14 Mart 2025

Cümə, 21:43

PÜŞK AZƏRBAYCANIN ÜZÜNƏ GÜLDÜ

Dünya çempionatında çıxış etmək real olmasa da, imkanlarımızı nümayiş etdirməyə şansımız var

Müəllif:

15.08.2011

Nəhayət, futbol üzrə millimizin 2014-cü ildə keçiriləcək Dünya Çempionatının seçmə mərhələsindəki rəqiblərinin kimliyinə aydınlıq gəldi. Əslində, onsuz da qrupdan çıxmağı real olmayan yığmamız üçün ilk üç səbətdən hansı rəqiblərin çıxacağı elə də önəm daşımırdı. Bu mənada, hətta Portuqaliya, Rusiya və İsrail kimi komandaların adları belə bizi qorxutmamalıdır. Yer aldığımız "F" qrupunun qalibi olaraq mundiala birbaşa vəsiqə qazanmaq, eləcə də ikinciliyi əldə edərək, pley-offda yarışmaq uğrunda adını sadaladığımız üç ölkənin mübarizə aparacağı şübhəsizdir. İlk dəfə 5-ci səbətdə yer alan milli üçün xüsusilə qrup autsayderi rolunda kimin rəqib olacağı daha çox maraq doğururdu. Hər halda, Lüksemburq "dişimizə görə" olan rəqibdir. Elə püşkün dördüncü səbətdən qarşımıza çıxardığı Şimali İrlandiya barədə də eyni sözləri demək olar. Gəlin, ayrı-ayrılıqda rəqiblərimizi dəyərləndirək.

 

Portuqaliya

Dünya reytinqində 7-ci yeri tutan pireneylilər qrupun şəksiz favoritidir. Heyətində dünyaşöhrətli ulduzlar olan Portuqaliya tarixi ərzində dünya üçüncüsü və Avropa ikincisi olmağı bacarıb. Amma Luis Felipe Skolarinin komandadan ayrılmasından sonra, heç cür özünə gəlməyən rəqibimiz ciddi problemlərlə üzləşib və seçmə mərhələlərdə son anda məqsədinə çatıb. İspaniya, Almaniya, Hollandiya kimi ölkələrdən fərqli, onlar seçmə mərhələdə heç də həmişə sabit çıxış etmir. 

"Qırmızı-yaşıllar"la "Avro-2000" və "DÇ-2006"nın seçmə mərhələsində eyni qrupda mübarizə aparmışıq. İlk rəsmi görüşümüz acınacaqlı alınıb - 0:7. Amma Bakıda keçirilən cavab oyununu heç-heçə ilə başa vuran yığmamız "Lissabon faciəsi"ni az da olsa unutdura bilib. Şahin Diniyevin vaxtında isə hər iki oyunda Portuqaliyaya məğlub olmuşuq: səfərdə 0:3, evdə 0:2 hesablı məğlubiyyət. Bir sözlə, belə rəqiblə qarşılaşmada nəyəsə ümid etmək çətindir.

 

Rusiya

Hazırda Rusiya komandasını daha çox narahat edən Portuqaliya ilə bir qrupa düşməsidir. Millimizi isə Şimal qonşumuz ciddi rəqib kimi görmür. Belə motivasiya onları növbəti dəfə büdrətməyə bizlərə imkan yarada bilər. Yaxın keçmişdə - "DÇ-2010"nun seçmə mərhələsində eyni qrupda yer aldığımız ruslardan xal ala bilmişdik. Doğrudur, Moksvada 0:2 hesabı ilə uduzduğumuz rəqib onsuz da Bakıdakı qarşılaşmaya kimi qrupdan çıxmaq şansını itirmişdi. Elə buna görə də oyuna ciddi yanaşmayan Rusiya vətənə 1:1-lik bərabərliklə yollandı. Buna görə də növbəti dəfə Rusiyaya sürpriz edəcəyimiz istisna deyil. Rəqibin isə əsas hədəfi növbəti dəfə Dünya Çempionatına yollanmaq olacaq. 

 

İsrail

İsrail futbolunun son illər inkişaf etdiyi hər kəsə bəllidir. Klubları qitəmiqyaslı turnirlərin qrup mərhələsində mübarizə aparan yəhudilərin millisi də son seçmə mərhələdə daha yüksək hədəflər uğrunda yarışır. "DÇ-2010"un seçmə mərhələsində son anda istəyinə çata bilməyən rəqibimiz hazırkı sikldə inamlı çıxış edir və qrup liderindən yalnız 1 xal geri qalır. Yəhudilər FİFA-nın reytinqində 32-ci yerdə qərarlaşıb. Ümumiyyətlə, tarixi ərzində daha çox Asiya zonasında yarışan İsrail yalnız bir dəfə - 1970-ci ildə Dünya Çempionatının final mərhələsinə vəsiqə qazanıb, onda da qrupdan çıxa bilməyib. Yığma səviyyəsində İsraillə 2004-cü ilin fevralındakı duelimiz daha çox yadda qalıb. Karlos Alberto Torresin rəhbərlik etdiyi milli həmin vaxt səfərdə acınacaqlı məğlubiyyətə uğramışdı - 0:6. Benayun, Ben Haim bu ölkə yığmasının tanınmış simalarıdır. Amma fikrimizcə, Bakıdakı matçda yəhudiləri büdrətmək haqda düşünmək olar.

 

Şimali İrlandiya

Bu komandanı arzulanan rəqiblər sırasına daxil etmək olar. Amma fikrimiz britaniyalıların zəif olduğu anlamına gəlməməlidir. Parlaq keçmişi ilə öyunən Şimali İrlandiya hazırda əvvəlki günlərindən uzaq olsa da, yetərinjə təhlükəlidir. Heyətində İngiltərə və Şotlandiya premyer-liqasında top qovan çoxsaylı futbolçular çıxış edir. Tarixi ərzində 3 dəfə mundial həyəcanı yaşayan rəqibimiz böyük turnirlərdə yalnız iştirakla kifayətlənməyib. Hətta iki dəfə Dünya Çempionatının 14 finalına vəsiqə qazanmağı da bacarıb. Millimizin irlandlarla yolu "DÇ-2006"nın seçmə mərhələsində kəsişib. Eyni qrupda yer aldığımız adalılarla mərkəzi arenadakı ilk matçda qolsuz bərabərlik qeydə alınıb. Vaqif Sadıqovun rəhbərlik etdiyi milli isə 2005-ci ilin sentyabrında 4 il qələbəyə həsrət qalan rəqibə 0:2 hesabı ilə məğlub olub. Atletik futbola üstünlük verən rəqibi doğma meydanda üstələyəcək gücdəyik. Səfərdəki matçda da ən azı uduzmamaq olar.

 

Lüksemburq

Nəhayət, gəlib çatdıq autsayderə. Millimizin yer aldığı "F" qrupunda qərarlaşan Lüksemburq bizim üçün əla "hədiyyə"dir. 1963-cü ildən UEFA-nın üzvü olan "cırtdanlar" çoxsaylı seçmə tsikllərdə iştirak edib və bir dəfə Avropa Çempionatının final mərhələsinə vəsiqə qazanıb. "DÇ-1964"də qrupdan çıxmağı bacaran rəqibimiz böyük sensasiyaya imza atmışdı. Son illər, bir qayda olaraq, qrupu sonuncu yerdə bitirən lüksemburqlular arabir sürprizə imza ata bilirlər. Təxminən, 3 il əvvəl onların seçmə mərhələdə İsveçrəni məğlub etməsi dediyimizə sübutdur. Millimiz Lüksemburqla bir dəfə üz-üzə gəlib. 2010-cu ilin martında səfərdə yoldaşlıq görüşü çərçivəsində qarşılaşdığımız rəqibi üstələmişdik - 2:1. Sözsüz ki, futbol ictimaiyyəti Lüksemburqla hər iki oyundan yalnız qələbə gözləyir. 

Qeyd edək ki, millimizin qərarlaşdığı "F" qrupunun təqvimi noyabrda dəqiqləşəcək. Oyun gələn ilin sentyabrında start götürəcək. Hələlik yeni mövsümdə milliyə kimin rəhbərlik edəcəyi məlum deyil. Bir şey məlumdur ki, yığmamızdan yeni seçmə mərhələdə daha çox xal toplamaq tələb olunacaq. 


MƏSLƏHƏT GÖR:

497