
STƏKANDA FIRTINA
Müəllif: Redaksiya
BMT Baş Assambleyasının növbəti - 66-cı sessiyası arxada qaldı. Amma KİV və ekspertlər qurumun tribunasından qaldırılmış məsələlər ətrafında diskussiyaları davam etdirirlər. Hərə burada özünəməxsus ağrılı məqam, ümidverici və məyusedici cəhətlər axtarır. Müxtəlif məsələlər, ayrı-ayrı yanaşmalar, izahlar və qiymətləndirmələr. Amma bir var yanaşma və şərhlərdəki müxtəliflik, bir də var, ya özünə təskinlik vermək, ya da dünyanı çaşdırmaq məqsədilə məğzin dəyişdirilməsi, fikrin konteksdən çıxarılması, başqalarının sitatları ilə "jonqlyorluq" cəhdi və sair.
Münaqişəli vəziyyətlərlə belə hallar tamamilə gözləniləndir; məsələn, ermənilər nədən BMT tribunasından Rusiya XİN başçısı Sergey Lavrovun çıxışından təbliğat üçün istifadə etməsin? Axı ermənilər adi stəkandakı suda qasırğa yaratmaqda mahirdirlər. Üstəlik, ermənilər Lavrovun çıxışından qonşu Azərbaycanı "qorxutmaq" üçün də istifadə etməyə çalışırlar. Demək istəyirlər ki, öz torpaqlarınız uğrunda savaşmaq haqda düşünməyin, yoxsa qarşınızda problemlər içərisində boğulan Yerevanı yox, Moskvanı görəcəksiniz. Lap 2008-ci ildə Gürcüstanın başına gətirilənlər kimi. Demək olar ki, bütün erməni və ermənipərəst analitiklərin verdikləri şərhlərin məğzi bundan ibarətdir. Bəlkə də onların dediklərinə inanmaq olardı. Amma bunun üçün gərək S.Lavrovun çıxışı haqda məlumatın olmasın.
"Dağlıq Qarabağ münaqişəsinin həllində bütün tərəfləri Rusiyanın vasitəçilik cəhdləri nəticəsində yaranmış əlavə imkanlardan yararlanmağa çağırırıq. ATƏT-in Minsk qrupunun həmsədrlərindən ibarət "üçlük" çərçivəsində amerikalı və fransalı tərəfdaşlarımızla birlikdə inamın yaradılması və atəşkəs rejiminin gücləndirilməsi üçün kompleks tədbirlər görəcəyik.
İnanırıq ki, sentyabrın 22-də Moskvada Dnestryanı problemin həllinə dair rəsmi danışıqların bərpası qərarının qəbulu tərəflər arasında qarşılıqlı razılaşma üçün yolların axtarışına başlamasına təkan olacaq.
Biz Qafqazda 2008-ci ildə Tbilisi rejiminin avantürası nəticəsində baş vermiş hərbi ssenarinin təkrarlanmasına yol verməməkdə israrlıyıq. Rusiya Abxaziya, Gürcüstan və Cənubi Osetiya arasında onların rəhbərlərinin rəsmi bəyanatları əsasında güc tətbiq etməmə haqda razılaşmanın qarantı kimi çıxış etməyə hazırdır.
Birləşmiş Ştatlar və Avropa İttifaqının da analoji öhdəliyi üzərlərinə götürməsi xoş olardı… Razılaşmanın qarantı olaraq regionda zorakılığın bərpa edilməməsi üçün tədbirlər görməyə hazır olacağıq. Tərəflərdən hər hansı biri hüquqazidd olaraq güc tətbiqinə əl atacağı təqdirdə, vəziyyətin beynəlxalq hüququn normaları əsasında tezliklə həllinə çalışacağıq", - deyə Rusiya xarici işlər nazirinin bu ölkənin xarici siyasət idarəsinin saytında yerləşdirilmiş çıxışının mətnində bildirilir.
Rusiyanın dünya siyasətindəki bütün böyük problemlərə münasibətini açıqlayan S.Lavrov bilavasitə Moskvanın maraq dairəsində olan məkanlardakı münaqişələr üzərində xüsusi olaraq dayanmaya bilməzdi. Onun çıxışının mətnindən göründüyü kimi, Lavrov problemlərin ardıcıllığını dəqiq şəkildə müəyyənləşdirib - Dağlıq Qarabağ münaqişəsi, Dnestryanı problem, Abxaziya və Cənubi Osetiya münaqişələri. Yəni, o bu problemləri regional mənsubiyyətinə görə qruplaşdırmayıb. Hər halda, Dnestryanı problemin Qafqaza heç bir aidiyyəti yoxdur. Rusiyanın Qafqazda güc tətbiqinin təkrarlanmasına imkan verməməkdə qərarlı olması haqda bəyanatını da Lavrov birmənalı olaraq Abxaziya və Cənubi Osetiya münaqişələri haqda deyib.
İndi isə Rusiya XİN başçısının bu çıxışını Ermənistanın "AZQ" qəzetinin necə təqdim etdiyinə diqqət yetirək: "Sergey Lavrovun Dağlıq Qarabağ münaqişəsində (Lavrovun bu cümləsində Dağlıq Qarabağın adı ümumiyyətlə çəkilməyib - "R+") tərəflərdən birinin hüquqazidd güc tətbiq edəcəyi təqdirdə, Moskvanın regionda sülhü bərqərar etmək üçün bütün vasitələrdən istifadəyə hazır olması bəyanatı..".
Rusiya xarici işlər nazirinin fikirlərini Ermənistanın birinci informasiya portalı isə belə təqdim edib: "Bir neçə gün əvvəl Rusiya xarici işlər naziri Sergey Lavrov BMT Baş Assambleyasındakı çıxışında deyib: "Münaqişə tərəflərindən hər hansı biri hüquqazidd güc tətbiqinə əl atacağı təqdirdə, Rusiya regionda sülhün bərqərar olunması üçün əlindən gələni etməyə hazırdır". Onun bəyanatını, əlbəttə ki, Azərbaycana ünvanlanmış mesaj saymaq olar".
Ermənistanın "Aysor" qəzeti də S.Lavrovun fikirlərini eyni cür təqdim edib. Qəzetə açıqlamasında Artsrun Ovinnisyan adlı hərbi ekspert nəhəng dövlətləri guya "Azərbaycana ünvanlanmış" belə bəyanatları indən belə tez-tez səsləndirməyə çağırıb.
Bütün bunlar Ermənistanın, ümumilikdə, beynəlxalq münasibətlər sistemindəki davranışının bariz nümunəsi sayıla bilər. Xüsusilə bütün dünya Ermənistan -Azərbaycan münaqişəsindəki status-kvonun dəyişdirilməsinin vacibliyini söylədiyi vaxtda, Yerevan problemin sülh yolu ilə həlli tələblərinə diqqət yönəldir. Yəni ermənilər bununla diqqəti məsələnin məğzindən başqa məqamlara yönəltməyə çalışır.
Yaxud Azərbaycan beynəlxalq vasitəçilərin yenilənmiş təkliflərinə birmənalı şəkildə "hə" deyən zaman, Ermənitan nə "hə", nə "yox" mövqeyindən çıxış edir; bununla da özünə sərf edən status-kvonun mümkün qədər uzadılmasına cəhd edir.
Bununla yanaşı, Yerevan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı status-kvonun dəyişdirilməsində heç də az maraqlı olmamalıdır. Diqqət edin! 2011-ci il həm Azərbaycanın, həm də Ermənistanın müstəqilliyinin 20 illiyi ilə əlamətdardır. Amma bayramı kim nə ilə qeyd edir?! İldə Ermənistanı bir tikə çörək dalınca nə qədər insanın tərk etdiyini, əksinə, Azərbaycana eyni məqsədlə nə qədər adamın gəldiyini söyləməklə qonşumuzun bayramını zəhərə döndərmək istəməzdik. Hətta heç azərbaycanpərəst olmayan ekspertlər də bu faktı təsdiqləməyə bilmirlər.
"Postsovet Azərbaycanı 1991-2011-ci illərdə zəif, kimlərdənsə asılı geosiyasi substansiya olmadığını sübut edə bilib: o, Cənubi Qafqazda, Mərkəzi Asiyada və Yaxın Şərqdə vacib rola malikdir. Güman ki, bu, MDB-də xarici siyasətini uğurla diversifikasiya etməyi bacarmış yeganə dövlətdir. Keçmiş SSRİ respublikalarından Rusiya, Avropa İttifaqı və ABŞ-la, İsrail və Fələstin muxtariyyəti ilə bərabər münasibətlər qurmağı bacaranlar çox azdır. Birinci respublika dövründə Azərbaycan elitası əvvəlcə Türkiyənin kiçik qardaşı rolunu, sonra isə Böyük Britaniyanın "neft buruğu" rolunu oynadı. "İkinci Azərbaycan" daha incə hərəkət edərək, "yumurtaları bir səbətə yığmamağa" çalışır", - deyə ABŞ Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzinin dəvətli elmi işçisi Sergey Markedonov "Politkom.ru" saytındakı məqaləsində bildirir.
Bundan başqa, Azərbaycanın iqtisadi imkanları onun beynəlxalq münasibətlərdə bərabərhüquqlu subyekt mövqeyini daha da möhkəmləndirir. Bu üzdən də, Ermənistandan fərqli olaraq, Azərbaycan heç kimi heç kimlə qorxutmur, torpaqlarını "istənilən yolla" geri qaytaracağını bəyan edən zaman da yalnız öz gücünə arxalanır.
MƏSLƏHƏT GÖR: