
MONOETNİKLİYİN SİRLƏRİ
Avropa şurası Еrmənistanda milli azlıqların sıxışdırılmasından narahatdır
Müəllif: NURANİ Bakı
Ermənistan müstəqillik gününü qeyd etdi. Həqiqətdə isə Yerevanda təşkil olunan tədbir həftəbecər yarışmasını xatırladırdı.
Serj Sarqsyanın "Rossiya-24" telekanalına müsahibəsində guya Ermənistan iqtisadiyyatının inkişaf etdiyinə, hətta onun böhrandan çıxmaq iqtidarında olduğuna dair fikirləri inandırıcı olmadı. Yeri gəlmişkən, Ermənistanın hər iki sabiq prezidenti Respublika Meydanının tribunasına gəlməkdən imtina etmişdi.
Nümunəvi olan başqa məqamdır. Ermənistanın Assuri İctimai Təşkilatlar Federasiyasının rəhbəri İrina Qasparyan "Panorama" xəbər saytında müstəqilliyin 20 illiyi münasibətilə "qəyyumluğu altında olanları" təbrik edərkən bildirib ki, bu həm də assuri xalqının bayramıdır. O, hər kəsi assuriyalıların özlərini Ermənistanda tam sərbəst hiss etdiklərinə inandırmağa çalışıb, dövlətin icmaya təhsil problemlərinin həllində kömək etdiyini, Ermənistanda, ümumiyyətlə, milli azlıqlara qarşı ayrı-seçkiliyin olmadığını iddia edib.
Bir məqam olmasaydı, bütün bunlar çox inandırıcı və gözəl görünə bilərdi. "Panorama" saytının İrina Qasparyanın dilindən Ermənistanda milli azlıqların heç bir probleminin olmadığını yazdığı vaxt, Cənubi Qafqazın Ermənistan hakimiyyətinin nəzarətində olmayan KİV-i Avropa Şurasının Yerevana tövsiyəsi haqda xəbər yaydı. Qurum Ermənistanda milli və dini zəmində dözümsüzlüyün aradan qaldırılması üçün daha ciddi tədbirlərin görülməsini tövsiyə etdi.
Bu məqamda bir faktı qeyd etmək yerinə düşər ki, Ermənistanda milli azlıq tapmağın özü çətin məsələdir. 2006-cı ildə həyata keçirilmiş siyahıyaalma zamanı ölkədə ən çoxsaylı etnik azlıqların yezidi kürdlər olduğu üzə çıxıb - 40 min nəfər. Onlardan başqa, Ermənistanda, təxminən, 15 min rus, 1 500 ukraynalı, bir o qədər də assuriyalı yaşayır.
Hazırda Ermənistan əhalisinin ciddi şəkildə mühacirət etdiyi bir vaxtda da, ölkənin etnodini palitrada ciddi rola iddia etməsi mümkün görünmür. Dəfələrlə təsdiq olunmuş bir həqiqət var: münaqişələr "gəlmələr" və "digərləri"nin əhalinin, heç olmasa, 15-20%-ni təşkil etdiyi zaman başlayır.
Strasburqdan Yerevana ünvanlanmış müraciətdə deyilir: "Avropa Şurasının Ermənistanda milli azlıqların durumu üzrə Məşvərət Komitəsinin çərçivə konvensiyasında kürd və yezidlər arasında gərginlik və dözümsüzlükdən danışılır. Yezidlərdən ibarət milli azlıq stereotiplik və dözümsüzlük obyekti olaraq qalır".
Konvensiya müəllifləri onu da bildirir ki, Ermənistanın ictimai radio və televiziyasında milli azlıqlar üçün verilişlərin yayımı davam edir. Amma bəzi KİV-də, həmçinin, ALM TV-də yer almış antisemit fikirlərə hakimiyyət və cəmiyyətin reaksiyası yəhudi azlığın şikayətlərinə rəğmən adekvat olmayıb. "Məşvərət Komitəsi 2005, 2006 və 2007-ci illərdə Yerevanın mərkəzindəki parkların birində Holokost qurbanlarının xatirəsinə ucaldılmış abidəyə qarşı dəfələrlə vandalizm aktlarının baş verdiyinə dair də məlumatlar əldə edib. Bu faktlara hakimiyyətin dərhal və adekvat reaksiyası vacibdir", - deyə AŞ-nin çərçivə konvensiyasında bildirilir.
Avropa Şurasının ekspertləri Ermənistanda şəxsiyyətin identifikasiyası sənədlərinin qeydiyyatı zamanı rus, ukraynalı və belaruslu azlıqlara qarşı da ayrı-seçkiliyə yol verildiyini bildirir. Məsələn, nikah və doğum haqda sənədlər verilərkən, rus, Belarus və Ukrayna millətindən olan azlıqlara öz atalarının adına "oviç", "ovna", "iyeviç", "iyevna, "iç" və "ivna" şəkilçisi əlavə etməyə icazə verilmir. Bu şəxslərin atasının adı erməni dilinin qrammatikasına uyğun olaraq "i" şəkilçisi ilə yazılır. Bu isə çərçivə konvensiyasının prinsiplərinə uyğun deyil.
Ermənistanda yerli özünüidarə sisteminin yenidən qurulması planı assuriyalı və yezid millətindən olan azlığın nümayəndələrinin imkanlarını məhdudlaşdıra, yerli qərarların qəbuluna təsir göstərə bilər. Çərçivə konvensiyasında bildirilir ki, bu, milli azlıqların ölkənin ictimai həyatında iştirakına qərəzli yanaşmadan başqa bir şey deyil.
Reallıqda mənzərə daha pisdir. Yerevanda nəşr olunan müxalifət qəzeti "Haykakan Jamanak" bir neçə həftə əvvəl Kotaysk vilayətinin Zovuni kəndində baş vermiş bir hadisə haqda yazıb. Qəzetin yazdığına görə, kənddə ermənilərlə yezidi kürdlər arasında qarşıdurma olub. Yezidi kürdlər ermənilərin qarşıdurmaya silahla gəldiyini, dava zamanı onlardan birinin silahı Yezidlər Birliyinin sədri Əziz Tamoyanın başına dirədiyini bildirir.
Qarşıdurmanın səbəbləri haqda müxtəlif fikirlər söylənilir. Bəziləri bildirir ki, yerli yezidi kürdlər, öz torpaqlarını genişləndirmək istəyən erməni oliqarxlarından birinin adamları ilə "yola getməyiblər". Digər versiyaya görə, söhbət milli zəmində qarşıdurmadan gedir. Hər halda, Zovuni sakinləri jurnalistlərə bildiriblər ki, onlar özlərini tamamilə müdafiəsiz hiss edir.
Bununla yanaşı, ekspertlər uzun illər ərzində yezidi kürdlərin Ermənistanda "nümunəvi" milli azlıq sayıldığını xatırladır. Yerevan məhz onların simasında "qeyri-ermənilər"ə yaxşı münasibətin bəsləndiyini nümayiş etdirirdi. Orada baş verənlərdən məlumatı olan şəxslər isə bildirir ki, sadəcə, erməni millətçilərinin əli yezidi kürdlərə indi çatıb.
Bütün bunların fonunda ortaya tam məntiqi sual çıxır: fantastik dərəcədə müxtəlif millətlər və dinlərin nümayəndələrinin yaşadığı Qafqazda birdən-birə Ermənistan kimi monoetnik "ada" necə peyda olub? Ekspertlər bildirir ki, belə fenomen əlçatmaz ərazilərdə yerləşən hansısa adada, uzaq regionda formalaşa bilərdi: Cənubi Qafqazda mövcud olan şərtlər daxilində bu cür monoetnik cəmiyyətin yaranması mümkünsüz görünür.
Ermənistana qonşu olan ölkələrdə bu sualın cavabını yaxşı bilirlər. Ermənilər buna silsilə "etnik təmizləmə" nəticəsində nail olub. Bu işdə ilk qurbanlar isə azərbaycanlılar və müsəlman kürdlər olub.
Tarixçilər ilk belə epizodun Azərbaycanın İrəvan xanlığının XIX əsrin ilk yarısında Rusiyaya birləşdirilməsindən sonra orada "xristian forpostu"nun yaradılması olduğunu bildirir. Həmin vaxt qeyd olunan əraziyə Türkiyə və İrandan etnik ermənilər köçürülüb və yerli azərbaycanlılar çıxışdırılmağa başlanıb. 1918-1920-ci illərdə Andranikin qanlı reydləri həyata keçirilib. O, Zəngəzurda yaşayan azərbaycanlı kəndlilərə vəhşicəsinə divan tutub.
Daha sonra deportasiya şəklində etnik təmizləmə Sovet hakimiyyətinə sərf edirdi. Onun ilk dalğası 1944-cü ildə baş verib. Daha sonra bu, 50-ci illərdə də davam etdirilib. 60-70-ci illərdə Ermənistanda azərbaycanlıların yaşadığı kəndlər "perspektivsiz yaşayış məntəqələri" siyahısına düşüb - bunun nə ilə nəticələndiyini, yəqin ki, hamı yaxşı anlayır. 1985-ci ildə - Qarabağda mitinqlərin başlanmasından 3 il əvvəl yeni etnik təmizləmə və qarət dalğası baş verib. 1988-ci ildə Qarabağda qarşıdurmanın başlaması ilə etnik təmizləmə daha geniş şəkildə aparılıb - Ermənistanda yaşayan bütün azərbaycanlılar oradan qovulub. Onlarla birlikdə ruslar, müsəlman kürdlər, yunanlar da ölkədən çıxarılıb. Ən təhlükəlisi isə o idi ki, Ermənistanın "səhra komandirləri" "milli təmizlik" uğrunda belə mübarizənin səmərəli olduğuna əmin idilər: bu, soyğunçuluqla varlanmağa imkan verirdi.
İndi Ermənistanda növbə artıq "pis ermənilər"ə çatıb. Ölkədə xarici dildə məktəblərin açılması məsələsi ətrafında diskussiyalarda elə fikirlər səsləndirildi, erməni olmayanlara qarşı elə ciddi dözümsüzlük nümayiş etdirildi ki, bunları bir-iki cümlə ilə ifadə etmək mümkün deyil. "Modus vivendi" mərkəzinin rəhbəri Ara Papyan tam ciddiliklə belə bir sual ortaya qoydu: "Puşkinin nağlı ilə böyüyəcək erməni övladı ilə Tumanyanın nağlı ilə böyüyən erməni övladının tam fərqli adamlar olacağı doğrudanmı aydın deyil?".
Nəticə tam gözlənilən oldu. Erməni forumlarından birinin yuzerləri hesablayıb ki, "Ermənistanı hər il 30 min insan birdəfəlik tərk edir. Bu, günə 82, saata 3, 20 dəqiqəyə 1 nəfər deməkdir".
Ola bilsin, bunlar uşaqlıqda Puşkinin nağıllarını oxumuş şəxslərdir.
MƏSLƏHƏT GÖR: