Müəllif: Aysel OSMANOVA Bakı
Sentyabrın üçüncü çərşənbəsində, yəni 21-də bütün dünya üzrə HR meneceri, yəni kadrların idarəetməsi üzrə mütəxəssis günü qeyd olunub (HR - ingiliscə "human resources", yəni insan qaynaqları sözündən götürülüb). Bu gün HR abbreviaturası hələ geniş çevrələrdə elə də yayılmayıb. İnsanların çoxu personal və ya kadr üzrə menecer sözü ilə tanışdır. Azərbaycan üçün bütövlükdə HR anlayışı yetərincə yenidir, ancaq əmək qaynaqları bazarında bu sahənin inkişafına ehtiyac çoxdan hiss edilir. Məsələn, bu gün istənilən HR-menecer vakansiyasına bir sıra tələb və öhdəliklər daxildir: tam yararlı əməkdaşa çevriləcək işaxtaranların tapılmasından tutmuş, firmanın kadr siyasətinin müəyyən edilməsi və ümumiyyətlə, korporativ mədəniyyətin formalaşdırılması bura daxildir. Amma bu gün kadr potensialının səviyyəsi necədir? Ümumi kadr çatışmazlığı şəraitində axtarışı necə aparmaq olar və niyə Azərbaycanda tələb olunmadığı halda populyar ixtisaslar var? Demək olar ki, hər kəs həkim, hüquqşunas, dizayner, tərcüməçi olmaq istəyir. Kənd yerində müəllim, dərzi, orta səviyyəli tibb işçisi, baytar, qaz qaynaqçısı isə heç kim işləmək istəmir.
Bu problem nəticədə ölkənin insan resursları sahəsində durumuna təsir göstərir. Bu hələ məktəb və universitetlərdən başlayır. HR-menecment üzrə mütəxəssis Cəmilə Ömərova durumu şərh edərkən bildirir ki, valideynlər uşağın həvəsini nəzərə almadan və istedadını yoxlamadan onu tələb olunan ixtisaslara deyil, populyar ixtisaslara yönəldirlər. "Gəlin Almaniyanın təcrübəsinə baxaq, orada hələ məktəb illərindən yeniyetmələrlə mütəxəssislər işləyir və onların xasiyyətini, uğur qazana biləcəkləri sahələri müəyyən edirlər. Bu normaldır. Kimsə texniki fənləri yaxşı başa düşür, başqası isə pianoda gözəl çalır, axı insanlar fərqlidir, musiqiçini kimyaçı olmağa məcbur etmək ağılsızlıqdır. Hamı çoxdan anlamalıdır ki, valideynlər ixtisas seçərkən dəbə və ya keçən il həyətdəki ən varlı qonşunun oğlunun qəbul olunduğu ixtisasa əsaslanmalı deyil. Seçimin əsasında yalnız bacarığın uyğun qiymətləndirilməsi durmalıdır ki, bu da bizdə elə də yaxşı inkişaf etməyib. Bu cür obyektivliyin olmaması ona gətirib ki, ölkədə ali təhsil, sadəcə, şərti bir şeyə çevrilib".
Yarımçıq kadrlar belə yaranır, nəticədə, bu da ölkənin kadr potensialının formalaşmasına təsir göstərir. Problem müəyyən edilib, amma onun həll edilməsi üçün nə kimi işlər görürük? Dövləti suçlandırırıq. Amma müsahibimizin fikrincə, bütün məsuliyyəti dövlətin boynuna yıxmaq olmaz. Cəmiyyətin hər bir üzvü bir valideyn və ya bir tələbə kimi kadr hazırlığı məsələsinə ciddi yanaşmalıdır. Axı gəncliyin potensialı böyükdür, bizim torpaq çox sayda istedadlar yetirir, sadəcə, düzgün yönləndirmə və prosesin qaydaya salınması çatışmır.
Hər bir insan onu dolandıra biləcək, toplum üçün yararlı edəcək ixtisasa yiyələnməlidir. Şəksiz, təhsil sistemində islahatlara, düzəlişlərə ehtiyac var. Məsələn, tam yararlı tibb kadrları yetişdirmək üçün ali məktəbə daxil olmazdan əvvəl onların bir neçə il texnikumda oxuması yaxşı olardı. Bu, gəncin tibbə həvəsinin olub-olmamasını müəyyən etməyə imkan verərdi.
"Görürsən ki, qarşında istedadlı maliyyəçi oturub, bəlli olur ki, o, yeddi il həkimlik oxuyub. Yarımçıq həkim hazırlanması üzündən kadr yetişdirilməsinə vəsait yatırmış dövlətə və səhiyyə sisteminə zərər dəyir. Dövlətin texniki-peşə məktəblərini və xüsusi texniki məktəbləri bərpa etmək sahəsində işini ayrıca qeyd etmək istəyitrəm. Əslində, ölkəyə saysız-hesabsız yararsız beynəlxalq münasibətlər mütəxəssisləri və politoloqlar əvəzinə peşəkar çilingərlər, mexaniklər, tokarlar lazımdır. Biz peşə seçərkən həm də həyatımızın əsas işinin nə olacağını müəyyənləşdiririk. Əgər xoşumuza gəlməyəcəksə, deməli, həyatımız harmoniya və xoşbəxtlikdən məhrum olacaq. Əgər xoşbəxt olmayacağıqsa, onda niyə yaşayırıq, niyə işləyirik və pul qazanırıq? Məgər bunların hamısını xoşbəxt olmağımız üçün etmirik?" - deyə Ömərova bildirir.
HR mütəxəssisi tələbələrin oxumaq üçün xaricə yollanması sahəsində dövlətin siyasətini yüksək qiymətləndirir. "Bu təqdirəlayiqdir. Əgər bu gün yaşı 40-50 arasında olan peşəkarlara baxsaq, görərik ki, onların çoxu sovet illərində respublikanın ovaxtkı rəhbəri Heydər Əliyev tərəfindən keçmiş SSRİ-nin ən yaxşı ali məktəblərinə yola salınanlardır. İndi də çox sayda güclü gənc mütəxəssislər var ki, dövlət proqramı ilə xaricdə oxuyublar. Bu çox vacibdir. Axı yaxşı mütəxəssis olmaq üçün yaşadığın toplumdan kənara çıxaraq dünyagörüşünü artırmaq, başqa ölkələrin, ən yaxşı ali məktəblərin təcrübəsini görmək, ən yaxşı ideyaları bizim ölkədə gerçəkləşdirmək lazımdır. İnkişafa və tərəqqiyə həmişə ehtiyac var", - deyə Ömərova vurğulayır.
Gerçəkdən nə baş verir? Çox vaxt yeni məzun olmuş mütəxəssisin işsiz qalmasının əsas səbəbi ali məktəbi bitirdikdən sonra, iş axtaran zaman məqsədinin fərqinə varmadan istənilən iş tapmaq arzusudur. Yəni iş axtaranlar hər hansı bir müəssisənin fəaliyyətinin məğzini bilmirlər, həm də işəgötürənin kimliyi ilə maraqlanmırlar. Bu ona görə baş verir ki, çox vaxt insanlar nə istədiklərini bilmirlər. Başqa tərəfdən, müəssisə və şirkətlərin əksəriyyəti təcrübəli işçi axtarırlar, çünki keyfiyyətli işçinin hazırlanmasına çox vaxt və vəsait sərf edilir. Heç də şirkətlərin hamısı təcrübəsiz yeni mütəxəssisə sərmayə yatırmağa hazır deyil. Həm də ehtimal çoxdur ki, yetişdirilmiş mütəxəssisi sosial zərfi və əmək haqqı yüksək olan başqa müəssisə ələ keçirə bilər. Buna görə də belə risqə getməzdn öncə şirkətlər bütün gəlir və çıxarları yaxşı götür-qoy edirlər.
HR-menecerin işi də məhz budur - insan resurslarını, insan kapitalını, işçi heyəti, kadrları idarə eləməlidir. Bu ingilis ifadəsini necə tərcümə etməkdən asılı olmayaraq, məsələ belədir. Əsas ideya insanların idarə edilməsidir. Hazırda bütün şirkətlər istehsal prosesini avtomatlaşdırmaqla insanın rolunu minimuma endirməyə çalışırlar. Bahalı avadanlıq alırlar, xüsusi proqram təminatları yazırlar, istehsalın optimallaşdırılması yö-nündə çox şey edirlər.
Amma maşınları da kimlərsə idarə etməlidir, yararsızlıq baş verərsə, o təmir olunmalıdır. Hələ xidmət bölməsindən danışmırıq. Yəni insan "qiymətli" resurs olaraq qalmaqdadır. HR sahəsi şirkətlərin ən mürəkkəb bölmələrindən biridir. İnsanların xasiyyəti, insani və peşə keyfiyyətləri fərqlidir. Bunun nəticəsidir ki, onlarla işləmək maşınlarla işləməkdən daha mürəkkəbdir.
İnsan resursları üzrə menecer şirkətin sifətidir. İdeal HR-menecer obrazının necə olmasını müəyyən etmək mürəkkəbdir və bu ideallığın harada başlayıb, harada qurtardığını da müəyyən etmək çətindir. Buna görə də bu daha çox toplu bir obrazdır. HR mütəxəssisi şirkətin sifəti olduğundan, həm xarici görkəminə, həm də xasiyyətinə görə cəlbedici və xoş olmalıdır ki, şirkət haqqında fikri də belə müsbət olsun. Onun insanlardan və onların psixologiyasından başı yaxşı çıxmalıdır. Və əlbəttə ki, HR mütəxəssisinin obrazı qurduğu sistemdə işçilərin özlərini necə hiss etməsindən çox asılı olacaq. Ancaq hazırda HR-menecment yalnız şirkətlər səviyyəsində mövcuddur və bu ixtisaslaşmanı dövlət qurumlarında da tətbiq etmək lazımdır. Yalnız peşə biliyi üzrə imtahanlar keçirmək yetərli deyil, həm də bununla yanaşı, imtahandan keçmişlər arasında savadlı seçim aparmaq da lazımdır. Ömərova deyir ki, yalnız belə olan halda ölkəni yaxşı mütəxəssislərlə təmin etmək mümkün olacaq.
Cəmilə Ömərova bank işi, ümumi menecment üzrə oxuyub. Universiteti bitirəndə düşünməyib ki, kadr məsələsi sahəsində ixtisaslaşacaq. Ancaq insan resurslarının idarə edilməsi sahəsinə daxil olarkən anlayıb ki, kadr işində uğurlu menecer olmaq üçün müxtəlif insanlarla, müxtəlif bölmə, şirkət və korporativ mədəniyyətlərlə işləmək, ən başlıcası, həyat təcrübəsinə malik olmaq gərəkdir.
"Uğurlu karyera qurmaq üçün insan ilk öncə "Nə istəyirəm? 10 ildən sonra özümü necə görürəm?" sualına cavab verməlidir. Sonra anlamalıdır ki, karyera qurmaq heç də direktor olmaq demək deyil. Parlaq horizontal karyera da qurmaq mümkündür, özü də bu sahənin mütəxəssisləri çox vaxt yuxarı dəstə heyətindən - rəislərdən çox maaş alırlar. Bu suallara cavab tapıldıqdan sonra ən məsuliyyətli dövr başlayır, gücləri toplamaq və səylə çalışmaq lazımdır. Həyat həddindən dinamikdir. Buna görə də inkişafını dayandıran, öz üzərində işləməkdən əl çəkən insan karyera iflasından yaxa qurtara bilməz. Ən başlıcası, şəxsi həyatı işlə balanslaşdırmaq lazımdır, çünki belə ahəngdarlıq olmadan xoşbəxtlik mümkün deyil", - deyə müsahibimiz yekunlaşdırıb.
MƏSLƏHƏT GÖR: