Müəllif: Zərifə BABAYEVA Bakı
Sentyabrın 8-də dünya Beynəlxalq savadlılıq gününü bayram edəcək. YUNESKO-nun baş konfransının 14-cü sessiyasında qəbul edilmiş qətnamədə bəyan edilib ki, bütün dünya üzrə savada yardım göstərmək üçün birgə beynəlxalq səylərə ehtiyac var. Bu il Beynəlxalq savadlılıq gününün bayram edilməsi çərçivəsində başlıca mövzu qadınların hüquq və imkanlarının genişləndirilməsində savadın roludur. Savad qadının və ailəsinin həyatını, ətrafını və cəmiyyətini dəyişir. Savadlı qadınlar böyük ehtimalla öz uşaqlarını, xüsusilə də qız uşaqlarını məktəbdə oxumağa göndərirlər. Savad alan qadınlar nəzərəçarpacaq dərəcədə iqtisadi baxımdan müstəqil olurlar və öz ölkələrinin sosial, siyasi və mədəni həyatında daha fəal iştirak edirlər. Əminliklə bildirmək olar ki, qadın təhsilinə yatırımlar inkişaf baxımından önəmli dividendlər verir.
Çağdaş dünyada belə bir problemin olması absurd görünür və beynəlxalq məlumatlara görə, bu gün dünya üzrə 860 milyon insan savadsız olaraq qalır, 10 milyondan çox uşaq isə məktəbə getmir. Məktəb və başqa təhsil proqramlarının əhatə etdiyi uşaqların, gənclərin və yetkin insanların sayı gündən-günə mürəkkəbləşən çağdaş dünya tələbləri ilə tam yetərli deyil.
Savadın yayılmasının genişləndirilməsi üzrə xüsusi diqqət tələb edən şagirdlər qrupuna yönəlmiş proqramlara açıqca ehtiyac duyulur və ilk növbədə, belə qruplara məktəb qapısından bayırda qalmış qadın və qızlar aiddir. Kişi və oğlanların keyfiyyətli təhsil ala bilmədiyi yerlərdə, onlar da xüsusi diqqət tələb edirlər.
Azərbaycanda yaşı 15 və ondan yüksək olanlar arasında oxumaq və yazmaq qabiliyyəti 98,8% təşkil edir (kişilər arasında 99,5%, qadınlar arasında isə 98,2%-dir), ümumi dünya göstəricisi isə 77%-dir. Qonşu ölkələrlə müqayisədə bu tamamilə qəbul edilən göstəricidir; məsələn, Ermənistanda bu göstərici 97,5%, Rusiyada 99,8%, İranda isə 82,3% təşkil edir.
Amma Azərbaycanda bu sahədə problemlər də var. Bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) da etiraf edirlər. TQDK sədri Məleykə Abbaszadənin sözlərinə görə, ölkənin cənub rayonlarındakı vəziyyət narahatlıq doğurur; məsələn, 2010-cu ilin statistikasına görə, qəbul olunmuş abituriyent oğlanların sayı 14 617 olubsa, qızların sayı 13 804 təşkil edib, yəni fərq elə də böyük deyil. Qəbul imtahanlarında ölkənin cənub rayonlarından məktəb məzunu olan qızların çox kiçik hissəsi iştirak edib.
"Cənub rayonlarından qəbul olunan abituriyentlərin ümumi sayında qızların payı çətinliklə 20%-ə çatır; məsələn, Yardımlı rayonundan 2010-cu ildə 533 adam ərizə verib, onlardan 483-ü oğlan, 52-si qızdır. Yəni qızlar ali məktəblərə daxil olmaq barədə düşünmürlər", - deyə M.Abbaszadə bildirib.
Əsas səbəb qızların tərbiyə aldığı ailələrdəki əlverişsiz şəraitdir, çox vaxt onlara, hətta məktəbi qurtarmağa və orta təhsil almağa belə imkan vermirlər. Bunun əvəzində qızların beyinlərini uşaq yaşlarından vaxtından tez ərə getmək barədə fikirlərlə doldururlar ki, bu da onların gələcəyini tam təmin etməyə imkan verir. Bunun üçün oxumaq və işləmək lazım deyil. Qızların və oğlanların ailələri razılığa gəlirlər və qızları 15-16 yaşlarında dini adətlər əsasında ərə verirlər. Bu cür ailələrdə dünyaya gəlmiş uşaqların, xüsusilə də qızların taleyinin əvvəlcədən müəyyən edilməsini deməyə ehtiyac yoxdur. Onlar da anaları kimi, III-V siniflərdən məktəbdən çıxarılacaqlar.
Çox vaxt belə uşaqların valideynləri ailənin maddi çətinliyinin olduğunu deyirlər. Onlar uşaqları oxutmaq, təhsilinə kapital yatırmaq istəmirlər. Bir sıra kənd müəllimləri etiraf edirlər ki, ev-ev gəzib valideynləri dilə tuturlar ki, qızlarını məktəbə qoysunlar. Bir qayda olaraq bu cür ailələr aqressiv əhval-ruhiyyəli olurlar və kiminsə sözünə baxmırlar.
Maraqlıdır ki, bu cür işlər bütün səviyyələrdə təhsilin inkişafına böyük diqqət ayrılan bir ölkədə baş verir. Məktəblərin tikintisinə, onların çağdaş kompüter avadanlığı ilə təmin edilməsinə, yüksək dağlıq rayonlarda işləməyə göndərilən müəlllimlərin stimullaşdırılmasına dövlət tərəfindən böyük vəsaitlər ayırlır. Təsadüfi deyil ki, Azərbaycan 2008-ci ildə YUNESKO-nun "Avropada savad probleminin subregional əsasda həlli: tərəfdaşlıq əlaqələrinin qurulması və innovasiya yanaşmalarının işlədilməsinə yardım" mövzusunda regional konfransının keçirilmə yeri kimi seçilmişdi.
Tədbir Azərbaycanın birinci xanımı, YUNESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyevanın rəhbərliyi altında keçirilib. YUNESKO-nun ovaxtkı baş direktoru Koişiro Matsuura Azərbaycan əhalisinin yüksək savad səviyyəsinin olduğunu bildirib və qeyd edib ki, hazırda bu sahədə əlverişsiz vəziyyət, hətta Avropanın bir sıra ölkələrində də problemli olaraq qalır; məsələn, orta statistik göstəricilərə görə, İtaliyada savadlılıq səviyyəsi elə də yaxşı deyil. Ölkədə 782 min savadsız var, 6 milyon adam çox az vaxtda və uğursuz şəkildə İtaliya ibtidai məktəblərində oxuyub; həmçinin, 20 milyon adamın düzgün yazmaq və sadə mətnləri oxumaqla, italyan dilini bilməklə bağlı ciddi problemi var. Özü də bu vəziyyət hansısa yoxsul Afrika ölkəsində deyil, Avropanın inkişaf etmiş dövlətlərinin birində müşahidə edilir.
Məhz buna görə, 2001-ci ildə BMT Baş Assambleyası 1 yanvar 2003-cü ildən başlayan "Savad Onilliyi"ni elan edib. Baş Assambleya xüsusi qətnamə ilə "Beynəlxalq Fəaliyyət" planını salamlayıb və qərara alıb ki, onillik səviyyəsində keçirilən tədbirlərin stimullaşdırılması və beynəlxalq səviyyədə fəallaşdırılması üçün YUNESKO koordinator rolunu öz üzərinə götürməlidir.
MƏSLƏHƏT GÖR: