12 Mart 2025

Çərşənbə, 22:53

ARADAN ÇIXMAQ ÜÇÜN GERİYƏ ADDIM?

Giya nodiya: “gürcüstan əhalisinin yalnız 1-2 faizi abxaziyanın tanınması ideyasını dəstəkləyərdi”

Müəllif:

01.09.2011

Son vaxtlar Gürcüstanda Abxaziyanın tanınmasına dair danışıqlara başlamaq haqda təkliflər səslənir. Bu cür təşəbbüslə ilk dəfə çıxış edənlərdən biri, bu ideyanı "Rezonansi" qəzetinə açıqlayan  Qafqaz məsələləri üzrə ekspert Mamuka Areşidzedir.  

O hesab edir ki, bu gün abxazlar faktik olaraq, Abxaziyadan qovulmaq və məhv olmaq təhlükəsi ilə üz-üzə qalıblar.

"Bizim əsas məqsədimiz Abxaziyanın qaytarılması deyil, abxazların qaytarılması olmalıdır. Ən azından, biz onların Abxaziya ərazisində assimilyasiyasının qarşısını almalıyıq", - deyə Areşidze bildirib. Onun fikrincə, indiki şəraitdə Gürcüstan Abxaziyaya qarşı, onu Rusiyadan uzaqlaşdırmağa yönəlmiş addımlar atmalıdır. Amma hazırda Rusiya bu məsələdə Gürcüstanı üstələdiyindən, Tbilisi tamamilə gözlənilməz addımlar atmalıdır. Və belə addımlardan biri də, ekspertin fikrincə, Abxaziyanın tanınmasına dair gürcü-abxaz formatının yaradılması olardı. Bu danışıqlar zamanı isə gürcü tərəfi konkret şərtlər irəli sürməlidir; məsələn, qaçqınların öz doğma torpaqlarına qayıtması kimi.

Maraqlıdır ki, daha bir gürcü eksperti - İrakli Sesiaşvili də Areşidzenin ideyasını, müəyyən mənada, dəstəkləyib. "Mən Abxaziyanın tanınmasının tərəfdarı deyiləm, amma bu məsələ ətrafında diskussiyalar gələcəkdə münaqişənin nizamlanması üçün vacib olan bir sıra məsələləri üzə çıxara bilər", - deyə "GHN"ə müsahibəsində o vurğulayıb. 

Sesiaşvili hesab edir ki, müəyyən şərtlər daxilində, Abxaziyanın tanınmasına dair diskussiyalar olduqca maraqlı keçə bilər. "Abxazlar deyirlər ki, müstəqil olmaq istəyirlər. Biz isə bunun qarşılığında müəyyən şərtlər qoya bilərik; məsələn, Abxaziya ərazisindən Rusiya qoşunlarının çıxarılması", - deyə ekspert bildirir. 

Onun sözlərinə görə, Gürcüstan bundan yalnız udar, çünki bir tərəfdən, bununla Qərbə nümayiş etdirər ki, münaqişənin həllini istəyir və bu zaman yalnız öz ərazi bütövlüyü haqda deyil, Abxaziya vətəndaşlarının maraqları barədə də düşünür. Yəni, problemin həllinə sivil qaydada yanaşır. Digər tərəfdənsə, Gürcüstan "müstəqil Abxaziya" mifini dağıda bilər. 

Amma etiraf etmək lazımdır ki, ümumilikdə götürdükdə, Gürcüstanın ictimai rəyi, formasından asılı olmayaraq, istənilən separatçı qurumların tanınması ideyasını rədd edir. Qafqaz təhqiqatlarına dair beynəlxalq məktəbin direktoru, professor Qiya Nodiya da bu fikirdədir. Jurnalımıza müsahibəsində o, həm bu məsələ, həm də ümumilikdə regionun təhlükəsizlik problemlərinə dair fikrini bizimlə bölüşüb. 

- Professor, Mamuki Areşidzenin ideyası Gürcüstan cəmiyyətinin rəyi ilə nə qədər üst-üstə düşür?

- Areşidzenin bəyanatına olan reaksiyaları təhlil etsək, əminliklə söyləyə bilərik ki, onun rəyini Gürcüstan əhalisinin çox cüzi hissəsi dəstəkləyir. Sorğular göstərir ki, bu ideyanı bəyənənlər əhalinin cəmi 1-2 faizini təşkil edir. Hakimiyyət tərəfindən isə ümumiyyətlə, bu ideyaya reaksiya olmayıb.  

- Müharibədən əvvəl Gür-cüstan hökuməti Abxaziya və Cünubi Osetiyanın sosial inkişafına dair proqram hazırlamışdı.  2008-ci ilin avqust müharibəsindən sonra işğal olunmuş regionların əhalisi ilə yaxınlaşmağa yönəlmiş bu proqramın axırı nə oldu? 

- Müharibədən sonra "tanımadan əməkdaşlıq" planı hazırlandı. Bu plana əsasən, Gürcüstan bu subyektləri tanımadan, onlarla rəsmi təmaslar qurmadan, vətəndaş cəmiyyətləri səviyyəsində humanitar və iqtisadi layihələr reallaşdırmağı əsas götürür.  Amma praktik olaraq, bu plan heç bir real nəticə vermir, çünki hakimiyyətlə əməkdaşlıq etmədən, cəmiyyətlə əməkdaşlıq qurmaq olduqca çətindir.

- Azərbaycan cəmiyyətində Qərbin Qarabağ münaqişəsinə birmənalı yanaşmaması ilə bağlı müəyyən məyusluq var. ABŞ və Avropa İttifaqı tərəfindən tez-tez birbaşa və ya dolayısı ilə yürüdülən ikili standartlar üzə çıxır. Bəs Qərbin Gürcüstanın qiyamçı bölgələri - Abxaziya və Cənubi Osetiyaya yanaşmada da bu cür ikili standartlara rast gəlinirmi? 

- Rəsmi olaraq, Gürcüstan Abxaziya və Cənubi Osetiyanı işğal edilmiş ərazilər sayır. Son vaxtlar ABŞ da işğal terminini tez-tez işlətməyə başlayıb. Bu yaxınlarda ABŞ Konqresi müvafiq qətnamə də qəbul edib və bu sənəd Gürcüstanda razılıqla qarşılanıb.  Avropa liderləri isə fərqli ifadələr işlədirlər. Kimsə işğal haqda danışır, kimsə belə termindən qaçır. Rəsmi olaraq Avropa İttifaqının siyasətində Abxaziya və Cənubi Osetiya ilə bağlı "işğal" sözü işlədilmir. 

Ümumilikdə, Qərbin siyasətinə gəlincə, bir tərəfdən, Gürcüstanda hesab edirlər ki, Qərb Tbilisinin əsas müttəfiqidir. Bununla belə, Qərbin lazımi qədər prinsipiallıq nümayiş etdirməməsi, bu münaqişələrin həllinə dair ardıcıl siyasət yürütməməsi, Moskva ilə münasibətləri prioritet kimi götürməsi Gürcüstanda narahatlıqla qarşılanır.

- Yeri gəlmişkən, Qərb liderləri Azərbaycan ərazilərinin də işğal olunduğunu qəbul edirlər, amma bu zaman işğalçı tərəfi göstərməkdən yayınırlar... 

- "İşğal" termini işlədilərsə, işğalçı tərəfin Rusiya olduğu nəzərdə tutulur. Amma heç də həmişə bunu açıq şəkildə söyləmirlər və bu da Tbilisidə narazılıq doğurur.

- Necə düşünürsünüz, yaxın perspektivdə Gürcüstan və Azərbaycanın ərazi bütöv-lüyünün bərpa olunması ehtimalı varmı?

- Düzü, düşünmürəm ki, yaxın gələcəkdə bu mümkün olsun. Azərbaycanla Gürcüstan dövlətçiliyi, beynəlxalq mövqelərini möhkəmləndirmək, işğal olunmuş ərazilərdə yaşayan vətəndaşlarla münasibətlər qurmaq barədə düşünməlidirlər. Ümid etməlidirlər ki, gələcəkdə bu münaqişələrin həlli üçün münbit şərait yaranacaq.

- Sizcə, bu münaqişələrin nizamlanması üçün regionda hansı geosiyasi dəyişikliklər baş verməlidir?  

- İlk növbədə, bu dəyişikliklər Rusiyanı əhatə etməlidir; çünki Moskva hesab edir ki, Cənubi Qafqazda Qərblə rəqabətdədir. Bu münaqişələrin dondurulmuş şəkildə qalması Moskvaya əl verir. Öz növbəsində, Qərb münaqişələrin dondurulmuş şəkildə qalmasını yaxşı hal saymasa da, bundan yaxşı nəsə təklif edə bilmir. Odur ki, Cənubi Qafqazdakı münaqişələrin nizamlanması üçün, regiondakı geosiyasi qüvvlər balansı dəyişməlidir.

- Rusiyada tez-tez təkrarlayırlar ki, problem Gürcüstanda yox, onun prezidentindədir...

- Rusiya hamıya nümayiş etdirmək istəyir ki, regionda əsas söz sahibi məhz odur. Öz şərtlərini irəli sürür və güzəştə getmək istəməyən və tərslik edən Gürcüstan isə, onun fikrincə, cəzasını almalıdır. Bundan başqa, Rusiya Abxaziya və Cənubi Osetiyada öz hərbi qüdrətini artırmaqla, Gürcüstanı hədəfdə saxlayır. Hərbi baxımdan, Gürcüstan çox çətin durumdadır. Bununla da Rusiya digər postsovet respublikalarına başa salmaq istəyir ki, onlar Moskvanın mövqeyi ilə hesablaşmalıdırlar. 

- Gürcüstan iqtidarı Abxaziya və Cənubi Osetiya "hakimiyyətləri" ilə birbaşa kontakta gedirmi? 

- Rəsmi olaraq, yox. Amma müəyyən texniki təmaslar mümkündür. Rəsmi olaraq bildirilir ki, indiki mərhələdə hansısa səmərəli kontaktlar mümkün deyil. 

- Bəs Bakı ilə Tbilisinin ərazi bütövlüklərinin bərpası istiqamətində əməkdaşlıqları nə dərəcədə effektli ola bilər? 

- Əlbəttə ki, ritorika, razılaşdırılmış addımlar, hüquqi yanaşma və digər məsələlərə dair koordinasiya səmərəlidir.

- Son vaxtlara qədər, ermənilərin kompakt yaşadığı Cavaxetiya bölgəsi Gürcüstan üçün növbəti başağrısı hesab edilirdi. İndi orada vəziyyət necədir?

- Samsxe-Cavaxetiya artıq əvvəlki kimi başağrısı deyil. Son zamanlar orada vəziyyət normallaşıb, regionun əhalisi dövlətə daha loyal yanaşmağa başlayıb. Çünki orada hökumətin hansı səmərəli layihələr reallaşdırdığını yaxşı görürlər. Amma təbii ki, müəyyən millətçi dairələr də var. Onların təsiri isə getdikcə azalmaqdadır. 

- Bəzi rusiyalı siyasətçilər hesab edirlər ki, hazırda Qərbin bütün diqqəti Şimali Afrika və Orta Şərqdəki hadisələrə yönəlib. Buna görə də Qərb Cənubi Qafqazla bağlı planlar qurmağa tələsmir...

- Yox, rusiyalı siyasətçilər, sadəcə, öz arzularını dilə gətirirlər. Düzdür, Barak Obamanın hakimiyyətə gəlişi ilə ABŞ-ın Cənubi Qafqaza və ümumilikdə Şərqi Avropaya marağı xeyli azalıb. Bu, ərəb inqilabları ilə bağlı deyil - Obama administrasiyasının prioritetləri belədir. Bu siyasət ABŞ Konqresində də sərt tənqid olunur. Odur ki, Vaşinqtonun gələcəkdə bizim regiona əvvəlkitək maraq göstərməsi tamamilə mümkündür. Avropanın siyasətinə gəlincə, onun marağı o qədər də böyük deyil, amma son iki ildə bu maraq artıb. Düzdür, hazırda bütün dünyanın diqqəti Şimali Afrikaya yönəlib. Ola bilsin, oraya maliyyə axını artsın. Baxmayaraq ki hadisələrin nə ilə nəticələnəcəyi hələ bəlli deyil. İstənilən halda, Cənubi Qafqaz Qərbin strateji maraqlarının olduğu region kimi qalacaq.


MƏSLƏHƏT GÖR:

481