Müəllif: Zeytulla CABBAROV, Nigar QULİYEVA Bakı
Taxıl istənilən ölkənin ərzaq təhlükəsizliyinin əsasıdır, rifah və firavanlıq rəmzidir. Buna görə də hər yay dənli bitkilərin yığımı başlanan zaman kənddəki vəziyyətə diqqət ikiqat artır və hər kəs statistikadan yaxşı göstəricilər gözləyir. Bu il hələ ki hər şey öz qaydası ilə gedir və göstəricilər ümid etməyə əsas verir ki, yeni mövsümdə Azərbaycan əhalinin çörəklə təmin edilməsində heç bir çətinliklə üzləşməyəcək.
Beləliklə, ölkənin 10 iqtisadi rayonunun fərdi təsərrüfatlarında arpa və buğdanın yığım kampaniyası başa çatdı. Yay biçininin gərgin günləri arxada qaldı və bu müddət ərzində fermerlər əlverişli hava şəraitindən istifadə edərək, 2,5 mln tona yaxın taxıl yığıblar. Bu, keçən ilə baxanda 0,5 mln ton çoxdur. Doğrudur, 2009-cu ilin rekord 2,99 mln ton məhsulunu əldə etmək mümkün olmayıb, amma taxılçılar vəd verirlər ki, 2012-ci ildə onlar bu göstəricini daha da artıracaqlar.
Kənd Təsərrüfatı Nazirliyinin (KTN) məlumatına görə, il ərzində buğda əkinlərinin sahəsi 0,5% azalaraq, 654 min 197 hektara düşüb. "Avqustun 8-nə olan vəziyyətə 651 min 551 hektar sahədə buğda əkilib, halbuki keçən il 655 min 381 hektar sahədə əkin gerçəkləşdirilmişdi", - deyə KTN-dən bildirirlər.
Amma buna baxmayaraq, buğda istehsalı keçənilki göstəriciyə baxanda 25,3% artıb. Avqustun əvvəlinə olan vəziyyətdə, ölkə üzrə 1,6 mln tondan artıq buğda yığılıb. Bu isə orta hesabla hər hektar sahədən 25,1 sentner deməkdir. Ötən il bu göstərici hektardan 19,9 sentner təşkil etmişdi.
Builki yığımda Şəki rayonunun taxılçıları şəksiz rekordçulardır, onlar 71270 hektar sahədə yetişdirdikləri 240 min ton məhsulu dövlətə təhvil veriblər. Bu rayonda məhsuldarlıq hektardan 33 sentnerə qalxıb.
Ümumiyyətlə, məlumdur ki, hazırda Azərbaycan əhalisinin taxıl bitkilərinə tələbatı, təxminən, 3-3,2 mln ton təşkil edir. Çatışmayan hissə əvvəllər olduğu kimi, başqa ölkələrdən idxal ediləcək. Azərbaycan üçün əsas taxıl ixracatçıları isə Rusiyanın Cənub federal dairəsi, yəni Stavropol və Krasnodar vilayətləri, həmçinin Qazaxıstandır.
Kənd təsərrüfatı naziri İsmət Abbasovun sözlərinə görə isə, keçən il havaların pis keçməsi üzündən, Azərbaycanda taxıl istehsalının azalmasına baxmayaraq, ölkədə bu məhsul növünə qıtlıq his edilməyib. "Bu il də taxıla, eləcə də bütün kənd təsərrüfatı məhsullarına olan tələbat tam ödənəcək", - deyə nazir vəd verib. Bununla belə, KTN-in şöbə müdiri Sabir Vəliyev daha öncə bildirmişdi ki, keçən il Azərbaycana 1,4 mln ton taxıl idxal edilib. Bu həcmin 1 milyon tonu işlədilməyib və bu ilə qalıb. "Cari ildə bizdə taxıl qıtlığı olmayacaq, çünki keçən ildən də ehtiyatımız qalıb", - deyə Vəliyev bildirib.
Bunun üzərinə idxal da gəlir, Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2011-ci ilin birinci yarım ilində taxıl idxalı 19,14% artaraq $137,986 mln.-a çatıb. 2011-ci ilin yanvar-iyun aylarında Azərbaycan $48,692 mln.-luq un idxal edib ki, bu da keçən ilin analoji dövrünün göstəricisini 83,1 dəfə ötür.
Birinci rübdə Azərbaycanda taxıl və un idxalı göstəricilərinin artması həm də onunla bağlıdır ki, həmin dövrdə bu məhsulun idxalı hələ əlavə dəyər vergisindən azad idi. Nazirlər Kabinetinin qərarına əsasən iyulun 10-da güzəşt ləğv edildi. Amma bu, daxili istehsal göstəricisinin artımı fonunda baş verdi, yəni bu qərarın buğdanın qiymətinə elə də xüsusi təsiri yoxdur. Hər halda, bu il təsir etməməlidir.
Beləliklə, bu mövsüm üçün taxıl ehtiyatları tam yığılıb. Lakin məlum olduğu kimi, 2008-2015-ci illər üzrə Azərbaycan əhalisinin ərzaq məhsulları ilə etibarlı təmini üzrə dövlət proqramına görə, ölkə üzrə taxıl istehsalı həcmi ildə 2,8 milyon tona, taxıl əkinlərinin sahəsi 900 min hektara, hektardan 32 sentnerə çatdırılmalıdır. Bu öhdəliklərin yerinə yetirilməsi üzrə işlər nə yerdədir?
Məhsuldarlığı planlaşdırılan səviyyəyə qaldırmaq hələ mümkün olmayıb. Düzdür, problem ən yüksək səviyyədə həll edilir - ölkə Prezidenti İlham Əliyevin göstərişi ilə ölkədə toxumluq taxıl becərilməsi məqsədi ilə kənd təsərrüfatı kompleksləri üçün 180 min hektar yeni torpaq sahələri ayırılıb. Bu baxımdan proqnozlaşdırmaq olar ki, artıq gələn ildən başlayaraq, yumşaq və bərk buğdanın yalnız istehsal həcmi deyil, həm də məhsuldarılığı artacaq.
KTN-nin də ehtimalları bu cürdür. Özü də qurumdan bildiriblər ki, əsas diqqət çörək bişirmə xüsusiyyətlərinə malik yüksək keyfiyyətli məhsul istehsalına verilir. KTN bitkiçilik məhsullarının istehsalı və emalı üzərində nəzarət şöbəsinin rəisi Sabir Vəliyevin sözlərinə görə, gələn il çörək və çörək məmulatları istehsalı indiki ilə müqayisədə 50 min ton artacaq. "Məsələ bundadır ki, gələn ildən toxumluq taxılın istehsalı artacaq. Kənd təsərrüfatı komplekslərinə torpaq sahələri ayrılıb ki, oralarda artıq bu ilin payızından yeni toxumluq taxıl sahələri salınacaq, bununla da biz ölkənin bütün əkinçilərinin toxuma olan tələbatını ödəyə-cəyik, artıq məhsul isə xaricə satılacaq", - deyə o vurğulayıb.
Bununla yanaşı, bəllidir ki, taxıl üzrə göstəricilər mütləq ölkə üzrə ümumi kənd təsərrüfatı istehsalı mənzərəsinə təsir göstərir və aqrar bölmənin başqa sahələri üçün də başlıca stimula çevrilir. Və başqa bitkiçilik məhsullarının yığımı üzrə əldə edilmiş göstəricilər də taxıl sahələrindən gələn xoş göstəricilərin fonuna tamamilə uyğun gəlir.
Bütövlükdə, kənd təsərrüfatı naziri əvvəl də proqnozlaşdırdığı kimi, 2011-ci ildə əsas kənd təsərrüfatı məhsulları istehsalı üzrə qabaqkı ilə baxanda 6% artım gözlənilir. Hətta bununla bağlı İ.Abbasov bir daha ölkədə ərzaq ehtiyatlarının saxlanılması üçün qurumların yaradılmasının vacibliyini xatırladıb ki, bu da fermerləri gələn illər üçün götürdükləri öhdəliklərin yerinə yetirilməsinə həvəsləndirərdi.
"Azərbaycanda kənd təsərrüfatı məhsullarının heç bir növü üzrə qıtlıq yoxdur. Bizim məqsədimiz əhalinin kənd təsərrüfatı məhsullarına olan tələbatını yerli istehsal üzrə təmin etməyə nail olmaqdır. Bu məsələ yaxın bir neçə il ərzində həll ediləcək", - deyə Abbasov bildirib. Bütünlükdə planetin əhalisinin ərzaqla təminatında yaşanan problemin miqyasının artması haqqında müxtəlif beynəlxalq qurumlar tərəfindən ardıcıl bildirilən xəbərdarlıqlar nəzərə alınarsa, bu həddindən yaxşı xəbərdir.
MƏSLƏHƏT GÖR: