
DƏMƏŞQİ "LİVİYA SSENARİSİ" GÖZLƏYİRMİ?
Suriyada getdikcə ağırlaşan vəziyyət ciddi fəsadlara yol aça bilər
Müəllif: Eldar PAŞAYEV Bakı
Suriyada Bəşər Əsəd rejiminin istefası və siyasi islahatlar tələbi ilə keçirilən nümayişlər artıq yarım ildir davam edir. Əhaliyə islahatlar vəd edən hakimiyyət nümayişlərin ilk günündən sərt tədbirlərə əl atmağa üstünlük verib. Nümayişlərin qarşısını almaq üçün kütləyə qarşı hərbi birləşmələrin iştirakı ilə xüsusi əməliyyatlar da keçirilir.
Bununla yanaşı, Suriya hökuməti ölkədə 50 ildir davam edən fövqəladə vəziyyəti aradan qaldırıb, amma eyni vaxtda nümayişlərin keçirilməsini qadağan edib. Bundan sonra nə müxalifət geri çəkilib, nə də Əsəd. Nəticədə, sentyabrın əvvəlində hökumət qüvvələrinin yenidən Hama və Xoms şəhərlərinə yeridildiyi məlum olub.
Ayrı-ayrı mənbələr toqquşmalarda ölənlərin sayı ilə bağlı müxtəlif rəqəmlər açıqlayır. Amma onların yüzlərlə olduğu şübhə doğurmur. "Reuters" müxalifətdəki mənbələrinə istinadən bildirir ki, toqquşmaların başlandığı gündən indiyədək 3 minədək dinc sakin həlak olub. BMT 2600 nəfərin öldüyünü xəbər verir. "Amnesty International" hüquq-müdafiə təşkilatının avqustun 31-də açıqladığı məruzədə (ölüm və dustaqlara qarşı zorakılıqla bağlı araşdırma həlak olmuş insanların yaxınları və müstəqil ekspertlərin iştirakı ilə aparılıb) isə bildirilir ki, 2011-ci ilin martından keçən dövrdə Suriyada yalnız həbsxanalarda, ən azı, 88 nəfər həlak olub. Etiraz aksiyalarında iştirak etdiyinə və ya etməkdə şübhəli bilindiyinə görə həbs olunmuş şəxslərin cəsədləri üzərində döyülmə, qamçı izləri, siqaretlə yandırılma, elektrik cərəyanına verilmə əlamətləri var. Əksər cəsədlərin sümüklərinin sınıq olduğu üzə çıxıb. Ən dəhşətlisi odur ki, ölənlər arasında yaşı 13-dən az olan bir neçə uşağa da rast gəlinir.
Suriya hökuməti isə toqquşmalarda indiyədək 1400 nəfərin həlak olduğunu bildirir: "700 nəfər ordu və polis tərəfindən, daha 700 nəfər isə qarşı tərəfdən qətlə yetirilib".
Bununla yanaşı, hökumət nümayişçiləri "quldur və terrorçu" adlandırır.
İstənilən halda, indi hamını daha çox narahat edən bundan sonra vəziyyətin necə olacağıdır. Suriyada Tunis, Misir və ya Liviya ssenarisi təkrarlanacaqmı?
İlk baxışdan Suriyadakı hazırk? durum daha çox Liviyadakı vəziyyəti xatırladır. Amma hər şey göründüyü qədər sadə deyil. Suriya ərəb dünyasının əsas ölkəsidir və buradakı sabitlik bütünlükdə Yaxın Şərqə, ilk növbədə, ərəb-İsrail münaqişəsinə öz təsirini göstərir. Gəzən söz-söhbətə görə, hələ də Holland yüksəkliklərini geri qaytaracağına ümidli olan Suriya, diqqəti üzərindən yayındırmaq üçün İsraillə müharibəyə başlaya bilər. Suriya ilə Livan arasındakı spesifik münasibətləri, Dəməşqin HƏMAS və "Hizbullah" qruplaşmalarına təsirini də nəzərə almamaq olmaz.
Bundan başqa, bu gün Yaxın Şərqdə bir çox proseslər sanki sifariş əsasında "qaynama həddinə" çox yaxındır. Türkiyə ilə İsrail arasında münasibətlər sürətlə pisləşir, Misirdə antiisrail əhvalı artır. Türkiyə Dəməşqi açıq şəkildə məzəmmət edir. Fələstin lideri Mahmud Abbas 1967-ci il sərhədləri çərçivəsində müstəqil Fələstin dövlətinin tanınması üçün BMT-yə müraciət etməyə hazırlaşır. Yəməndə bir müddət əvvəlki templərlə etiraz dalğası hər an yenidən qızışa bilər. İordaniyada da daxili siyasi vəziyyət gərgindir.
Bütün bu şərtlər çərçivəsində Suriyada durumun pisləşməsi ciddi fəsadlara yol aça bilər.
Bu baxımdan İsrail üçün Bəşər Əsəd rejiminin devrilməsi sərf etmir. Necə olsa da, İsrail-Suriya sərhədində artıq bir neçə ildir sakitlikdir. Etiraz əhvalı güclənəcəyi, xüsusilə də Bəşər Əsəd rejimi devriləcəyi təqdirdə, Suriyada islamçıların hakimiyyətə gəlməsi risqi var. Ölkədə unikal vəziyyət yaranıb: orada həddindən artıq çox sayda siyasi və dini qüvvələr var. Onların arasında barışığa nail olunması çox çətin məsələdir. Və bütün bu proseslər birbaşa Əsədlə bağlıdır.
Əhalinin əksəriyyətinin sünni olduğu ölkədə ələvilər (şiələr) hakimiyyətdədir. Onlar əhalinin cəmi 10%-ni təşkil edir. Bunadək ələvilər əsasən ev qulluqçuları, süpürgəçi olub. Onlar hakimiyyətə İkinci Dünya müharibəsindən sonra kütləvi şəkildə zabit məktəbində oxuduqdan sonra gəliblər (həmin vaxt Suriyada peşəkar ordunun yaranması məsələsi gündəmə gəlmişdi). Sonradan bu, ələvilərə BƏƏS partiyası vasitəsilə hakimiyyəti ələ almaq imkanı yaradıb. Onların arasında ən bacarıqlısı Hafiz Əsəd idi. Hazırda Suriyaya rəhbərlik edən Bəşər məhz onun oğludur. 30 il əvvəl Hafiz Əsəd Hamada sünnilərin qiyamını yatırıb. Müxtəlif məlumatlara görə, həmin vaxt 20 minədək insan həlak olub.
Beləliklə, Əsəd rejimi devriləcəyi təqdirdə, ölkədə ciddi daxili müharibə - ələvi-sünni qarşıdurmasının başlanması mümkündür. Bu isə ABŞ və Avropa ölkələrinə qətiyyən sərf etmir. Onlar hələ də İraq və Əfqanıstan problemi ilə əlləşir. Üstəlik, indi Liviya problemi də onlara qoşulub. Nəhayət, hazırda ərəb-İsrail münaqişəsi təhlükəsi gün-gündən artmaqdadır. İranla bağlı isə ABŞ və Avropa nə edəcəyini hələ də müəyyənləşdirə bilmir.
Qərb ölkələrinə Yaxın Şərqdə daha bir hərbi kampaniyaya başlamaq üçün daxildə razılıq almaq da çox çətin olacaq. Bundan başqa, Suriyada baş verənlərə müdaxilə qonşu ölkələrdə ciddi etiraza səbəb ola bilər. Misir kimi vacib ölkənin siyasi gələcəyinin sual altında olduğu indiki şəraitdə bu vəziyyətin yaranması qətiyyən yolverilməzdir.
Suriyada "Liviya ssenarisi"nin təkrarlanmasına Ərəb Dövlətləri Liqasının, həmçinin, BMT Təhlükəsizlik Şurasının veto hüququna malik daimi üzvləri olan Rusiya və Çin etiraz edəcək. Amma digər yandan, heç kim Yaxın Şərq oyununda Qərbin beynində nəyin olduğunu dəqiq bilməz. Bəzən elə olur ki, uzunmüddətli nəticənin əldə edilməsi üçün partiyada çox dəyərli fiqurları qurban verməli olursan.
Odur ki, Suriyanın İranla əlaqələrini nəzərdən qaçırmaq olmaz. İran-Suriya zəncirinin (üstəlik, HƏMAS və "Hizbullah") pozulması Tehranın mövqelərini çox zəiflədə, "ərəb baharı"nın islam respublikasına da çatmasına səbəb ola bilər. İran Prezidenti Mahmud Əhmədinejadın Portuqaliyanın "Radiotelevisao Portuguesa" telekanalına müsahibəsində Suriya hökumətinin əməllərini pisləməsi də təsadüf deyil. Əhmədinejad Bəşər Əsəd rejiminin hökumət əleyhinə nümayişlərin dağıdılmasına son qoymalı olduğunu, müxalifətlə danışıqlar masası arxasına əyləşməyin vacibliyini bildirib. İran lideri deyib ki, "hərbi yol heç zaman düzgün həll variantı deyil və bütün problemlər dialoqla çözülməlidir".
Yaxın Şərq KİV yazır ki, Əsəd Əhmədinejadın tənqidi ilə üzləşəcəyini əvvəldən bilirmiş və buna hazır imiş. Bəzi məlumatlara görə, Suriya prezidenti gizli şəkildə Tehrana səfər edib, orada İranın dini lideri ayətulla Əli Xamnei və Əhmədinejadla görüşüb.
Bütün bunlarla yanaşı, Suriyada baş verənləri Misir və Liviyada, həmçinin, Tunisdə yaşananlarla müqayisə etmək səhv olardı. Doğrudur, onları ümumilikdə "ərəb baharı" adlandırırlar. Amma hələ heç bir siyasətçi və politoloq artıq yerini payıza verməkdə olan bu "bahar"ın nə olduğunu aydın şəkildə izah edə bilməyib. Eyni zamanda, Misirdə, xüsusilə də Liviya və Suriyada müxalifətin kim olduğunu heç kim aydın şəkildə izah edə bilməz. Bu insanlar kimdir, onların siyasi, iqtisadi və sosial proqramları nədən ibarətdir? Məsələn, onlar Suriya kimi ölkədə bu qədər dini və etnik müxtəliflik arasında birliyə nail olmağın yollarını necə görür? Onların liderləri kimdir? Liderlərin keçmişi necə olub?
Heç kəs Müəmmar Qəddafinin, Hüsnü Mübarəkin devriləcəyini gözləmirdi. Onlarla müqayisədə Bəşər Əsəd o qədər də güclü fiqur təsiri bağışlamır. Əsədin Qəddafi və Mübarəkin taleyini yaşayacağını da birmənalı söyləmək mümkün deyil. O devrilərsə, bu, hansısa unikal ssenari ilə baş verəcək. Bu, böyük "Yaxın Şərq" oyununda Əsədin özünəməxsus, başqalarına bənzəməyən son partiyası olacaq.
Bu, hər kəsin özü üçün daha çox səmərə əldə etmək istədiyi "oyun"dur; məsələn, Dəməşq-Tehran ittifaqının pozulmasında maraqlı olan Səudiyyə Ərəbistanı da Suriyada baş verənləri sərt şəkildə tənqid edib.
Baş verənlərin fonunda Rusiya ayrıca söhbət mövzusudur. O, Suriyadakı vəziyyətin qaydaya salınması üçün qəribə cəhdlər edir. Moskvanın bu ölkədə öz maraqları var və bu maraqlar sadəcə, Aralıq dənizinə çıxış deyil. Kreml üçün "soyuq müharibə" dövründə müttəfiqi olmuş Suriyadan ayrılmaq çətindir. Əsədin gedişi ilə Rusiya çox şey itirəcək. Liviyadakı itkilərin fonunda bu daha da arzuolunmazdır.
Rusiya Prezidenti Dmitri Medvedev "Euronews" telekanalına müsahibəsində bildirib ki, Moskva ümumilikdə Suriya rejiminə təzyiqlərin artırılmasına mənfi yanaşır. Çünki "hökumət əleyhinə şüarlarla çıxış edənlər çox müxtəlif insanlardır". Medvedev hesab edir ki, "onlardan bəziləri, açıq desək, ekstremist, digərləri hətta terrorçudur". Kreml sahibi açıq şəkildə bildirib ki, Rusiya BMT TŞ-də Suriyaya qarşı qətnaməni yalnız bir halda dəstəkləyə bilər ki, o, daxili qarşıdurmada iştirak edən tərəflərin hər ikisinə yönəlsin, avtomatik sanksiyaların tətbiqini nəzərdə tutmasın.
"Biz müxtəlif yanaşmaları dəstəkləməyə hazırıq. Amma onlar hökumətin və prezident Əsədin fəaliyyətini birtərəfli qaydada pisləməli deyil. Qətnamələr münaqişədə iştirak edən bütün tərəflərə açıq siqnal olmalıdır: masa arxasına əyləşilməli, razılığa gəlinməli və qan tökülməsinə son qoyulmalıdır", - deyə Medvedev qeyd edib.
Buna cavab olaraq, ABŞ-da məsələyə Rusiyanın yanaşmasını qəbul etmədiklərini bildiriblər. Vaşinqton açıq şəkildə bəyan edib ki, o, BMT TŞ-də Suriya ilə bağlı maksimum sərt qətnamənin qəbuluna nail olmaq niyyətindədir.
Deyəsən, biz bu dialoqu haradasa eşitmişik.
MƏSLƏHƏT GÖR: