24 Noyabr 2024

Bazar, 15:07

SCHOOL BUS

Azərbaycanda "məktəb avtobusu" sistemini tətbiq etməyin vaxtı çatıb

Müəllif:

01.10.2011

Məktəb avtobusu - təmiz Amerika icadıdır. Hazırda bu sözün arxasında tam bir sənaye, hətta öz qaydaları, ictimai təşkilatları, Şimali Amerikada məktəbli avtobusu istehsalı və istismarının strategiyasını, taktikasını işləyən elmi araşdırma mərkəzləri olan bütöv bir dünya gizlənir. 

Təbii ki, istənilən başqa sahədə olduğu kimi, burada da yeniliklər peyda olur və onların hər biri konstruktor və dizaynerlərin diqqətini ciddi şəkildə çəkir. ABŞ-ın bu sahəyə çox ciddi yanaşmasının başqa bir sübutu bu ölkədə "Məktəb avtobusu" jurnalının fəaliyyət göstərməsidir. Jurnalda bu sənayedə olan yeniliklər, təhlükəsizlik sahəsində araşdırmalar barədə yazılır, bazarın təhlili, avtobuslardakı  test-drayvlar dərc edilir. 

ABŞ-ın məktəb avtobuslarının təhlükəsizliyi uğrunda milli koalisiyası isə qəzaların statistikası ilə məşğul olur, valideynlər və uşaqlar üçün təhlükəsizlik təlimatını yeniləyir, məktəbdaşımaları sisteminin yaxşılaşdırılması layihələrini hazırlayır. ABŞ-da, həmçinin, Milli Məktəb Nəqliyyatı Assosiasiyası da fəaliyyət göstərir ki, burada məktəb avtobuslarının özəl podratçıları, istehsalçıları və təchizatçıları birləşirlər. Qurum bu sahədə effektiv alətlər və təhlükəsizlik resursları işləyir, sürücülərə təlim keçir və onlara fəaliyyət üçün lisenziya verir; öz fəaliyyəti ilə məktəb dairələrinə, uşaqların tədris müəssisələrinə daşınması məsələləri üzrə yardım göstərir. 

 

Sağ-salamat 

Bütün bunlar uşaqların təhlükəsizliyi naminə edilir. Amerika statistikası müəyyən edib ki, uşaqlar məktəbə gedərkən və ya qayıdarkən, həmçinin, adi avtomobillərdə səyahət edərkən yol-hərəkət qəzalarında daha çox həlak olurlar. Hər il ABŞ yollarında 800 məktəbli həlak olur və 150 000 nəfər zədə alır. Ancaq qəzaların yalnız 2%-i məktəb avtobusları ilə baş verir, 74% halda isə uşaq adi avtomobildə gedərkən qəzaya düşür. Bu statistika məktəbdaşımalarının təhlükəsizliyi sahəsində dövlət siyasətinin effektivliyini açıqca göstərir və bunu Azərbaycanda tətbiq etməyin vaxtı çoxdan çatıb. Nəzərə alınmalıdır ki, Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin məlumatına görə, təkcə bu ilin birinci yarısında məktəblilərin iştirakı ilə 44 yol-nəqliyyat qəzası baş verib. Nəticədə, 9 məktəbli həlak olub, 37-si yaralanıb. Keçən ilin uyğun müddətinə baxanda yol-hərəkət qəzalarının sayı 12, zərərçəkənlərin sayı 14,  həlak olanların sayı 1 ədəd artıb. 

Şəksiz ki, məktəbdaşımalarının səviyyəsinə görə, Azərbaycanı və ABŞ-ı tutuşdurmaq düzgün olmazdı. Bizdə bu sahə yalnız cücərti halındadır - bu xidmət ölkənin yalnız özəl məktəblərində fəaliyyət göstərir, amma onların da hamısını əhatə etmir. ABŞ-da isə sektor keçən yüzilliyin 20-ci illərindən inkişaf etməyə başlayıb. Bizdə bu məqsədlə fəaliyyət göstərən ixtisaslaşdırılmış avtobuslar da yoxdur. Amma bizim bir üstünl?yümüz var ki, artıq "velosiped icad etməyə" ehtiyac qalmayıb - çoxdan işlənmiş təcrübədən yararlanmaqla vaxta, vəsaitə və gücə qənaət etmək mümkündür. 

Məsələn, ABŞ-da "Məktəb avtobuslarına qarşı ümumi dözümlü münasibət" maddəsi qüvvədədir və xüsusi yol-hərəkət qaydaları var. Bu o deməkdir ki, istənilən başqa nəqliyyat vasitəsinin sürücüsü hərəkət etdiyi və ya əks tərəfdə, ya da yolayrıcında olub-olmamasından asılı olmayaraq, hərəkət etməyən və qırmızı işıqlarını yandırıb-keçirən məktəb avtobusunun önündə dayanmalıdır. Əgər məktəb avtobusunun qırmızı işıqları yanıb-keçməyi dayandırarsa, başqa avtomobilin sürücüsü yolda uşaqların olub-olmadığını diqqətlə yoxlamalı  və yalnız onların hamısı yolu tərk etdikdən sonra hərəkətə başlamalıdır. 

 

Standartlar 

Başqa unifikasiyalar da var. Bir yenilik kimi, məktəb avtobusları ABŞ-da 1910-cu ildə peyda olub - ABŞ-ın 30 ştatının hakimiyyəti uşaqları məktəblərə təşkil edilmiş qaydada daşımaq barədə qərar verib, bunun üçün yerli fermerlərin təsərrüfat arabalarından yararlanılıb. Amma 20-30-cu illərdə ABŞ-ın kənd yerlərirndə fəal şəkildə yollar tikilməyə başlandı və atları avtomobillər əvəz etdi. Daxiliyanma mühərrikləri peyda olduqdan sonra, ilk məktəb avtobusları da düzəldilməyə başlandı. Əvvəlcə onlar at arabalarından elə də ciddi fərqlənmirdi. Üstləri çadırla örtülmüşdü və skamyalar bortun kənarına düzülmüşdü, giriş və çıxış arxadan idi. Amma texnika inkişaf etdikcə,  avtobuslar XX əsrin 30-cu illərində təkmilləşdirildi və hazırkı avtobuslara bənzər quruluş aldı. 

Onda da standartlaşdırma problemi başladı: müxtəlif istehsalçılar keyfiyyətinə və qiymətinə görə fərqlənən avtobuslar düzəltməyə başladılar ki, standartlaşdırma bu sahədə durumu yaxşılaşdırmağa yardımçı oldu. Onun işlənməsində "Blue Bird", "Ford", "Chevrolet" və "DuPont" kimi şirkətlər iştirak edib. Bu gün də uşaqların daşınması üçün nəzərdə tutulmuş avtobusun düzəldilməsi zamanı aşağıdakı şərtlər nəzərə alınmalıdır: uşaq üçün oturacaqların ölçüləri böyüklərinkinə baxanda kiçik, girişdə pilləkənlər də balaca olmalıdır, həmçinin, tutacaqların hündürlüyü də a?ağı olmalıdır. Bir sıra hallarda tərpənən astanadan istifadə edilir. Avtobus, həmçinin, uşaqları dərsə yola salan böyüklər üçün oturacaqlarla və çantalar üçün baqaj bölməsi ilə də təmin edilməlidir. 

Təhlükəsizlik tədbirləri ayrıca göstərilir: çağdaş məktəbli avtobuslarında oturacaqlar təhlükəsizlik kəmərləri ilə, avtomobilin özü isə səs və işıq siqnalizasiyası vasitəsilə təchiz edilməlidir. Sürücüləri giriş və çıxışları nəzarətdə saxlaya bilməsi vacibdir ki, uşaqlar sürücünün diqqətindən kənarda qalmasınlar. Bunun üçün avtobusları əlavə güzgülər və ya kameralar ilə təchiz edirlər. "DuPont" firması tərəfindən məktəb avtobusları üçün xüsusi olaraq "National School Bus Glossy Yellow" adlı sarı rəng çaları işlənilib, istehsalçının fikrincə, istənilən şəraitdə bu cür rənglənmiş avtobusların üzərindəki qara qoloqrafik "Uşaqlar" yazısı oxunacaq. Belə avtobus yol hərəkətinin başqa iştirakçıları tərəfindən yaxşı görülür. Məktəb avtobuslarının təhlükəsizliyi üçün ABŞ-da tətbiq edilən ən sərt standartlardan birinə misal kimi, onların hər birinin səyyar dayandırma işıq siqnalına malik olmasıdır, bəzilərinin, hətta qabaq tərəfinə kiçik şlaqbaum da birləşdirilib. Burada məqsəd avtobuslardan çıxan uşaqların onun qabaq tərəfinə keçməsinə mane olmaqdır. "Blue Bird" firmasının "Envayrbas-2000" modeli isə naviqasiya sistemi ilə təchiz edilib. Onun vasitəsilə sürücü tıxaclar, qəzalar, yol bağlanmaları və hava haqqında məlumat alır. Bundan başqa, sistem mərkəzi dispetçerə "heyət"in harada olması, nasazlıq, radioəlaqənin işləməməsi, avtobusun cinayətkarlar tərəfindən tutulması barədə məlumat da verir. Bundan başqa, xüsusi radar yaxın avtomobilə və ya başqa obyektlərə qədər olan məsafəni daim diqqətdə saxlayır. 

Amma əgər toqquşma baş verərsə, sərnişinləri əsas qapı ilə yanaşı, arxa qəza qapısı və dörd yan pəncərə vasitəsilə də kənara çıxarmaq mümkündür. Onlar xüsusi işıqqaytaran təbəqə ilə işarələnib və həm içəridən, həm də bayırdan çıxarıla bilir. Şikəst uşaqlar üçün xüsusi olaraq lift quraşdırılmış "Envayrbas-2000" avtobusları mövcuddur. 

 

Özünüz düşünün 

Şəksiz ki, Azərbaycanda, hətta özəl məktəblər bu məqsədlə nəqliyyat vasitələri kirayələsələr də, uşaqların daşınması üçün xüsusi avtobuslar yoxdur. Bir sıra özəl məktəblərdə uşağın tədris müəssisəsinə və evə daşınması üçün haqq illik və ya aylıq təhsil haqqına daxil edilir. Amma uşaqların daşınmasını Rusiyada istehsal edilmiş "QAZel" markalı mikroavtobuslara etibar etmək olarmı? Rusiyanın özündə etiraf ediblər ki, bu mikroavtobuslar minimum passiv təhlükəsizlik normalarına cavab vermir və onların nəqliyyat vasitəsi kimi istifadəsi yalnız sərnişinlərə deyil, həm də yol hərəkətinin digər iştirakçılarına təhlükə törədir. Yeri gəlmişkən, "Region plus" əməkdaşının müşahidəsinə görə, Bakıda elə özəl məktəblər var ki, onlar uşaqların daşınmasını məhz bu avtomobillə gerçəkləşdirirlər. 

Azərbaycanda niyə "Məktəb avtobusu" sisteminin fəaliyyət göstərməməsi ilə bağlı müxbirimizin sualına Təhsil Nazirliyindən bildiriblər ki, bu hələ ilk başdan - sovet çağlarından nəzərə tutulmayıb. Orta təhsil məktəblərinin tikintisi onda yaşayış məhəllələrindən, ayaqla gediş nəzərə alınmaqla  gerçəkləşdirilirdi və əksər hallarda valideynlərin bir neçə məktəb arasında seçim imkanı var idi. Yəni məktəbliləri maşınla aparmağın vacibliyi nadir hallarda yaranır. Avtobuslar məktəblərə uşaqları ekskursiya yerlərinə, başqa tədris və əyləncə tədbirlərinə daşımaq üçün lazım olur. Buna görə də lazım olanda icarəyə götürülür. Əgər hər hansı bir tədris müəssisəsində uşaqların daşınması üçün qərar veriblərsə, bu zaman məktəb rəhbərliyi valideynlərlə söhbət aparmalıdır və onlar da böyük ehtimala belə xidmətdən imtina etməyəcəklər. Amma bunun üçün pul ödənməlidir. Qurumdan bildirildiyinə görə, təbii ki, nə məktəbin, nə də Təhsil Nazirliyinin belə avtobuslara xidmət etmək və onları icarəyə götürmək üçün vəsaiti yoxdur. Onların xüsusi olaraq alınmasından isə danışmağa dəyməz. 

Əlbəttə ki, indiki zamanı sovet illəri ilə müqayisə etmək mümkün deyil. Bu gün uşağı bir məhəllə belə tək buraxmaq qorxuludur. Birincisi, maşınlar sovet dövründəkindən dəfələrlə çoxdur. Amma məsələ yalnız yollardakı təhlükəsizliklə bağlı deyil. Valideynlərin küçəyə münasibəti uşaqların hər cür manyakların və pedofillərin olduğu təhlükə zonasına göndərilməsi kimi qəbul edilir. Təbii ki, biz bu cür hadisələrin ölkəmizdə geniş yayıldığını iddia etmək fikrindən uzağıq, amma belə bir ehtimal mövcuddur. Buna görə də valideynlərin çoxu uzun müddət uşaqlarını məktəbə qədər ötürməyə məcburdur;  həm də məktəb həmişə yaxınlıqda yerləşmir. 

Uşaqların daşınmasının başqa bir üstünlüyü onunla bağlıdır ki, bu, yollarda hərəkəti azaldır. Elə məktəblərin yerləşdiyi zonalarda maşın sayını  da azaldar, çünki  hazırda Bakının bir çox tədris müəssisələrində maşın saxlamaq üçün yer də yoxdur. Çox vaxt valideynlər uşaqlarını məktəbə yola salmaq üçün maşınlarını yolun hərəkət hissəsində saxlamağa məcbur olurlar, uşağı sinfə yola salmaqdan isə danışmağa dəyməz, bu, ən azı, 15 dəqiqə çəkir. Bunun avtomobillərin hərəkətinə hansı çətinliklər yaratdığını təsəvvür etməyə belə dəyməz. 

Bu məqalədə biz "Məktəb avtobusu" sisteminin işini ABŞ nümunəsində ona görə müfəssəl təsvir etdik ki, bu sahəni valideynlərin təşəbbüsü və gücü ilə tətbiq etməyin qeyri-mümkünlüyünü göstərək. Onlar onsuz da məktəblərdəki çoxsaylı yığımlar vasitəsilə yükləniblər. Onu, şübhəsiz, dispetçer xidmətinin tətbiqinə qədər dövlət səviyyəsində düşünmək lazımdır. Zamanı çatıb. Amerika təcrübəsi əsasında biz "Məktəb avtobuslarına ümumi dözümlü münasibət haqqında" maddə də qəbul edə bilərik və hətta yol hərəkəti qaydalarına da dəyişikliklər oluna bilər. Mümkündür ki, ABŞ-da məktəblilərin daşınmasının  necə təşkili  barədə məlumatları bilmək gələcəkdə Azərbaycanın "Məktəb avtobusu" proqramına məsul olan şəxslərə yardımçı olacaq. İstənilən halda, biz buna çox ümid edirik. 

 

 

BU MARAQLIDIR

Kanada və ABŞ-da məktəb avtobusları tamamilə azad və müstəqil ictimai nəqliyyat növüdür. ABŞ-da məktəb avtobuslarının sarı-narıncı rənginin, hətta xüsusi adı da var - "sarı xromlaşdırılmış milli məktəb avtobusu" rəngi. ABŞ-da müəyyən mikrorayonda məktəb idarəetməsi üçün təşkil edilmiş xüsusi ərazi dairə rayonları bir qayda ilə avtobusları ya alırlar, ya icarəyə götürürlər, yaxud da məktəb avtobus podratçılarını işə cəlb edirlər. Belə bir podratçı rolunda bu rayonun bütün tədris müəssisələrini avtobuslarla təmin edən özəl şirkətlər çıxış edirlər. 

Amerikada, demək olar ki, yarım milyon məktəb avtobusu fəaliyyət göstərir və onların 30%-ə qədəri məktəb avtobus podratçılarına məxsusdur. Podratçılar çox fərqlənirlər: bu, bir avtobusu olan özəl sahibkar da, bir neçə min sarı məktəb avtobusu olan şirkət də ola bilər. London üçün qırmızı ikimərtəbəli "rutmaster"lər ənənəvi olduğu kimi, məhz sarı və uzun məktəb avtobusları Amerika məktəbləri üçün ənənəvi olur. Bir sıra başqa dövlətlərdə, məsələn, Fransa və Almaniyada məktəblər, adətən, uşaqları dərsə daşımaq üçün özəl daşımaçıları icarələyirlər.


MƏSLƏHƏT GÖR:

525