Müəllif: Zərifə BABAYEVA Bakı
Bu, ovsunlayır, bundan yaxa qurtarmaq çətindir. Sayt sayt dalınca, istinad istinad dalınca gəlir. Cəlbedici "sifariş et" düyməsinə basmaqla təsəvvüründə özünü artıq bu geyimdə təsvir edirsən, necə görünəcəyini düşünürsən. Yəni məsələ təkcə geyimdədir? Yox. Bu gün internet saytları vasitəsilə istehlakçı istənilən malı istədiyi vaxt sifariş verə, yerli bazarda olmayan hər hansı şeyi uzaq ölkələrdən gətizdirə bilər. Bunlar məişət əşyası da, avtomobil ehtiyat hissəsi də, elitar bəzək əşyaları, gözəl suvenirlər və sair ola bilər. Əgər on il qabaq bizim həmvətənlər üçün internet-mağazada alış-veriş istisna hal sayılırdısa, amma indi bu vasitə milyonların gündəlik həyatına möhkəm daxil olub.
Bir neçə amil buna şərait yaradır. Birincisi, sürətli internetin yayılması interaktiv, "ağır" saytları şəbəkə istifadəçilərinin çoxu üçün əlçatar edib, internet-şopinqləri isə xoş məşğuliyyətə çevirib. Məhsulun bir fotoşəklinin yüklənməsi üçün bir neçə dəqiqə gözləməyə ehtiyac yoxdur, bütün mağazaboyu "gəzişmək", səhifələri vərəqləmək və hətta məhsulun 3D təsvirinə baxmaq mümkündür.
İkincisi, hesablamalar sadələşib. Poçt ilə ənənəvi hesablaşmaya elektron hesablaşma da əlavə edilib. Daha çox insanlar "webmoney", pul hesablamaları sistemi "PayPal"a çıxış əldə edirlər. Hətta öz bankının vasitəsilə öz kredit kartından istifadə etməklə ödəniş aparmaq da olar.
Statistik məlumatlar göstərir ki, internet vasitəsilə şopinq etməyə bir milyarddan artıq adam üstünlük verir. Yəni planetin hər beş sakinindən biri nə vaxtsa internet mallarının alınmasına maraq göstərib. İşdən başı açılmayan və ya mağazalara yorucu səfərlər etmək istəməyən adamlar üçün bu, sivilizasiyanın böyük nailiyyətidir. Etiraf etmək lazımdır ki, mağazalara virtual baş çəkmək satıcıların sırtıqlığından yaxa qurtarmaq üçün yaxşı üsuldur, bu satıcılar, adətən, məsləhət vermək əvəzinə, malı daha sürətlə satmaq barədə düşünürlər. Nəticədə, çoxları üçün mağazalara baş çəkmək, bir növ, işgəncəyə çevrilir, bu cür insanlar vəziyyətdən çıxış yolunu internet-şopinqdə tapır.
Virtual alverin ən önəmli üstünlüklərindən biri həm gömrük, həm də coğrafi sərhədlərin silinməsidir. Bu isə o deməkdir ki, internet istifadəçisi həmişə özünə eksklüziv geyim ismarlaya bilər və həmin geyim daşınma haqqı da nəzərə alındıqdan sonra, yerli bazarda təqdim olunandan ucuz olacaq. Əgər yerli istehlakçılardan çoxu üçün brend geyimlər əldə etmək uzaq bir arzudursa, internet-şopinq bunu reallığa çevirir. Çünki xarici saytlar həmişə hansısa stimullaşdırıcı istehlak aksiyaları gerçəkləşdirir - bu, pulsuz daşıma və ya demək olar ki, dəfələrlə qiymət endirimi müşahidə edilən bayram və mövsüm ucuzlaşmaları ola bilər.
Bu işdə əsas məsələ məqamı yaxalamaqdır. Model seçimi ilə az məşğul olduqda sürətlə satılan malların əlveri?li ölçüsünü əldə etmək olar. Amma istənilən halda internet-şopinqin yalnız vaxta deyil, həm də yetərincə pul vəsaitinə qənaət etdiyi gerçəklikdir. Bir qayda olaraq, internet malları onların mağaza piştaxtasında olan analoqlarından dəfələrlə ucuzdur. Keyfiyyətcə isə heç nə ilə geri qalmır. Bunun əsas izahı odur ki, virtual mağazada satıcılara ştat vahidi kimi maaş verilmir, ticarət pavilyonunun icarəsinə pul ödənmir və mağazanın işləməsi üçün xidmət xərcləri yoxdur. Buna görə də məişət texnikası, mebel, ev tekstili, geyim və ayaqqabı alarkən pula qənaət etmək tamamilə realdır.
Məhsulların çeşidinə gəldikdə, çətin ki, hanısısa real mağaza çeşidinə görə virtual mağaza ilə rəqabət apara bilsin. Çox tez-tez bütün ailə üçün keyfiyyətli geyim dalınca başqa-başqa mağazalara qaçmaq lazım gəlir. Virtual mağazalara baş çəkməklə əmin olmaq olar ki, geyim, ayaqqabı və başqa oxşar malları bir yerdən almaq mümkündür. Evdə otura-otura Avropa və ABŞ-da alver etmək isə ayrı bir üstünlükdür. Bizim çox azımız ABŞ və Avropa ölkələrində əldə edilmiş keyfiyyətli malların yiyəsi olmaqla qürurlana bilirik. Yuxarıda deyildiyi kimi, İnternet belə sərhədləri tanımır.
Tənbəl adamlar İnternet vasitəsilə lazımi ərzaqları sifariş edə bilər, bunu etmək üçün artıq yetərincə çox sayda ünvan var. Amma istisna edilmir ki, onların heç də hamısı təzə olmayacaq. Etibarlı sayt müəyyən edildikdən sonra, bu cür anlaşılmazlıqlar yox olacaq. Yeri gəlmişkən, yerli saytlara edilən sifarişlər adamın cibinə də uyğun gəlmir. Əgər bütün dünya üzrə sayta sifariş vermək daha ucuz başa gəlirsə, Azərbaycanda əksinədir. Mağazada saytdakından ucuzdur. Görünür, bu, sözügedən biznes növünün bizim bazar üçün yenilik olması və bu sahədə rəqabətin cüzi səviyyədə müşahidə edilməsi ilə bağlıdır.
İnternet-şopinq sahəsində təcrübəsi az olan istehlakçılar saytın "vətəni" olan ölkədə yaşayan vasitəçilərin, ya da xaricdə birbaşa nümayəndəliyi olan tərəfdaşların xidmətindən yararlana bilərlər. Alıcıdan isə yalnız xoşuna gəlmiş malın ölçüsünü, rəngini və başqa lazımi parametrlərini, həmçinin, poçt ünvanını bildirmək tələb edilir. Vasitəçi isə özü sifariş verir və bağlamanın alıcıya çatdırılması üçün durumu izləyir. Şəksiz, bu çox rahatdır, amma vasitəçilərin xidməti pulsuz deyil, sifarişin 10-20%-ni təşkil edə bilər. Vasitəçilər bir qayda olaraq, 100 faiz qabaqcadan ödənişlə işləyirlər. Bundan başqa, birgə satınalma forumları olur və yeni başlayanların oralara baş çəkməsi tövsiyə edilir. Bu zaman vasitəçinin yardımı ilə müəyyən internet-mağazadan birgə alış-veriş təşkil olunur, belə olanda servis yığımlarına və daşınma xərclərinə qənaət edilir.
Əlbəttə, internet-şopinqin də öz çatışmazlıqları var, xüsusilə də geyim alan zaman paltarı geyinib sınamaq imkanı yoxdur. Bir sirri də sizlə bölüşək. Bakıda çox sayda duplet-mağazalar var. Yəni belə olan halda, real mağaza ilə yanaşı, onun internet analoqu da mövcud olur. İstehlakçı əşyanı və ya ayaqqabını real mağazada sınaya bilər, sonra isə virtual mağazaya sifariş verə bilər. Bu çox rahatdır, amma burası da var ki, heç də bütün real brendlərin Bakıda duplet-mağazaları və ya nümayəndəlikləri yoxdur.
Buna görə də virtual alış-verişdən öncə, beynəlxalq ölçülər cədvəlini diqqətlə öyrənmək, bu məhsulları almış alıcıların rəyini oxumaq gərəkdir, çünki elə hallar baş verə bilər ki, alınan malın yalnız ölçüsü deyil, rəngi də şəkildəkindən çox fərqlənə bilər.
Elə də olur ki, bağlamanı alan alıcı məhsulun keyfiyyətindən narazı qalır, çünki satınalma öncəsi toxunmaq imkanına malik olmur. Belə olan halda, xarici saytlarda baratın alınmasından sonra 14 gün ərzində dəyişdirmək olur, amma bu da təbii ki, pul tələb edir, çünki məhsulu geri göndərmək pulunun xidmətini ödəmək lazım gəlir. Buna görə də çoxları bu başağrısından yaxa qurtarmaq üçün ya əşyanı satırlar, ya da bağışlayırlar.
Daha bir çatışmazlıq odur ki, heç də virtual alıcıların hamısı internetdə satınalma gerçəkləşdirmə zamanı mümkün risklərin dərəcəsini qiymətləndirə bilmirlər. Ola bilər ki, sifariş etdiyi şeyin əvəzinə başqa şey ala bilər - belə xoşagəlməzlik sifarişin işlənməsi zamanı yol verilmiş yanlışlıqdan qaynaqlana bilər. İnternetdə aldatmalara da rast gəlinir, belə olan halda alıcı heç nə əldə etmir.
İlk baxışdan virtual mağazaya güvənmə dərəcəsini müəyyən etmək, hətta təcrübəli internet alıcısı üçün də çətin ola bilər. Amma malları sınanmış mağazalardan almaqla, tanışların tövsiyələrinə qulaq asmaqla və forumlarda təcrübəli alıcıların rəylərini oxumaqla aldadılmaqdan qaçmaq da mümkündür. Elə olur ki, mağaza artıq qara siyahıya salınır. Belə olan halda, nə qədər xoş gəlsə də, oradan nəsə sifariş etmək olmaz.
Bundan başqa, internet-mağazalarda sifarişin işlənməsinin gecikdirilməsi və servisin işi ilə bağlı başqa xoşagəlməzliklərə də rast gəlmək mümkündür. Amma bizim hər birimiz bütün "yaxşı" və "yaman"ları götür-qoy edib, əlbəttə, doğru qərar verə bilərik. Bütün dünya üzrə milyonlarla insan internet-mağazalarda müxtəlif əşyalar - kitab və kosmetikadan tutmuş, incəsənət əsərlərinə və gümüş çəngəl-qaşığa qədər hər şey alır. Seçim alıcınındır. Amma istənilən halda internet-şopinqin üstünlükləri - vaxta, maliyyəyə qənaət bütün bu kiçik çatışmazlıqların üstünü örtür.
MƏSLƏHƏT GÖR: