Müəllif: Valentina REZNİKOVA Bakı
Belə bir rus atalar sözü var: " Sən saydığını say, gör, fələk nə sayır". İnsan cavan olanda o, bu sözlərə çox da əhəmiyyət vermir və onlar üçün adi səslənir. Lakin yaşa dolduqca bu sözlərdə müdriklik və məna tapdıqdan sonra, tez-tez təkrarlamağa başlayırsan. Düzdür, həyatda rastlaşdığın bəzi vəziyyətlərlə bağlı bu fikirlə həmişə razılaşmırsan, lakin Olqa Qladkova adlı rəssamın timsalında bu ifadə şübhəsizdir. Gəlin, təsəvvür edək: Moskvada doğulub və böyüyüb, ingilis dilini həvəslə öyrənib, Moris Torez adına Moskva Dövlət Linqvistika Universitetini bitirib (bir çox qızların arzusu və paxıllıq mənbəyi!) və böyük məmnuniyyətlə ingilis dilini müxtəlif Moskva ali məktəblərində tədris edib. O, öz peşəsini sevirdi və pedaqoji fəaliyyətlə sevə-sevə məşğul olurdu!
Burada nida ifadəsindən istifadə etmək olardı - "və qəfildən!". Lakin bu, yalan olardı. Çünki heç bir "qəfildən", əslində, yox idi. Ona görə yox idi ki, rəssamlığa qarşı olan marağına uzun müddət ərzində hobbi kimi münasibət göstərirdi. Onun belə bir marağının olduğuna və bu marağın onu daha çox cəlb etdiyinə sevinərək, o, heç düşünmürdü ki, məqam gələcək ki, hobbi nə vaxtsa onun peşəkar və yaradıcılıq fəaliyyətinin ön planına çıxaraq, həyat adlı məkanın əhəmiyyətli hissəsini dolduracaq. Bu, ailəyə və ailə münasibətlərinə ayrılmış məkanın qalan hissəsinə təsir etməyib. Bəlkə də, əksinə. Peşəyə çevrilən hobbi ailə münasibətlərini daha harmonik və möhkəm edib. Ər - ilk tamaşaçıdır, tənqidi, dəyərləndirici, dost və məsləhətçidir.
- Maraq nə qədər aktiv həyatıma daxil olurdusa, bir o qədər mən aydın anladım ki, peşəkar təhsil, professional biliklər, bacarıqlar, hazırlıq lazımdır. Bir sözlə, həvəskarı peşəkardan fərqləndirən hər şey. Mən fənni öyrənməyə başladım. Proses maraqlı oldu və nəticədə...
Bu səylərin nəticəsi Beynəlxalq Rəssamlar Federasiyasına və yaradıcı Rusiya Rəssamlar İttifaqına, Beynəlxalq Rəssamlıq Fonduna üzvlük və şəxsi, eləcə də ümumi on bir sərgi olub. Eyni zamanda Azərbaycanda sərgilər.
"Bakı" art-qalereyasında "Səni sevirəm, Bakı" adlı bu fərdi sərgisi onun sənət həyatının Bakı dövrünün yaradıcı axtarışlarının nəticəsidir. Qalereyada nümayiş olunan rəsmlərin adı yoxdur. Məhz bu cür müəllif yanaşması xoşuna gəlir. Bu, rəssamın versiyasına bağlantı yaratmadan, öz fantaziyasına geniş məkan verir. Kataloqda müəllif versiyaları var. Və yalnız bir işində bizim adlar tam olaraq üst-üstə düşüb.
"Xatirələr"
Tünd-mavi səmada - ay və ulduzlar. Masada kerosin lampası, ütü, tikiş maşını, qurama texnikası ilə hazırlanan süfrə, stul üstündə toxunulmuş xalça; sağda küncdə - eyni texnikadan hazırlanmış örtük - pərdə. Görünə bilərdi ki, xüsusi nə var ki? Lakin bu mavi dərinlik adamı valeh edir. Valeh etməklə, ürəyini xatirə-assosiyasilar dalınca aparır. Demək olar ki, öz uşaqlığını, ərəb nağıllarını oxuyan anasını, Vyana stulu üçün lentvari qarmaqcıqlarla örtük tikən dağlı-nənəni hiss edirsən. Eynilə bu şəkildə olduğu kimi. Və gecə vaxtı dəcəl qızları və oğlanları oğurlayan qar adamı barədə nənənin hekayələri. Bir də, geosiyasətə, millətlərarası münaqişələrə, konfessiya mənsubiyyətinə baxmayaraq, hər kəsi bağlayan çox versiyalı məkan. Assosiasiyaların, fikirlərin, hisslərin, duyğuların məkanı.
"Şərq nağılı"
Bu - bizim başlığımızdır. Kataloqda bu iş "Xan qızı" kimi adlandırılıb. Azərbaycanda qızlar əsrlər boyu gözəllikləri ilə şöhrət qazanıblar. Zaman ötdükcə gözəllik etalonları dəyişib, amma bir şey dəyişməz olaraq qalıb: qəddi-qamətin mütənasibliyi, üz cizgilərinin dəqiq təsviri, şövq. Bir sözlə, qadın məlahətliliyi anlayışına yatan hər şey. Əlində çıraq olan gözəl hara gedir? Onun fikirləri haradadır? Kimdə və ya nədədir? Və niyə pəncərə önündə mat qalıb? Ay Köhnə Şəhərdə məscidin minarəsini və qübbəsini, evlərin damını işıqlandırır. Gecə mənzərəsinin işığı bizi xan qızı haqda məlum əfsanələrə apararaq, romatik-xəyali, sirli mühit yaradır. İndi, uzun əsrlər keçdikdən sonra, heç kim dəqiq deyə bilməz ki, xan qızının taleyi necə oldu. Lakin inanmaq istəyirsən ki, məhz bu xan qızında hər şey yaxşıdır. O, xoşbəxtdir və sevilir. Və arzularının kişisi hansısa qoca deyil, gənc, yaraşıqlı oğlandır. Hansı zümrədən olması önəmli deyil.
"Fam emansipe" (müəllif versiyasında - "Kəndirbaz")
Rus dilinə Fransadan daxil olan ifadədir. XIX əsr cəmiyyətinin qadına təyin etdiyi öhdəliklərdən azadlığa və müstəqilliyə can atan Jorj Sand qəhrəmanının tipini ifadə edir. Özünü cəmiyyətdə tamhüquqlu üzv kimi təqdim etmək hüququnu qorumaqda o necə də irəli gedib? Bu azadlıqdan o, xoşbəxtdirmi?
Dünyaya gəlişi faktı və qazanılmış hüquqları ilə müəyyən olunmuş öhdəliklər arasında uzlaşma tapmaq olarmı? Olar. Olqa Qladkova bunu belə görür: sirk kəndirbazının yüngüllüyü ilə cansıxıcı məişət öhdəlikləri və yaradıcı fantaziyalar uçuşu arasında balansı qoruyaraq! Müasir qadın öz cinsinin əvvəlki nəsillərinin təcrübəsini nəzərə alaraq, şəxsiyyət və cəmiyyətin tamhüquqlu üzvü olmağı bacarır!
"Qovuşma" (müəllif versiyasında - "Yağış")
Neoimpressionizmin təsiridir. Jorj Syordan XIX əsrin sonunda təsviri incəsənətə gələn puntilizm texnikası çox gözəl mənimsənilib. O, impressionist Kamil Pissaronun axtarışlarını, əsərlərini rəngləri bir-birinə qatmadan, fərqli yaxmalarla həqiqi düzbucaqlı və ya nöqtələr formasında cızılan texnikanın axtarışlarını davam etdirib. Lakin bu sadəcə olaraq rəssamın peşəkar mükəmməllik yolunu vurğulayan ştrixdir. İşin məğzi başqa şeydədir. Naməlum Avropa şəhərinin - bəlkə, İtaliyanın, bəlkə də, Fransanın, Çexiyanın, Latviyanın və ya Litvanın dar küçəsinin perspektivində bizdən uzaqlaşan qadın gedir. Çətir onu narın yağışdan qoruyur. Tutqun duman binanın təsvirini perspektivin nöqtəsində uçurur. Və biz hərəkətin yerini müəyyən edə bilmirik. Bu, vacibdirmi ki? Qadın özü - daha vacibdir. O, hələ cavandır: düzgün qaməti, saçları, bədənin dinamikası, geyimi cəmiyyətin müəyyən təbəqəsinə mənsubluğunu ələ verir. Onlar deyir ki, o, qadın böyük güc və ehtimal ki, arzularla doludur. Bəs, onun arzuları varmı? Onlar nədir? Ayaqqabı - etibarlı, möhkəm, lap havaya uyğundur - əhalinin kişi hissəsinin diqqətinin şıltaq çağırışına işarə verməkdən belə məhrumdur. Bu cavan xanım kimdir? Onun yolu haradır? Çox güman ki, humanitar elmlər üzrə təhsil alıb. Çox güman ki, ədəbiyyatla sovrulmuş ideallarla. Müasir cəmiyyətin strukturuna yazılmayan ideallarla. Amma o - şəxsiyyətdir. O, hamı kimi deyil. O, pret-a-parte geyinmir. Və həyata itirilmiş mənəviyyat nöqteyi-nəzərindən baxmır. O, özü istədiyi kimi baxır! Buna dünyanın necə baxdığı da onun üçün önəmli deyil. O, ideallarının dünyası ilə həmahəng birləşmədədir...
"Səttara səcdə"
Kataloqda bu iş yoxdur. Lakin o, Səttar Bəhlulzadə və Rerixin yaradıcılığı ilə səsləşir. Boyalar. Ovqat. Rəssam bu peyzajı məhz harada çəkib? Bəlkə, o, bunu yaddaşında canlandırıb. Lakin bu iş yazın əlvan rəngləri dövründə Şəkinin ətraf ərazilərini xatırladır. Dərin iz buraxan məqam - bu əbədidir. İllər ötəcək. Nəsillər dəyişəcək. Zamanında yaxalanmış məqam isə qalacaq. Olqa Qladkova əbədi Odlar ölkəsinə aşiq olub. Bu ölkədən o, ilhamlanır, rəssam üçün mühüm olanı tapır: peşəkar mükəmməllik imkanı. Azərbaycan təsviri incəsənət məktəbi qədim kökləri ilə onu çox cəlb edir. O, məmnuniyyətlə sərgilərə baş çəkir, rəssamlar və yaradıcılıqları ilə tanış olur. O, əmindir ki, yaradıcı özünü ifadə imkanları, rəssamla auditoriya arasında dialoq qurmaq üsulu kimi - sərhədsizdir. Ona görə də rəssam xanım YARAT! gənclər təşkilatının fəaliyyətini maraqla izləyir.
- Mən tamamilə azadlığı, kobudluğu və özünü ümumqəbul edilmiş və təsdiq olunmuş rəssamlıq formalarının çərçivələrinə qapamadan, dünyaya olan münasibəti bildirmək istəklərini bəyənirəm. Onlar auditoriya ilə ünsiyyət dillərini axtarırlar. Onların yaradıcı axtarışları və eksperimentlərini bəyənirəm. Həmçinin də başa düşülməmək cəsarətini də. Ələlxüsus da, milli təsviri incəsənətin ənənəvi, kökə əsaslanan strukturuna söykənən işlər məni daha çox cəlb edir. Bu, çox maraqlıdır! Çünki doğma köklərindən qopmadan, nə isə yeni, özünəməxsus, orijinal bir şey demək, çağdaş səslənmək - bütün bunlar zənnimcə, peşəkarlığın və parlaq şəxsi başlanğıcın sübutudur ....
"O"
Kataloqda bu əsər yoxdur. Şən gülümsəyən, şlyapasını nəvazişlə azca qaldıran insan kovboya bənzəyir. Bəlkə də, dama-dama köynəkdə olduğu üçün. Hərçənd damalar da, rənglər də həminki deyil. Bəlkə, məsələ şlyapadadır? Arxasında dənizin hərəkət edən səthi və günəşin parlayan burulğanı canlanır! O - bu burulğanın mərkəzindədir. Ona görə də şübhə buraxmayan belə asudə nəşə və qüvvət saçır: o, göründüyü ola bilər... Riyakarlıq etmir. Süni deyil. Ancaq güclü insanın əminliyi və asudəliyi duyulur. Öz missiyasını xatırlayan kişi ...
Olqa Qladkova. Rəssam. Dinclik bilməyən və cəsarətli şəxsiyyət. O, gücünü müxtəlif texnikalarda və fərqli istiqamətlərdə sınayır. Peyzaj, portret, natürmort. Bu, onun yaradıcı sınaqlarında cüzi siyahıdır. Və bəlkə də, nə vaxtsa o, Şərq miniatürü janrına müraciət edəcək. Xeyr, Şərq yox, Azərbaycan. Və bu, yüksəlməli olduğu daha bir zirvə olacaq...
MƏSLƏHƏT GÖR: