25 Noyabr 2024

Bazar ertəsi, 19:45

İQTİSADİ MÜSTƏQİLLİYİN ÜÇ MƏRHƏLƏSİ

Azərbaycan iqtisadiyyatının regional liderliyə aparan çətin yolu

Müəllif:

01.10.2011

Azərbaycanda  müstəqilliyin bərpa edilməsinin 20 illiyi ilə bağlı tədbirlərə başlanılıb. Tarixilik nöqteyi-nəzərdən qısa zaman kəsiyinə baxmayaraq, ölkə əksər göstəricilər üzrə, xüsusilə də  iqtisadi sahədə  çox böyük sıçrayış edib. Bütün bunlar Ticarət Sənaye Palatası tərəfindən 130-dan çox müəssisənin iştirakı ilə təşkil edilmiş "Müstəqil Azərbaycan 20 il ərzində" sərgisində aydın nümayiş olunub. Sərgiyə qatılan müəssisələr sənaye, yanacaq və energetika, informasiya texnologiyaları, kənd təsərrüfatı, nəqliyyat, ekologiya, turizm, tikinti, səhiyyə, təhsil və mədəniyyət sahələrində, həmçinin, başqa sektorlarda da uğurları əks etdiriblər. 

 

Dirçəlişdən sürətli artıma doğru 

Azərbaycanın 20 illik iqtisadi tarixinin göstəricilərini üç dövrə - 1991-ci ildən 1994-cü ilə qədər, 1994-cü ildən 2003-cü ilə  və 2003-cü ildən bu günə qədər olan dövrlərə bölmək olar. Məsələ bundadır ki, müstəqilliyinin ilk illərində Ermənistan tərəfindən  işğalçı müharibə ilə üz-üzə qalan ölkə həm də daxili siyasi çəkişmələrin, anarxiyanın və xaosun əzablarına qatlaşmalı  olub. Bundan sonra gələn 9-10 il ərzində də Azərbaycan yalnız SSRİ-nin dağılmasının mənfi təsirlərini aradan qaldırmaqla, dağılmış iqtisadiyyatı bərpa etməklə və onu bazar iqtisadiyyatı relslərinin üzərinə oturtmaqla məşğul idi. Bu məsələdə yeganə, amma yetərincə möhkəm ümid yeri kimi neft-qaz sektorunu göstərmək olar. Və Heydər Əliyev ölkəni, demək olar ki, xarabalıqlardan çıxararaq dirçəldilməsi üçün bu amildən ən səmərəli şəkildə istifadə etdi. O cümlədən, 1994-cü ildə bağlanmış "Əsrin müqaviləsi"  xarici sərmayələr şəklində iqtisadiyyata böyük dəstəyi təmin eləmiş oldu. 

Buna paralel şəkildə kredit xətləri cəlb edən hökumət ölkəni "holland sindromu" ilə qorxudan, sazişlərin dövrü bitəndən sonra yoxsulluq və aclıq başlayacağını bildirən beynəlxalq maliyyə institutları ilə də fəal əməkdaşlıq etməyə başladı. Ancaq Prezident İlham Əliyevin dövlət müstəqilliyinin bərpasının iyirmiilliyinə həsr olunmuş bayram mərasimində dediyi kimi, "Biz artıq "holland sindromu"nu arxada qoymuşuq". "Yoxsulluğun 49%-dən 9%-ə endirilməsi təsdiq edir ki,  Azərbaycanın neft-qaz bölməsindən əldə edilən gəlirləri bərabər şəkildə paylanır. Bu gün biz əhalinin yoxsul və varlı təbəqələri arasında fərqin azaldılmasına nail olmuşuq. Mən düşünürəm ki, biz yoxsulluğun tam ləğvinə nail olacağıq", - deyə dövlət başçısı bildirib. 

Bu cür nəticələrin əldə edilməsi ölkənin iqtisadi inkişafının 2003-2011-ci illəri əhatə edən üçüncü mərhələsində mümkün olub və bu dövr bütün göstəricilərin sürətli artımı ilə xarakterizə olunur. İqtisadi inkişaf naziri Şahin Mustafayev dövlət başçısına etdiyi məruzəsində bildirib ki, bu illər ərzində ümumi daxili məhsulun  (ÜDM) orta illik artımı 14%, o cümlədən neftdənkənar bölmədə 9% təşkil edib.  ÜDM-də özəl bölmənin payı 81,7%-ə çatıb. İqtisadiyyata sərmayə qoyuluşu 2,4 dəfə artıb, xarici sərmayələrin yatırılması 1,5 dəfə, daxili sərmayələr isə 5,5 dəfə artıb. 2010-cu ilin sonuna ölkənin strateji valyuta ehtiyatları 14 dəfədən çox artıb və $29 mlrd.-ı keçib. 

Qeyd edilib ki, dövlət büdcəsinin gəlirəri və xərcləri hər il, orta hesabla, 24%, əhalinin gəlirləri isə 3,2 dəfə, orta aylıq nominal əmək haqqı isə  2,6 dəfə artıb. İnsanın inkişaf indeksi Avropa və Mərkəzi Asiya dövlətlərinin səviyyəsinə qalxıb və uyğun olaraq məşğulluq səviyyəsi də artıb. 

 

Neft-qaz arteriyası 

Neft-qaz sektoru bu gün də Azərbaycanın iqtisadi ürəyini qidalandıran əsas arteriyadır və belə bir asılılığın olmasını hazırda heç kim danmır. Amma əsas məsələ odur ki, bu sahədən əldə edilən gəlirlər səmərəli istifadə edilir. Bunun nəticəsidir ki, neftdənkənar bölmənin rolu artır. Yanacaq-energetika bölməsinin özü də keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub. "Avropanın energetika təhlükəsizliyinin təmin edilməsində  Azərbaycanın neft-qaz resurslarının rolu genişlənməkdədir. Bir sıra ölkələr artıq 40% Azərbaycan neft və qazını istifadə edirlər. Bu gün biz neft ixracatçısı ölkəsindən qaz ixracatçısı ölkəsinə çevrilirik. Artıq bizim müxtəlif istiqamətlərə enerjidaşıyıcıları daşıyan yeddi boru kəmərimiz var. Biz boru kəmərlərimizi uzatmaq, o cümlədən dənizə çıxışı olmayan istehlakçılara tərəf də yönəltmək fikrindəyik", - deyə  Prezident İlham Əliyev 20 il ərzində Azərbaycanın yanacaq-energetika kompleksinin uğurlarından danışarkən bildirib. 

ARDNŞ-in pavilyonunda göstərildiyi kimi, müstəqillik dövründə respublikada neft hasilatı 6,1 dəfə,  qaz hasilatı isə 3,1 dəfə artıb. "Azəri-Çıraq-Günəşli" layihəsinin birinci mərhələsinin başlanmasından bu yana 247 mln ton neft və 62,7 mlrd kubmetr qaz çıxarılıb. Neft sənayesinə $35,8 mlrd xarici investisiya qoyulub ki, bunun $24,4 mlrd.-ı "Azəri-Çıraq-Günəşli" layihəsinin payına düşüb. Məhz əldə edilən gəlirlərin istifadəsinin səmərəliliyi və qazanılan uğurlar ARDNŞ-ə Türkiyə, Gürcüstan, Ukrayna, Rumıniya, Moldova və başqa ölkələrə sərmayə yatırmağa imkan yaradıb. 

Bununla bağlı qeyd etmək lazımdır ki, Azərbaycan bütün bu illər ərzində neft dollarlarının xərclənməsi sahəsində tam şəffaflığa nail olmağa can atıb. Dövlət başçısı qeyd etdiyi kimi, hazırda Azərbaycan Dövlət Neft Fondu (ARDNF) analoji institutlar arasında ən şəffaf olanlardan biridir. Qeyd edək ki, 2001-2011-ci illərdə ARDNF-ə $60 mlrd daxil olub ki, onların bir qismi ehtiyata yönəldilib. "Azərbaycanın dövlət müstəqilliyi: sənaye-energetika kompleksi yeni zirvələrə doğru" mövzusunda keçirilən "dəyirmi masa"nın gedişində fondun icraçı-direktoru Şahmar Mövsümov bildirib ki, əgər 2001-ci ildə ARDNF-in vəsaitləri $491,5 mln səviyyəsində idisə, 10 il ərzində onlar 65 dəfə artaraq $32 mlrd.-a çatıb. "ARDNF-in vəsaitləri Bakı-Tbilisi-Ceyhan neft kəmərinin, Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi kimi regional əhəmiyyətli  irimiqyaslı layihələrin gerçəkləşdirilməsinə, həmçinin, qaçqınların və məcburi köçkünlərin sosial-məişət durumunun yaxşılaşdırılmasına yönəldilib", - deyə o vurğulayıb. Bütün bu uğurlar milli sərgidə ARDNF-ə ayrılmış pavilyonda əks etdirilib 

Azərbaycan beynəlxalq institutlara sübut edib ki, neft dollarlarının infrastruktur layihələrinə yatırılması yalnız ölkə əhalisinin xeyrinə işləyir və gələcək nəsillər üçün özünəməxsus bir irsdir. Ölkənin müstəqillik illərində su təchizatı sahəsində ən böyük layihəsi olan və keçən ilin sonunda istifadəyə verilmiş Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisini götürək. Məhz bu layihə sayəsində paytaxt əhalisi, nəhayət ki, keyfiyyətli içməli su ilə təchiz olunmalıdır. 

Enerji təchizatına gəldikdə, "Azərenerji" SC-nin pavilyonundakı stendlərdən bəlli olur ki, hazırda ölkənin enerji sistemində 13 istilik və 7 su-elektrik stansiyası fəaliyyət göstərir və onların toplam gücü 6,4 min meqavatdan artıqdır. Respublikanın enerji sisteminin tərkibinə müxtəlif gərginlikli 200-dən çox yarımstansiya daxildir və hər il, orta hesabla, 18 mlrd kilovatt-saatdan çox elektrik enerjisi istehsal edilir. Azərbaycan artıq elektrik enerjisi ixracatçısı səviyyəsinə qalxır ki, bu da gələcəkdə ölkəni əlavə gəlirlərlə təmin edəcək. 

Bununla yanaşı, beynəlxalq maliyyə institutlarının iradlarına baxmayaraq, hər il əmək haqlarının, pensiya və müavinətlərin səviyyəsini qaldıran hökumət vətəndaşların rifahının təmin edilməsinin yüksək səviyyəsinə nail olub. Dövlət Sosial Müdafiə Fondu üçün ayrılmış pavilyondan verilən məlumata görə, müstəqillik illərində fondun ümumi gəlirləri 1,765 milyard manat təşkil edib. Hazırda ölkə üzrə pensiyaçıların 99,4%-inə ödənişlər plastik kartlar vasitəsilə gerçəkləşdirilir. 

 

Özəl biznes

Sərgidə ölkənin özəl bölməsinin pavilyonları da çox maraqlı idi. Onları gəzərkən əmin olmaq mümkündür ki, bu gün Azərbaycanda ən yüksək beynəlxalq norma və tələblərə uyğun gələn yetərli  miqdarda məhsul buraxılır. Aqrar bölmə, emal sənayesi, maşın və avadanlıq istehsalı, geyim və ayaqqabılar, həmçinin, çox sayda xalq istehsalı malları bu sıradadır və sərgiyə çıxarılmış "eksponat"ların böyük hissəsi uğurla xaricə göndərilir və orada da öz alıcısını tapır. Bu sərgi Azərbaycan iqtisadiyyatının şaxələndirmə səviyyəsini və yerli məhsulların bütün spektrini ən yaxşı şəkildə  nümayiş etdirirdi. Bu amil, şəksiz ki, dövlət başçısının iri dövlət sifarişlərinin yerli şirkətlərə verilməsi barədə tapşırığının yerinə yetirilməsində böyük rol oynamalıdır.

Sərgidə ayrıca guşə Naxçıvan Muxtar Respublikasında əldə edilən uğurlara həsr edilmişdi. 20 il ərzində muxtar respublikada 432 sənaye müəssisəsi yaradılıb. ÜDM-də özəl bölmənin payı 85,9% təşkil edir. Hazırda Naxçıvanda 305 növ və 807 sortda məhsul yetişdirilir, 68,7 min yeni iş yeri açılıb.

Bir sözlə, 1995-ci ildə başlanmış islahatlar ölkənin bütün ərazisini və ölkə iqtisadiyyatının bütün sektorlarını əhatə edib - hazırda Azərbaycan iqtisadiyyatı bütün Cənubi Qafqaz iqtisadiyyatının üçdəikisindən çoxunu təşkil edir. Bu uğurlar beynəlxalq reytinq agentlikləri, maliyyə institutları tərəfindən yüksək qiymətləndirilir. Amma istənilən halda, ötən 20 ilin ən başlıca uğuru ölkə iqtisadiyyatının gerçək müstəqilliyi və onun sarsılmaz sabitliyidir ki, bu da Azərbaycana beynəlxalq münasibətlər sistemində özünü təmin etməyi bacaran və bərabər hüquqa malik olan iştirakçı kimi çıxış etməyə imkan yaradır. 



MƏSLƏHƏT GÖR:

559