
İRAN RADARDADIR
NATO HHM sisteminin Türkiyədə yerləşdirilməsi nə ilə nəticələnəcək?
Müəllif: Ramin ABDULLAYEV Bakı
Sentyabrın əvvəlində Türkiyə çoxları üçün gözlənilməz qərar verdi. Ankara öz ərazisində NATO-nun Hava Hücumundan Müdafiə (HHM) sistemləri çərçivəsində erkən xəbərdarlıq radarının yerləşdirilməsinə razılaşdı. Türkiyə bu istiqamətdə danışıqların yekun mərhələdə olduğunu, HHM sisteminin ölkə ərazisində yerləşdirilməsinin alyansın və Türkiyənin təhlükəsizliyinin möhkəmlənməsinə yardım edə-cəyini bəyan etdi. Bu, əlbəttə ki, Moskva və Tehranı razı salmadı.
Türkiyə Xarici İşlər Nazirliyinin rəsmisi Səlcuk Unal məsələnin artıq razılaşdırıldığını, yaxın zamanlarda tərəflərin layihənin texniki baxımdan reallaşdırılması üçün işə başlayacaqlarını bildirib.
Xatırladaq ki, Moskvanın Kalininqradda "İsgəndər" komplekslərini yerləşdirəcəyinə dair hədəsindən sonra, Vaşinqton Rusiya ilə açıq qarşıdurmaya getgməkdən çəkinib və Çexiya ilə Polşada HHM sistemlərinin yerləşdirilməsindən imtina edib.
Bundan sonra radarın quraşdırılması üçün potensial məkan kimi Bolqarıstan variantı müzakirə olunub. Uzun müddət hesab olunurdu ki, radar məhz bu ölkədə yerləşdiriləcək. Sofiya özü də buna Qərblə yaxınlaşma vasitəsi kimi baxaraq, ərazisini NATO HHM sistemlərinə verməyə hazır idi. Amma onun ümidləri doğrulmadı. Sonda üstünlük Ankaraya verildi. Onun yaxın aylarda işə salınacağı məlumdur.
Maraqlıdır ki, razılaşma Ankaranın İranın əsas təhlükə hesab olunmasının düzgün olmadığına dair bəyanatları fonunda əldə edilib. Bu HHM sisteminin isə məhz İrandan qorunmaq niyyəti ilə quraşdırıldığı məlumdur.
Türkiyənin qərarı dərhal NATO-nun Baş katibi Andres foq Rasmussen tərəfindən alqışlanıb: "Bu addım Türkiyənin alyansın mövcud və mümkün raket təhlükəsindən müdafiə imkanlarına son dərəcə ciddi töhfəsidir. Bu qərar Avropa ərazisinin, əhalisi və silahlı qüvvələrinin raket texnologiyasının yayılması ilə artmaqda olan təhlükədən qorunmasına ciddi şəkildə kömək edəcək".
NATO-da iddia edirlər ki, Avropada yerləşdiriləcək HHM sistemi blok üzvlərini İranın mümkün raket hücumundan qorumalıdır. Onların fikrincə, radar və izləyici raket yerləşdirilməsi Avropa üçün regional ballistik raket təhlükəsini önləyəcək.
Avropada HHM sistemi yaradılmasının ilk mərhələsi 2018-ci ildə başa çatdırılmalıdır. Bu vaxtadək Cənubi və Şərqi Avropanın bir sıra ölkələrində (hələlik söhbət yalnız Polşa və Rumıniyadan gedir) orta və yaxınmənzilli raketləri zərərsizləşdirmək iqtidarında olan mobil raket əleyhinə komplekslər qurulmalıdır.
İlk mərhələnin bitməsindən 2020-ci ilədək nəzərdə tutulmuş ikinci mərhələdə ABŞ Avropada ballistik qitələrarası raketləri "tuta" bilən sistem qurmağı planlaşdırır.
Türkiyədə qurulacaq radara gəlincə, bu, raket hücumunu aşkar etmək üçün nəzərdə tutulmuş mobil dəniz radarı sistemidir. AN/TPY-2 X diapazonlu radar İranın bütün ərazisindən raketlərin uçuşunu nəzarətdə saxlamaq iqtidarındadır. Türkiyə ərazisindən İranın raketləri "ovuc içi" kimi görünəcək - radar onların Avropaya tərəf uçuşunu raketin buraxıldığı ilk saniyədəcə müəyyənləşdirəcək. Bu operativlik sayəsində Rumıniyadakı "İcis" sisteminin izləyici-raketi hədəfi məhv etmək üçün böyük imkanlar qazanacaq. Radar ABŞ Hərbi Dəniz Qüvvələrinin çoxfunksiyalı hərbi informasiya-idarəetmə sistemi olan "Aegis" ilə təchiz olunmuş gəmiləri ilə əlaqəli işləyəcək. Avropada yaradılmış HHM sistemi ilə əlaqədar olaraq, həmin gəmilər daim Şərqi Aralıq dənizi regionunda növbə çəkəcək.
Yeri gəlmişkən, Türkiyədə HHM sisteminin əsas elementinin ölkənin cənub-şərqində yerləşdirilməsi nəzərdə tutulur. Məhz bu ərazidə Türkiyə Ordusu artıq 30 ildir, terrorçu Kürd Fəhlə Partiyasının (PKK) yaraqlıları ilə döyüşür.
ABŞ AN/TPY-2 kompleksini Yaponiyada da yerləşdirib. Məqsəd ölkəni Şimali Koreya tərəfindən mümkün raket hücumundan qorumaqdır.
Moskva ABŞ və NATO-nun Rusiyanın sərhədlərinə yaxın ərazidə HHM sistemi yerləşdirmək planından lap əvvəldən narazı idi. Kremldə hesab edirlər ki, bu, ABŞ-la Rusiya arasında strateji nüvə balansını pozur və bu səbəbdən, Rusiya üçün potensial təhlükə yaradır.
Amma NATO-nun 2010-cu ilin noyabrında Lissabonda keçirilmiş sammitində Avropada HHM sisteminin yerləşdirilməsinə dair rəsmən qərar qəbul olundu. Ankaranın Tehranla yaxın münasibətləri üzündən razılaşdırılmış sənəddə təhlükənin məhz İrandan gəldiyi açıq şəkildə göstərilməyib.
Rusiya, öz növbəsində , Avropa ölkələrinin təhlükəsizliyinin təmini üçün başqa variant təklif edirdi. O, "sektorial HHM sistemi"nin yaradılmasını, hər ölkənin öz ərazisinə cavabdehlik daşımasını istəyirdi. Bu baxımdan, Moskva yalnız Rusiya ərazisi ilə bağlı məsuliyyəti üzərinə götürməyə yox, Polşa, Litva, Latviya və Estoniyanı da raket əleyhinə çətirlə təmin etməyə hazır idi. Söhbət həm də Azərbaycanda yerləşən Qəbələ RLS-dən NATO ilə birgə istifadədən gedirdi.
Amma ötən yay NATO bütün bu ideyaları rədd etdi.
Son reallıqlar fonunda Rusiyanın alyansdakı daimi nümayəndəsi Dmitri Roqozin Moskvanın Tür-kiyədə erkən xəbərdarlıq radarının yerləşdirilməsini öz təhlükəsizliyinə ciddi problem saymadığını bə-yan etdi. Çünki bu radar Rusiyadan yalnız bir neçə dağ massivini, ilk növbədə, Böyük Qafqaz silsiləsini "örtəcək". Odur ki, həmin sistemlə Rusiyadan buraxılacaq qitələrarası raketlərə nəzarət mümkün olmayacaq.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə bildirib ki, Avropada HHM sisteminin genişləndirilməsi Moskvanın strateji potensialını müdafiə etmək üçün cavab tədbirləri görməsinə səbəb olacaq. Nazirin sözlərinə görə, "Amerika ilə NATO-nun HHM sisteminin Rusiyaya qarşı yönəlmədiyinə dair Moskvaya heç bir zəmanət verilmir".
Xatırladaq ki, 1961-ci ildə ABŞ ortamənzilli "Yupiter" raketlərini də məhz Türkiyə ərazisində yerləşdirmişdi. Məhz onlar SSRİ-nin qərbindəki nəhəng şəhərləri, həmçinin, Moskvanı nüvə təhlükəsi ilə üz-üzə qoymuşdu. O zaman Sovet İttifaqı önləyici addım kimi Kubada "R-12" raketləri yerləşdirmişdi. Sonradan məhz həmin raket Amerikanın "U-2" kəşfiyyatçı təyyarəsini aşkarlamışdı.
Həmin hadisələr, az qala, fövqəldövlətlər arasında nüvə müharibəsinə səbəb olacaq Karib böhranını yaratmışdı.
Moskva ilə Tehranın son hadisələrdən narahatlığını Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan aradan qaldırmağa çalışır. O bildirib ki, Türkiyədə RLS-in yerləşdirilməsi bütünlükdə region üçün vacibdir. "Radarın quraşdırılması Ankara üçün problemə səbəb olmayacaq", - deyə Baş nazir qeyd edib. O deyib ki, Türkiyənin qonşu ölkələrlə münasibətlərinin korlanacağından narahatlıq "adi səhnəarxası söhbətlərdir" və Ankaranın son qərarının mənfi effekti olmayacaq.
Türkiyə XİN başçısı Əhməd Davudoğlu isə öz növbəsində bildirib ki, HHM sistemi hansısa ölkəyə qarşı yönəlməməlidir.
Amma gözlənildiyi kimi, bu fikirlər Tehranı sakitləşdirməyib. İrandan Ankaranın regional siyasətinə sərt tənqidlər gəlməyə başlayıb. İran dərhal bəyan edib ki, Türkiyədə NATO radarının quraşdırılması region üçün sabitliyi pozacaq faktordur.
"Türkiyə öz ərazisində NATO HHM sisteminin radarını yerləşdirərsə, terrorçu PKK ilə mübarizədə İranın yardımına ümid etməyə bilər", - deyə İran Parlamentinin milli təhlükəsizlik və xarici siyasət komitəsi sədrinin müavini İsmayıl Kosari bildirib: "Nəzərə alınmalıdır ki, Türkiyənin bu addımı Yaxın Şərq regionunda inamsızlıq atmosferi yaradır. Türklər müsəlmandır - onlar müsəlman ölkələri ilə sıx münasibətlər qurmağa çalışır".
Daha bir maraqlı məqam ondan ibarətdir ki, Ankaranın ərazisində HHM sistemi yerləşdirməyə razılıq verməsindən 1 həftə keçməmiş İran son 30 ildə ilk dəfə hücum xarakterli hərbi təlim keçirdi. 10 gün davam edən təlimdə "hava-hava" və "hava-yer" tipli raketlər sınaqdan keçirilib.
Bəzi amerikalı senatorların da Türkiyədə HHM sisteminin yerləşdirilməsinə qarşı çıxması təəccüblü deyil. Sıralarında Con Kayl və Mark Kirkin də olduğu respublikaçı senatorlardan ibarət qrupun Hillari Klintona ünvanladığı məktubda bildirilir ki, onlar Ankaranın irəli sürdüyü tələblərlə razı deyillər. Söhbət, ilk növbədə, Türkiyənin radarın məlumatlarının İsraillə bölüşülməməsinə dair tələbindən gedir.
Vaşinqtonun Ankaranın şərtini qəbul edib-etmədiyi məlum deyil. Lakin bir çox ekspertlər Türkiyənin HHM sisteminin yerləşdirilməsinə razılıq verməsi üçün irəli sürdüyü bu şərti, yumşaq desək, "anlaşılmaz" adlandırır.
Bir yandan, Türkiyə Təl-Əvivlə qarşıdurmaya gedir, digər tərəfdən, Qərbə həmin İsraili İrandan gələ biləcək təhlükədən qoruyacaq radarın quraşdırılmasında kömək edir. Türkiyə ərazisindəki radarın informasiyalarını İsrailin üzünə bağlasa belə, Vaşinqtonla Təl-Əviv arasında informasiya mübadiləsinə, çətin ki, mane ola bilsin. Axı İsrail Yaxın Şərq regionunda ABŞ-ın əsas müttəfiqi sayılır.
Güman ki, Ankara potensial təhlükəni cənubda deyil, şərqdə gördüyü üçün bu variantları götür-qoy edir.
MƏSLƏHƏT GÖR: