14 Mart 2025

Cümə, 10:39

SON PƏRDƏDƏ PREMYERA

S.Vurğun adına rus dram teatrının yubiley mövsümü "Qurdlar və qoyunlar" tamaşasının premyerası ilə qeyd edilib

Müəllif:

15.08.2011

Klassiklərdən sonra adamın dili gəlmir ki, desin: "Teatrı sevirsinizmi? Siz onu mənim sevdiyim kimi sevirsinizmi: ruhunuzun hər bir zərrəsi və ehtirası ilə?". On doqquzuncu və iyirmi birinci yüzilliklərin qiymətləndirmə meyarları heç də üst-üstə düşmür. Romantik ideyaların, realist mövqelərin teatrı artıq çoxlarına qədim keçmişin irsi kimi görünür. Və buna görə də biz çox tez-tez Vətənimizin teatr səhnələrində anlaşılmaz rejissor icadları ilə qarşılaşırıq. Onlar da ən yaxşı halda, vahid quruluşla bir-birinə bağlanmayan, lakin ifadəli səhnəciklərindən ibarət olur, pis halda isə hansısa müasirliyə iddialar toplusundan başqa bir şey olmur. 

Amma bu iddialarda əsas məsələ çatışmır, yəni quruluş verənlər tamaşanın nəyin naminə qoyulduğunu anlamırlar. Əlbəttə, bütün bu "igidliklər"in tamaşaçının xətrinə edildiyini düşünmək xoşdur. Amma bu, o zaman baş verir ki, rejissor tamaşaçılarla dialoqa gərək olduğunu rədd etmir. Rejissorlar isə çox vaxt buna ehtiyac duymurlar. Niyə? Bu, tamamilə başqa söhbətin mövzusudur. Amma S.Vurğun adına Rus Dram Teatrının yubiley mövsümünün son pərdəsində göstərilmiş "Qurdlar və qoyunlar" tamaşasının premyerasının nümunəsində bu nəticəyə gəlmək olar ki, tamaşanın müasirliyi və  quruluşçunun peşəkar dilinin aydınlığı pyesin yazılmasının zaman parametrləri ilə məhdudlaşmır.

Bəllidir ki, cənab Ostrovski qurdlar və qoyunlar barədə əhvalatı XIX yüzilliyin ikinci yarısında yaradıb. İnsanların yeni formasiyasının yarandığı həmin dövrdə kapitalın çiçəklənməsi də onların fəaliyyəti ilə bağlı idi: məqamın məğzini çox yaxşı dərk edən, savadlı, ağıllı, reflekslərdən əziyyət çəkməyən, öz iş oyunlarında nəyi etməli olduqlarını çox yaxşı bilən bu insanlar "şəxsi heç nə yoxdur, hər şey sadəcə biznesdir" şüarını rəhbər tutaraq öz var-dövlətlərini artırırdılar. Bu cür çevik, praqmatik, elə də vicdanlı olmayan insanları dramaturq canavar adlandırmışdı. İndi bu cür biznes rəhbərlərini akula adlandırırlar. Bu yüz əlli il ərzində nə dəyişib? 

Sadəcə, mühasiblərin hesab hanasını kalkulyatorlar, XIX yüziliyin sonlarının - XX yüzilliyin  əvvəlinin ən böyük nəşrlərindən biri olan "Birjevıye vedomosti"ni isə  internet əvəz edib. Qalan hər şey əvvəlki kimidir: böyük biznes kiçikləri yeyir. Kapital sahiblərinin hökmranlığın başgicəlləndirirci yüksəkliklərinə qalxmaq həvəsi çox vaxt cinayətlərlə bağlı olur. 

Mədəniyyət və Turizm Nazirliyinin layihəsi çərçivəsində quruluşçu kimi dəvət edilmiş Timur Nasirovun tamaşasında isə yetərincə şübhəli "xeyriyyəçiliyə" bulaşmış böyük biznes mövzusu aydın və məntiqli ifadə edilir. Cənab Ostrovskinnin mətnləri isə tamamilə çağdaş səslənir, çünki onlar bizim bu günkü həyatımızda baş verənlərin məğzini əks etdirir; məsələn, ahıl yaşlarında olan əyalət zadəgan xanımı Murzavetskaya əhlikef bacısı oğlu Apollona (Yuri Omelçenko) gün ağlamaq qrarına gəlib. Onu gənc dul qadın Kupavina ilə evləndirməklə, gənc qadının  var-dövlətini ələ keçirmək istəyir. Aleksandra Nikuşina bu rolu böyük həzz və həvəslə oynayır. Onun Meropiyası usanmaq bilmir. O, özünün varlanması üçün nəsə qoparmaq naminə heç nədən çəkinmir. İkiüzlülüyünü və riyakarlığını heç cür gizlədə bilmir. 

Hətta "Sibirə yol"u yaxın edə biləcək saxta sənədlər də onu qorxutmur. O bilir ki, burada, bu qəzada hər şeyi edə bilər. Əlaqələri, nüfuzu var, hər kəsə divan tuta biləcək gücünü yaxşı tanıyırlar. Ən başlıcası isə vicdanın səsinə qarşı mütləq immuniteti var: mənəvi cinayətləri, həmçinin qanun pozuntularını çox rahatlıqla, gülümsəyə-gülümsəyə və bir az da naz-qəmzə ilə törədir. Onun Çuqunova dikilmiş çox mənalı baxışları heç də qadın marağından doğmur, sadəcə, bütün cinayət sövdələşmələri bu cür, az qala intim şəkildə baş verir. 

Belə hallar, görünür, elə tez-tez baş verir ki, onların detallarından danışmağa artıq ehtiyac yoxdur: hənirtidən, dodağın qaçmasından, baxışdan, bir iki dəqiqləşdirici sözdən - onlar çoxdan bir-birlərini anlamağa öyrəniblər! Hər ikisinin arsızlığının artıq heç bir sərhəddi yoxdur. Meropa üçün əsas məsələ üzdə ləyaqət görüntüsünü qorumaqdır. Əslində, sözün həqiqi mənasında, haqqında "nə danışılacağı" onu çoxdan narahat eləmir. Axı heç kim onunla münaqişəyə girmək istəmir. Bəzən elə olur ki, o,  cəzalandırılmaz olduğuna inanımağa başlayır. Bu isə onun başını gicəlləndirir və eyforiyaya salır. Buna görə də Meropanun qorxusu rus ruleti oyunçusunun qorxusuna bənzəyir. Əgər nə vaxtsa belə bir qorxu olubsa, çoxdan cəsarətə çevrilib - bu dəfə baş verəcək, yoxsa yox? 

Nasirovun qəhrəmanı heç də yaddaş və ədaları elə də uzaq olmayan zamanda ləğv edilmiş təhkimçiliyin sıxıntısını çəkən xrestomatik-despotik qarımış qız deyil (Ostrovski onu belə təsvir etmişdi). Nasirov və quruluşçu rəssam Nikita Sazonov bütün bu əhvalatı XX əsrin ilk iyirmi illiyinə çəkiblər. 

Buna görə də Murzavetskaya-Nikuşinada despotizm yox,  rus ruleti oyunçusunun azartı xas olan qudurğan qadının hədsiz çılğınlığı müşahidə edilir. Amma o, "bərkgedən qəza xanımı" mövqeyini çox böyük zövqlə daha güclü insana - Berkutova təslim edir! Sanki o, qəza "avtoriteti" rolundan bezərək, bütün həyatı boyu gözləyib ki, kimsə gəlib, onu özünə tabe eləsin. Və o, sevinclə, hətta ləzzətlə tabe olur və Vasili Berkutova seçkilərdə öz dəstəyini, əlaqələrini, xidmətini təklif edir. Əsas məqsədi ən seçilmişlərin dairəsinə buraxılmaqdır ki, müəllif onları "qurdlar" adlandırır. O hətta "qoyun" olmağa da hazırdır, təkcə seçilmişlərin arasında olsun. Berkutov (Murad Yagizarov) da böyük iltifatla ona bu imkanı yaradır, bu gözlənilməz ittifaqı toplum tərəfindən öldürülmüş biliyin - kitabların saxlandığı tabut şəkilli hədiyyə ilə möhkəmləndirir. Kitablar çoxdan burada heç kimə lazım deyil. Buna görə də kitablar kömürləşmiş qara başlara dənzəyir. Murzavetskaya onun sözündən çıxmağa cürət etmir və kitabları götürür. Hansısa gözdən uzaq yerə dürtmək üçün. Lazım olmadığından. 

Berkutov da rixşəndlə Meropanın qorxulu hədiyyə ilə bağlı yaranmış qərarsızlığını müşahidə edir. Meropa indi ona lazımdır. Sabah da lazım olacaqmı? Sual budur! Yagizarovun Berkutovu astagəl-görkəmli cənabdır, sözünün də, baxışının da qiymətini bilir, xidmət etdiyi işin də. İş isə bütün həyati durumlarda savadlı əməllər, səmərəli yanaşma və ayıq hesabat tələb edir. Amma paytaxtdan gəlmiş Berkutov mənəvi cəhətdən heç də əyalət adamı Murzavetskayadan yaxşı deyil. 

Onun üstünlüyü odur ki, öz əməllərində heç vaxt qanun çərçivəsindən kənara çıxmır. Onun bütün həyatı ayıq savadlı hesabata tabe edilib. İş hər şeydən yüksəkdə durur. Buna görə də əlverişli sövdələşmənin bağlandığı hər günü elə-belə keçirmək olmaz. Kupavina da belə bir sövdələşmədir. Sevgi gözləntisindən həyəcanlanan gənc dul qadın üçün gərəksiz sentimentalizmə güc və vaxt sərf etməmək üçün Berkutov adaxlıbazlıq dövrünü qısaltmaq missiyanı Murzavetskayaya ötürür. Özünü kövrək avam kimi göstərərək, onun elçiliyini etməyi, Kupavinanı ona almağı xahiş edir. Niyə? Əslində Kupavinaya öz niyyəti barədə bircə kəlmə belə desəydi, o, çox sevinərdi! Amma bu məsələdə ona Murzavetskayanın yardımı lazım idi! Nə üçün? Hər şey sadədir. Bu cür "etibar" düşünülmüş oyunun elementidir. Qoy, "qəzanın bərkgedən qadını" özü barədə düşünsün ki,  doğrudan da qüvvədir və doğrudan da dəyəri var. Qoy elə düşünsün. Hər ehtimala qarşı. Axı dəstəsində elə qoyunlar da lazımdır ki, özlərini qurd saysınlar. Lazım olanda belələrinin xidmətindən yararlanmaq olar. Vukol Çuqunov da belələrindəndir. Yuri Baliyev oyunu ilə onu vicdansız və şərəfsiz insan kimi təqdim edir. Onun Vukol Naumoviçi qəflətən  Murzavetskayanın oturduğu kreslonun arxasından qalxan hiyləgər cin kimi peyda olur. Mücrüdən çıxan əcinnə kimidir: həmişə sahibinin istəyini yerinə yetirməyə hazırdır. Amma! Öz marağına heç vaxt zərər vurmaz! Məqsədinə çatmaq üçün hər vasitəyə əl atar! 

Baliyevin oynadığı Çuqunov başqalarının ağılsızlıqla eyni saydığı sadəlövhlüyündən riqqətə gəlir. Buna görə də öz qurbanı Kupavinanı məhv edərkən, o, sadəcə, riqqətdən ağlayır. Tənbəl sadəlövh dul qadını öyrəndiyi həvəskar gözbağlayıcı fəndləri ilə əyləndirərkən, həm də göz yaşları axıdır: axı, əzizim sən niyə belə ağılsızsan! Və bu çox yaxşıdır ki, sən ağılsızsan! Bu da sənə təskinlik mükafatı! Dramaturq bu personajı öz qurbanını yeyərkən göz yaşı axıdan timsah adlandırır. Amma Baliyevin və Nasirovun Çuqunovu heç də timsah deyil. O, elə insanlardandır ki, söhbətlə, yalançı səmimiyyətlə etibar qazan bilir, sonra da qurbanın inanılmaz sadəlövhlüyündən riqqətə gələrək onu məhv edir. Baliyevin oynadığı Çuqunov sifətində alicənab ifadələr ola-ola cinayət törədən tülüngüdür. Amma o da, seçilmişlər dəstəsində olmağa Berkutovun icazə verdiyi qoyundur. Bu gün ən güclülər sağ qalır. Deməli, prinsipsizlərin, ürəyi daşların, savadlıların, rasional düşüncəlillərin və sərtlərin günüdür. 

Bunun parlaq örnəyi Qlafiradır. Kupavinadan fərqli olaraq, o, saxta idealları olan prinsipsiz toplum tərəfindən verilən dərsləri yaxşı öyrənib: istəyirsən ki, səni yeməsinlər, sən yeməlisən. Natəvan Hacıyevanın oynadığı Qlafira ağıllı, praktik və uzaq görənir. Qız gözəl psixoloq, strateq və taktikdir. O, qadınları rahat subaylıq həyatını işğal edəcək təhlükə sayan hərdəmxəyal Lın-yayevi  (Aleksey Saprıkin) necə ələ keçirir? Ağıl və məntiqlə. Axı istənilən qadın onu öz gözəlliyi ilə əldə edə bilərdi, elə deyilmi?  Yox, heç cür. Qlafira elə ağılsız deyil ki, qurbanını bu cür davranışlarla qorxutsun! 

Axı adətən, kimisə cilovlamaq istəyənlər özlərini belə aparırlar. Lınyayev də bunu bilir! Hacıyevanın Qlafirası isə öz tələsini ixtira edir, bu, kənardan psixoloq tərəfindən təşkil edilmiş rol oyununa bənzəyir! Rejissor və aktrisa addımbaddım qəhrəmanın merkantil maraq obyektini sonradan Lınyayev üçün arzu olunan tələyə çevriləcək bu oyunun səadətli ağuşuna atır.  

"Atam, düşünün ki, bu belə olacaq, o da elə", - deyə Qlafira kənardan tamamilə günahsız görünən oyununu başlayır. Və Lınyayev sözəbaxanlıqla, ürəyində əlbəttə,  ona təklif edilən bütün vəziyyətləri izləyir və bundan elə bir həzz alır ki, heç cür imtina edə bilmir. Onun indiyə kimi rahat saydığı həyatı kədərli və dözülməz gəlməyə başlayır. Bədbəxt Lınyayev nəzəri cəhətdən artıq özünü qanuni nikahın qarmağına keçirməyə hazırdır, amma Qlafiranın gözləməyə vaxtı yoxdur, Murzavetskaya tərəfindən göndərilmiş kareta artıq qapıdadır. Ona görə də xanım hadisləri ustalıqla özünə lazım olan nəticəyə tərəf yönəldir. Quzu görkəmli canavar ilk dəfə öz dişlərini göstərir. Amma bu, hələ harasıdır! Hələ ki ilk hədəfə çatılıb. Tənbəl Lınyayev sözəbaxanlıqla ər olmağa hazırdır. Xanım qız isə bu imitasiya oyununda ona işarə vurmuşdu ki, mən sizin arvadınız olsam nə baş verərdi. Qlafiranın nitqinin açıqlığından hipnoza düşmüş kişi təhlükə məqamını unutmuşdu. Qlafira onu nə ilə yaralamışdı? Səmimiliyin, ağlın və gəncliyin cazibəsi ilə. Kim bilir, bəlkə də, dəniz kənarındakı qonaqlıq ondan xəbər verir ki, Lınyayev Qlafira tərəfindən seçilmiş qurbanlar sırasında birinci olsa da, sonuncu deyil. 

Lınayev qurbandır, amma ona yazığı gələn yoxdur. Saprıkin onu elə oynayır ki, sanki o, bu taleyi bilərəkdən seçir. Buna görə də, onun insanların qurdlara və qoyunlara bölünməsi barədə dediyi son cümləsi bilərəkdən söylənmiş, amma onun özü tərəfindən təkzib edilməyə gerçək kimi görünür. O, təskinlik üçün almanı hamı tərəfindən unudulmuş və dəniz sahilində tərk edilmiş Kupavinaya uzadır. Qadın artıq maraqlı deyil və heç kimə də lazım deyil. Hətta doğma əri Berkutova da. 

Bella Safinanın oynadığı Kupavina yetərincə ağıllı gənc dul qadındır. O, sevgi arzulayır və oxuduğu sevgi romanlarının romantik macəraları onun həyatı olduğu kimi görməsinə mane olur. O inanmaq istəyir ki, Berkutov ona heyran qalıb və sevir. Ümid edir və istəyir ki, hamının xoşuna gəlsin. Ətrafdakıların məftunluğunu və pərəstişini görür, qəza gözəli kimi şöhrət şəfəqləri içində üzür, qalan hər şey isə onun üçün maraqlı deyil. Ağlının təbii astagəlliyi ucbatından o, fırıldaqçını yaxşı insandan seçə bilmir, buna görə də Çuqunovun gördüyü işlərə burun soxmur. o da Qlafira kimi gözəl həyata o da can atmasına baxmayaraq, Qlafiranın bacarığı onda yoxdur. Amma bunun üçün heç nə edə bilmir. Eləmək də istəmir. O da könüllü şəkildə qəssab bıçacığının altına gedən qoyundur. Buna görə Lınyayev kimi ona da heç kimin yazığı gəlmir. Çünki hərə öz taleyinin ağasıdır. Hər kəs harada - qurdlarla, yoxsa qoyunlarla olmasını seçməkdə azaddır. 

Amma elələri də var ki, nə bunlara, nə də o birilrinə qoşula bilmmirlər. Bu, Klavdi Qoretskidir. Oleq Amirbekov onu ironik, cazibədar və "əclaflıq eləməkdən" utanan insan kimi oynayır. Amma həm də səmimi qəlbdən etiraf edir ki, onun imzaların saxtalaşdırılması kimi kriminal bacarığı pul qazanmaq üsulundan başqa bir şey deyil. Onu seçən, maliyyə dəstəyi verən və İngiltərəyə oxumağa göndərən də Berkutovun özüdür. Onun gözü alıcıdır. İstedadları inkişaf etdirmək lazımdır ki, sonra öz xeyrinə işlədə biləsən. Nə üçün? Bax, bu, başqa məsələdir. Bu məsələni zaman ərzində öz ideallarını yaradan vəvvəlkiləri dağıdan toplum özü həll edir. 

Buna görə də rejissorun finalı açıq qalır. Onda əxlaqi səviyyədə dəqiq şəkildə "yaxşı" və "pis" qiyməti qoyulmuş məqamlar yoxdur. İki saat on beş dəqiqə səhnədə yalnız insanlar yaşayır - yaxşı və pis insanlar. Amma nəyin yaxşı və nəyin pis olduğunu tamaşaçı seçməlidir. Ya da ki, zaman. İtirilmiş idealların və riakar dəyişikliklərin zamanı.



MƏSLƏHƏT GÖR:

411