15 Mart 2025

Şənbə, 02:57

TÖVBƏ

S.Sarqsyan: "Bu gün Azərbaycanın mövqeyinin yumşaldığını söyləyə bilmərəm"

Müəllif:

01.09.2011

Ermənistan prezidenti Serj Saqsyan yenə əvvəlki ampluasındadır. Yenə erməni gəncliyinə qonşularına, qeyri-erməni hər şeyə nifrət aşılamaq üçün  onlarla görüşür, erməni spamını beynəlxalq informasiya məkanına yaymaq tapşırığı vermək üçün diplomatları toplayır. 

Jurnalımızın bu sayı çapa hazırlanarkən, erməni agentlikləri Yerevanda keçirilmiş və xaricdəki diplomatik nümayəndəliklərin rəhbərlərinin toplaşdığı yığıncaq haqda məlumat yaydı. S. Sarqsyanın sədrliyi ilə keçirilən toplantıda Ermənistan prezidenti bir daha bəyan edib ki, Dağlıq Qarabağın öz müqəddəratını təyinetmə hüququnu reallaşdırmasına heç nə mane olmayacaq. Cənubi Sudan və Qarabağ arasında paralel gətirən Ermənistan prezidenti deyib: "Bu il biz Cənubi Sudanın onilliklərlə davam edən mübarizədən sonra müstəqillyə çatmasının şahidi olduq. Bu hadisə öz müqəddəratını təyinetməyə dair beynəlxalq praktika üçün daha bir presedent oldu. Arsaxla (ermənilərin işğal etdiyi Dağlıq Qarabağ - red.) bağlı da hadisələrin bu cür inkişaf edəcəyi qaçılmazdır. Hərçənd, bu gün mən hələ Azərbaycanın danışıqlar prosesində öz mövqeyini yumşaltdığını söyləyə bilmərəm". 

Qarabağ mövzusunu davam etdirən Sarqsyan vurğulayıb ki,  dünya birliyinin bu məsələyə yanaşması, rəsmi Yerevanın yanaşması ilə üst-üstə düşür: "Son vaxtlar Dağlıq Qarabağ probleminə dair ən yüksək səviyyədə səslənən bəyanatlar da bunu təsdiqləyir.  Bu bəyanatların kimə yönəldiyi də hamımıza aydındır".

Ermənistan rəhbərliyinin səsləndirdiyi bu və digər bəyanatları Azərbaycan XİN öz günahını başqalarının üstünə atmaq cəhdi kimi qiymətləndirib.  Nazirliyin mətbuat katibi Elman Abdullayev "Trend" agentliyinə bildirib ki, Sarqsyanın bəyanatları yalnız daxili istifadəyə yönəlib, çünki xaricdə problemə tamamilə fərqli şəkildə yanaşırlar. "Bizim mövqeyimiz dəyişməzdir. Münaqişənin nizamlanması üçün əvvəlcə Ermənistan öz qoşunlarını işğal olunmuş ərazilərdən çıxarmalıdır. Bu addım regiondakı vəziyyəti daha proqnozlaşdırılan  edərdi", - deyə Abdullayev vurğulayıb.

Onun sözlərinə görə, status-kvonun saxlanması ilə bağlı narazılığı ATƏT-in  Minsk qrupuna həmsədrlik edən ölkələrin (Fransa, ABŞ, Rusiya) prezidentləri də öz bəyanatlarında təsdiqləyiblər. Bu isə bir daha göstərir ki, dünya birliyinin mövqeyi Azərbaycanın mövqeyi ilə üst-üstə düşür. 

S.Sarqsyanın Azərbaycanda ermənifobiya barədə dediklərinə gəlincə, Azərbaycan XİN təmsilçisi xatırladıb ki, vaxtilə məhz Ermənistan rəhbərliyi ermənilərlə azərbaycanlıların etnik baxımdan uyuşmaması barədə bəyanatlar səsləndirib. "Ermənistandan fərqli olaraq, Azərbaycan dəfələrlə erməni əhalisinə tolerantlığını nümayiş etdirib və erməni kilsəsini belə bərpa edib", - deyə Abdullayev qeyd edib.

Qeyd edək ki, Ermənistan rəhbərini anlamaq olar. Axı o nə etməlidir? Hakimiyyətyönümlü gənclərin toplaşdığı "Miasin" ("Birlikdə") təşkilatının üzvləri ilə görüşdə necə etiraf etsin ki, sahilində toplaşdıqları "Sevan" gölü bir vaxtlar azərbaycanca "Göyçə" adlanırdı? Və ya Qarabağ klanının lideri Ermənistan vətəndaşlarına necə başa salsın ki, qonşu dövlətə qarşı ərazi iddialarınna görə, illərlə davam edən özünütəcrid və dilənçi həyatından sonra Yerevanın işğal olunmuş əraziləri Azərbaycana qaytarmaqdan başqa çarəsi qalmayıb? Axı bu o deməkdir ki, Ermənistan iqtisadi baxımdan onsuz da çox uzağa getmədiyi ötən əsrin 90-cı illərinin əvvəllərindəki vəziyyətə qayıtmalıdır.  Odur ki, S.Sarqsyan xalqın beynini "müstəqillik"lə bağlı yeni "presedentlər"lə doldurmaqda davam edir. Amma bu zaman o nədənsə izah edə bilmir ki, nəyə görə Ermənistan indiyədək müstəqilliyini elan etmiş Cənubi Sudan, Kosovo, Abxaziya və ya Cənubi Osetiyanı tanımağa cürət etmir? İşğal olunmuş Azərbaycan torpaqlarında qurulmuş "DQR" haqda isə hələ heç danışmırıq. Axı Sarqsyanın məntiqi ilə yanaşsaq, Qarabağda da hər şey "beynəlxalq hüquqa uyğun" həyata keçirilib. 

Sarqsyan bir şeydə haqlıdır - bu gün münaqişənin nizamlanması ilə məşğul olan vasitəçilərlə rəsmi Yerevanın mövqeyi doğrudan da bir məsələdə üst-üstə düşür. Həm vasitəçiləri, həm də Yerevanı narahat edən əsas məsələ odur ki, Azərbaycan öz torpaqlarını hərbi yolla azad etmək kimi suveren hüquqa malikdir. Ermənistanın qorxusu və vasitəçilərin, Sarqsyanın iddia etdiyi kimi, Azərbaycana yönəlmiş çağırışlarını xatırlaması da məhz bundan doğur. Amma bu haqda öz diplomatlarına moizə oxuyan Sarqsyan vasitəçilərin münaqişənin həlli yolları deyil, nizamlanmanın mahiyyəti ilə bağlı birbaşa Ermənistana ünvanlanmış çağırışları, nədənsə, xatırlamaq istəmir. Söhbət ATƏT-in MQ-yə həmsədr ölkələrinin prezidentlərinin mövcud status-kvonun dərhal dəyişdirilməsi, yəni, işğal olunmuş ərazilərin azad olunması, bundan sonra isə Dağlıq Qarabağın Azərbaycanın tərkibindəki gələcək statusuna dair müzakirələr aparması barədə çağırışlardan gedir. Ermənistan daim bu məqamı "unutmağa" çalışır və danışıqlarda diqqəti əsas deyil, həll prosessinin ikinci dərəcəli məsələlərinə yönəltməyə cəhd edir. Bununla belə, Ermənistan rəhbəri özündə cəsarət taparaq, Azərbaycanın mövqeyinin əvvəlkitək qəti və dəyişməz qaldığını etiraf etməli olub. Bir daha sitatı xatırladaq: "Bu gün mən hələ Azərbaycanın danışıqlar prosesində öz mövqeyini yumşaltdığını söyləyə bilmərəm".  Bununla Sarqsyan faktik olaraq boynuna alıb ki, Yerevanın və onun himayədarlarının illərboyu səyləri bir nəticə verməyib və Azərbaycanın beynəxalq hüquqa və beynəlxalq dəstəyə arxalanan mövqeyi sarsılmaz qalıb.

Bəs Sarqsyanın özü nəyə arxalanır? İctimai dəstəyə bel bağlaya bilmir, çünki Ermənistan vətəndaşlarının ölkədə hakimiyyəti ələ keçirmiş Qarabağ klanına necə yanaşdığını hamı yaxşı bilir. Digər tərəfdənsə, ölkədə ictimaiyyət qalmayıbsa, hansı ictimai dəstəkdən danışmaq olar? Axı ölkə əhalisinin yarısı ölkəni artıq tərk edib, digər hissəsi isə bunun üçün məqam gözləyir. Bu isə birbaşa Qarabağ müharibəsinin, Qarabağ klanının siyasətinin nəticəsidir. 

Beynəlxalq hüquqa gəlincə, bu məsələdə o da Ermənistanın tərəfində ola bilməz. Çünki heç bir ölkə bir dövlətin digərinin ərazisini işğal etməsi faktını qəbul etmir. Belə olan halda, Ermənistan yalnız himayədarlarına ümid bəsləyə bilər. Amma tarix də göstərir ki, "patronlar"ının bircə "Serj, razılaş!"  əmri kifayətdir ki, Ermənistan konstruktivliyin nə olduğunu anlasın.


MƏSLƏHƏT GÖR:

360