25 Noyabr 2024

Bazar ertəsi, 19:54

TƏBİİ SEÇİM

Azərbaycanın sığorta bazarında kiçik şirkətlərin konsolidasiyası prosesi başlaya bilər

Müəllif:

01.09.2011

Qlobal böhran sığorta sektoruna və onun müştərilərinə qlobal ölçüdə ciddi bir zərbə vurub,  mövcud iş üsullarını ağır  "möhkəmlik sınağı" ilə üz-üzə qoyub. Sonra isə böhranın ardınca Yaponiyada dünya tarixi üzrə beşinci zəlzələ baş verdi və dağıdıcı sunami gəldi ki, onların vurduğu ziyanı qarşılamaq üçün sığorta ödənişlərinin həcmi, təxminən, 30 milyard dollar səviyyəsində qiymətləndirilir. Bütün bunlar, təbii ki, sığorta sektorunda müəyyən bir pessimizmin formalaşmasında əhəmiyyətli rol oynadı.

Böhran zamanı Azərbaycanın sığorta bazarında da problemlər gərginləşdi və yeni oyun qaydaları meydana gəldi. Yerli sığorta şirkətlərinin dəyişiklikləri və qeyri- müəyyənlikləri idarə etməsinin effektivlik səviyyəsi uzunmüddətli perspektivdə onların müvəffəqiyyət ehtimalını müəyyən etdi. Bu sıraya 2008-ci ilin martında "Sığorta fəaliyyəti haqqında" yeni qanunun qüvvəyə minməsindən sonra yaşanan uyğunlaşma dövrünü də əlavə etmək mümkündür. 

Bildirmək gərəkdir ki, başqa ölkələrdən fərqli olaraq, Azərbaycanın sığorta bazarında qlobal maliyyə böhranı səbəbi ilə iflas faktları qeydə alınmayıb və yerli şirkətlər "yapon" zərərinin təsirlərinin azaldılması ilə məşğul deyil, amma bununla belə, biznesin həcminin azalması özünü göstərdi. Vəziyyət yavaş-yavaş düzəlməkdədir və 2011-ci ilin son aylarının rəqəmləri  bunu təsdiqləyir. 

 

Adaptasiya prosesi keçdi 

Azərbaycan şirkətlərinin idarə sistemini tam təkmilləşdirmək üçün vaxtları oldu. Bu gün sığorta şirkətlərinin korporativ idarəetmə sistemində çox böyük dəyişikliklər baş verib - şirkətlərin hamısı açıqtipli səhmdar cəmiyyətə çevrilib, onların lazımi idarəetmə orqanları qurulub, o cümlədən, direktorlar şurası, idarə heyəti, təftiş komissiyası, daxili audit xidməti  və s. yaradılıb. 

İkincisi, hazırda sığorta bazarlarının maliyyə dayanaqlılığının qiymətləndirilməsi beynəlxalq təcrübəyə, inkişaf etmiş sığorta bazarına və maliyyə sisteminə malik ölkələrdə istifadə edilən sistemə əsaslanır. 

Üçüncüsü, bu gün sığortaçıların  hüquqları daha yaxşı qorunur, çünki "Sığorta fəaliyyəti haqqında" qanunun və Mülki Məcəllənin bəndləri sığorta müqavilələri, tərəflərin hüquqları və öhdəlikləri və s. ilə əlaqədar bir çox məsələləri konkret izah edir. 

Bu dəyişikliklərlə yanaşı, sığorta bazarının tam keyfiyyətli işləməsi üçün çox əhəmiyyətli iki qanun  - "İcbari sığorta növləri haqqında" və "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşəkar əmək qabiliyyətinin itirilməsi ilə bağlı icbari sığorta haqqında" qanunlar qüvvəyə  minib. Qeyd etmək lazımdır ki, bu qanunvericilik yenilikləri Azərbaycanın sığorta bazarında fəallığın artmasına və sığorta yığımlarının yüksəlməsinə müsbət təsir göstərib. 

Ümumiyyətlə, qeyd etmək lazımdır ki, keçən il sığorta bazarının yeni şərtlərə uyğunlaşma ili olub. Bu proses şirkətlərin inkişaf strategiyasına dəyişən bazar şəraitinə uyğun olaraq yenidən baxılması, yəni yeni sığorta məhsullarının tətbiqi, pərakəndə bazar seqmentinin canlandırılması, sığorta məhsullarının satış texnologiyasında dəyişikliklər edilməsi, informasiya texnologiyalarının tətbiqi və s.-lə bağlı olub. 

2010-cu ildə sığorta bazarının göstəricilərində müəyyən azalma müşahidə olunsa da,  sığorta şirkətlərinin çoxu inamlı artım nümayiş etdirib; bu da göstərir ki, şirkətlər gələcək inkişaf üçün doğru strategiya seçib və yeni şərtlərə sürətlə alışıb. Buna görə də 2010-cu ildə bazar göstəricilərinin azalması, necə deyərlər, bütün bazarın deyil, ayrı-ayrı şirkətlərin problemini əks etdirib. 

Deyilənlərə daha bir sübut kimi göstərmək olar ki, 2011-ci ilin fevral ayından sığorta mükafatlarının toplam göstəricisinin artımı bərpa olunub və artıq keçən yeddi ay ərzində sığorta bazarının artım templəri 2010-cu ilin yanvar-iyul aylarına baxanda 31,5% təşkil edib. Sığorta  bazarının ümumi həcmi 116,468 mln manata çatıb. Hesabat dövründə 32,61 mln manatlıq ödəniş gerçəkləşdirilib (burada da 21,6% artım olub). Toplam sığorta yığımlarının 69,62%-i və toplam ödənişlərinin 75,87%-i ölkənin on aparıcı sığorta şirkətinin payına düşür. 

Cədvəldən görünür ki, yeganə dövlət kommersiya sığorta şirkəti olan "Azərsığorta" iyul ayında yığımların həcminə görə öz liderliyini qoruyub və 2011-ci ilin birinci yarısı ilə müqayisədə sığorta mükafatları yığımında 43,05% və ya 5,08 mln manat artım nümayiş etdirib. Bu zaman Azərbaycanın sığorta şirkətlərinin ümumi mükafat həcmində "Azərsığorta"nın payı bir ay ərzinə 12,01%-dən 14,49%-dək yüksəlib.

Bütünlükdə, ay ərzində on şirkətin tərkibi dəyişməyib. Yalnız "Ipek Yolu Insurance" sığorta şirkəti  (əvvəllər "Azal Sigorta" adlandırılırdı) ay ərzində üçüncü yerdən yeddinci yerə düşüb (mükafat artımı 1,5% olub),  şirkətlər onluğunun qalan  mövqelərində isə elə bir ciddi dəyişmə olmayıb. 

Azərbaycanda həyatın sığortalanmasına hüququ olan üç şirkətdən yalnız 2011-ci ildə yaradılmış "Pasha Life Insurance" ASC TOP-10-a daxil olub. Şirkət iyul ayında yığımları 0,73 mln. manat və ya 11,74% artırıb ki, bununla da ilk onluqda altıncı mövqeyini qo-ruyub. 

 

Həyatı daha çox sığortalamağa başlayıblar 

Ölkədə sığorta biznesinin artımı ilə yanaşı,  sığorta bazarı iştirakçılarının artması da müşahidə edilir. Bir neçə amil buna imkan yaradıb. 

Beynəlxalq praktikaya uyğun olaraq, 2011-ci ildə Azərbaycanda sığorta biznesinin iki növü - həyatın sığortası və həyatın sığortasından başqa sığorta növləri tam ayrılıb. Keçən il qəbul edilmiş "İstehsalatda bədbəxt hadisələrdən icbari sığorta haqqında" qanun müəyyən mənada həyatın sığortası haqqında yeni şirkətlərin yaradılmasını stimullaşdırıb. Hazırda ölkə üzrə həyatın sığortalanması sahəsində ixtisaslaşmış üç şirkət ("Ateshgah Life", "Qala Life" və "Pasha Life") fəaliyyət göstərir, amma bu işə maraq göz qabağındadır və mümkündür ki, bu il biz bazara daha bir neçə şirkətin çıxmasının şahidi olacağıq. 

Öz növbəsində ixtisaslaşmış şirkətlərin fəaliyyəti həyatın könüllü sığortasının inkişafına səbəb olacaq, yəni icbari sığorta bütünlükdə həyatın sığortası bazarının inkişafında katalizator rolunu oynaya bilər. Bunun sübutu kimi artıq həyatın sığortasında icbari sığortanın  payının 90%-ə çatdığını göstərmək olar.

Azərbaycanda peşə xəstəliklərinin və istehsalatda bədbəxt hadisələr nəticəsində əmək qabiliyyətinin itirilməsindən icbari sığorta üzrə 500 mindən artıq adam sığorta edilib. Bu bardə "Ateshgah Life"  şirkətinin idarə heyətinin sədri Əkbər Mədətli bildirib. 14 min müəssisə öz işçilərini bu növ üzrə sığorta etdiriblər. Yada salaq ki, bu xidmət növünün tətbiqinə 2010-cu ilin dekabr ayından başlanılıb. İyunun 1-nə olan duruma isə, rəsmi statistika üzrə, əmək fəaliyyəti ilə məşğul olan əhalinin 1,362 mln.-u işəgötürmə üzrə işləyir və ölkədə  400 minə yaxın sahibkarlıq subyekti qeydə alınıb. 

2011-ci ilin yanvar-iyul aylarında peşə xəstəliklərinin və istehsalatda bədbəxt hadisələrin nəticəsində əmək qabiliyyətinin itirilməsindən icbari sığorta üzrə Azərbaycan sığorta şirkətlərinin mükafatları 14,53 mln manat olub ki, bu da yarımilliyin göstəricisindən 12,3% çoxdur. İyunda yığımlar yanvar-maya baxanda a 8,35 % artıb, mayada isə yanvar - aprelə baxanda 37,12%,  apreldə  isə yanvar-martla müqayisədə 46,13% artım olub. Martda isə göstərici yanvar-fevrala baxanda üç dəfə artıb. İlk yeddi ay ərzində  bu sığorta növü üzrə sığorta şirkətləri 106,59 min manat ödəniş veriblər ki, bu da ilk yarım ilin göstəricisindən, demək olar ki, iki dəfə yüksəkdir. 

Həyatın sığortası bazarının 0,6%-i, yəni 85 min manatı bu ilin martında üçillik moratorium başa çatana kimi belə  xidmətlər göstərən şirkətlərin life-sığorta portfelinin payına düşür. Yeni qaydaya görə, həyatın sığortası ilə yalnız ixtisaslaşmış  şirkətlər məşğul ola bilər ("Sığorta fəaliyyəti haqqında" qanuna uyğun olaraq, 2011-ci ilin mart ayında həyatın sığortası üzrə saziş bağlamaq üçün non-life-sığorta şirkətlərinə icazə müddəti başa çatıb).

Bu müddət ərzində həyatın könüllü sığortası üzrə mükafatların ümumi həcmi 1,52 mln manat təşkil edib. Əgər bunun üzərinə Azərbaycan sığorta şirkətlərinin peşə xəstəliklərinin və istehsalatda bədbəxt hadisələr nəticəsində əmək qabiliyyətinin itirilməsindən icbari sığorta üzrə mükafatları gəlinərsə və bazarın icbari sığorta üzrə potensialının, təxminən, 30 mln manat olduğu nəzərə alınarsa, aydın olar ki, mövcud üç şirkət yarım ildə bu bazarın yarısına qədərini tuta biliblər. 

Qeyd etmək lazımdır ki, bu ilin iyun ayında bədbəxt hadisələrdən icbari sığorta üzrə yığımların artım templərində kəskin azalma müşahidə edilib. Belə ki, həmin ay yığımların həcmi yanvar-may göstəricisindən 8,35%  çox olub. Mayda yığımlar yanvar-aprellə müqayisədə 37,12%, apreldə isə yanvar-mart göstəricisinə baxanda 46,13% artım müşahidə edilib. Martda isə göstərici yanvar-fevralla müqayisədə üç dəfə artıb. 

"Qala Life" şirkətinin məhsullarını öz agent şəbəkəsi vasitəsi ilə satan "Qarant Insurance" sığorta şirkətinin idarə heyətinin sədri Vaqif Həsənov hesab edir ki, həyatın icbari sığortası üzrə Azərbaycanın sığorta şirkətlərinin yığım səviyyəsinin zirvə göstəricisi artıq arxada qalıb. "Əvvəlcə sığorta şirkətləri iri şirkətlərin işçilərini sığortalamağa başladılar, indi isə işçi sayı onlarla ölçülən daha kiçik  şirkətlərə gedirlər, sonuncularla işləmək daha gəlirlidir", - deyə Həsənov vurğulayır.

Onun fikrincə, portfeli daha çox şaxələndikcə, sığorta şirkəti özünü daha rahat hiss edir. Yəni onda portfelin əsas hissəsini tutan və buna görə də ciddi nəticələrə təsir göstərən iri müştərilərdən asılılıq qalmır. 

"Ateshgah Life"ın başçısı Əkbər Mədətli sanır ki, ilin sonuna bu şirkətlər həyatın icbari sığortası bazarının potensialının 70%-dən az hissəsini əhaət edəcək. O cümlədən "Ateshgah Life" həyatın sığortası bazarının ümumi həcminin 30%-ni götürməyə ümid edir. 

Həyatın sığortası üzrə yeni şirkətlərin yaranması ilə onlar bazarın müəyyən hissəsini itirmək risqi ilə üz-üzədir. İstənilən vaxt sığortaçı öz sazişini dayandıra bilər və 30 gün öncə məlumat yollamaqla başqa sığortaçıya keçə bilər.  Hər bir sığortaçı öz müştərisi uğrunda mübarizə aparacaq, bununla belə, onlar xidmət göstərən zaman keyfiyyət standartlarına riayət etməlidirlər, ödənişləri vaxtında etməlidirlər və xidməti elə səviyyədə saxlamalıdırlar ki, müştəri qaçmasın. 

Bununla bağlı qeyd edək ki, hazırda Dövlət Sığorta Nəzarəti Xidməti "Azərsığorta", "Alfa Sığorta", "Ata Sığorta" və "Standard Insurance"dan həyatın sığortası üzrə şirkətlərin yaradılması ilə bağlı gələn müraciətlərə baxır. Beynəlxalq Sığorta Şirkətinin, "Azərbaycan Sənaye Sığorta" şirkətinin də oxşar planları var.

 

Uğur yolu 

Aydındır ki, uğurlu rəqabət üçün Azərbaycanın sığorta şirkətləri təklif edilən məhsul və xidmətlər dəstini genişləndirməlidirlər, infrastrukturu və distribusiya kanallarını inkişaf etdirməlidirlər. 

Sığorta işi dövlətin sənaye və ticarət siyasətinin, o cümlədən kiçik biznesin dəstəklənməsinin, iqtisadiyyatın ayrı-ayrı sahələrinin subsidiyalaşdırılmasının, dövlətin öz maliyyə maraqlarının müdafiəsinin ən önəmli elementlərindən biri olmalıdır. 

Bunun üçün sığorta şirkətləri distirbusiya kanallarını yenidən qurmalıdırlar: yeni ofislər açmalı, brend köşkləri qoymalı və öz agentlərinin təhsili üçün vəsait yatırmalıdırlar. Sığorta şirkətləri üçün bunlar yeni xərclərdir və bu xərclərə heç də bazarın bütün iştirakçıları duruş gətirə bilməzlər. 

Azərbaycanın "Paєa Sığorta" şirkətinin idarə heyətinin sədri Nofəl Rzayev hesab edir ki, Azərbaycanın sığorta bazarında 10-12 ciddi sığorta şirkətinin olması lazımdır. "Əməkdaşlarına normal maaş verə bilməyən, öz kadrlarını inkişaf etdirməyən, maddi-texniki baza yarada bilməyən, müştərilərə normal xidmət göstərmək iqtidarında olmayan qeyri-ciddi sığorta şirkətlərinin sayı nə qədər çox olarsa, onlar ciddi şirkətləri də o qədər çox gözdən salarlar", - deyə N.Rzayev vurğulayıb.

Hazırda ölkə üzrə 28 sığorta şirkəti fəaliyyət göstərir (onların beşində xarici kapital iştirak edir), həmçinin  təkrar sığorta və altı broker şirkəti çalışmaqdadır (onların beşində xarici kapital iştirak edir). Ancan renkinqə baxdıqda on şirkət 1 mln manatdan az sığorta mükafatı yığır, sonrakı on şirkət isə 1 mln manatdan 3 mln manatadək yığa bilir. 2010-cu ildə yığılan bütün sığorta mükafatlarının 51%-i TOP-5 sığorta şirkətinin, 78%-i TOP-10-nun, 92%-i isə TOP-15-in payına düşüb. 

Maliyyə nazirinin müavini Azər Bayramov sanır ki, Azərbaycanın sığorta bazarı üçün 15-20 sığorta şirkətinin olması yetərlidir. Onun fikrincə, şirkətlər özləri başqa şirkətlərlə birləşmək qərarına gəlməlidir. Bank bölməsindən fərqli olaraq, aşağı kapitallaşma səviyyəsinə baxmayaraq, hələ konsilidasiya haqqında qərarın qəbul edilməsinə səbəb olacaq presedent olmayıb. Bununla bağlı olaraq Dövlət Sığorta Nəzarəti tövsiyələr verməkdən tutmuş, sığorta fəaliyyətinin geri alınmasına kimi qanunvericiliyə uyğun olan müəyyən addımlar atır. 

Maliyyə Nazirliyi isə konkret addımlara artıq 2010-cu ilin aprel ayından başlayıb. Sığorta fəaliyyəti üçün müddətsiz lisenziya verməkdən imtina edilən belə şirkətlərdən biri "Azinvest Sığorta" olub, normativ 2 milyon olduğu halda onun kapitalı hətta bir milyona belə çatmayıb. Hazırda bu tələb 3 mln manata qədər artırılıb. 

Şəksiz, gələcəkdə şirkətlər arasında rəqabət güclənəcək və bu da istənilən halda bazarın inkişafı üçün stimul olacaq. Bu isə bütün manipulyasiyaların əsas məqsədidir. 


MƏSLƏHƏT GÖR:

538