
GƏLƏCƏYƏ ƏRİZƏ
Fələstinin müstəqilliyinin tanınması məsələsi ilk dəfə BMT TŞ-nin gündəmindədir
Müəllif: Natiq NAZİMOĞLU Bakı
Fələstin problemi beynəlxalq siyasətin diqqət mərkəzindədir. Fələstin Milli Administrasiyasının lideri Mahmud Abbas Fələstinin 1967-ci ildə mövcud olmuş sərhədlər çərçivəsində müstəqil dövlət kimi tanınması üçün BMT-yə müraciət edib. Bu təşəbbüs ətrafında xeyli dövlətin iştirakı ilə hazırda əsl diplomatik müharibə gedir.
Mahmud Abbasın demarşı və Benyamin Netanyahunun "əli"
Fələstini müstəqil dövlət kimi bir çox ölkələr tanıyıb. O, Ərəb Dövlətləri Liqasının üzvüdür. Lakin BMT-nin tamhüquqlu üzvü statusuna malik deyil. Çünki muxtariyyəti dövlət kimi BMT TŞ-nin daimi üzvü olan 3 Qərb təmsilçisi (ABŞ, Fransa və Böyük Britaniya) tanımır.
Abbasın ərizəsində bildirilir ki, Fələstin BMT-nin Nizamnaməsinə hörmət edən sülhsevər dövlətdir. O, BMT-nin Yaxın Şərq münaqişəsinin həllində daha effektiv rol oynamasını istəyir.
Amma Abbasın Fələstinin BMT-yə tamhüquqlu üzv kimi qəbul edilməsi istəyi, gözlənildiyi kimi, Qərbi, ilk növbədə, ənənəvi olaraq İsraili dəstəkləyən ABŞ-ın müqaviməti ilə üzləşdi. Vaşinqton hesab edir ki, Fələstin Təl-Əvivlə sülh razılaşması əldə etməyəcəyi təqdirdə, onun beynəlxalq ictimaiyyət tərəfindən tanınması mümkün deyil.
Bu məqamda Fransa Prezidenti Nikola Sarkozi sanki kompromis təkliflə çıxış edib. O, Fələstin nümayəndə heyətinə BMT Baş Assambleyasında "daimi müşahidəçi" statusunun verilməsini, yaxın ildə İsraillə Fələstin arasında "tam razılaşma"nın əldə edilməsi üçün intensiv danışıqlar aparılmasını təklif edib. Bununla yanaşı, Sarkozi bildirib ki, "Sülh danışıqlarının son nəticəsi 1967-ci il sərhədləri bazasında bərabər şəkildə ərazi mübadiləsi ilə iki xalq üçün iki dövlət prinsipinin qəbuluna aparıb-çıxarmalıdır".
Problem isə ondadır ki, münaqişə tərəflərinin 1967-ci il sərhədlərinə qayıtmaqla bağlı mövqeləri bir-birindən köklü şəkildə fərqlənir (üstəlik, BMT-də qəbul edilmiş beynəlxalq-hüquqi sənədlərin tələblərinə baxmayaraq, İsrail qətiyyən Şərqi Qüdsü Fələstinə paytaxt kimi vermək niyyətində deyil). Bundan başqa, tərəflər danışıqlar prosesinin bərpası perspektivinə də fərqli yanaşır.
İsrail Fələstinlə heç bir şərt irəli sürülmədən, birbaşa dialoqun bərpasını istəyir. Qarşı tərəf isə Təl-Əvivlə yalnız bir şərtlə danışıqlar aparmağa razıdır ki, İordan çayının qərb sahillərində yəhudi yaşayış məntəqələrinin tikintisi dayandırılsın. Mahmud Abbasın sözlərinə görə, fələstinlilər yalnız beynəlxalq hüquqa, yəni BMT TŞ-nin qətnamələrinə əsaslanan danışıqlara razıdır. Həmin qətnamələrdə isə İsraildən 1967-ci ildəki ərəb-İsrail münaqişəsi zamanı işğal etdiyi bütün əraziləri boşaltması tələb olunur.
İsrailin Baş naziri Benyamin Netanyahu isə BMT Baş Assambleyasının toplantısındakı çıxışında bildirib ki, bu ərazilərdəki yəhudi yaşayış məskənlərinin taleyi danışıqlar prosesi zamanı həll olunmalıdır, çünki bu məsələ "fələstinlilərin yəhudi dövlətini tanımaqdan imtina etməsi" nəticəsində yaranan münaqişənin kökündə duran məsələ deyil.
"Prezident Abbas, bəsdir bu məsələdən yayındınız. Yəhudi dövlətini tanıyın və onlarla sülh bağlayın! İsrail əsl sülh razılaşması çərçivəsində ağrılı kompromislərə getməyə hazır olacaq", - deyə Netanyahu bildirib. O, Fələstin liderinə "İsrailin sülh əlini uzatdığını" da deyib: "Ümid edirəm, siz onu qəbul edəcəksiniz. Hər ikimiz sizin xalqın "İbrahim" adlandırdığı Avraamın övladlarıyıq. Bizim ümumi patriarxımız var. Eyni dünyada yaşayırıq. Taleyimiz bir-biri ilə əlaqəlidir. Gəlin, İsa Peyğəmbərin xəyalını həyata keçirək: "Zülmətdə azan xalqlar həmişə böyük işıq arzusunda olurlar. Qoy bu böyük Sülh işığı olsun!"/.
Amma təəssüf ki, Netanyahunun İsrailə qayıtdıqdan sonra verdiyi qərar Yaxın Şərq regionunu çoxdan gözlənilən sülhdən daha da uzaqlaşdıra bilər. İsrail hökumətinin Şərqi Qüdsdədki Fələstin ərazilərində 1100 yaşayış evinin tikilməsinə dair qərarını başqa cür qiymətləndirmək də mümkün deyil. Hətta Fələstinin BMT-də tanınmasına qarşı çıxmış, tərəflər arasında heç bir şərt irəli sürülmədən danışıqlara başlanılmalı olduğunu deyən ABŞ və Avropa İttifaqı da Netanyahu hökumətinin bu qərarından dərin təəssüf keçirdiyini bəyan edib.
Bununla yanaşı, BMT-nin özündə Fələstinin tanınması ilə bağlı məsələnin müzakirə vaxtı da intriqaya səbəb olub. Əvvəlcə güman edilirdi ki, bu məsələyə dair qərar bir neçə həftə ərzində çıxarılacaq. Lakin Təhlükəsizlik Şurası məsələni uzatmamaq qərarına gəlib. Səbəb, yəqin ki, əvvəlcə Fələstinin BMT-yə qəbulunu əngəlləyəcəyini bildirən ABŞ-ın (prezident Barak Obamanın fikrincə, münaqişə tərəfləri əvvəlcə sərhədlər, qaçqınlar və Qüdsün statusu ilə bağlı razılığa gəlməlidir) sonradan israillilər və fələstinlilərin mövqeyində heç bir dəyişikliyi gözləməyərək, ərizəyə baxılmasını sürətləndirmək qərarına gəlməsidir.
Müvafiq qərarın qəbulu üçün TŞ-nin 15 üzvündən 9-nun buna "hə" deməsi lazımdır. Amma ABŞ lazım gələcəyi təqdirdə, Fələstinin quruma qəbulunu əngəlləmək üçün veto hüququndan istifadə edə biləcəyini açıq şəkildə bəyan edib. Şübhəsiz, Vaşinqtonun bu addımı amerikalıların müsəlman dünyasındakı onsuz da bitərəf kimi tanınmayan imicinə daha bir zərbə olacaq. Bu, Barak Obamanın ABŞ-ın beynəlxalq arenada, xüsusilə islam Şərqində imicini yaxşılaşdırmaq cəhdlərini heçə endirəcək.
Fələstin Xalq Administrasiyası, şübhəsiz, hadisələrin belə inkişafına hazırdır. Güman ki, Mahmud Abbasın yaxın gələcəkdə BMT Baş Assambleyasına müraciət edəcəyini gözləmək olar. Bu qurum isə Fələstinə real olaraq müşahidəçi statusu verə bilər. Bu, müəyyən mənada Fələstinin diplomatik mövqeyini gücləndirəcək. Nəticədə, fələstinlilər beynəlxalq məhkəmədə Fələstin ərazilərinin işğalı ilə bağlı İsrail əleyhinə iddialar qaldıra, İsrail rəhbərliyinə qarşı hərbi cinayətlərdə iştirakla bağlı ittihamlar irəli sürə biləcək.
Ərdoğan Nyu-Yorkda və Türkiyənin Şərqə dönüşü
Fələstin məsələsi İsraillə Türkiyə arasında da mübahisə obyektlərindən biri olaraq qalır. ABŞ dövlət katibi Hillari Klintonun Türkiyədən "qapıları İsrailin üzünə bağlamamağı" (söhbət tərəflərin münasibətlərin tam kəsilməsi istiqamətində durmadan irəliləməsindən gedir) istəməsindən sonra da, Ankara İsrailə yönəltdiyi tənqidləri azaltmayıb.
Türkiyə Baş naziri Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının tribunasından etdiyi çıxışda yenidən İsraili təcavüzkar siyasət yürütməkdə günahlandırıb və onu Yaxın Şərq münaqişəsinin əsas səbəbkarı adlandırıb.
Ərdoğan beynəlxalq ictimaiyyətdə oyun qaydalarının yeni siyasi-iqtisadi mərkəzlərin xeyrinə dəyişməli olduğunu bildirib. "Mən bu gün BMT-yə indiki dövrün çağırışlarına cavab vermək iqtidarında olanların rəhbərlik etdiyini düşünmürəm. Bu üzdən də BMT-də elə islahatlar aparılmalıdır ki, o, ümumilikdə, bəşəriyyətin və ayrı-ayrılıqda hər bir ölkənin humanitar hüquqlarını qoruya bilsin", - deyə Ərdoğan bildirib. Baş nazir beynəlxalq ictimaiyyətin hazırkı formada qeyri-effektiv olduğunu BMT-nin Somalidəki aclıqla mübarizənin nəticə verməməsi ilə əsaslandırıb.
Daha sonra İsraili tənqid atəşinə tutan Ərdoğan onu BMT TŞ və BA-nın çoxsaylı qətnamələrinin tələblərinə əməl etməməkdə günahlandırıb.
Ərdoğan BMT haqda da tənqidi fikirlərini davam etdirib: "BMT-nin Fələstinin iztirablarına reaksiya verməməsi, heç bir yardım göstərməməsi təşviş yaradır. Ona görə də soruşuram: BMT İsraillə bağlı məsələlərdə olduğu kimi, Fələstin məsələsində nə vaxt susqunluğa son qoyacaq? İsrailin nüvə silahına malik olmasına belə sakit yanaşmasına necə haqq qazandırılır? İsrailə icazə verilən hər şey başqa ölkələr üçün qadağan olunur. Dünya ictimaiyyəti İsrailə göstərməlidir ki, o, qanundan yüksəkdə dayanmır".
Bilavasitə Fələstin dövlətinin yaradılmasından da danışan Ərdoğan bildirib ki, BMT "fələstinlilərin tələblərinə əməl etməlidir". "Əslində, BMT Fələstin dövlətini hələ 1947-ci ildə tanıyıb. Amma təəssüf ki, bu qərar həyatda əksini tapmayıb. Türkiyə Fələstini qeyd-şərtsiz dəstəkləyir və orada sülhə nail olunmasına, Qəzza zolağının qanunsuz blokadasının aradan qaldırılmasına fəal köməyini davam etdirəcək", - deyə Baş nazir qeyd edib.
O, ötən il "Azadlıq Flotiliyası"nda İsrail hərbçiləri tərəfindən 9 Türkiyə vətəndaşının öldürülməsi ilə yadda qalmış insidenti də bir daha yada salıb. Ərdoğan bildirib ki, həmin hərəkətlə İsrail Türkiyə və türk xalqına qarşı ciddi haqsızlıq edib. Bu səbəbdən, İsrail hökuməti həmin əməlinə görə üzr istəməli, həlak olmuş Türkiyə vətəndaşlarının ailəsinə kompensasiyalar ödəməlidir.
Ərdoğanın BMT-dəki "hücumu" Ankaranın İsraillə münasibətləri pozmağa tam hazır olması, Türkiyənin İslam Dünyasının liderinə çevrilməkdə israrlılığı, Şərqə tərəf dönüşü, keçmiş Osmanlı İmperiyası ərazisində öz nüfuzunu bərpa etməyə çalışdığına dair fikirlər səsləndirməyə imkan yaradıb. Türkiyə bununla Qərbə fövqəldövlət olduğunu, bundan sonra Avropadan Ankaranı öz sivilizasiyasının ağuşuna almağı xahiş etməyəcəyini göstərir (əgər Avropa İttifaqı Türkiyəni bərabərhüquqlu tərəfdaş və Avropa cəmiyyətinin üzvü kimi görə bilmirsə).
Türkiyə Prezidenti Abdullah Gülün bu yaxınlarda Almaniyaya səfəri Ankaranın qərbpərəst siyasətdən nisbətən üz döndərdiyini təsdiqləyib. Gül Aİ-yə dolayısı ilə mövqeyini belə ifadə edib: bizi istəmirsinizsə, bu bizə də lazım deyil.
Təsadüfi deyil ki, Ərdoğan hökumətinin qətiyyəti indiyədək, əsasən, İsrail və Yaxın Şərq istiqamətində hiss olunurdsa, indi artıq Avropa istiqamətində də özünü göstərir. Türkiyənin razılığı olmadan, lakin İsrail və ABŞ-la birlikdə Aralıq dənizinin özünə məxsus şelfində kəşfiyyat işlərinə başlamaq qərarı vermiş yunan Kipri ətrafında vəziyyət gərginləşir. Ankara hesab edir ki, Nikosiyanın birtərəfli addımları Kipr türklərinin maraqlarına zidd olmaqla yanaşı, Kipr probleminin həlli prosesinə zərər gətirir. Məhz bu mövqeyə əsaslanan Ankara Şimali Kipr ilə Aralıq dənizində kəşfiyyat qazıntılarına başlamaq haqda razılaşma imzalayıb.
Türkiyənin gələn ildən Avropa İttifaqına sədrlik edəcək Kiprin neftlə zəngin olan şelfində öz maraqlarını belə qətiyyətlə qoruması bir daha göstərir ki, Ankara bundan sonra Avropa ilə münasibətlərini yeni formatda - Köhnə Qitə qarşısında heç bir öhdəliyi olmayan dövlət statusunda quracaq.
MƏSLƏHƏT GÖR: