25 Noyabr 2024

Bazar ertəsi, 19:17

BAKI "SİMASINI QORUYACAQ"

Tikinti-təmir bumu Azərbaycan paytaxtının tarixi hissəsinə təsir göstərməyəcək

Müəllif:

15.09.2011

"Bakı son illərdə tamam dəyişib, şəhərdəki tikintinin miqyası adamı heyran qoyur". Əvvəllər, heç olmasa, bir dəfə Bakıda olmuş qonaqların hər birindən Azərbaycan paytaxtı barədə, təxminən, bu sözləri eşitmək olar. İstər-istəməz bu sözlərlə razılaşmalı olursan. Bəzən bakılıların özləri belə şəhərdə baş verən dəyişiklikləri düz-əməlli izləyə bilmirlər - hərdən adamın heç xəbəri də olmadan  köhnə məhəllələrin yerində göydələnlər şəhərciyi ucalır. 

Amma gizlətmək lazım deyil ki, bəzən bu dəyişikliklər özü ilə kədər də gətirir. Adama elə gəlir ki, tikinti işbazlarının növbəti "obyekt"dən  qaz vurub-qazan doldurmaq istəyində bir damla da bu təkrarsız şəhərin gözəlliyini qorumaq arzusu yoxdur. Amma bu yaxınlardan Bakını sevən insanlarda ümid yaranıb ki, şəhərin nizamsız tikililərinə son qoyulacaq - nəhayət, Bakının Baş Planı yaranıb, artıq şəhər mərkəzinin və ətraf rayonların yenidən qurulması planı müxtəlif səviyyələrdə müzakirə edilir. Bütün bu ağır iş birbaşa Bakı Dövlət Layihə İnstitutunun (BDLİ) rəhbərliyi və iştirakı ilə edilib və indi də edilməkdədir.     

 

"Burada Bakı ruhu var, buradan Bakının ətri gəlir..."

Təbii ki, Bakının mərkəzi tikinti sərmayəçiləri üçün yağlı tikədir, amma qədim küləklər şəhərinin ruhu məhz oralarda dolaşır və indiyə kimi gözəgörünməz maqnit kimi dünyanın hər yerindən turistləri özünə cəzb edir. Əgər şəhərin bu hissəsində harmoniya yox ediləcəksə, deməli, həmin ruhun özü də yoxa çıxacaq. Buna görə də şəhərin mərkəzi hissəsinin müfəssəl planlaşdırılması üzrə BDLİ tərəfindən işlənilmiş və artıq müxtəlif dövlət instansiyalarında razılaşdırılmış layihə şəhərsalanlarımızın yetərincə ağır əməyinin bəhrəsidir. İnstitutun direktoru və layihənin rəhbəri İlqar İSBATOV "Region plus"la söhbətində etiraf edib ki, bütünlükdə şəhərsalanlar şəhər mərkəzinin tarixi quruluşunu saxlamağı və bütün yenilikləri ona uyğunlaşdırmağı qərara alıblar. 

Əlbəttə, bu zaman nələrsə itiriləcək, amma insanların məişətini rahatlaşdırmağa imkan verən bütün yeni mühəndis-kommunikasiya texnologiyalarının peyda olduğu bizim çağdaş dünyada bunsuz keçinmək olmur. Əslində, şəhər mərkəzini ümumi memarlıq axınına uyğun gəlməyən tikililərdən qorumağı bacaran konkret planın olması artıq şəhərsalanların böyük qələbəsidir. Axı şəhərin düz mərkəzində yöndəmsiz bir göydələn tikməklə qonşu evlərə günəş işığı düşməsinə və külək əsməsinə mane olan, nəqliyyat və kommunal infrastrukturu yükləyən, paytaxtın görkəmini düzəldilməsi mümkün olmayacaq şəkildə korlayan növbəti biznesmen istəyinin qarşısına sədd çəkmək daha yaxşıdır. İ.İsbatov vurğulayır: 

- Layihədə biz maksimum çalışdıq ki, şəhərin mərkəzi ilə nəqliyyatın hərəkət problemini həll edək və ekoloji durumu yaxşılaşdıraq. O cümlədən, yeni nəqliyyat qovşaqlarının və körpülərin, hətta Neftçilər prospektindən başlayacaq tunelin tikintisini planlaşdırırıq. Beləliklə, nəqliyyat baxımından mərkəzin yükünün azaldılması düşünülür. Parklara gəldikdə isə, bizim plana görə, Bakıda böyük yaşıl zona yaranacaq, bu yalnız Bakı bulvarının uzadılması və genişləndirilməsi ilə məhdudlaşmayacaq, o, başqa parklarla da birləşdiriləcək - böyük park şəbəkəsi yaranacaq. Füzuli küçəsində, Təzəpir məscidinin ətrafında, Bakıxanov küçəsinin ətrafında, Nərimanov prospekti ilə Abdulla Şaiq küçəsinin arasında  yeni xiyabanlar salınacaq. Bundan başqa, biz keçmiş "Torqovı" küçəsində olan piyada zonasını Füzuli və Bədəlbəyli küçələri arasındakı gələcək park ilə birləşdirməklə piyada zonasını daha da genişləndirmək istəyirik. 

-  Söhbət gəzir ki, mərkəzin memarlıq binalarının yerində kottec və villalar peyda olacaq/...

- Bu heç də belə deyil. Heç kim memarlıq binasını sökmək niyyətində deyil, bu birmənalıdır! Söhbət bu gün insanların rahat yaşaması üçün yararlı olmayan binaların sökülməsindən gedir. Bu yarıxarabalıqların yerində tikiləcək binalara gəldikdə, tövsiyə edirik ki, dörd-altı mərtəbəli binalar tikilsin. Özü də onların mütləq yaşayış binası olması vacib deyil, yeni biznes-mərkəzlər də, otellər və s. də tikilə bilər. Buna görə də şəhər mərkəzində əhalinin nəzərəçarpacaq dərəcədə artacağını gözləməyə dəyməz. Amma istənilən halda, düşünürəm ki, kommunal infrastruktur burada yenidən qurulacaq və təkmilləşdiriləcək. 

- Bu gün çoxlarını maraqlandıran bir məsələ var, Bakının mərkəzinin yeni "siması"nı nə zaman görmək olar?

- Bunu demək çox çətindir. Amma qeyd etmək lazımdır ki, sərmayəçilərin marağı yüksəkdir və artıq yerli sahibkarların elə sinfi peyda olub ki, onlar üçün bina tikintisindən ani gəlir yox, şəhərin memarlıq və tarixi qiyməti daha önəmlidir. Buna görə də ümid etmək olar ki, bizim planlar gerçəkləşdiriləcək. Amma bununla belə qeyd etmək lazımdır ki, biz yalnız şəhərin inkişafına əsas istiqamətləri veririk və Baş Plan, təəssüf ki, qanun deyil.

 

Böyük Bakının böyük planı 

Təbii ki, paytaxtın inkişafı yalnız bir mərkəzlə məhdudlaşa bilməz. Şəhərin ətrafı da artıq çoxdan tikinti bumuna qoşulub. Tikinti orada nizamsız olsa da,  ümumi şəhərsalma işində böyük paya malikdir. Burada da memarlıq qaydalarının tətbiqinin vaxtı çatıb. 

Bu məsələdə Azərbaycan hökumətinə Dünya Bankı (DB) dəstək verir. DB Bakı, Sumqayıt, Xırdalan, həmçinin, bütün Abşeronu əhatə edən  "Böyük Bakının regional inkişaf planı" layihəsini maliyyələşdirməyə razılıq verib. Onun gerçəkləşdirilməsi meqapolisin inkişaf proseslərinin idarə edilməsi üçün şərait yaradılmasına imkan verəcək. Araşdırmaların nəticələri və durumun təhlili paytaxtın Baş Planının təşkili və şəhərsalma kadastrının tutulması üçün əsas olacaq. Bu işdə əlaqələndirici rolu BDLİ-yə məxsusdur. İ.İsbatov qeyd edir:  

- Bizim ehtimallara görə, ilkin mərhəldə sənaye zonası şəhərin mərkəzindən çıxarılmalıdır və onun yerində yeni yaşayış kompleksləri tikilə bilər. Eyni zamanda, layihə Zığ, Türkan və Dübəndi qəsəbələrində komplekslərin tikintisini nəzərdə tutur. Biz həm də ali məktəbləri, ilk öncə, İqtisad Universitetini və Neft Akademiyasını mərkəzdən kənara çıxarmaq barədə düşünürük. Bütün inkişaf etmiş ölkələrdə böyük universitetlərin öz şəhərcikləri var, orada universitetlərin öz binaları, tələbələr və müəllimlər üçün yataqxanalar, idman kompleksləri, kitabxanalar və digər sosial obyektlər var. Türkanda belə şəhərciklərin salınması planlaşdırılır. Bu şəhər mərkəzini nəqliyyatdan nəzərəçarpacaq səviyyədə boşaldardı. 

- Sənaye müəssisələri Qaradağa gedəcək?

- Hə. Özü də artıq bu istiqamətdə konkret addımlar atılır. Azad olmuş sahələrdə gənclik-idman kompleksləri, yaşayış məhəllələri və parklar salınacaq. Dübəndi, Türkan və Zığ qəsəbələrində yeni yaşayış məntəqələri planlaşdırmaqla, həmçinin, həmin layihədə  Abşeronun qəsəbələrinin inkişafı da nəzərdə tutulur, yaxın gələcəkdə onları kurort şəhərciklərinə çevirmək düşünülür. 

- Beləliklə, Bakı gələcəkdə necə olacaq?

- O, çağdaş meyillərə paralel olaraq öz qədim şəhərsalma tarixini qorumuş,  inkişaf edən böyük meqapolisə çevriləcək. Həmişə olduğu kimi, turistlər üçün cəlbedici, bakılıların yaşaması üçün rahat,   gözəl və doğ-ma olacaq.



MƏSLƏHƏT GÖR:

332