25 Noyabr 2024

Bazar ertəsi, 20:53

"AXIN" LAYİHƏLƏRİ LAYİHƏLƏR AXININA QARŞI

Avropaya enerjidaşıyıcıların nəqli uğrunda mübarizə Azərbaycanı yenidən ön plana çıxarır

Müəllif:

01.10.2011

Postsovet məkanından Avropaya qaz nəqlinin diversifikasiyası ətrafında intriqalar ötən ay daha da qızışıb. Sentyabrın ilk ongünlüyündə "Şimal axını" qaz kəməri layihəsinin 2 xəttindən 1-nin texnoloji qazla doldurulmasına start verilib. Bu xətlə ilk qaz nəqlinin oktyabrda başlanılması nəzərdə tutulub. Bununla da 7,4 milyard dollar dəyəri olan qaz kəmərinin fəaliyyətinə uğurla start verilib. 

Qeyd edək ki, bu, Rusiya qazının Avropaya nəql ediləcəyi tam yeni marşrutdur.

Proqnozlara əsasən, Avropa İttifaqı (Aİ) ölkələrinə qaz ixracı yaxın onillikdə, təxminən, 200 milyard kubmetr və ya 50%-dən çox artacaq. Rusiyanın layihələri birlikdə bu əlavə tələbatın yalnız 60%-ni ödəmək iqtidarındadır. Aİ-ni narahat edən məqamlardan biri "Şimal axını" və "Cənub axını" ilə qaz nəqlini yalnız Rusiyanın "Qazprom" şirkətinin həyata keçirəcəyidir.

Aİ bu reallıqdan çıxış edərək, Azərbaycan və Türkiyə ilə "Nabusso", həmçinin, Transxəzər qaz kəməri layihələrinə dair danışıqlarda vahid cəbhədən çıxış etməyə qərar verib. Qurum sentyabrın ortalarında Transxəzər qaz kəməri layihəsinin reallaşdırılması üçün hüquqi öhdəliklərə dair sənədin imzalanması mandatını Avropa Komissiyasına (AK) təqdim edib.

Gözlənildiyi kimi, Aİ-nin bu addımı Moskvanın sərt tənqidi ilə qarşılanıb. Rusiya narazılığını Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməməsi ilə əsaslandırır. Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi A.Lukaşeviç bildirib ki, Xəzər dənizinin resurslarından istifadə məsələlərini yalnız 5 sahilyanı ölkə həll etməlidir.

Tehran da analoji ruhda olan bəyanatla çıxış edib. Lakin əksər Qərb ekspertləri Moskvanın mövqeyini qərəzli sayır. Məsələn, Kanadanın Karlton Universitetinin Avropa, Rusiya və Avrasiya Tədqiqatları İnstitutunun böyük elmi işçisi Robert Katler hesab edir ki, Moskvanın Xəzər dənizinin şimalında nümayiş etdirdiyi fəallıq onun riyakar və qeyri-səmimi olduğunu gösğərir. Katler bildirib ki, beynəlxalq hüquq nöqteyi-nəzərindən Transxəzər qaz kəmərinin çəkilməsinə heç bir maneə yoxdur. Xəzər sahillərində yerləşən 5 dövlətin hamısının buna razılıq verməsini vacib sayanlar, nədənsə unudurlar ki, bu ölkələrin hər biri dənizdəki yataqlarda işləyərkən, bir-birinin razılığını istəməmişdi. Transxəzər qaz kəməri birbaşa Türkmənistanla Azərbaycanı birləşdirəcək və o, digər ölkələrin eksklüziv ərazisindən keçməyəcək. Bu üzdən də layihənin reallaşdırılması üçün hər hansı digər sahilyanı ölkənin razılığına ehtiyac yoxdur.

R.Katler hesab edir ki, layihənin reallaşdırılması üçün Azərbaycan və Türkmənistanın Xəzər dənizindəki milli sektorların sərhədinin müəyyənləşdirilməsinə də ehtiyacı yoxdur. Bir sözlə, Transxəzər qaz kəmərinin inşasına dair razılaşmanın əldə edilməsi və uğurla həyata keçirilməsi üçün iştirakçı ölkələrin siyasi iradəsindən başqa heç bir maneə yoxdur. Aİ-nin bu işdə göstərdiyi son qərarlılıq gecikmiş olsa da, nəticənin əldə edilməsinə təsir göstərə bilər.

Xəzərin bioresursları və ekoloji prolemləri ilə bağlı "həyəcan"a gəlincə, ekspertlər Moskvaya, ilk növbədə, Baltik və Qara dənizlərin ekoloji durumu ilə maraqlanmağı məsləhət bilir. Çünki "Şimal axını" və "Cənub axını" boruları məhz bu dənizlərin dibi ilə çəkilir. Bu məsələdə Moskva müəyyən iqtisadi dividendlər qarşılığında əvvəlcə layihələrin gerçəkləşməsinə qarşı olan ölkələrin (İsveç, Danimarka, Finlandiya və Türkiyə) razılığını ala bilib. Bununla yanaşı, Litva, Latviya, Estoniya və Polşanın etirazlarına məhəl qoyulmayıb. Xatırladaq ki, bu dövlətlər "Şimal axını" layihəsinin Baltik dənizinin ekoloji təhlükəsizliyinə problem yaratdığına, həmçinin, Aİ-yə üzv ölkələrin vahid mövqeyini əks etdirmədiyinə əmindir.

Bütün bunlarla yanaşı, bu dəfə Aİ niyyətinin gerçəkləşdirilməsində israrlıdır. O, Rusiyanı "Nabusso" layihəsinə müdaxilə etməməyə, qiymətcə baha olan "Cənub axını" qaz kəmərinin köməkliyi ilə "Nabusso"nun reallaşdırılmasına mane olmamağa çağırıb. Bu çağırışı qurumun enerji məsələləri üzrə ali komissarı Günter Ottinger dilə gətirib. Onun fikrincə, Rusiya həm "Nabucco", həm də onun alternativləri sayılan TAR və ITGI layihələrinin reallaşdırılmasında maraqlı olmalıdır. Komissar Aİ-nin "Cənub axını" layihəsinə qarşı olmadığını deyib: "Qoy Rusiya onun inşası ilə məşğul olsun. Amma Moskva "Nabucco" və Transxəzər qaz kəməri layihələrinin də reallaşdırılacağı ilə barışsın. Moskva "Cənub dəhlizi"nin qaçılmaz olduğu ilə barışarsa, Azərbaycan və Türkmənistanın müstəqil qərar vermək hüququnu qəbul edərsə, avropalıların təbii qaz kimi enerjidaşıyıcısına inamı daha da artacaq. Amma ruslar "Nabusso" layihəsinə iqtisadi baxımdan "Cənub axını", siyasi nöqteyi-nəzərdən isə Aşqabad və Bakıya təzyiq göstərməklə mane olmağa çalışsa, şəxsən mən uzunmüddətli qaz müqavilələrinə, həmçinin, qazın Rusiya üçün siyasi alət olmadığına dair tezisə daha az inanacağam".

Bundan başqa, Ottinger bildirib ki, "İndi Avropa birağızdan danışır" (güman ki, söhbət Moskva ilə Berlinin bir müddət əvvəlki gizli oyunlarından gedir). Ali komissarın sözlərinə görə, indi heç bir "axın"lar və ya Bakı ilə Aşqabada göstəriləcək siyasi təzyiqlər Avropanı "Nabucco" və Transxəzər qaz kəməri layihələrindən imtinaya məcbur etməyəcək.

Bütün bunların fonunda Xəzərin Azərbaycana aid sektorunda yeni nəhəng "Abşeron" qaz yatağının aşkarlanması Azərbaycanın təsdiqlənmiş qaz ehtiyatını 2,5 trilyon kubmetrədək artırıb. "Nabucco Gas Pipeline International GmbH"ın direktoru Reynhard Mitçek bildirib ki, bu, "Nabucco"ya marağı daha da artırıb. Üstəlik, qaz ehtiyatının daha da artması mümkündür. Ekspertlər "Babək", "Naxçıvan", "Zəfər-Maşal" strukturlarına böyük ümidlər bəsləyir. "Azəri-Çıraq-Günəşli"yə də böyük ümidlər var. Müxtəlif qiymətləndirmələrə görə, Azərbaycanın potensial qaz ehtiyatının həcmi 5 trilyon kubmetrə çata bilər.

Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti Xoşbəxt Yusifzadənin sözlərinə görə, 2025-ci ildə Azərbaycanda illik qaz hasilatı 50 milyard kubmetrə çatacaq. Ölkənin qaza olan daxili təl?batı 11-12 milyard kubmetrdir. Bu, ixracın həcmini artırmağa imkan verir. Məntiqlə belə çıxır ki, daxili tələbat və ixrac öhdəliklərini nəzərə almaqla, Azərbaycan "Nabucco" qaz kəmərini öz resursu hesabına doldura biləcək.

Əksər ekspertlərin fikrincə, "Nabucco" Avropanın 8 ölkəsinin (Rumıniya, Bolqarıstan, Macarıstan, Avstriya və s.) təbii qaza olan təl?batını tam ödəyəcək və onların Rusiyadan qaz asılılığını aradan qaldıracaq. Odur ki, Moskvanın Rusiyadan yan keçməsi planlaşdırılan bu layihəni əngəlləmə cəhdləri tamamilə başadüşüləndir.

Qeyd etmək lazımdır ki, vaxtilə "Nabucco" və Transxəzər qaz kəməri layihələrinin reallaşdırılmasının ləngiməsində Rusiyanın Aİ-nin aparıcı üzvləri ilə gizli oyunları da az rol oynamayıb. Söhbət Almaniya, Fransa və İtaliyadan gedir. Bu ölkələr də Rusiyanın ardınca yeni qaz kəmərlərini doldurmaq üçün "mavi yanacaq"ın çatışmamasına dair fikirlərlə spekulyasiya edir, Azərbaycan və Türkmənistandan dəqiq siyasi və iqtisadi zəmanət istəyirdi. Bununla da onlar siyasi və iqtisadi risklərə görə məsuliyyəti istehsalçı ölkələrin üzərinə qoymağa çalışırdı.

Lakin "Nabucco" layihəsində iştirak etməyə prinsipial razılıq vermiş Bakı və Aşqabad belə yanaşma ilə razılaşmadı. Bu məsələdə Azərbaycan Prezidenti İlham Əliyevin bir neçə dəfə ortaya qoyduğu mövqe kifayət qədər ibrətamizdir: "Nabucco"ya Avropa ölkələrinin enerji təhlükəsizliyini təmin edəcək layihə kimi baxılırsa, Avropa onun reallaşdırılmasını maliyyələşdirməlidir. Bakı üçün isə "Nabucco" öz qazının xarici bazarlara çıxarılmasının diversifikasiyası baxımından yeganə marşrut deyil.

Bütün bu faktorları nəzərə alan Aİ üzvləri uzun-uzadı müzakirələr aparır, layihənin maliyyələşdirilməsi məsələsində daxili diskussiyalarla məşğul olurdu. Nəticədə, bu vaxtdan istifadə edən Moskva Bakı ilə Aşqabada Xəzər qazının topdansatışı üçün ən yüksək qiymət təklif etdi. Nəticədə, "Qazprom" Azərbaycanla ildə 2 milyard kubmetr qazın satışına dair razılaşma imzaladı. Razılaşmada gələcəkdə həcmin artırılmasının mümkünlüyü də qeyd olunur.

Eyni vəziyyəti Rusiya ilə Türkmənistanın enerji sahəsindəki əməkdaşlığında da müşahidə etmək mümkündür.

Bütün bunlarla yanaşı, "Şimal axını" layihəsinin reallaşdırılması ilə "Nabucco" və Transxəzər qaz kəməri layihələrinin gerçəkləşdirilməsi daha da aktuallaşır. Birincisi, "Şimal axını" və "Cənub axını"nın inşası Avropa ölkələrinin Rusiyadan asılılığını daha da artırır.

İkincisi, Rusiya qazının nəqlində əsas tranzit ölkə olan Ukraynanın bu layihələrdən kənarda qalması Kiyev tərəfindən kifayət qədər mənfi qarşılanıb və bu, yeni "qaz müharibəsi"nə yol aça bilər. Sentyabrın ortalarında Ukrayna Prezidenti Viktor Yanukoviçin Türkmənistana səfər etməsi də təsadüf deyil. Orada Kiyevə 1 000 kubmetri cəmi 200 dollardan alternativ "mavi yanacaq" (40-50 milyard kubmetr) təklif edilib. Hətta Ukraynaya Xəzərin Türkmənistan sektorunda təkbaşına qaz çıxarmaq üçün icazə verilməsi məsələsi də müzakirə olunub.

Digər yandan, Kiyev Rusiyanın onun üçün müəyyənləşdirdiyi qaz qiymətini ədalətsiz, şişirdilmiş adlandırır. Ukraynada hesab edirlər ki, Moskvanın onlar üçün müəyyənləşdirdiyi qaz qiyməti Rusiyanın Qara Dəniz Donanmasının Sevastopolda qalmasına verilmiş razılaşmaya adekvat deyil. Bu, qısa zamandır normaya düşmüş Rusiya-Ukrayna münasibətlərinin tezliklə yeni sınaqlarla üzləşəcəyinə dair gümanları bir daha təsdiqləyir.

Rusiya isə hesab edir ki, "Şimal axını" Moskvaya "tranzit ölkələrin diktəsindən yaxa qurtarmağa" imkan verəcək. Hər halda, Baş nazir Vladimir Putin belə deyir. Bu isə tranzit ölkə olan Ukraynaya ciddi zərbədir.

Məsələyə Ukraynanın Baş naziri Nikolay Azarovun münasibəti də maraq doğurur. Hökumət başçısının mətbuat katibi V.Lukyanenko Baş nazirin mövqeyini belə açıqlayıb: "Rusiyanı Ukraynadan yan keçən boru xətləri qane edirsə, Kiyev dəqiq cavab istəyir: Rusiyanın Ukraynanın qaz nəqli sistemindən istifadə edəcəyinə bel bağlayaqmı? Rusiya Avropaya qaz nəqlində tranzit kimi Ukraynadan istifadəni düşünmürsə, qaz nəqli sisteminin saxlanması Kiyev üçün rentabelli deyil. Bu xərclərdən qurtulmaq üçün sistem ləğv edilməli olacaq".

Doğrudur, əksər ekspertlər Rusiyanın son illər tam nəzarətə götürməyə çalışdığı, lakin hələ də istəyinə nail olmadığı Ukrayna qaz nəqli sisteminin (QNS) söküləcəyinə şübhə ilə yanaşır. Amma Moskva ilə qaz məsələsində oraya çıxmış ciddi fikir ayrılıqları 2009-cu ilin əvvəlində yaşanmış vəziyyətin təkrarlanmasına səbəb ola bilər. Xatırladaq ki,  həmin vaxt iki slavyan qonşu arasında qazın qiyməti ilə bağlı yaranmış mübahisə 2 həftə ərzində 20 ölkəyə "mavi yanacaq"ın nəqlinin dayanması ilə nəticələnmişdi. Məntiqli "Şimal axını"nın fəaliyyətə başlaması nəinki Avropanın Rusiyadan qaz asılılığını aradan qaldırmır, hipotetik baxımdan (Kiyevin QNS-ni sökəcəyi ilə bağlı hədələrini nəzərə alsaq) o, hətta Avropa ölkələrinə qaz nəqlini azalda da bilər. Çünki Avropa ölkələrinə nəql olunan Rusiya qazının, təxminən, 80%-i Ukrayna ərazisindən keçir.

Təbii ki, yaranmış vəziyyət Avropanın enerji təhlükəsizliyinin təmini məsələsində Azərbaycanın sabit strateji tərəfdaş kimi rolunu yenidən ön plana çıxarır. Bu, sentyabrın 16-da Avropa Parlamentinin Parisdə keçirilmiş eyniadlı beynəlxalq konfransında da qeyd olunub. Qeyd edək ki, tədbirdə Azərbaycanı ölkənin birinci xanımı Mehriban Əliyeva təmsil edib.

Hazırda  Azərbaycanın bu rolunun tam şəkildə həyata keçirilməsi, ilk növbədə, niyyətini sentyabrda açıq şəkildə ortaya qoymuş Aİ-nin siyasi iradəsindən asılıdır. Ola bilsin, Aİ indiyədək "Nabucco" və Transxəzər qaz kəməri layihələrinin reallaşdırılması məsələsində Moskvanın güzəştə gedəcəyinə ümid bəsləyirmiş. Bugünkü vəziyyət göstərir ki, bu iki layihənin maliyyələşdirilməsi məsələsində Aİ üzvləri ümumi məxrəc tapa biləcəklər. Aİ-yə üzv olan bəzi ölkələrdəki iqtisadi böhranın aradan qaldırılması üçün nəhəng maliyyə kütləsinin ayrılması ilə müqayisədə, "Nabucco" kəmərinin inşası üçün tələb olunan məbləğ gülüş doğuracaq dərəcədə azdır.



MƏSLƏHƏT GÖR:

432