15 Mart 2025

Şənbə, 01:39

OĞRU ELƏ BAĞIRDI Kİ, DOĞRUNUN BAĞRI YARILDI

Müəllif:

01.10.2011

Ermənistan prezidenti Serj Sarqsyanın BMT Baş Assambleyasının tribunasında nümayiş etdirdiyi isteriya erməni təcavüzkarlığının əsl simasını bir daha dünyaya göstərdi. S.Sarqsyan özünü başqa cür  apara da bilməzdi. Çünki o, erməni terrorunun ən məşhur simalarından biridir. Təəccüblüsü isə odur ki,  Qarabağda  azərbaycanlıların qətliamında,  eləcə də ölkəsində  dinc nümayişlərin amansızlıqla dağıdılmasında iştirakını gizlədən bu şəxs, BMT tribunasından mənəviyyatdan, xalqların dinc yanaşı yaşamasından, ətrafındakılara səbirlə yanaşmadan danışırdı.

Sarqsyan Azərbaycanı Qarabağ münaqişəsinin həllində qarşılıqlı razılaşmanın əldə edilməməsini arzulamaqda ittihamladı. O, Bakını antierməni təbliğatı aparmaqda, ermənilərə aid hər şeyi inkar və məhv etməkdə, Ermənistana yalan ittihamlar ünvanlamaqda da günahlandırdı. Onun fikrincə, Azərbaycan "beynəlxalq ictimaiyyətin güc tətbiq etməmə və qarşılıqlı inamın möhkəmləndirilməsinə yönəlmiş təkliflərindən imtinanı davam etdirir".

Əlbəttə ki, Ermənistan rəhbərini başa düşmək çətin deyil. Axı onlar üçün BMT Baş Assambleyası dünya birliyini, həm də rəsmi Yerevanın xoş gəlmək istədiyi ABŞ-ın erməni lobbisini çaş-baş salmaq üçün növbəti bir tribunadır. Üstəlik, sonuncuların ona o qədər də canı yanmır və hər imkanda Sarqsyanı yumurta atəşinə tuturlar.

S. Sarqsyanın narahatlığına əsas səbəb isə güman ki, Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olmaq niyyətidir. Bakının beynəlxalq arenada artan nüfuzuna qarşı ortaya qoymağa heç nəyi olmayan Yerevanın dünya ictimaiyyətinin gözündə Azərbaycanı ləkələməyə cəhd göstərməkdən başqa əlacı yoxdur.

Amma bu dəfə S.Sarqsyanın cəhdi elə cəhd olaraq da qaldı. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Baş Assambleyadakı çıxışında Bakının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyini heç bir emosiya olmadan hər kəsə izah etdi. Münaqişənin nizamlanmasının Ermənistan silahlı qüvvələrinin işğal etdikləri ərazilərdən çıxması ilə başlamalı olduğunu deyən E.Məmmədyarov BMT TŞ-nin bununla bağlı 4 qətnaməsinin olduğunu xatırladıb.

Nazir bir daha bildirib ki, beynəlxalq ictimaiyyətin problemin həlli ilə bağlı irəli sürdüyü təklifləri Azərbaycan yox, Ermənistan rədd edir. "Azərbaycan əmindir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli erməni silahlı qüvvələrinin işğal altındakı ərazilərdən razılaşdırılmış zaman kəsiyində çıxması ilə başlamalı, bunun ardınca kommunikasiyalar bərpa edilməli, qaçqınlar və məcburi köçkünlər geri qayıtmalı, münaqişə regionunda azərbaycanlılarla ermənilərin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh şəraitində yaşamaları üçün lazımi mühit yaradılmalıdır", - deyə Məmmədyarov bildirib. "Trend" agentliyinin məlumatına görə, nazir vasitəçilər tərəfindən təsdiqlənmiş və beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənən bu mərhələli yanaşmanın regiona dayanıqlı sülh, sabitlik gətirə biləcəyini söyləyib. O, bu yanaşmanın yalnız Ermənistan rəhbərliyi tərəfindən qəbul olunmadığını təəssüflə qeyd edib.

Beləliklə, rəsmi Bakı vasitəçilərin təqdim etdiyi yenilənmiş Madrid prinsiplərini dəstəklədiyini bir daha nümayiş etdirib. Yeri gəlmişkən, S.Sarqsyan çıxışında vasitəçilərin sözügedən təklifinə ümumiyyətlə  toxunmamışdı.

E. Məmmədyarov Ermənistanla bağlı daha təhlükəli başqa  bir məqama diqqət çəkdi. Nazir xatırlatdı ki, Ermənistan rəhbərliyi öz xalqını qonşu ölkələrlə sülh və əməkdaşlığa hazırlamaq əvəzinə, gələcək nəslə yeni müharibələrə başlamağı təbliğ edir, onlara yalnız Azərbaycana yox, regionun digər xalqlarına qarşı da düşmənçilik  ideyalarını  yeridir.

Xatırladaq ki, bu yaxınlarda S.Sarqsyan erməni gəncliyinə açıq şəkildə müraciət edərək onları gələcəkdə Türkiyənin bir hissəsini işğal etməyə çağırmışdı, özünün təmsil etdiyi nəslin missiyasını yerinə yetirdiyini və Qarabağı "azad etdiyini" (oxu: işğal etdiyini) söyləmişdi.

Ermənistanın ərazi iddiaları Azərbaycan və Türkiyə ilə də məhdudlaşmır. Sentyabrın son günlərində qalmaqallı WikiLeaks saytı ABŞ-ın Ermənistandakı sabiq səfiri Mari Yovanoviçə məxsus depeşaları dərc edib. Orada diplomat Gürcüstan səfiri Georgi Tabatadzenin ona söylədiyi fikirləri dilə gətirir. Tabatadze həmkarı ilə söhbətdə ölkəsinin Ermənistanla sərhədləri bağlaya biləcəyini söyləyibmiş: "Tabatadze bunu sərhədlərin müəyyən edilməsi ilə bağlı aparılan danışıqlarda ermənilərin həddindən artıq yüksək tələblər irəli sürmələri,  daha geniş əraziyə malik olmaq üçün sərhədlərin dəyişdirilməsinə çalışmaları, bunun əvəzində isə heç nə təklif etməmələri ilə izah edib".

Ermənistan prezidentinin guya Azərbaycanda ermənilərə aid hər şeyin məhv edildiyinə dair iddialarına gəlincə, ATƏT-in Minsk qrupunun qiymətləndirmə missiyasının hesabatında bunların tam əksinin qeyd olunduğunu xatırlatmaq kifayətdir. Ötən ilin oktyabrında Azərbaycanın işğal altındakı ərazilərində vəziyyəti qiymətləndirən missiya hazırkı status-kvonun saxlanmasını yolverilməz adlandırmış, Ermənistanı həmin ərazilərdəki qeyri-qanuni əməllərə son qoymağa çağırmışdı. Elə həmin sənəddə Ermənistandan işğal altındakı ərazilərə qeyri-qanuni olaraq ermənilərin köçürülməsinə, həmçinin, tarixi və mədəni irsin dağıdılmasına, özününküləşdirilməsinə son qoyulması tələb edilmişdi.

Rusiyanın postsovet məkanının öyrənilməsi mərkəzinin direktoru Aleksey Vlasov hesab edir ki, daxili və xarici təzyiq altında olan Ermənistan vasitəçilərin təkliflərinə birmənalı şəkildə "hə" və ya "yox" deməkdən qaçır, danışıqları "bəlkə də", "güman ki" prinsipləri ilə aparır.

"Daha dəqiq formul və müəyyənlik tələb edən Azərbaycanın mövqeyi bu baxımdan daha çətindir. Çünki o, hər görüşdən konkret nəticə gözləyir, amma nəticə yoxdur", - deyə politoloq Day.Az saytına müsahibəsində bildirib.

Yəni A.Vlasovun fikrincə, Azərbaycan hücum edir, Ermənistan isə hərəkətli müdafiədədir. Diplomatik cəbhədə isə müdafiə olunmaq həmişə hücum etməkdən asandır: "Odur ki, biz hələlik erməni tərəfinin seçdiyi taktikanın nəticələrini görürük. Bu taktika hələ ki işə yarayır. Amma onun gələcəkdə də işləyib-işləməyəcəyində çox şey vasitəçilərdən asılıdır".

Aydındır ki, Azərbaycan ermənilərin kaprizlərini müşahidə etməkdən bezib. Bunu beynəlxalq vasitəçilər də anlayır.  Son zamanlar ATƏT-in Minsk qrupuna həmsədrlik edən ölkələrin bəyanatlarında Qarabağ münaqişəsində status-kvonun dəyişdirilməsi məsələsinin ön plana çıxarılması da təsadüfi deyil.


MƏSLƏHƏT GÖR:

425