15 Mart 2025

Şənbə, 03:02

NİFAQ DAİRƏSİ

Türkiyə ilə Israil arasında fikir ayrılığının silahlı münaqişəyə keçmə təhlükəsi var

Müəllif:

15.09.2011

Türkiyə ilə İsrail arasında münasibətlər kritik həddə çatıb. Güman ki, artıq söhbət yalnız ikitərəfli diplomatik əlaqələrin birdəfəlik pozulmasından yox, həm də Yaxın Şərq münaqişəsinin yaşandığı regionda Ankara ilə Təl-Əviv arasında mümkün silahlı qarşıdurmadan da gedir.

 

Palmerin məruzəsi və "Barbarossa əməliyyatı"

Türkiyə-İsrail münasibətlərində böhranın dərinləşməsinə əsas səbəb ötən il Aralıq dənizində İsrail xüsusitəyinatlılarının 9 türk hüquq müdafiəçisini öldürməsiylə nəticələnmiş insidentin araşdırılması ilə məşğul olan BMT-nin xüsusi komissiyasının hazırladığı məruzənin təsdiqlənməsi oldu. Söhbət "Azadlıq flotiliyası" ilə bağlı baş vermiş insidentdən gedir.

BMT komissiyası belə qənaətə gəlib ki, İsrailin flotiliya üzvlərinə güc tətbiqi "həddini aşıb və düşüncəsizlik olub". Bununla yanaşı, sənəddə İsrailin Qəzza zolağını blokadada saxlamasına haqq qazandırılıb.  Bundan başqa, məruzə müəllifləri Türkiyə rəsmilərini ittiham edib. Sənəddə bildirilir ki, rəsmilər flotiliya üzvlərini "potensial risklərdən xəbərdar etmək və bu fəaliyyətdən çəkindirmək üçün daha çox iş görə bilərdi". Amma sənəddə İsraildən "müvafiq təəssüf bəyanatı verməsi", faciə nəticəsində həlak olmuş insanların ailələrinə kompensasiya ödənməsi də tələb edilir.

Rəsmi Ankara BMT-nin Ceffri Palmerin rəhbərlik etdiyi komissiyanın məruzəsini tanımaqdan imtina edib. Türkiyə tərəfi hesab edir ki, məruzə hakimlər yox, siyasətçilər tərəfindən hazırlanıb və bu səbəbdən, onun "qanuni qüvvəsi" yoxdur. Bununla yanaşı, Ankara İsraillə əlaqələrin qorunub-saxlanması məsələsində mövqeyini daha da sərtləşdirib. Təl-Əvivlə hərbi əməkdaşlığı donduran Ankara yəhudi dövləti ilə diplomatik münasibətlərin səviyyəsini də aşağı salıb. İsrailin Ankaradakı səfiri və diplomatik nümayəndəliyin əsas əməkdaşları ölkədən çıxarılıb. Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bəyan edib ki, İsrail "Azadlıq flotiliyası"na hücuma görə Türkiyədən üzr istəməsə, Ankara ilə Təl-Əviv arasında münasibətlər bərpa olunmayacaq.

"Bu vəziyyətin yaranmasına görə məsuliyyəti İsrail hökuməti daşıyır. Şərtlərimiz qəbul olunmasa, iki ölkə arasında münasibətlərin normallaşması mümkün deyil. Geriyə yol yoxdur. Biz İsrailin cinayətini cəzasız qoymayacağıq. İsrailin əməlinə görə cavab verməsinin vaxtı çatıb. Nəhayət, onlar anlamalıdırlar ki, özlərini qanundan yüksək tuta bilməzlər. İsrailin ən böyük itkisi bizimlə dostluğu itirməsi olacaq", - deyə Davudoğlu bildirib.

Ankara İsrailin NATO-ya qəbuluna ciddi müqavimət göstərəcəyini də bəyan edib. Bundan başqa, Türkiyə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə (MAQATE) təzyiq edərək, İsrailə sanksiyaların tətbiqinə nail olmaq niyyətindədir (çünki beynəlxalq siyasi dairələr İsrailin nüvə silahlarının yayılmamasına dair konvensiyanın tələblərini  poz-duğuna  əmindir).

Amma bu da son deyil. Ankara Beynəlxalq Haaqa Məhkəməsinə müraciət edərək, Qəzza zolağını blokadada saxlayan İsrailə qarşı iddia qaldırmaq niyyətindədir. Davudoğlu bildirib ki, Türkiyə Aralıq dənizinin şərq hövzəsində hərbi mövcudluğunu artırmağı da düşünür. Məqsəd "azad gəmiçiliyin mühafizəsi"dir. Yəni Türkiyənin hərbi gəmiləri bundan sonra Qəzzanın dəniz blokadasını pozmağa çalışan flotiliyaları müşayiət edəcək.

Əslində, burada söhbət Ankaranın 2006-cı ildən Bakı-Tbilisi-Ceyhan boru xəttinin mühafizəsi üçün həyata keçirdiyi "Aralıq dənizi sipəri" layihəsini genişləndirməsindən gedir. Bu baxımdan o, "Barbarossa əməliyyatı - Egey sipəri" adlandırılır (XVI əsrin ortalarında Avropa koalisiyasının donanmasını darmadağın etmiş məşhur türk admiralı Xeyrəddin Barbarossanın şərəfinə). 

Türkiyə donanması onun çərçivəsində Qara dəniz və Mərmərə dənizindəki qüvvələrinin bir hissəsini Şərqi Aralıq dənizi regionuna, xüsusilə Kipr və İsrail sahillərinə istiqamətləndirəcək. Hərbi Dəniz Qüvvələrinə məxsus qrupu havadan Konya və İzmir şəhərləri yaxınlığındakı aviabazalarda yerləşən hərbi təyyarələr dəstəkləyəcək. Planın son detalı Yaxın Şərq regionu sularında Türkiyə flotiliyasının daimi patrul  xidməti aparmasıdır. Patrul xidmətini 4 freqat və göyərtəsində komandosun olduğu 1 gəmi aparacaq.

 

Kipr, ermənilər və kürd separatizmi

Aralıq dənizi regionunda Türkiyə ilə İsrail arasında yaşanan qarşıdurmada  Kiprin iştirakını da görməmək mümkün deyil. Bu heç də təsadüfi deyil. Məsələ ondadır ki, İsraillə Türkiyə arasında mümkün silahlı qarşıdurmanın səbəblərindən biri Şərqi Aralıq dənizi regionundakı neft və qaz yataqları ola bilər. Həmin yataqlar yalnız Ankara ilə Təl-Əviv arasında yox, həm də Ankara ilə Nikosiya arasında mübahisə obyektidir.

Ötən ilin sentyabrında İsrail və Kipr Respublikası Aralıq dənizi hövzəsinin bölüşdürülməsinə dair müqavilə imzalayıb. Məqsəd bu sularda neft və qaz yataqlarının axtarışı və işlənməsi üçün ərazilərin müəyyənləşdirilməsidir. Bununla yanaşı, İsrail eyni razılaşmanı hələ nə Livan, nə də Türkiyə ilə imzalaya bilib.

Hələ o vaxt İsraillə Kipr arasında razılaşmanın imzalanmasından sonra, Ankara onun dərhal ləğvini tələb etmişdi. Ankarada hesab edirlər ki, İsrail-Kipr razılaşması hüquqi baxımdan əsassız olmaqla yanaşı, Türkiyənin, həmçinin, Şimali Kipr Türk Cümhuriyyətinin maraqlarına ziddir, Kipr probleminin həllinə dair danışıqlara zərbə vurur.

Amerikanın "Noble Energy" şirkəti isə Aralıq dənizi sularında, Kiprin bilavasaitə yaxınlığında axtarış işlərinin aparılması üçün konsessiya alıb. Nəhəng qaz ehtiyatı aşkarlamış şirkət artıq oktyabrın 1-dən qazma işlərinə başlamaq niyyətində olduğunu bəyan edib. Bununla əlaqədar olaraq, Türkiyə "Barbarossa" strategiyasını reallaşdırmağa başlamaqla yanaşı, Kipr Respublikasına təzyiqlərə də start verib. Nikosiyanın ünvanına açıq hədələr səsləndirən Türkiyə Aralıq dənizi şelfində qaz yataqlarının kəşfiyyatı işlərinin dayandırılmasını tələb edib. Türkiyənin Aİ ilə iş üzrə naziri Egemen Bağış Kipr sahillərində kəşfiyyat işlərinə imkan verməmək üçün güc tətbiqini belə istisna etməyib. Başqa sözlə, Kipr faktoru Türkiyənin Şərqi Aralıq dənizi regionunda hərbi mövcudluğunu artırması üçün əlavə arqumentə çevrilib.

Beləliklə, regionda Türkiyə-İsrail qarşıdurması ilə xarakterizə olunan vəziyyət getdikcə daha təhlükəli hal alır. Üstəlik, Aralıq dənizi regionunda vəziyyəti daha da gərginləşdirəcək əlavə faktorların meydana çıxacağını da istisna etmək olmaz. İsrail KİV-də yer alan məlumatlara görə, yəhudi dövlətinin xarici siyasət idarəsi Türkiyəyə qarşı qisas planı hazırlayıb. Plana əsasən, İsrail Ermənistanla strateji ittifaqa gedəcək, kürd separatçılarına isə dəstək verəcək.

Amma İsrailin məşhur analitikləri bu xəbərə o qədər də ciddi yanaşmır. Hər halda, onun "erməni hissəsi"nə analitiklərin şübhəsi daha çoxdur; məsələn, İsrailin mərşur izrus.co.il portalının redaktor müavini Aleksandr Qoldenşteyn guya ermənilərə dəstək haqda xarici işlər naziri Aviqdor Libermanın danışması barədə xəbərlərdən təəccüblənir. Çünki məhz Liberman Azərbaycanla ikitərəfli münasibətlərin memarlarından biri hesab olunur: "O, hamıdan yaxşı bilir ki, bu istiqamətdə atılacaq istənilən addım 20 ildir Azərbaycanla münasibətlərin qurulması üçün görülmüş işlərin üzərindən xətt çəkəcək".

Bununla yanaşı, Ermənistan xarici işlər nazirinin müavini Armen Kirakosyanın rəhbərlik etdiyi qrupla İsrail XİN-in yüksəkrütbəli təmsilçisi Pinxas Avivi (İsrailin Tür-kiyədəki sabiq səfiri; hazırda o, MDB və Şərqi Avropa ölkələri ilə əlaqələrə nəzarət edir) arasında danışıqların aparıldığı da məlumdur. 

Buna rəğmən, hələ  Libermanın Ermənistana və kürd separatçılarına dəstəyini nəzərdə tutan plan hazırlaması haqda xəbərlərə inanmaq tezdir. Ən azı ona görə ki, bu, İsrail üçün Türkiyə və Azərbaycanla münasibətlərin birdəfəlik pozulması anlamına gələcək. Bu isə yəhudi dövlətinə heç bir dividend gətirə bilməz.

Yeri gəlmişkən, Liberman özü artıq Ankaradan qisas planını təkzib edib. Amma o, yalnız kürd separatçılarına dəstək məsələsinin əsassız olduğunu söyləyib. İsrail telekanallarına müsahibəsində nazir deyib ki, "Hazırda gündəmdə PKK-ya hər hansı dəstək və ya bu qurumla əlaqələrin qurulmasına dair heç bir təklif yoxdur".

 

İnamlı Barak və Amerikanın səsi

İstənilən halda aydındır ki, Türkiyə-İsrail münasibətlərindəki nifaq artıq çox dərinə gedib və bunun bütünlükdə Yaxın Şərq və Cənubi Avropa siyasətinə hansı təsir göstərəcəyini demək çətindir. BMT komissiyasının məruzəsinin açıqlanmasından sonra belə, İsrailin Türkiyədən üzr istəməkdən imtinası ehtirasları daha da coşdurur. İsrailin baş naziri Binyamin Netanyahu bildirib ki, onun ölkəsinin özünü müdafiə etməyə tam hüququ çatır və bu üzdən Təl-Əviv "Mavi Mərmərə" gəmisinə hücum etmiş hərbçilərin fəaliyyətinə görə üzr istəməyə ehtiyac görmür. Bununla yanaşı, Baş nazir İsrailin insan ölümündən təəssüfləndiyini deyib, Türkiyə ilə münasibətlərdəki böhranın aradan qalxacağına əminliyini söyləyib.

Maraqlıdır ki, Türkiyə-İsrail münasibətlərindəki ziddiyyətin tezliklə aradan qalxacağına, iki ölkə arasında "əvvəlkitək yaxşı münasibətlərin bərpası"na əminliyini İsrailin müdafiə naziri Ehud Barak da dilə gətirib. Aviqdor Liberman da bildirib ki, o, Ankara ilə münasibətlərin bərpa olunacağına ümid edir.

Yəqin ki, İsrail liderlərinin bu əminliyi indiki dövrdə yeganə ümidverici məqamdır. Bununla yanaşı, Türkiyə ilə İsrail arasında tərəfdaş münasibətlərinin bərpasına təsir edə biləcək daha bir amil var. Bu, Birləşmiş Ştatlardır. Çünki NATO-nun hazırkı üzvü ilə bu təşkilatın potensial üzvü arasında düşmənçilik Vaşinqtona heç cür əl vermir. Üstəlik, "ərəb baharı"nın yüksəlişdə olduğu bir dövrdə, ABŞ və Avropanın Yaxın Şərqdəki maraqlarının təminində həm İsrailin, həm də Türkiyənin əvəzolunmaz rolu var. Vaşinqton artıq Ankara və Təl-Əvivi "təxribatçı əməllərdən çəkinməyə, konstruktiv və səmərəli tona üstünlük verməyə" çağırıb.



MƏSLƏHƏT GÖR:

511