
YENİ BİRLİK OLACAQMI?
Vladimir Putinin Avrasiya birliyi ideyası nə qədər realdır?
Müəllif: Ceyhun NƏCƏFOV Bakı
Rusiyanın Baş naziri Vladimir Putinin yeni ideyası - Avrasiya Birliyinin yaradılması təşəbbüsü həm Rusiyada, həm də keçmiş SSRİ respublikalarında qızğın müzakirələrə səbəb olub. Xatırladaq ki, Rusiyada keçiriləcək növbəti prezident seçkisində Vladimir Putinin namizəd olacağı açıqlandıqdan dərhal sonra o, Moskvanın yeni superlayihəsini də təqdim etdi. Bu - Avrasiya Birliyidir. Putin bildirib ki, söhbət SSRİ-nin bərpasından yox, "yeni dəyərlərə, siyasi, iqtisadi məqamlara əsaslanan sıx inteqrasiyadan gedir". Baş nazirin fikrincə, Rusiya, Belarus və Qazaxıstanın iştirak edəcəyi Vahid İqtisadi Məkanın start götürəcəyi tarix - 1 yanvar 2012-ci il başlanğıc anı olmalıdır.
Putin bildirib ki, Avrasiya Birliyi Avropaya inteqrasiyaya maneə yox, universal inteqrasiya yoludur.
Postsovet ölkələrində Rusiya Baş nazirinin yeni ideyasına münasibət birmənalı deyil; məsələn, Gürcüstan bu layihəni Rusiya imperiyasının bərpasına cəhd kimi qiymətləndirir. Bəzi Mərkəzi Asiya ölkələrində isə ideyaya müsbət yanaşırlar.
Bəs Avrasiya Birliyi nədir - yeni SSRİ, MDB-nin tayı, yoxsa perspektivdə Karpatdan Kamçatkayadək Avropa İttifaqının analoqunu yaratmaq cəhdi? Bir-birinə düşmən olan dövlətlərə bu birlikdə yer varmı? Rusiyanın layihəsi konkret ölkənin hakimliyini nəzərdə tuturmu?
Bu suallarla məsələyə fərqli yanaşan 2 rusiyalı ekspertə müraciət etdik.
Rusiya Dövlət Dumasının deputatı, politoloq Sergey Markov:
- Bu gün kiçik ölkələrin hansısa iqtisadi birlikdə təmsil olunmadan inkişafı, faktiki olaraq, mümkün deyil. Hətta Almaniya, Fransa və Böyük Britaniya kimi dövlətlər də bunu bacarmaz. Yalnız ABŞ, Çin və Yaponiya təkbaşına irəliləmək iqtidarındadır. Bu üzdən vahid imperativ var - iqtisadi birliklərdə olanlar inkişaf edəcək, etməyənlər iqtisadi deqradasiyaya məhkumdur.
Rusiyanın kiçik layihələrdən əl çəkərək belə nəhəng təşəbbüslə çıxış etməsi çox yaxşıdır. Bu birlikdə yalnız ABŞ-ın təsirində olmayan müstəqil dövlətlər təmsil oluna bilər. ABŞ-ın Avrasiya Birliyinin yaradılması əleyhinə olduğu birmənalıdır. Vaşinqton Ukraynanın bu qarşılıqlı səmərəli layihədə iştirak etməməsi üçün Kiyevi açıq şəkildə hədələyir. Beləliklə, bu gün ideyanın inkişafına Qərb mane olur.
İkinci maneə Rusiya oliqarxlarından ibarət dairənin eqoistliyidir. Rusiyadakı bürokratiya, Vladimir Putinin rəhbərlik etdiyi siyasi sinif bu layihəni reallaşdırmaq istəyir. Amma oliqarxlar buna qarşıdır. Çünki onlar bu halda iqtisadiyyata nəzarəti itirəcəklərindən qorxurlar. İqtisadi böhran nəticəsində Qərbin təsir imkanlarının azalması qaçılmazdır. Nəticədə, ABŞ tərəfindən təzyiqlər də azalacaq, Ukrayna və Azərbaycan kimi ölkələr Vaşinqtonun təzyiqindən çəkinməyərək, yeni inteqrasiya layihəsinə qoşulmaq imkanı qazanacaq. Ukrayna, Azərbaycan, Özbəkistan və digər dövlətlərin Avropa İttifaqına üzv olmaq şansları yoxdur. Avrasiya Birliyinin əsasını isə Gömrük İttifaqı təşkil etməlidir.
Düşünürəm, ikinci inteqrasiya dalğasında Gömrük İttifaqına Qırğızıstan, Tacikistan və Ermənistan da qoşulacaq. Üçüncü dalğada Ukrayna, Moldova, Özbəkistan, Türkiyə və Azərbaycan da Gömrük İttifaqına girəcək; məsələn, Ukrayna üçün gömrük əngəllərinin aradan qaldırılması hər bir ukraynalı ailənin cibinə ildə 1000 dollar qoyulması demək olacaq. Necə deyərlər, xırda-xuruş olsa da, xoşdur.
Avrasiya Birliyi layihəsi Avropa İttifaqına qarşı qoyulmamalıdır. O, Avropa Birliyinə gedən yoldur. Avropa İttifaqının daxili durumu hamımızın xoşuna gəlir: zəngin dövlətlər, yüksək rifah halı, təhlükəsizliyə zəmanət, insan haqları. Qlobal iqtisadi böhrana baxmayaraq, bütün bunlar qorunub-saxlanılıb. Biz lap başdan Avropa İttifaqına maksimum inteqrasiya yolunu seçəcəyik. Perspektidə isə Avrasiya Birliyi və Avropa İttifaqının vahid iqtisadi məkanı yaradılmalıdır. Amma hələlik Avrasiya Birliyi daxilində vahid mülki və iqtisadi məkanın yaradılması vacibdir.
Bu layihəni slavyan-türk birliyi də adlandırmaq olar. Katolik-protestant məkanı olan Avropa İttifaqından fərqli olaraq, Avrasiya Birliyini pravoslav-müsəlman ittifaqı adlandırmaq mümkündür. Orada dövlətlərin və ənənəvi dəyərlərin rolu daha böyük olacaq.
Avrasiya Birliyinə bir-birinə düşmən olan ölkələrin qoşulmasında da heç bir problem yoxdur. NATO təcrübəsi göstərib ki, hətta Türkiyə ilə Yunanıstan kimi düşmən ölkələr bir hərbi-siyasi blokda təmsil oluna bilir.
Bu birlikdə ölkələrdən hansınınsa hakimliyi məsələsinə gəlincə, söhbət Avropa İttifaqına oxşar birliyin formalaşdırılmasından gedir. Orada Almaniya ilə Fransa hansısa məsələlərdə dominatlıq edir, hansısa məsələlərdə yox. Avrasiya Birliyi layihəsi elə hazırlanıb ki, oraya daxil olan ölkələr özlərini rahat hiss etsin, onlara Moskvanın rəhbərlik etdiyini düşünməsin.
Leonid Radzixovski, politoloq:
- Avrasiya Birliyinin yaradılma ideyası piardan başqa bir şey deyil. İnanmaq istərdim ki, bu istiqamətdə çox baha və nəticəsiz cəhdlər edilməyəcək. Tarixdə hələ hansısa müstəqil dövlətin könüllü şəkildə başqa dövlətin tərkibinə qoşulması, onun portektaratını qəbul etməsi halına rast gəlinməyib. Avropa İttifaqı iqtisadi, demoqrafik göstəricilərinə, ÜDM və digər məqamlarına görə müqayisə oluna bilən dövlətlərin yaxınlaşması ilə yaradılıb. Onun əsasını köhnə və əbədi düşmənlər olan Fransa ilə Almaniya təşkil edir. Bu ölkələri bir-biri ilə müqayisə etmək mümkündür. Onlardan birinin digərinin dominatlığını qəbul etdiyini söyləmək mümkün deyil. Belə ittifaqa psixoloji baxımdan digər dövlətlər də qoşula bilər. Çünki bu öz suverenliyindən imtina anlamına gəlmir.
Avrasiya Birliyi ideyasına da bu nöqteyi-nəzərdən yanaşaq. Rusiya əhalisi Belarus və ya Qazaxıstan əhalisindən 10 dəfə, ÜDM 12-15 dəfə artıqdır. Rusiya ordusunu bu ölkələrin ordusu ilə müqayisə etmək belə gülməlidir və s. Demək, heç bir bərabər birlikdən söhbət gedə bilməz. Burada yalnız bu ölkələrin suverenliklərindən imtina edərək, Rusiyanın vassalına çevrilmələrindən danışmaq olar. Buna kim və nə üçün gedər? Hətta iqtisadiyyatı tam iflasa uğramış Belarus prezidenti Lukaşenko 15 ildir Rusiyanı barmağına dolayır və Moskvaya heç bir tabelik göstərmir. Bu, ən sadə nümunədir. Moskva Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıması, Mixail Saakaşvilini pisləməsi üçün ona hansı təzyiqləri göstərmədi? Lukaşenkonun bunlara cavabı nə oldu? "Heç kimi tanımayacağam, heç kimi pisləməyəcəyəm".
Rusiya Baş nazirinin Avrasiya Birliyi ideyası həm seçkiqabağı, həm də seçkisonrası dövr üçün hesablanmış piardır. Axı Putin qarşıdakı 12 ildə hakimiyyətdə olmağı düşünür. Odur ki, xalqa vəd verilməli, geriqayıtma səbəbi izah olunmalıdır. Ən azı, başlanğıc üçün Avrasiya Birliyi məhz bu piar-proqram rolunu oynayacaq. Birləşək, nəhəng dövlət yaradaq və s. Rus xalqının şüurunda bir-birini istisna edən iki ideya var. Bunlardan biri SSRİ-nin dağılmasından yaranmış qüssədir - necə nəhəng idik. hər şeyi bərpa etmək yaxşı olardı. İkincisi bu, köhnə beynəlmiləl sovet dövlətini çar imperiyası ilə bir yerdə yenidən "diriltmə" cəhdidir. Amma təbii ki, alınan iş deyil. Bu ziddiyyəti aradan qaldırmaq mümkünsüzdür. Artıq 15 ildir Belarusla vahid, tam vahid, mütləq vahid, lap vahid dövəlt yaradılır, amma hələ də real nəticə yoxdur. Piar isə real cəhdlər istəmir. Hər şeyi təbliğ etmək mümkündür.
MƏSLƏHƏT GÖR: