının maraqlarını təmsil edəcəyini" açıqlayıb.

Rəsmi Dəməşq isə dünya ictimaiyyətini Milli Şuranı tanımaqdan çəkinməyə çağırır, əks-təqdirdə "sərt tədbirlər" görüləcəyi ilə hədələyir. Ankaranı isə təbii ki, bu hədələr qorxutmur.  Çünki Türkiyənin siyasəti ilə bağlı narazılığını gizlətməyən İranın səsləndirdiyi iddialar daha ciddidir.

 

Tehran hiddətlənir

Tehran Ankaranı "ikili oyun" oynamaqda ittiham edir. İran ruhanilərinin yüksəkrütbəli nüma-yəndəsi ayətulla Nasir Şirazi deyib: "Türkiyənin lovğalıq edə-cəyini, Suriyaya qarşı çıxacağını gözləmirdik. Türkiyə anlamalıdır ki, Suriyaya vurulan zərər onun özünə qarşı da yönələcək. Lov-ğalıq edənlər, adətən, alınyazısını görmür və rahat yatır. Amma anlamalıdırlar ki, fəlakət bir gün onların da qapısını döyəcək".

Bir neçə iranlı xadim də eyni ruhlu bəyanatla çıxış edib. Xüsusilə ölkənin ali dini liderinin köməkçisi Səid Yəhya Səfehi Türkiyə-İran münasibətlərinin "pozula biləcəyini" istisna etməyib: "Türkiyə İrana qarşı düz siyasət yürütmür. O, siyasətini dəyişməsə, daxili və xarici siyasətdə problemlərlə qarşılaşacaq".

İranı xüsusilə Türkiyənin Suriya ilə sərhəddə hərbi təlimlər keçirməsi hiddətləndirib. Ankaranın Amerikanın Hava Hücumundan Müdafiə (HHM) Sisteminə aid elementləri öz ərazisində yerləşdirməyə qərar verməsi də İranın qəzəbinə səbəb olub. İran Prezidenti Mahmud Əhmədinejad bildirib ki, Ankaranın bu qərarı "sionist rejim"inin müdafiəsinə yönəlib: "Çünki Təl-Əviv bizimlə müharibəyə başlayacağı təqdirdə, İran raketlərinin İsrail ərazisinə çatmayacağına zəmanət lazımdır".

Tehran anlayır ki, onun Bəşər Əsəd kimi yaxın müttəfiqinin devrilməsi İranı Yaxın Şərqdə baş verənlərə müdaxilə imkanlarından məhrum edəcək. Amma bir məqam da aydındır ki, Türkiyə-Suriya-İran üçbucağı arasında münasibətlərin daha da pozulmasında həm ABŞ, həm də Qərb maraqlıdır. Onlar nüvə dövlətinə çevrilməyə çalışan İrana təzyiq imkanı verəcək istənilən imkandan yararlanmağa hazırdırlar.

 

İlk mərmi təhlükəsi

Bütün bunlarla yanaşı, Suriya böhranı sona doğru gedir.  Əsəd və ölkə üzərində Domokl qılıncı kimi asılmış müharibə təhlükəsi artacağı vəziyyətdə, "nə etməli" sualına cavab axtaran avtoritetli şəxslərin sayı çoxalmaqdadır. Rəsmi dairələrin və nüfuzlu dini xadimlərin baş verənlərə reaksiyası belə düşünməyə əsas verir ki, Dəməşq Bəşər Əsədin ölkənin siyasi meydanından çəkilməsində maraqlı olan fövqəldövlətlərin israr etdiyi dəyişikliklərə sonadək müqavimət göstərmək fikrindədir. Bundan başqa, Suriya radikalları lazım gələcəyi təqdirdə, düşünmədən döyüşə atılmağa hazırdır. Nüfuzlu müfti Əhməd Hasun Suriyaya hərbi müdaxilənin olacağı təqdirdə, hətta Avropa və ABŞ-ı terror aktları ilə də hədələyib. O bildirib ki, "ölkə ərazisinə ilk mərmi düşən kimi, bizim ABŞ, Avropa və İsraildə yaşayan suriyalı qardaş və bacılarımız sizin ərazilərinizdə məmnuniyyətlə şəhidə çevriləcəklər".

Bir müddət əvvəl yayılmış məlumatda isə Prezident Bəşər Əsədin Türkiyənin XİN başçısı Əhməd Davudoğlu ilə görüşdə hədələr səsləndirdiyi bildirilirdi: o deyib ki, NATO Suriyaya qarşı hərbi əməliyyatlara başlayacağı təqdirdə, Dəməşq İsrail ərazisinə yüzlərlə raket zərbəsi endirəcək, Livanın "Hizbullah" hərəkatını da analoji addım atmağa çağıracaq. Amma sonradan Suriya prezidentinin belə söz demədiyi aydınlaşıb. Suriya XİN yayılmış bu informasiyanın "saxtakarlıq və dezinformasiya" olduğunu bəyan edib, onu "Suriyaya qarşı inanılmaz miqyasda aparılan aqressiv kampaniyanın göstəricisi" adlandırıb.

Bununla yanaşı, yaranmış bu kazus göstərir ki, Suriya böhranı, sözün əsl mənasında, daha təhlükəli mərhələyə qədəm qo-yub. Çünki əsl müharibə ərəfəsində həmişə qızışan informasiya müharibəsi, artıq kulminasiya nöqtəsinə yaxınlaşır. Şübhəsiz, Qərb İranla haqq-hesab çürüdənədək, Suriyadakı rejimi dəyişməyə çalışır.

Amerika xüsusi xidmət orqanlarının məlumatına görə, İran artıq 2013-cü ildə nüvə silahı əldə edə bilər. Odur ki, İrana aparan yolların "təmizlənməsi" üçün vaxt çox azdır. Bu yolda əsas maneələrdən biri də Əsəd rejimidir. Region dövlətlərinin və büitünlükdə dünya ictimaiyyətinin bütünlükdə Şərqi partlada biləcək yeni müharibəni önləmək üçün müdrikliyi çatacaqmı? Yoxsa yenə də hər şey "qırğılar"ın "maraqlı dövlətlər"in kabinetlərində  cızdıqları planlar üzrə gedəcək?..



MƏSLƏHƏT GÖR:

419