22 Noyabr 2024

Cümə, 00:13

"İNCƏSƏNƏT HƏR ŞEYDƏN ÖNDƏDİR!"

Xalq rəssamı Səlhab Məmmədov təsviri incəsənəti ölkənin təbliğatı üçün ən yaxşı alətlərdən biri sayır

Müəllif:

01.10.2011

Səlhab Məmmədov qeyri-adi şəxsiyyətdir və rəssamlıq aləmində yetərincə geniş tanınır. Azərbaycanın xalq rəssamı, Dövlət Rəssamlıq Akademiyasının prorektoru, çoxsaylı əsərlərin müəllifidir. Əsərləri içində Berlində qoyulmuş məşhur "Xocalı" abidəsini göstərmək olar. Ölkənin bu məşhur ictimai xadimi ilə biz çağdaş rəssamlıq sənətinin problemləri, qalereyaların təyinatı və çox sayda başqa məsələlər barədə danışdıq. 

- Yeni tədris ili təzəcə başlayır. Sizinlə uzun müddətdir görüşə bilmirdik, yəqin, işiniz çoxdur? 

- Bütün yayı biz müxtəlif sərgilərin  təşkili və tələbə qəbulu ilə məşğul olmuşuq. Bu il bizim akademiyaya başqa ölkələrdən - Türkiyədən, Rusiyadan, Ukraynadan, Kiprdən, İrandan və s. ölkələrdən 77 tələbə daxil olub. Xoşdur ki, gənclər bizə oxumağa gəlirlər. Deməli, Azərbaycan incəsənəti dünyada populyardır və bizim təhsil də xaricdəkindən heç də pis deyil. Keçən ilin yazında biz Azərbaycandakı Almaniya səfirliyi ilə birgə tələbələr arasında müsabiqə keçirdik və qaliblər tezliklə Berlinə yola düşəcəklər. Onlar şəhəri görəcəklər, onun muzeyləri və şəkil qalereyaları ilə tanış olacaqlar. 

Bu yaxınlarda isə bizim tələbələrlə tanınmış alman sənətşünası, Berlin universitetinin professoru İnqa Şmidt öz təcrübəsini bölüşüb. Bizim akademiyanın divarları arasında alman səfirliyinin dəstəyi ilə tanınmış alman heykəltəraşı, instalyasiya ustası və rəssam Günter Yukkerin sərgisi keçirilib. O bizə sərgi açılışına gəlmişdi. Tələbələrimiz ondan çox böyük stimul aldılar. Onlar çağdaş dünyanın tanınmış rəssamının işlərini öz gözləri ilə gördülər. Düşünürəm, çağdaş yaradıcı insan, o cümlədən, rəssam orqanik şəkildə mövcud olduğu zamanla yaşamalıdır. Onun cəmiyyətdən təcrid edilməsi çox mürəkkəbdir. Əgər sən yaradıcılıq ilə məşğul olan insanlarla ünsiyyət qurursansa, bu da dünya ilə bağlantıdır. 

Buna görə də günümüzün rəssamı, yalnız görməyi və rəsm çəkməyi bacaran insan olmaqla qalmır. Çağdaş yaradıcı insan öz işlərində əsas ideyanı tapmağı, anlamağı və bu ideyanı özündən və zamanından keçirməyi bacarmalıdır. Yəni istedadla, əsas vərdişlərlə və fantaziya ilə yanaşı, bu fantaziyanı konkret obrazlara keçirməyi bacarmaq lazımdır. Və yalnız təcrübə qazandıqdan sonra, qollarını çırmayıb istənilən istiqamətdə yoluna davam etmək olar - istər pop-art, istərsə də başqa sahə olsun. Bunun üçünsə təcrübəni bölüşmək, öz ölkənin sərhədlərindən kənara çıxmaq, hər şeyə açıq olmaq lazımdır. Zamanla ayaqlaşmaq gərəkdir. Musiqidən, ədəbiyyatdan, poeziyadan və fəlsəfədən başın çıxmalıdır, yalnız bundan sonra gerçək  rəssam ola bilərsən və həmişə sənə tələb olar. 

- Bu ilin may ayında Berlində "Xocalı" abidəsi açılıb. Söyləyin, bizim torpaqların ermənilər tərəfindən işğalına həsr edilmiş abidəni Avropanın düz mərkəzinə necə yerləşdirə bildiniz? 

- Abidənin qoyulmasına təşəbbüsü mən, Akif Əsgərov, Əli İbadullayev və artıq 45 ildir Almaniyada yaşayan azərbaycanlı rəssam İbrahim Əhrari ilə birlikdə qaldırmışıq. Çox sayda insanın toplaşdığı açılış mərasimində Şteqlis-Selendorf dairəsinin başçısı cənab Norbert Kopp, Azərbaycan mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, ölkəmizin Almaniyadakı səfiri Pərviz Məmmədov, Azərbaycan diasporasının, alman ictimaiyyətinin təmsilçiləri, bizim ölkənin tanınmış elm və mədəniyyət xadimləri qatılmışdılar. "Xocalı" abidəsi əsası 1892-ci ildə qoyulmuş məşhur Qotfrid-Benn kitabxanasının həyətində ucaldılıb. Bu, hündürlüyü 2,5 metr olan bürünc heykəldir, onda Qarabağ torpağının təsvirləri ilə milli naxışlarımız və başqa rəmzlərimiz uğurla çuğlaşdırılıb. 

Üç zirvə ailənin birliyini - ana, ata və oğulu əks etdirir. Abidənin açılmasına bir neçə gün qalmış erməni diasporu bununla bağlı səs-küy qaldırdı və hətta planlarımıza mane olmaq üçün şəhər merinə müraciət etdi. Amma yenə də onlar "Xocalı" abidəsinin ucaldılmasına mane ola bilmədilər. Mədəniyyət və Turizm Nazirliyinə, Azərbaycanın Almaniyadakı Səfirliyinə göstərdiyi yardıma və iştiraka görə təşəkkür edirik. Axı bu abidə keçən illərin hadisələri, Xocalı faciəsi haqqında danışmaq üçün əlverişli səbəbdir. Hər gün abidənin yanından çox sayda insan keçir və onlar "Xocalı" sözlərini oxuyurlar. Əminəm ki, onların çoxu mütləq internetdə axtarış verəcək və bu şəhərin tarixi, bizim torpaqların işğalı barədə öyrənəcəklər. 

- Siz həm də Sibir neftini kəşf etmiş həmyerlimiz Fərman Salmanova Xantı-Mansiyskdə qoyulmuş abidənin müəllifisiniz?

- Müəllif qrupuna mənimlə yanaşı, həm də memar Cəmaləddin Qədirov və Azərbaycanın əməkdar rəssamı Əli İbadullayev də daxil idi. Biz öyrənəndə ki ən yaxşı abidə barədə müsabiqə elan edilib, dərhal ona qatılmağı qərara aldıq. Çox nüfuzlu olan bu müsabiqəyə təqdim edilmiş çox sayda iş içindən məhz bizim abidə birinci yeri tutdu.  Müsabiqəyə bu monumental abidənin qrafik eskizi və yarımmetrlik gips variantı təqdim edilmişdi. Hündürlüyü 5 metr olan bütün kompozisiya bütövlükdə bürüncdən tökülüb. Kompozisiyanın özünün süjeti çox rəmzidir. Məşhur neftçinin fiquru üçün fon kimi Salmanovun keçdiyi bütün şərəfli əmək yolu və onun qəhrəmanlıqdolu fəaliyyəti seçilib. Abidənin kompozisiyası çağdaş, zamanın ruhuna uyğun üslubda yerinə yetirilib. Böyük neftçinin abidəsinin eskizi müsabiqənin nüfuzlu münsiflər heyəti tərəfindən qəbul edilib və təsdiqlənib, keçən ilin payızında isə Yuqra şəhərində ucaldılıb. Bu abidə bütün sibirlilərin, Rusiya və Azərbaycan vətəndaşlarının, Fərman Salmanovun səy göstərdiyi işlərdə ona silahdaş olan insanların minnətdarlıq rəmzidir. 

- Hazırda nə üzərində işləyirsiniz?

- Əli İbadullayevlə birlikdə üzərində işlədiyimiz kompozisiya Bakıda "Marriot" otelini bəzəyəcək. Bu, 4 metrlik məşəl olacaq və düz mehmanxananın foyesinin artırmasında qoyulacaq, məşəl uzaqdan da görünəcək. 

- Bu qədər məşğul olmağınıza baxmayaraq, siz həm də eyni zamanda iki qalereya - "Qız qalası" və "Bakı-Berlin" qalereyaları ilə də işləyirsiniz. Bunları necə çatdırırsınız?

- Oğlum Emin yardım edir (gülür). Mən idarəçiliyi  ona vermişəm və hazırda qalereya ilə o məşğul olur. Qeyd edim ki, "Qız qalası" qalereyası 1999-cu ilin mart ayında yaradılıb. Onda və uzun illər mənə yaradıcılıq emalatxanası kimi xidmət etmiş yeri özünəməxsus şəkildə rəssamlıq incəsənəti məkanına çevirməyi qərara aldım. Qeyd edim ki, o vaxt ölkənin Mədəniyyət Nazirliyindən başqa çox az adam Azərbaycan incəsənətinin təbliğatı ilə məşğul idi. Rəssamlar sanki bir-birindən təcrid olunmuş şəkildə işləyirdilər, nadir hallarda əsərlərini sərgiyə çıxarırdılar, bəzilərinin, hətta maddi yardıma ehtiyacı var idi. Bir sözlə, rəssamlarımız öz problemləri ilə baş-başa idilər. Öz həmkarlarımıza nə cürsə yardım etmək məqsədilə bu art-qalereyanı açdım. Düşünürəm, bu gün art-qalereyalar rəssamlar üçün həyati vacib məsələdir. 

Əgər əvvəllər - sovet illərində öz əsərlərini müəyyən yaradıcı insanların çevrəsində göstərmək dəbdə idisə, indi zaman dəyişib. Ustalar qalereya vasitəsilə yalnız milli incəsənəti təbliğ etməklə kifayətlənmirlər, həm də öz işlərini reallaşdıra bilirlər.  Mənə elə gəlir ki, bu çox vacibdir. Çoxları bilir ki, bu gün rəssam  öz yaradıcılığını insanlara təqdim etmək üçün uzun yol keçməlidir; əlverişli salon tapmalı, kataloqlar, bukletlər, sərgiyə dəvətnamələr çap etdirməlidir və s. Bizim "Qız qalası" qalereyası sərgi təşkilinin bütün əziyyətini öz üzərinə götürür. Berlinin mərkəzində açılmış başqa bir qalereya isə dörd il əvvəl işə başlayıb. Divarlarda biz həm Azərbaycan incəsənətinin təmsilçilərinin, həm də Avropa ustalarının əsərlərini asırıq. Düşünürəm, bu, Azərbaycan mədəniyyətinin əla təbliğatıdır. Bir sözlə, qalereya bu gün çağdaş Azərbaycan mədəniyyətinin təqdim edildiyi mədəniyyət ocağıdır. 

- Bir qalereyaçı kimi, siz hansı çətinliklərlə üzləşirsiniz?

- (Gülür) Elə də xüsusi çətinliklər yoxdur. Qalereya dəbli ayaqqabı və ya geyim satılan mağaza deyil; bu, hər ay sahibinə gəlir gətirən restoran da deyil. Qalereya açmaq istəyən hər bir kəs anlamalıdır ki, bu işdə əsas məsələ şəxsi maraq ola bilməz. İlk yerdə incəsənət durmalıdır. Bəlkə də turist marşrutlarının düz mərkəzində yerləşən bu məkanda cəlbedici adı olan bir restoran açsaydım, yetərincə pul qazanardım. Amma mənə bu lazım deyil. Sanıram, yalnız özün barədə deyil, həm də yanındakılar barədə də düşünməlisən. Ölkənin çiçəklənməsi və onun gələcəyi barədə də fikirləşməlisən. Şükür ki son zamanlar bu istiqamətdə az iş görülmür. Milli Məclisin deputatı, YUNESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva milli rəssamlıq incəsənətinin təbliğatına böyük diqqət yetirir. Onun sayəsində bizim rəssamların işləri Birləşmiş Millətlər Təşkilatının təhsil, elm, mədəniyyət məsələləri bölməsində təqdim edilir. 



MƏSLƏHƏT GÖR:

459