Müəllif: Ənvər MƏMMƏDOV Bakı
Son illərdə Azərbacanda küləyin, suyun və günəşin potensialından istifadəyə meyil açıq sezilir. Alternativ energetikanın inkişafı üçün istinad nöqtəsi iki il bundan qabaq Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Sənaye və Ener-getika Nazirliyi (SEN) yanında Alternativ və Bərpaolunan Enerji Qaynaqları üzrə Dövlət Agentliyinin yaradılması barədə verilmiş Sərəncam olub. Cari ildə bu istiqamətdə dərhal bir neçə layihənin gerçəkləşdirilməsi gözlənilir.
Köklərə qayıdış
İnsanlıq hələ qədim çağlardan küləyin, suyun və günəşin energetik potensialından yararlanıb. Amma buna baxmayaraq, sənaye miqyasında alternativ enerji mənbələrinin istismarının tarixi əlli ildən azacıq artıqdır. Avropa və Şimali Amerikanın bir sıra ölkələri öz generasiya sistemlərini şaxələndirməklə 2020-ci ildə istehsal edilən bütün elektrik enerjisinin 20%-dən çoxunu alternativ enerji mənbələrinin hesabına təmin etmək barədə öhdəlik götürüb. Danimarka, Hollandiya, İspaniya kimi ölkələrdə bərpaolunan enerji artıq çoxdan 20 faizlik həddi ötüb, Almaniyada on beş ildən sonra ölkə üzrə istehsal edilən elektrik enerjisinin, təxminən, yarısını təşkil edəcək.
Yaponiyanın "Fukusima-1" Atom-Elektrik Stansiyasında (AES) bu yaxınlarda baş vermiş qəzadan sonra, bərpaolunan enerji qaynaqlarının inkişafına ictimai maraq xüsusilə artıb. O cümlədən Almaniyada mərhələli şəkildə AES-lərin bağlanması barədə qərar qəbul edilib, amma onların təkcə ənənəvi qaz, mazut və kömür istilik elektrik stansiyaları (İES) ilə deyil, ilk öncə bərpaolunan enerji qaynaqlarından yararlanan generasiya obyektləri ilə əvəzlənməsi də nəzərdə tutulur.
Maraqlıdır ki, Azərbaycanda alternativ energetikanın inkişafı üzrə Dövlət Proqramı altı il bundan qabaq təsdiq edilib. Onda əsas diqqət təbii potensialın öyrənilməsinə və alternativ energetika obyektlərinin tikintisi üçün optimal nöqtələrin seçilməsinə verilmişdi. Ötən illər ərzində ölkədə yalnız bir neçə külək stansiyası tikildi, tədqiqat və pilot layihələri çərçivəsində günəş panelləri quraşdırıldı. Nümunə kimi, ARDNŞ-in Ekologiya İdarəsini göstərmək olar. Qurumun təşəbbüsü ilə H.Z.Tağıyev adına NQÇİ-nin Ekologiya parkında dörd külək generatorunun və Çinin "MaxWind" şirkətinin istehsalı olan, toplam gücü 60 kvt/-saata çatan bir neçə günəş batareyasının quraşdırılması gerçəkləşdirilib.
İki il bundan əvvəl ölkədə kiçik hidroenerji obyektlərinin tikintisi üzrə kampaniya başlayıb, bu obyektlərə beynəlxalq donorlar və özəl investorlar cəlb edilir. Hökumət onlara vergi güzəştləri və başqa güzəştlər verməyə hazırdır. "Azərenerji" SC və SEN mütəxəssisləri kiçik su-elektrik stansiyalarının (SES) tikintisi məsələsində ilk öncə Böyük Qafqazın kiçik dağ çaylarına üstünlük verir. Burada gücü 0,5 meqavatdan 5 meqavata qədər dəyişən kiçik turbogeneratorlar quraşdırılacaq, onlar üçün nə bəndlər, nə də mürəkkəb hidroqovşaqlar quraşdırmağa ehtiyac yoxdur. Bunlar əsasən, su anbarı tikintisi tələb etməyən və böyük sərmayələrə ehtiyac duymayan derivasiya stansiyaları olacaq. Azərbaycan Elmi Tədqiqat və Layihə Axtarış Energetika İnstitutunun hesablamalarına görə, birinci mərhələdə 36 effektiv kiçik SES-in tikilməsi nəzərdə tutulur ki, onların toplam gücü 113,29 mvt səviyyəsində düşünülür.
"Ölkədə kiçik hidroelektronika yetərincə uğurla inkişaf edir - dağ çaylarında kiçik SES-lər quraşdırılır, bütün su mənbələrinin xəritəsi artıq təsdiq edilib. Keçən il mən şəxsən 3 kiçik SES-in bünövrəsinin qoyulmasında iştirak etmişəm", - deyə Azərbaycan Prezidenti İlham Əliyev bu ilin əvvəlində Nazirlər Kabinetində keçirilmiş geniş iclasda çıxışı zamanı bildirib. Eyni zamanda, dövlət başçısı vurğulayıb ki, qısa zamanda sənaye miqyaslarında günəş və külək enerjisi qur-ğularının tikintisi vacibdir, bununla da ölkə üzrə bərpaolunan enerji mənbələrinin potensialından tam istifadə mümkün olar.
"Qarşıya qoyulan məqsədə çatmaq üçün SEN yanında Alternativ və Bərpaolunan Enerji Qaynaqları üzrə Dövlət Agentliyi yeni uzunmüddətli strategiya hazırlayır və alternativ energetika sektorunun inkişafı üzrə tədbirlər kompleksini gerçəkləşdirməyə hazırlaşır. Ölkə üzrə alternativ energetika obyektlərinin quraşdırılması üçün xüsusi poliqonlar yaradılacaq və bu sistem ölkənin ümumi enerji şəbəkəsinə paralel şəkildə işləyəcək", - deyə Alternativ və Bərpaolunan Enerji Qaynaqları üzrə Dövlət Agentliyinin direktor müavini Cəmil Məlikov bildirib.
Bu layihələrin təfərrüatları Bakıda sentyabrın əvvəlində keçirilən iki beynəlxalq forumda səsləndirilib. Forumlardan biri Avropa Komissiyasının INOGATE proqramı çərçivəsində işlənmiş "Xəzər dənizinin Azərbaycan sektorunda küləyin enerjisinin potensialının öyrənilməsi" layihəsinin yekun hesabatının təqdimatı üçün keçirilib. İkincisi isə "Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrdə "yaşıl iqtisadiyyat" üçün hüquqi baza: regional təhlil, sistemlər və perspektivlər üzrə dialoq" seminarı olub.
Milyon, milyon LED lampası
Bu il və sonrakı illərdə ölkədə külək və günəş enerjisi qurğularının tikintisi üzrə bir sıra irimiqyaslı layihələr gerçəkləşdiriləcək, günəş batareyaları istehsalı üzrə zavod işə salınacaq. Sonuncu Sumqayıtda yerləşir, layihənin təşəbbüskarı olan özəl "Azgüntex" şirkəti alman avadanlığının quraşdırılmasını başa çatdırır və bu ilin sonuna ilk günəş panellərini dü-zəltməyi planlaşdırır. Müəssisənin istehsal imkanı ildə toplam gücü 25 meqavat olan 100 min ədəd fotoelektrik moduludur. İlkin məlumata görə, bu panellərin qiyməti Çin istehsalçılarının məhsullarının qiymətinə uyğun gəlir ki, bu da ixrac üçün geniş imkanlar açır. Buna paralel olaraq, "Azgüntex" zavodunda hər il 1 milyona yaxın enerjiyə qənaət edən LED lampaları istehsal ediləcək.
Yeri gəlmişkən, təxminən, bir ildən bir az əvvəl olar, Sumqayıt texnoparkında başqa müəssisə - "STP Solar" tərəfindən günəş enerjisini suyun qızdırılması üçün istifadə edən "SPL" və "SPS" tiplərində günəş kollektoru istehsalına başlanılıb. Bu kollektorlar Azərbaycan mühəndisləri tərəfindən layihələndirilib və onların istehsalı üçün hissələrin yalnız bir qismi Almaniyadan alınır. Yaxın zamanlarda "STP Solar" Sumqayıt birbaşa günəş şüalarını elektrik enerjisinə çevirən fotoelektrik batareyaları istehsal edən daha bir müəssisə quracaq. Belə görünür ki, bu cür panellərin geniş istifadəsi üçün problem olmayacaq - Abşeron rayonunda artıq günəş batareyaları əsasında işləyəcək elektrik stansiyası da tikilir.
Alternativ və Bərpaolunan Enerji Qaynaqları üzrə Dövlət Agentliyinin araşdırmalarına əsasən, Azərbaycanda hibrid stansiyalarının tikintisi daha optimal görünür. Eyni vaxtda günəşin, küləyin, suyun və biokütlənin enerjisinin istifadə edilməsi ilə bu cür stansiyalar dəyişən hava şəraitindən asılı olmayaraq, fasiləsiz şəkildə elektrik enerjisi istehsalını təmin edə bilər. Dövlət Agentliyi bizim ölkənin və Cənubi Qafqazın ilk hibrid stansiyasını cari ilin sentyabr ayında işə salmağı planlaşdırır; o, "Azərenerji" elektrik şəbəkəsinə paralel çalışacaq. Qobustanda yerləşən stansiya müxtəlif sınaq və araşdırmalar üçün poliqon rolunu oynayacaq, bu cür obyektlərin gələcək istismarı üçün peşəkar kadrların öyrədilməsi baxımından yardım edəcək.
"İlk hibrid elektrik stansiyasının gücü 5,5 mvt təşkil edəcək, onun generatorları və başqa sistemləri günəşin, küləyin və bioqazın enerjisindən istifadə edəcək", - deyə SEN-in investisiyalar və sənaye obyektlərinin yenidənqurulması şöbəsinin müdiri Ramiz Rzayev bildirib.
R. Rzayevin sözlərinə görə, keçən il və cari ildə bir sıra pilot layihələrin gerçəkləşdirilməsinə başlanılıb. Belə ki, "Caspian Technology" şirkəti Xızı rayonunun Yaşma qəsəbəsinin "Şurabad" poliqonu ərazisində hər birinin gücü 850 kilovat olan iki külək elektrik stansiyası quraşdırıb. Burada quraşdırılmış 550 kilovatlıq külək elektrik stansiyası isə dövlət agentliyi mütəxəssislərinin treninqləri üçün nəzərdə tutulub. Bu yalnız layihənin birinci hissəsidir. Bütün parkın işə salınması tarixi isə Almaniyadan və Danimarkadan avadanlıq göndərilməsi müddətindən asılı olaraq, təxminən, bu ilin sonuna, gələn ilin əvvəlinə nəzrdə tutulub. "Vestas" şirkətinə məxsus 16 külək qurğusundan ibarət olacaq parkın ümumi gücü 48 mvt.-a çatacaq. İstismara verildikdən sonra o, ildə 200 milyon kilovat-saat elektrik enerjisi istehsal edə biləcək ki, bu da öz növbəsində, 57 milyon kubmetr qaza qənaət etməyə imkan verəcək.
Külək generatorları poliqonlarının daha da genişləndirilməsi üçün SEN külək kadastrının işlənməsinə başlanılıb. "Ölkənin 21 nöqtəsində küləyin potensialını öyrənmək üçün ölçmə stansiyalarının quraşdırılması gerçəkləşdirilir: bunun üçün 80 metr yüksəklikdə küləyin sürətini, istiqamətini və davamlılığını müəyyən etmək lazımdır. Dövlət Agentliyi böyük məlumatlar bazası yaradır ki, orada elektron xəritələr, kadastrlar və s. öz əksini tapacaq. Nəticədə, külək stansiyalarının quraşdırılması üçün optimal yerlər seçiləcək", - deyə Dövlət Agentliyinin direktor müavini Cəmil Məlikov bildirib.
Yeni strategiya
Bütünlükdə, SEN-in qiymətləndirməsinə görə, yaxın on il ərzində bütün bərpaolunan enerji qaynaqları ölkənin ümumgenerasiya potensialının 10%-ni təmin edəcək ki, bu da təxminən, 600-700 mvt əlavə güc deməkdir. Bu məqsədə çatmaq üçün SEN və Dövlət Aentliyi yeni strategiya üzərində işləyir ki, bu çərçivədə uyğun olaraq 2015, 2020 və 2030-cu illərə qədər müddəti əhatə edəcək qısa, orta və uzunmüddətli fəaliyyət planının işlənməsi nəzərdə tutulur. Yeni strategiya əsasında alternativ enerjinin inkişafının dövlət səviyyəsində tənzimlənməsi, qanunvericilik bazasının təkmilləşdirilməsi və maliyyələşdirmə aspektləri dayanacaq.
Tezliklə, həmçinin, alternativ energetika sahəsində müxtəlif cür güzəştlərin verilməsi və tam dol-ğun qanunvericilik bazasının yaradılması gözlənilir. Qanunvericilik bazasının yaradılması və bazarın bu seqmentində oyun qaydalarının müəyyən edilməsi prosesinin vacib bölümü alternativ və bərpaolunan enerji qaynaqları sahəsində fəaliyyət üçün xüsusi icazə (lisenziya) verilməsi qaydalarının işlənməsi olub ki, sənəd keçən ilin yayında Nazirlər Kabineti tərəfindən təsdiq edilib.
Bu qaydalar mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, enerji topdansatışı ilə məşğul olmaq istəyən bütün hüquqi və fiziki şəxsləri əhatə edir. Lisenziyalar SEN tərəfindən müsabiqə əsasında kiçik SES-ləri, geotermal sularda generasiya obyektlərini, həmçinin, külək, günəş və biokütlə əsasında enerji almaq üçün nəzərdə tutulmuş qurğuları layihələndirməyə, tikməyə və işlətməyə hazır olan şəxslərə verilir.
Dövlət Agentliyi bu cür icazələrin əldə edilməsi üçün daxili prosedurların işlənməsini başa çatdırıb. Tezliklə onlar sifariş qəbul ediləndən sonra 30 və ya 45 gün ərzində veriləcək, bu müddət SEN yanındakı Dövlət Agentliyinə layihənin monitorinqi və ekspertizası üçün lazımdır. Buna parallel olaraq qurum verilmiş, qeydiyyata alınmış, vaxtı uzadılmış və ləğv edilmiş icazələrin reyestrini aparır. Əgər küləkdən, günəşdən və biokütlədən enerji alan generasiya mənbəyinin gücü 10 kvt.-ı keçmirsə, bu, istisna hal sayılır.
Dövlət Agentliyi, həmçinin, alternativ enerji istehsalçıları ilə "Azərenerji"nin mövcud generasiya və transmissiya sistemi münasibətlərinin tənzimləmə qaydalarını işləyir. Bu məsələ yetərincə mürəkkəbdir, çünki bərpaolunan elektrik enerjisinə tariflərin müəyyən edilməsi bir sıra mürəkkəbliklərlə bağlıdır - burada çox sayda iqtisadi göstəriciləri, o cümlədən, mövsüm amilini, xammalın olmasını (bioqaz üçün), istifadə edilən torpağın keyfiyyət xüsusiyyətlərini, o cümlədən, başqa parametrləri nəzərə almaq gərəkdir;
məsələn, nəzərə almaq gərəkdir ki, alternativ energetikanın əksər istiqamətlərində elektrik enerjisi istehsalı əksər iri klassik İES və SES-lərə baxanda baha çıxır. Avropanın İspaniya və Almaniya kimi ölkələrində kiçik alternativ enerji istehsalçılarının imkanlarını buna bərabərləşdirmək üçün hökumət elektrik enerjisinin qiymətindəki fərqi kompensasiya etməkdən ötrü subsidiyalaşma sistemi tətbiq edib.
Son onillikdə dövlət subsidiyaları hesabına bu ölkələrdə günəş energetikası dinamik inkişaf edib, bazara iri investorlar girərək günəş stansiyalarına milyardlarla dollar xərcləyib. Belə ki, İspaniya hökuməti özəl enerji istehsalçıları ilə uzunmüddətli sazişlər bağlayıb və bu sənədlər büdcə vəsaiti hesabına 1 kvt///saat üçün 0,4 avro tarifinin dəstəklənməsinə böyük məbləğlər ödənilməsini nəzərdə tutur. Ancaq bununla yanaşı, günəş energetikasının istehsal həcmləri ildən-ilə artır və artıq bu, ölkə büdcəsinə böyük zərər vurur. Amma bağlanan sazişlərin müddəti 20-25 il təşkil edir və hələ həmin müddətin yarısına belə çatılmayıb.
Yaranmış durumda bir sıra Avropa ölkələrinin hökumətləri sərt kvotalar tətbiq etməyə və hətta istehsal edilən günəş enerjisinin illik istehsal həcmini azaltmağa məcburdur. Azərbaycanda isə qiymətlər və güzəştlər məsələsi hələ də baxılma mərhələsindədir: alternativ enerji tariflərinin müəyyən edilməsi üzrə təkliflər İqtisadi İnkişaf Nazirliyi tərəfindən hazırlanır və sonra Tarif Şurasına veriləcək. İndi isə ölkədə dörd il əvvəl qəbul edilmiş tariflər qüvvədədir və orada külək generatorlarından enerjini topdan 0,045 manat qiymətə, SES-lərdən isə 0,025 manata almaq nəzərdə tutulur.
Başqa stimullaşdırıcı tədbir enerji avadanlığının alınması üçün güzəştli kreditlərin verilməsi ola bilər: lazım olan vəsaitləri beynəlxalq maliyyə qurumları - Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Əbu-Dabi İnkişaf Fondu verməyə hazırdır. Layihə hazır olduqdan sonra, 2013-cü ilin əvvəlindən bioqaz qurğusunun alınmasına 5 min manat, günəş panelinin quraşdırılmasına isə 10 min manata yaxın kredit veriləcək, özü də borca görə faiz dərəcəsi illik 5%-dən aşağı olacaq.
Daha uzaq perspektivdə isə bizim ölkədə bioqaz və biodizel yanacağı istehsal edən qurğuların oturuşdurulması üçün xarici sərmayələrin və texnologiyaların cəlb edilməsi gözlənilir.
Nəhayət, alternativ energetika avadanlığı gətirən və istismar edən şirkətlər üçün fiksal-gömrük stmullaşdırılması məsələsi də dəqiqləşdirmə tələb edir. O cümlədən, külək turbinlərinin gətirilməsi idxal rüsumundan və əlavə dəyər vergisindən (ƏDV) azad edilib; tezliklə bu güzəştlərin sözügedən sahənin qalan texnoloji avadanlıq növlərinə də tətbiqi gözlənilir. Dövlət Agentliyində hesab edirlər ki, bərpaolunan energetikanın başqa istiqamətlərinin də tam inkişafı üçün gömrük güzəştlərini və vergi yüngülləşdirmələrini, ən azı, 10 il müddətinə saxlamaq lazımdır.
MƏSLƏHƏT GÖR: