15 Mart 2025

Şənbə, 02:46

"KEÇMİŞ OPTİMİST"lə SÖHBƏT

"Region plus"un qonağı Azərbaycanın əməkdar artisti Əliyar Əlimirzəyevdir

Müəllif:

01.09.2011

Bu rəssamın adı Azərbaycanda da, onun sərhədlərindən çox kənarlarda da tanınır. Əsərləri Azərbaycan və Rusiya  Rəssamlar ittifaqlarında, R. Mustafayev adına Azərbaycan Dövlət Təsviri İncəsənət Muzeyində, Moskva Dövlət Tretyakov Qalereyasında, Vyanadakı Albertino Muzeyində, "bp" və "Pennzoil" neft şirkətlərinin təmsilçi ofislərində, həmçinin, bizim ölkədə və xaricdə xüsusi kolleksiyalarda saxlanıl?r. Azərbaycanın əməkdar rəssamı,  "Labirint" art-qrupunun qurucularından biri  Əliyar Əlimirzəyev, Fransa, Çin, Koreya, Polşa, Almaniya, Danimarka, Amerika Birləşmiş Ştatları və digər ölkələrdə çox sayda beynəlxalq sərgi və simpoziumlara qatılıb.

2003-2004-cü illərdə onun işləri Parisdə "Qrand cunis" beynəlxalq sənət salonunda sərgilənib. Azərbaycanlı rəssam "Simiruqlar" əsərinə görə orada Qran-Pri də alıb. Bu yaxınlarda  Müasir Sənət Muzeyi məşhur ləl-cəvahirat markası "Van Cleef & Arpels"in zərgərlik əşyalarının "Sənət Xəzinələri" sərgisi keçirilib. "VCA" prezidenti Stanislas də Kersiz, Luvrun direktoru Henri Loyrette və fransız kinosunun ulduzu Katrin Denev rəssamın bu sərgidə nümayiş etdirilən əsərlərinə baş çəkiblər. Bu gün Əliyar Əlimirzəyev "Region plus"un qonağıdır.

- Siz uşaqlığınızdan bəri şəkil çəkirsiniz. Rəssam olmağa nə vaxt qərar verdiniz? Şəkil  çəkmək sizin üçün nədir - bir peşə, qazanc mənbəyi və ya yaradıcılıq, yaxud həvəs?

- Bu mənim həyatımdır. Bu həm bir peşə, həm də çörək pulu qazanmaq üçün bir yoldur. Bu məndən ötrü xarici dünya ilə ünsiyyət qurmaq üçün ən təbii dildir. Həyatımın ilk illərindən hər zaman nələrisə çəkirdim: divarlarda, kağız üzərində, əlimə nə gəlidi. Rəssamlıq onda mənim üçün hansısa bir sirli, yalnız seçilmişlərin giriş imkanı olan sirli bir aləm idi. On yaşımdan rəssamlıq işinə tam şəkildə qapıldım, Qaqarin adına Pionerlər evində rəssamlıq dərnəyində məşğul olmağa başladım. Rəssamlıq sənəti dərslərini  o dövrün ən yaxşı müəllimlərindən biri olan Çingiz Abdullayevdən aldım. Necə deyərlər, Çingiz müəllim təsviri sənətə marağıma "od vurdu".  15 yaşımda  bir rəssam olacağımı bilirdim. Düşüncəmə görə, "rəssamlıq" -  hətta bir peşə yox, həyat, dünyagörüşü və düşüncə tərzidir. Həyatımda özümü  bir rəssamdan başqa heç kim sanmamışam.  

- Gəncliyinizdə böyük sənətkarlardan birinə bənzəməyə çalışmısınızmı?

- Gəncliyimdə rəssamlığa aid kataloq və kitablar, demək olar ki, yox idi. O vaxtlar bütün xarici dünyaya bağlı olan ölkəmizdə  bunların hamısı əsl defisit sayılırdı. Sovetlər Birliyində fərqli ideologiya hakim idi. Bu səbəbdən, təəccüblü deyildi ki, həmin vaxtlar Rembrandtın deyil, "Sov.İKP-yə eşq olsun!" şüarları yazan monoton plakatçıların heyranı idim. Orta məktəbi bitirdikdən sonra, Ə. Əzimzadə adına Rəssamlıq Məktəbinə daxil oldum. Bəxtim gətirmişdi. Orada çox görkəmli adamlarla, məsələn, Milli Rəssamlıq  Məktəbinin  patriarxı, Azərbaycan xalq rəssamı Rasim Babayevlə, rəssamlar Kamal Əhməd və Cavad Mircavadovla tanış oldum. Onlar ünsiyyət düşüncəmi formalaşdırdı; onlar bu həyatda nəyin yaxşı və nəyin pis olduğunu mənə öyrətdilər. Bu insanlar hələ də mənim üçün avtoritetdirlər. Gəncliyimdə bənzəməyə çalışdığım rəssamlara gəlincə, ilk vaxtlar Konstantin Korovinin işlərinin heyranı idim. Sonra böyük Modelyaninin əsərlərini hiss etməyə və anlamağa başladım. Yadımdadır, tələbəlik illərində bu sənətçini təqlid etməyə çalışırdım. Rəsmlərimi Modelyani tərzində çəkirdim. Sonra öz üslubumu tapdım...

- Az qala, bütün işləriniz sönük, mülayim çalarlarla icra edilib. Niyə "lal" rənglərə üstünlük verirsiniz? Bu sizin xarakterinizdən qaynaqlanır?

- Doğru buyurdunuz, işlərim, əsasən, tünd çalarlarla çəkilib. Bunun xarakterimlə əlaqədar olduğunu düşünürəm. Həyatda elə də açıq, ünsiyyətcil  deyiləm,  hətta kompleksləri olan insanam, optimist deyiləm... (düşünür). Belə deyək ki, keçmiş optimistəm. Şəksiz, şəkil bilərəkdən, ya da bilməyərəkdən, rəssamın  xarakterini əks etdirir. Axı rəsm yaşayan bir məktubdur. Rəsmin ruhunda və əsasında isə rəng durur. Formanın, rəsmin necə təsir etdiyini bilmirəm... Rəng - səs kimidir, həyəcanverici, maraqoyandırıcıdır! Güclü vibrasiya edən səs fəzaya elə tökülür ki, şüşələr titrəyir! Rəng təsiri də eynən belədir, yalnız səssizdir. Rəsm üzərinə çalışarkən, işimin necə alınacağını əvvəldən heç zaman bilmirəm. Bir ay, iki ay boyunca hər gün səssiz boya laylarını yalnız kətan üzərinə deyil, öz ruhuma da həkk edirəm. Əgər ruhumu nəsə "cırmaqlayırsa", yəni rəsm xoşuma gəlmirsə, onda bütün layları silirəm və yenidən başlayıram. Beləcə, yaradıcı prosesin əvvəlində natürmort kimi başlanmış rəsm sonda... çılpaq bir qadına çevrilə bilər.

- Yeri gəlmişkən, qadınlardan danışaq... Şəkillərinizin çoxu zərif cinsin təmsilçilərinə həsr edilib...

- (Gülür) Təbiətdə qadınlardan daha gözəl nə ola bilər? Kətan üzərinə qadınlara xas ümumi obraz köçürmək istəyirəm. 

- Hər bir işinizdə hansısa şifrəli psixoloji altyazı gizlənir; məsələn, "Gizli axşamlar" əsərini göstərmək olar. Söyləyin, bu əsər necə yarandı?

- Bu barədə, təxminən, iki il əvvəl düşündüm... Erkən əsərlərimə bənzəməyən, nəsə  fövqəladə bir şey  yaratmaq istədim. Qərara aldım ki, şəklin adi anlamından bir qədər geri durub, onu adi vedrələrdən istifadə etməklə "canlandırım"... Hə, hə, sadə tənəkə vedrələrdən. 12 vedrənin altını çıxararaq, onları böyük bir kətanın hazır elementlərinin üzərinə qoydum. Belə alındı ki, hər bir vedrənin altında, Məsih İsanın həvarilərindən birinin  ovucu "əks olunur". Tamaşaçı Məsihin öz surətini isə böyük bir dəmir qazanın dibinə baxaraq görə bilər. Əsərin əsas "sirri" daha sonra gəlir. 13-cü vedrənin altında rəsmə hər baxanı əks etdirən bir güzgü qoyulub - ayna yüklü. İzləyicini bu cür qeyri-adi bir şəkildə prosesə cəlb etmək istəmişəm. Yəni onu bu müqəddəs əsrarın özünəməxsus iştirakçısına çevirməyə çalışmışam. Düşünürəm, bu məndə alınıb.

- Bir çox insanlar sadəlövhcəsinə düşünür ki, sənət yalnız bir hobbidir və bu şəkildə pul qazanmaq qeyri-mümkündür. Siz bu barədə nə düşünürsünüz?

- Mənim üçün bədii incəsənət bir həyat tərzidir. Hər vaxt düşünmüşəm ki, peşə seçimində bəxtim qorxunc şəkildə gətirib. İstənilən halda, insanların vəziyyəti fərqli olur və sevdikləri işlə məşğul olurlar, az adamın həyatda işi alınır. Mən isə, qəribə də olsa, pulu məhz çəkdiyim rəsmlərlə qazanıram. Təbii ki, yaradıcılıq yolumun başlanğıcında mənim də müəyyən çətinliklərim olub; onların öhdəsindən gəldim və nəyəsə layiq olduğunu sübut etdim (gülümsəyir). Necə deyərlər, əvvəl  adım üçün çalışırdım, indi adım mənim üçün çalışır.

- Rəssam olmasaydınız, həyatınızı nəyə həsr edərdiniz?

- Bir səyyah olardım. Dünyanı gəzərdim. Yeri gəlmişkən, səfər sadəcə vaxt keçirmək deyil. Bunu etmək üçün  içdən bir yanğı olmalıdır. Yerində oturmaqla bu həyatda bir şey əldə etmək mümkün deyil. Həm də ki səyahət zamanı qazanılan duyğulardan, təcrübələrdən daha yaxşı və sağlam nə ola bilər? 2002-ci ildə Avstraliya yaxınlığında yerləşən Timor adasını ziyarət etmək mənə nəsib oldu. Təmiz ağqumlu çimərlikləri, şəffaf dənizi, iyirmi ildən artıq gedən müharibənin məhv edə bilmədiyi kolonial arxitektura məni çox təsirləndirmişdi. İnanılmaz təəssüratlardır!

- Uzaq Timor adasına necə gedib çıxmışdınız?  

- Dostlarım dəvət etmişdilər. Timor adasında iki dəfə olmuşam. Timor haqqında şəkillər seriyası üzərində çalışmışam. Bu, tamamilə fərqli bir dünyadır -  parlaq, şirəli və pozitiv dünya. Yadımdadır, orada səfərimi başa çatdırandan sonra, geri dönən zaman İstanbul Hava Limanında yerə enərkən mənə elə gəldi ki, sanki qara-ağ filmə düşmüşəm. Əvvəllər qitədəki dünyamızın necə monoton və darıxdırıcı  olduğunun fərqinə varmamışdım. Bizi və Timor sakinlərini birləşdirən tək şey məişət və ailə ilə əlaqədar ümumi problemlərdir. Yaxın günlərdə  rəsmlər üzərində işləmək üçün Almaniyaya getməyi düşünürəm.

- Əliyar müəllim, uğurunuzun "firma resepti"ni söyləyə bilərsinizmi?

- "Firma resepti"m çox sadədir: işləmək lazımdır. Durmadan öz üzərində səylə işləmək lazımdır. Reklama pul xərcləməyin. Həmin pullara işləmək üçün xoş olan rahat və böyük emalatxana satın almaq və ya kirayəyə götürmək daha yaxşıdır. Əgər işin keyfiyyəti yüksək olarsa, gec, ya tez, uğur özü gələcək.



MƏSLƏHƏT GÖR:

594