5 Dekabr 2025

Cümə, 20:51

ƏSAS MƏSƏLƏ - VƏZİYYƏTİ NƏZARƏTƏ GÖTÜRMƏKDİR

Fyodor Lukyanov: "Qarabağda hərbi əməliyyatlar başlansa, zərər çəkən əsas tərəf Rusiya olacaq"

Müəllif:

01.09.2011

Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanması prosesində Rusiyanın moderatorluğu regionun siyasi həyatında ən çox müzakirə olunan mövzulardandır. Bir sıra analitiklərin fikrincə, RF Prezidenti Dmitri Medvedevin təşəbbüsü bir nəticə vermir, bəziləri isə hesab edirlər ki, onun səyləri tərəflərin mövqelərinin bir-birinə yaxınlaşdırılmasına az da olsa, imkan yaradır. Bəs Rusiyanın bu vasitəçiliyi tərəfləri,  qarşıya qoyulan hədəfə nə dərəcədə yaxınlaşdırıb  və ya ümumiyyətlə, az da olsa yaxınlaşdırıbmı? Yaxın perspektivdə münaqişənin həlli ilə bağlı daha hansı dəyişikliklər gözlənilir? Bu və digər suallarla tanınmış jurnalist, "Rusiya qlobal siyasətdə" jurnalının baş redaktoru, Rusiyanın Xarici və Müdafiə Siyasəti Şurasının üzvü Fyodor LUKYANOVA  müraciət etdik. 

- Son illər Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində əsas və bəlkə də yeganə moderator kimi çıxış edir. Yəni, ABŞ və Avropa, doğrudanmı, bu problemin həlli prosesindən kənarlaşmaq qərarına gəlib? 

- Məncə, ümumiyyətlə, yaxın gələcəkdə münaqişənin həllini gözləməyə dəyməz. Aydındır ki, tərəflərin mövqeləri bir-birindən çox uzaqdır, qarşılıqlı etimadın səviyyəsi çox aşağıdır və s. ABŞ, Fransa və Rusiya yalnız tərəflərə müəyyən təzyiqlər göstərə bilərlər, münaqişənin bilavasitə həlli isə Ermənistan və Azərbaycandakı siyasi vəziyyətdən və hadisələrin dinamikasından asılıdır. Niyə məhz RF belə aktivlik nümayiş etdirir? Bu sualın çox sadə cavabı var: regionda müharibənin bərpasından ən çox zərər çəkən Rusiya olacaq. Öz geosiyasi vəziyyətinə görə, Rusiya özünü bu problemdən kənara çəkə, tərəflərdən hansınısa müdafiə edə bilməyəcək. Rusiya Ermənistan qarşındakı öhdəliklərindən imtina edə bilməz, əks təqdirdə, Moskvaya fövqəldövlət kimi etimad qalmayacaq. Amma digər tərəfdən, RF Bakını da özündən uzaqlaşdıra bilməz, çünki Azərbaycan Moskva üçün çox önəmli dövlətdir.  Odur ki, Rusiya üçün erməni-Azərbaycan dialoqunun davam etdirilməsi çox vacibdir, çünki yalnız bu yolla status-kvo saxlanıla, vəziyyət nəzarətdə qala bilər. ABŞ və Fransa üçünsə Qarabağ problemi o qədər də aktual deyil. Onları digər problemlər daha çox maraqlandırır.

- Sizcə, status-kvonun saxlanması müharibənin bərpası ehtimalını artırmırmı? Axı danışıqlar daim davam edə bilməz...

- Yox, düşünmürəm ki, status-kvonun saxlanması hərbi əməliyyatların bərpası risqini artırır. Bu gün mövcud durumun dəyişməsi vəziyyəti yalnız gərginləşdirə bilər. Regionda qüvvələr balansını qoruyub-saxlamaq daha önəmlidir. Və Rusiya da hazırda məhz bununla məşğuldur.

- Amma ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin rəhbərləri öz bəyanatlarında status-kvonun dəyişdirilməsinə çağırış edirlər. Bu dəyişikliyi görməyən Azərbaycanda isə MQ ilə bağlı məyusluq açıq şəkildə sezilir...  

- Ümumi götürsək, ATƏT artıq öz missiyasını başa vurub. Bu təşkilat tamamilə fərqli bir tarixi şəraitdə yaradılmışdı. Və o zaman effektli və faydalı təşkilat idi. Söhbət "soyuq müharibə" dövründə və bir qədər sonra ATƏT-in sabitləşdirici rolundan gedir. Amma indi o, eyni dizayn ilə yaradılmış digər beynəlxalq təşkilatlar kimi, artıq real effektivliyini itirib. Düzdür, MK ATƏT-in tərkibində yaradılıb, amma o daha çox müstəqil fəaliyyət göstərir və 3 fövqəldövlətin marağını əks etdirir. MQ-ya həmsədrlik edən Rusiya, ABŞ və Fransa digər ölkələrdən fərqli olaraq, az-çox Qarabağ münaqişəsinin həllində maraqlı dövlətlərdir.

- Necə düşünürsünüz, ərazi bütövlüyü və millətlərin müqqədaratı prinsipləri arasında kompromis tapmaq mümkündürmü? 

- Nəzəri baxımdan, bu prinsiplər bir-birinə ziddir, amma praktikada kompromis tapmaq mümkündür. Bunun üçün siyasi iradə tələb olunur. Özü də söhbət yalnız Azərbaycan və Ermənistan liderlərindən yox, həm də milli konsensusun mövcudluğundan gedir.  Hələlik bu yoxdur. Və əgər liderlər problemi həll etmək qərarına gəlsələr belə, xalqlar onları dəstəkləməyəcək. Odur ki, kiminsə risqə gedəcəyinə inanmıram. Bu, sırf siyasi məsələdir. Əsas odur, arzu olsun - kompromisi isə ən çətin anlarda da əldə etmək mümkündür. 

- Belə çıxır ki, yaxın perspektivdə Qarabağ münaqişəsinin nizamlanmasında hər hansı irəliləyiş gözləməyə dəyməz?

- Əgər mövcud status-kvo kənar müdaxilə ilə pozulmasa, dəyişiklik olmayacaq. Tutaq ki, əgər ABŞ və İsrail İrana qarşı müharibəyə başlasalar, bu, ümumilikdə Mərkəzi Asiya və bütün regiona təsirsiz ötüşməyəcək, qüvvələr balansında da dəyişikliklər olacaq, amma bu baş versə belə, söhbət nizamlanma prosesindəki dinamikadan yox, xarici təsirdən gedəcək. 


MƏSLƏHƏT GÖR:

456