15 Mart 2025

Şənbə, 01:34

MÜSTƏQİLLİYİN 20 İLİ və KEÇİD DÖVRÜNDƏN SONRAKI 3 İL

Azərbaycan iyirmiillik müstəqilliyinə və inkişafın keyfiyyətcə yeni 3 ilinə yekun vurur

Müəllif:

15.10.2011

Oktyabrda, həmçinin, Azərbaycan Prezidenti İlham Əliyevin ikinci müddətə dövlət başçısı seçilməsindən üç il keçir. Artıq 2009-cu ildə İlham Əliyev bəyan edib ki, Azərbaycanda iqtisadi sahədə keçid dövrü başa çatıb. Bu, Azərbaycanın iqtisadi inkişaf tarixində keyfiyyətcə yeni səviyyəni əks etdirən vacib mərhələnin başa çatması deməkdir 

 

Azərbaycanın müstəqillik əldə etdiyi qısa tarixi müddət ərzində ölkə öz iqtisadiyyatını, demək olar ki, xarabalıqlar üzərindən tam bərpa etməklə və regionun aparıcı iqtisadiyyatına çevirməklə  yanaşı, əslində, iqtisadi islahatların və inkişafın məzmunca yeni -  Azərbaycan modelini yaradıb. Son illərin sosial-iqtisadi göstəriciləri bu modelin həyatiliyinin və səmərəliliyinin danılmaz sübutudur. 

 

Böhran bataqlığından sərbəst inkişafa doğru 

Onda, 1990-cı illərin əvvəlində Azərbaycanın tək bir məqsədi var idi - dərin siyasi və iqtisadi böhran bataqlığında boğulmamaq və mövcudluğunu qoruyub-saxlamaq. Hakimiyyət uğrunda mübarizə, ərzaq çatışmazlığı, güclü inflyasiya, milli valyutanın uğursuzluğu və dəyərsizliyi, bütün sahələrdə tam xaos və özbaşınalıq, əhalinin yoxsulluğu və müflisliyi - gənc müstəqil Azərbaycanla ilk tanışlıq məhz bu mənzərəni vəd edirdi. Sonu görünməyən daxili siyasi çəkişmələr, xarici dünya ilə hansısa normal əlaqələrin olmaması və ən başlıcası, Ermənistan tərəfindən başladılmış işğalçı müharibə vəziyyətin tezliklə düzələcəyinə zərrə qədər də inam yeri qoymurdu. Hər şey o qədər ümidsiz görünürdü ki, hətta xalqın inadlı təkidi ilə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə  gəlməsindən sonra da çoxları hələ də iqtisadiyyatın bərpa edilməsi imkanlarına inanmırdılar. Bütün bunların fonunda 1994-cü ildə xarici şirkətlər tərəfindən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlarının işlənməsini nəzərdə tutan "Əsrin müqaviləsi"nin bağlanması doğrudan da inqilabi addım oldu. Həmin ana qədər problemlər məngənəsində sıxılan, qeyri-sabit və müharibəyə sürüklənmiş Azərbaycana qorxu ilə yanaşan iri xarici sərmayəçilər milyardlarla dollar sərmayə yatırmağa hazır olduqlarını bildirdilər - artıq Bakıya etibar etmək mümkün idi, çünki zəmanəti dünyada tanınan təcrübəli siyasətçi Heydər Əliyev verirdi. 

Bu, Heydər Əliyev tərəfindən əsası qoyulmuş neft strategiyasının uğurlu startı, ölkənin regional lider zirvəsinə iqtisadi sıçrayışının başlanğıcı idi. Bu strategiyanın hesabına müstəqillik illərində respublikamızda neft hasiltı 6,1 dəfə, qaz hasilatı isə 3,1 dəfə artıb. Neft sənayesinə $35,8 mlrd xarici sərmayə qoyulub və bunun $24,4 mlrd.-ı AÇG layihəsinin payına düşüb. 

Buna paralel olaraq ölkə hökuməti beynəlxalq maliyyə institutları ilə fəal əməkdaşlıq etməyə, önəmli iqtisadi islahatları aparmaq üçün kreditlər cəlb etməyə başladı. Bu islahatların əsas məqamı inzibati idarəetmə üsullarından imtina ilə bağlı idi - iqtisadiyyatın idarəedilməsi, onun müxtəlif sahələri və ölkənin bölgələri üzrə dövlət proqramlarının qəbul edilməsi, eləcə də  yerinə yetirilməsi vasitəsilə gerçəkləşdirilirdi. Həmçinin bazar iqtisadiyyatına və müvafiq beynəlxalq standartlara xarakterik olan qanunverici bazanın formalaşdırılmasına başlandı. Qiymətlərin liberallaşdırılması gerçəkləşdirildi, pul-kredit və vergi-gömrük bazası yaradıldı, sahibkarlığın inkişafı və xarici sərmayələrin cəlb edilməsi üçün əlverişli mühit yaradıldı. Liderallaşma xarici ticarət fəaliyyətindən də kənarda qalmadı: maliyyənin, kapitalın və işçi qüvvəsinin sərbəst hərəkəti təmin edildi, idxal tariflərinin sayı və dərəcələri azaldıldı, ixrac rüsumları ləğv edildi, xarici ticarət fəaliyyəti prosedurları sadələşdirildi. 

Bundan başqa, ölkədə mülkiyyət formalarının müxtəlifliyi təmin edildi və bütün mülkiyyət formasından olan müəssisələrin rəqabət bərabərliyi üçün şərait yaradıldı. Yeri gəlmişkən, 1995-ci ildən ölkədə gerçəkləşdirilən ardıcıl və sistemli iqtisadi islahatların önəmli istiqamətlərində biri dövlət mülkiyyətinin özəlləşdirilməsi və azad sahibkarlığın inkişafı üçün əlverişli şəraitin yaradılması olub. Bunun hesabınadır ki, bu gün daxili ticari (əmtəə) dövriyyəsnin 99,4%-i, xarici ticarət dövriyyəsinin (ixrac-idxal əməliyyatlarının) 20%-i, respublikanın vergi gəlirlərinin 63%-i özəl bölməinin payına düşür. Ən nəhayət, bazar institutlarının yaradılmasında yetərincə tərəqqi əldə edilib: kredit, qiymətli kağızlar, lizinq, sığorta bazarları, valyuta birjası və s. yaradılıb. Həm də onu əlavə edək ki, son illərdə Azərbaycanda maliyyə sektorunun inkişafı üzrə mühafizəkar siyasət yürüdülüb.

 

Əsas nailiyyət sabitlikdir 

Bütün bu sadalanan amillər müstəqil Azərbaycan  iqtisadiyyatının başlıca uğurunu - bütün sahələrin hər il sabit artımını, neft-qaz bölməsindən asılılığın azaldılmasını, və holland sindromuna tutulmaq qorxusundan tam uzaqlaşılmasını, inflyasiyanın aşağı səviyyəsinin təmin edilməsini və yoxsulluğun 49%-dən 9%-ə qədər azaldılmasını şərtləndirib. 

Qısa zaman kəsiyində inflyasiya cilovlanıb, büdcə kəsrinin maliyyələşdirilmə praktikası dayandırılıb və kəsr ümumi daxili məhsulun (ÜDM) 1-2%-i səviyyəsinə enib. Bütün bu dəyişiklər nəticəsində iqtisadi böhran məngənəsində olan ölkədə artıq 1996-cı ildə makroiqtisadi sabitlik təmin edilib, sonrakı 1997-ci ildə isə  dinamik iqtisadi inkişafın təmin edilməsinə imkan yaranıb. 

Artıq neçə illərdir ki, Azərbaycan regionun iqtisadi lideri kimi tanınır. Bu gün ölkə yalnız bölgədə deyil, həm də qitədə enerji təhlükəsizliyinin təmin edilməsi məsələsində önəmli rol oynayır, qonşu ölkələrə təbii qaz, neft, neft məhsulları, elektrik enerjjsi ixrac edir. Bu ixrac ildən-ilə daha da şaxələnir, onun coğrafiyası genişlənir, həcmi böyüyür. 

Bu illər ərzində iri qaz yataqlarının açılması ilə Azərbaycan neft ölkəsi statusundan neft-qaz ölkəsi statusuna keçib. Hazırda Xəzərin Azərbaycan sektorundan hasil edilmiş "mavi yanacaq"ın alınması və daşınması hüququ ilə bağlı onlarla ölkə və iri şirkət arasında sərt rəqabət gedir. İldən-ilə bizim ölkənin yanacaq-iqtisadi gücü artır, Dövlət Neft Şirkətinin imkanları genişlənir və qurum artıq cəsarətlə yeni neft yataqlarının kəşfiyyatını və işlənməsini müstəqil həyata keçirməyə qərar verir. 

Bununla yanaşı, artıq qeyd edildiyi kimi, neft strategiyasının gerçəkəşdirilməsindən əldə edilən iri gəlirlərin bir hissəsi ölkənin Dövlət Neft Fondunda gələcək nəsillər üçün saxlanır. Azərbaycan həmçinin kənd təsərrüfatının, nəqliyyatın, İKT-nin, xidmət sektorunun, xüsusilə də ekologiya və turizmin inkişafını təmin etməyi də bacarıb. İnstitusional baxımdan artıq torpaq və aqrar islahatlar başa çatıb. 1350 min ha.-dan çox torpaq əvəzsiz olaraq kəndlilərə paylanıb, aparılan aqrar islahatlar nəticəsində kolxoz və sovxozların yerində fermer təsərrüfatları yaradılıb. Hazırda kənd təsərrüfatı məhsullarının 99%-i özəl bölmədə yetişdirilir, bir sıra ərzaq məhsullarının (ətin, südün, kartofun, soğanın və s.) idxal səviyyəsi yetərincə aşağı düşüb. Ölkədə Taxıl Fondu yaradılıb ki, onun daxilolmaları, əsasən, yerli istehsalat hesabına təmin edilir.  Bütün bunlar hazırda dünyanın üzərində baş sındırdığı ərzaq təhlükəsizliyi problemini həll etməyə imkan verir. 

Azərbaycan hökuməti hər il özəl bölmənin dəstəklənməsi və inkişafı üzrə tədbirlər gerçəkləşdirir. Yalnız son bir il ərzində ölkədə beş mindən artıq müəssisə açılıb, bu zaman ölkə iqtisadiyyatına cəlb edilən sərmayələrdə müsbət struktural dəyişikliklər müşahidə edilir - sərmayələrin üçdəikisi daxili mənbələrin, Azərbaycanın öz kapitalı hesabına təmin edilir. 

Bundan başqa, Azərbaycan sahibkarları və şirkətləri başqa ölkələrə də sərmayə yatırmağa başlayıblar. 2003-cü ildən 2010-cu ilə qədər Azərbaycan fəal şəkildə sərmayə siyasəti gerçəkləşdirib və başqa ölkələrin iqtisadiyyatına $5,7 mlrd yatırıb. Yalnız Türkiyə iqtisadiyyatına artıq $4 mlrd.-dan çox pul yatırılıb, yaxın illərdə onları $6 mlrd.-a qədər qaldırmaq düşünülür. Gürcüstan iqtisadiyyatına sərmayələr $1 mlrd.-a çatıb. Gürcüstanda ARDNŞ-in törəmə müəssisəsinin ilin ən iri sərmayəçisi və vergiödəyicsi kimi seçilməsi bu ölkə üçün Azərbaycanın nə qədər önəmli sərmayəçi olmasının bariz sübutudur. Şəksiz ki, Azərbaycanın maliyyə resursları bu göstəricini dəfələrlə artırmaq və dünyanın bir sıra regionlarında önəmli qlobal layihələrdə Azərbaycanın mövcudluğunu təmin etmək üçün şərait yaradır. 

 

Neftdənkənar bölmənin liderləri 

Neft-qaz gəlirlərinin düzgün və şəffaf paylanması Azərbaycan hökumətinə xarici borclanmalar üzrə ehtiyatlı siyasət yürütməyə imkan yaradır. Xarici kreditorlardan vəsaitlər nadir hallarda və yalnız iri infrastruktur layihələri üçün alınır, özəl maliyyə strukturlarına isə ümumiyyətlə iri borcların altına girməmək tövsiyə olunur. Bunun nəticəsidir ki, Azərbaycanın xarici borcunun ÜDM-də səviyyəsi çox əlverişlidir, halbuki qonşu ölkələr xarici borclara xidmət etməklə bağlı çətinlik çəkirlər. O cümlədən, Ermənistanın borcu artıq qırmızı xətti keçməkdədir. 

Dünya böhranı göstərdi ki, Azərbaycan Mərkəzi Bankı tərəfindən manatın məzənnəsi üzərində gerçəkləşdirilən sərt nəzarət siyasəti özünü doğruldur. Sığorta sahəsində də ehtiyatlı siyasət yürüdülür ki, bu da burada defoltlardan yaxa qurtarmağa imkan yaradır. 

İnformasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsi Azərbaycanın neftdənkənar bölməsinin şəksiz lideridir. Son üç ildə bu sektorun inkişaf dinamikasına görə, Azərbaycan MDB ölkələri arasında lider mövqedə dayanır. Belə ki, BMT-nin elektron hökumətlərin yaradılması sahəsində ölkələrin uğurlarını əks etdirən "İndeks United Nations e-Government Survey-2010" məruzəsinin məlumatlarına görə, Azərbaycan dünyanın 192 ölkəsi arasında 83-cü yeri, "e-iştirak" indeksinə görə isə 157 ölkə arasında 68-ci yeri tutur. Azərbaycan öz mövqelərini daha da artırmağa istiqamət götürüb. Ölkə hökuməti qarşısında İKT-dən əldə edilən gəlirləri hazırda neft bölməsindən əldə edilən gəlirlər səviyyəsinə qaldırmaq məsələsi qoyulub. 2015-ci ildə bu məqsədlərə çatılacağı düşünülür. Şəksiz, bu sahədə ən böyük uğur kimi, Azərbaycanın birinci telekommunikasiya peyki "Azerspace"in hazırlanmasını göstərmək olar, peykin 2012-ci ilin sonuna fəzaya buraxılması gözlənilir. 

Əsl fenomenal inkişaf səviyyəsi isə tikinti sektorunda, infrastruktur yeniləşməsində, nəqliyyat sahəsində müşahidə edilir. Son illər ərzində ölkədə çox sayda yeni yaşayış kompleksləri, obyektlər, yollar, körpülər, qovşaqlar və yolayrıcları tikilib. Respublikada enerji, qaz və su təchizatı problemləri, demək olar ki, 100% həll edilib, kommunal infrastrukturun yeniləşdirilməsi gedir. 

Hazırda regional əhəmiyyət daşıyan, Qərblə Ş və Şimalla Cənubu birləşdirən yolların tikintisi gedir, Çini Avropa ilə birləşdirəcək Bakı - Tbilisi - Qars dəmir yolu çəkilir. Buna paralel olaraq yeni lokomotiv və vaqonlar, təyyarələr, gəmilər və bərələr alınır, çünki Azərbaycandan keçən daşımaların həcmi artır. Bütün bu infrastruktur layihələrinin gerçəkləşdirilməsi, yeni hava limanının, həmçinin, Bakı Dəniz Limanının tikilməsi Azərbaycanı bütün regionun mərkəzi nəqliyyat qovşağına və rəqabətqabiliyyətli logistika mərkəzinə çevirməyə imkan yaradacaq. Ölkənin nəqliyyat sahəsinin və infrastrukturunun inkişafı turizm sahəsində artım imkanları yaradıb - son illərdə respublikada bir-birinin ardınca iri otel kompleksləri açılır, yeni turizm obyektləri yaradılır, qış turizmi sahəsində nəhəng komplekslər tikilir. 

Uyğun olaraq bütün bunlar vətəndaşların sosial rifahının artmasına imkan yaradır. Bütün dünya üzrə bütöv müəssisələrin bağlandığı, işsizlik və məşğulluq məsələlərinin aktual mövzuya çevrildiyi bir zamanda, Azərbaycanda yeni iş yerləri açılmaqda davam edib.  Həmçinin, işçi qüvvəyə tələbat daha intellektual və peşəkar müstəviyə keçir. 

 

Gələcəyə sifariş 

Qeyd edək ki, oktyabrda, həmçinin, Azərbaycan Prezidenti İlham Əliyevin ikinci müddətə dövlət başçısı seçilməsindən üç il keçir. Artıq 2009-cu ildə İlham Əliyev bəyan edib ki, Azərbaycanda iqtisadi sahədə keçid dövrü başa çatıb. Bu, Azərbaycanın iqtisadi inkişaf tarixində keyfiyyətcə yeni səviyyəyə keçməyi əks etdirən vacib mərhələnin başa çatması deməkdir. Müstəqil siyasi və iqtisadi bazası olan Azərbaycan dövləti qurulub. 

Və bütün bunlar ölkənin bu illər ərzində Ermənistanla müharibə şəraitində yaşadığı bir dövrdə baş verib. Ölkənin sürükləndiyi münaqişə iqtisadi inkişafa da öz təsirini göstərir - Azərbaycana $60 mlrd zərər dəyib, ölkə ərazisinin 20%-i işğal edilib, bir milyondan çox qaçqın var. Bu səbəbdən, Azərbaycan öz müdafiə potensialını artırır, ölkədə müdafiə sənayesi müəssisələri açılır, bir neçə il ərzində bu sahə iqtisadiyyatın gəlirli sektoruna çevrilib. 

Bütünlükdə, belə bir qısa zaman kəsiyində Azərbaycanın iqtisadi islahatlarının uğuru ölkənin nisbətən uzun müddətə inkişafı ilə bağlı yetərincə iddialı proqnozlar verməyə imkan yaradır. Belə ki, 2025-ci ilə Azərbaycan Dünya Bankının təsnifatı üzrə adambaşına orta gəlir səviyyəli ölkələr qrupundan yüksək gəlir səviyyəli ölkələr qrupuna keçmək niyyətindədir.

Həmçinin, BMT İnkişaf Proqramının təsnifatına görə ölkənin "yüksək insan inkişafı səviyyəli" ölkələr qrupundan "ən yüksək insan inkişafı səviyyəli" ölkələr qrupuna daxil olması proqnozlaşdırılır. Ölkənin İqtisadi İnkişaf Nazirliyi tərəfindən hazırlanmış 2011-2025-ci illər üzrə Azərbaycanın uzunmüddətli  iqtisadi inkişafı strategiyası layihəsində məhz bu nəzərdə tutulur. Bir sözlə, Azərbaycan iqtisadiyyatının qət etdiyi bu 20 illik müstəqil yol əmin edir ki, bütün  məqsədlərimizə çatacağıq. 



MƏSLƏHƏT GÖR:

424