Müəllif: Ənvər MƏMMƏDOV Bakı
Altı il əvvəl Azərbaycanda ölkənin qlobal informasiya icmasına qoşulmasına yönələn "Elektron Azərbaycan" layihəsinin gerçəkləşdirilməsinə başlanılıb. Bu gün bütövlükdə dövlət idarəetməsinin tam keyfiyyətli informasiya sisteminin (e-government) formalaşdırılması üzrə işlərin böyük bölümü başa çatdırılıb. Təxminən, bu ilin sonuna dövlət qurumlarının vətəndaşlara "vahid pəncərə" sistemi ilə xidmət göstərməsi üçün birləşmiş elektron portal yaradılacaq.
İnformasiya və xidmətlər
Keçən il elektron hökumətin yaradılmasını, vətəndaşlar və sosial institutlar tərəfindən müxtəlif planda informasiyalar alınması üçün hüquqi məkanın formalaşmasını nəzərdə tutan "Elektron Azərbaycan" layihəsinin qanunvericilik, texniki və institusional bazasının hazırlanması üçün tamamilə məhsuldar olub. Elektron hökumət informasiya təqdimatı üsulu və artıq formalaşmış dövlət xidmətlərininin vətəndaşlara, biznesə, dövlət hakimiyyətinin başqa şaxələrinə təqdim edilməsidir. Bu zaman dövlətlə müraciət edən arasında fərdi kontaktlar minimuma endirilir və informasiya texnologiyalarından maksimum istifadə edilir. Azərbaycanda formalaşdırılan "elektron hakimiyyət"in son məqsədi ictimaiyyətin dövlət üzərində nəzarətə girişinin genişləndirilməsi, kommersiya təşkilatlarının və ictimai qurumların fəaliyyəti üçün bürokratik əngəllərin sayının azalması, dövlət qurumlarının fəaliyyətində böyük antikorrupsiya şəffaflığının təmin edilməsidir.
"Elektron hökumət"i layihəsinin birinci mərhələsinin gerçəkləşdirilməsində ilkin öhdəlik mərkəzi və yerli dövlət hakimiyyəti orqanlarının informasiya resurslarının formalaşdırılması olub.
Daha sonra isə əldə edilmiş təcrübəni başqa dövlət strukturlarına ötürmək və informasiya texnologiyaları sahəsində çalışan qulluqçuların ixtisasının köklü şəkildə artırılmasına nail olmaq gəlir. Daha uzaq mərhələnin məsələləri sırasında isə ölkənin dövlət idarəetmə sisteminin dünya elektron informasiya fəzasına inteqrasiyası dayanır. "Elektron Azərbaycan" layihəsinin gerçəkləşdirilməsi üzrə son illərdə görülən işlər beynəlxalq səviyyədə də diqqəti çəkib. BMT-nin keçən ilin sonunda dünyanın 192 ölkəsi üzrə "elektron hökumət"in inkişafı haqda dərc etdiyi analitik icmala görə, Azərbaycan MDB üzrə ilk yerlərdən birini tutub və o cümlədən, inkişaf etməkdə olan ölkələrin böyük hissəsini qabaqlayıb.
Bu gün istisnasız olaraq ölkənin nazirlikləri və dövlət müəssisələrinin veb-səhifələri var, bir sıra qurumlar isə fəal şəkildə məsləhət xidmətlərini interaktiv şəkildə internetlə gerçəkləşdirir. Maliyyə Nazirliyi, Dövlət Gömrük Komitəsi, Ədliyyə Nazirliyi, Dövlət Satınalmaları Agentliyi və başqa qurumlar artıq elektron sənəd dövriyyəsinin daxili mexanizmlərini formalaşdırır, Ver-gilər Nazirliyi isə vergi bəyannamələrini artıq elektron formatda qəbul edir və işlədir.
Qeyd etmək gərəkdir ki, Vergilər Nazirliyi artıq çox illərdir ki, ölkədə formalaşmaqda olan "e-government" sisteminin şəksiz lideridir. 2010-cu ilin əvvəlindən qurum kommersiya fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin dövlət qeydiyyatının "vahid pəncərə" sistemini tətbiq edib. Keçən il avtomatlaşdırılmış vergi informasiya sisteminin (AVIS) imkanları genişlənib: interaktiv xidmətlər "Online-kargüzarlıq", "Elektron vergi hesabat-fakturası" peyda olub, işçi prosesə müdaxilə etmədən çeklərin vurulması prosesinə nəzarət etmək məqsədi ilə nəzarət-kassa aparatlarına məsafədən elektron verilməsi qurğusu (NKA) tətbiq edilib.
Bu ilin əvvəlindən "e-audit" sisteminin yaradılmasına başlanılıb, iyulun 1-dən isə AVIS-in informasiya imkanları fiziki şəxslərin vergiödəyicisi kimi "vahid pəncərə" prinsipi ilə elektron online-qeydiyyat sistemi ilə zənginləşib.
Yeddiillik yol
Hələ yeddi il qabaq ölkədə "Elektron imza və elektron sənəd haqqında", "Elektron ticarət haqqında" qanunlar qəbul edilib, amma yalnız bu il həmin qanunların gerçəkləşdirilməsi üçün şərait yaranıb.
O cümlədən, "Elektron Azərbaycan" layihəsinin önəmli komponentləri sırasına bu ilin may ayında yaradılmış Milli Açıq Açarlar İnfrastrukturu (MAAİ) və Milli Sertifikatlaşma Mərkəzi (MSM) xidməti daxildir. Sonuncu dövlət və özəl müəssisələrə, təşkilatlara xidmət göstərilməsi üzrə növbəti səviyyəli iki mərkəzə sertifikatlar verəcək. Bu sistemin yaradılması ilə artıq Azərbaycanın hər bir vətəndaşı elektron imzaya sahib olar bilər ki, bu da təkcə "elektron hökumət"in yaradılmasında deyil, həm də "elektron ticarət"in və "elektron bankinq"in inkişafında böyük önəm daşıyır.
"Milli elektron idarəetmə təşəbbüsü" texniki yardım proqramı çərçivəsində, həmçinin, vahid elektron məlumatötürmə şəbəkəsi - "AzDataCom" yaradılıb. Keçən ilin yanvar ayında şəbəkənin Bakı və Sumqayıtı əhatə edən komponentləri istifadəyə verilib. Beləliklə, paytaxtda "AzDataCom" 28 ATS-i əhatə edir ki, bu da saniyədə 10 giqabit sürətlə şəhərin istənilən nöqtəsinə qoşulmağa imkan verir. "AzDataCom"a ölkənin 20-yə yaxın rayonunun da inzibati mərkəzi qoşulub ki, yaxın bir neçə il ərzində bu sürətli şəbəkə dövlət idarəetməsinin bütün əyalət və mərkəzi sistemini tam şəklində bağlayacaq.
"Elektron Azərbaycan" proqramının birinci mərhələsi daha çox araşdırma xarakterli idi və bütünlükdə texniki baza ilə şəbəkə infrastrukturunun, həmçinin, dövlət idarələri üçün lokal informasiya kontentinin yaradılmasına yönəldilmişdi.
Proqramın növbəti mərhələsi bütün dövlət qurumlarını əhatə etməklə e-government sisteminin birbaşa bütün ölkəni əhatə etməsi ilə bağılıdır. Bununla bağlı olaraq keçən ilin sonunda "elektron hökumət" layihəsini kurasiya edən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) "elektron hökumət"in yaradılması üzrə fəaliyyət planı layihəsi işləyib. Bu sənədin hazırlanması informasiya-kommunikasiya texnologiyalarının (İKT) inkişafı üzrə 2009-2012-ci illəri əhatə edən Dövlət Proqramının çərçivəsində nəzərdə tutulub. Proqram sektorun potensialının tam reallaşmasını və neft-qaz bölməsi ilə yanaşı, bu sahənin də ölkə iqtisadiyyatının lider mövqeyə çıxarılmasını nəzərdə tutur.
Proqramın vacib komponenti olan "elektron hökumət" sisteminin yardılmasına gəldikdə, növbəti mərhələdə inteqrasiya, informasiya mübadiləsinin təmini məsələləri, həmçinin kütləvi elektron xidmətlərə keçid üçün vahid standartlar və tövsiyələr işlənilib. Həmçinin, əsas infrastruktur qovşaqlarının və dövlət qurumlarının məlumat portallarının təhlükəsizliyinin təmini üzrə işlər görülüb, normativ-hüquqi baza dolğunlaşdırılıb, dövlət qurumları tərəfindən İKT sahəsinə yönəldilmiş mütəxəssislərin bilik səviyyəsi artırılıb.
Yekun mərhələ
Bu gün ölkənin genişmiqyaslı "e-government" sistemi ilə əhatələnməsi üzrə işlər sona yaxınlaşır. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən bu ilin mayında verilmiş "Dövlət orqanları tərəfindən elektron xidmətlər göstərilməsinin təşkili sahəsində bir sıra tədbirlər haqqında" fərmanda "e-government" layihəsinin gerçəkləşdirilməsinə qoşulmuş dövlət orqanlarının sayının artırılmasına çağırılıb. Sənəd cəmiyyət və dövlət arasında qarşılıqlı əlaqənin operativliyini artırmağı, sadələşdirməyi və daha da şəffaflaşdırmağı nəzərdə tutan elektron xidmətlərin tətbiqinin genişləndirilməsi, həmçinin, korrupsiya üçün potensial fəzanı daraltmağı qarşısına məqsəd qoyub.
Fərmana görə, yaxın aylar ərzində hər bir dövlət orqanının internet səhifəsində xüsusi elektron xidmətlər bölməsi yaradılacaq. Elektron xidmətlərin adları və onların göstərilməsi üçün lazım olan sənədlərin dəqiq siyahısı yerləşdiriləcək, elektron ərizə və blankların variantları, həmçinin, başqa rəqəmsal rekvizitlər təqdim ediləcək.
Tələb edilən sayta mənbə sənəd və ərizələrin elektron kopiyasını göndərən vətəndaş dərhal e-poçtla kargüzarlıq prosesinin başlanması barədə məlumat alır. Sənədlərin əsli yalnız dövlət orqanları tərəfindən öz və ya idarələrarası elektron axtarış-məlumat bazasında lazımi məlumatlar tapılmadıqda tələb edilir.
Hazırda bu cür avtomatlaşmış sənəd dövriyyəsi "Giriş-çıxış və qeydiyyat", "Azərbaycan Respublikasının dövlət əhali reyestri", vahid miqrasiya məlumat sisteminin, uçota alınmış fiziki şəxslərin axtarış bazasının, Azərbaycan ünvanlar reyestrinin, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının, RİTN-in, Vergilər Nazirliyinin, Dövlət Gömrük Komitəsinin, həmçinin, başqa daim yenilənən informasiya resurslarının sistemlərinin məlumat bazasını birləşdirir.
Gələcəkdə bu siyahıya sahibkarlara xidmət göstərən, yaxud əhalinin sosial müdafiəsi və məşğulluğu, təhsil, elm və səhiyyə, hüquq-mühafizə, mədəniyyət, turizm, gənclər, idman, nəqliyyat və s. sahələrdə fəaliyyət göstərən qalan qurum və dövlət təşkilatlarının da adı daxil ediləcək.
Dövlət qurumları tərəfindən göstərilən elektron xidmətlərin qarşılığında dövlət rüsumlarının və ya qanunda nəzərdə tutulan digər ödənişlərin köçürülməsinin təmin edilməsi üçün xüsusi sayt - rusum.az yaradılıb. Bundan başqa, bir sıra dövlət orqanları rüsum və başqa ödənişlərin köçürülməsi üçün internet vasitəsilə distansion sistem tətbiq edib.
Beləliklə, bu ilin sonuna kimi Azərbaycanda unifikasiya edilmiş "e-government" sisteminin özəyinin - bütün elektron xidmətlərin "vahid pəncərə" prinsipi ilə təqdim edilməsi üçün birləşmiş elektron portalın yaradılması planlaşdırılır. Bu cür mərkəzi portal vasitəsilə vətəndaş istənilən dövlət strukturunun elektron bölməsinə giriş əldə edəcək - bu cür yanaşma lazımi məlumatı və xidməti tapmaqda daha anlaşıqlı və sadə üsulu təmin edir.
MƏSLƏHƏT GÖR: