25 Noyabr 2024

Bazar ertəsi, 19:38

2 MİLYARD ƏSASLI YATIRIM

Dünya Bankının (DB) Azərbaycan nümayəndəliyinin başçısı Cozef Ouen ölkədə DB-nin yardımı ilə gerçəkləşdirilən layihələrin nəticələrindən razıdır

Müəllif:

15.08.2011

Dayanıqlı inkişaf edən iqtisadiyyat qurmaqdan ötrü Azərbaycan özü üçün əsas prioritetlər kimi, iqtisadiyyatın şaxələndirilməsini və neftdənkənr bölmənin inkişafını müəyyən edib. Ölkənin beynəlxalq təşkilatlarla əməkdaşlığı zamanı da məhz bu prioritetlər əsas götürüləcək. Dünya Bankı ölkənin bu istiqamətdə hərəkətini dəstəkləməyə hazır olduğunu bəyan edib və bunun əsasında da 2015-ci ilə kimi hesablanmış yeni strategiya qurulub.

Azərbaycanı 2020-ci ilə qədər  yüksək səviyyəli gəlirli ölkəyə çevirmək üçün DB dünya maliyyə bazarlarında qeyri-sabit durumun davam etməsi və dövlətin neft gəlirlərinin yayaş-yavaş sabitləşməsi ilə bağlı olaraq ölkənin inkişafına yanaşmanı dəyişməyi təklif edib. 

DB-nin Azərbaycan nümayəndəliyinin başçısı Cozef OUEN bankın Azərbaycandakı fəaliyyət planları barədə fikirlərini bölüşüb. 

- Yüksəksəviyyəli ikinci foruma hazırlıq necə gedir və iki il qabaq keçirilmiş birinci görüşdən onun fərqi nədir?

- Biz Bakıda oktyabrın 17-18-də bankın yüksəkçinli təmsilçilərinin iştirakı ilə  keçiriləcək uzunmüddətli yüksəksəviyyəli iqtisadi inkişaf üzrə ikinci forumun təşkil edilməsinə fəal qatılırıq. Forumda Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması, bazar iqtisadiyyatı şərtlərində gərəkli olan yeni yaşarı institutların formalaşdırılması məsələləri müzakirə ediləcək. 

Biz 7-8 tanınmış dünyasəviyyəli ekspertin dəvət edilməsinə də yardım göstərmişik, onlar Azərbaycan hökumətinin iqtisadi komandası ilə birlikdə respublika iqtisadiyyatının hansı istiqamətə yönəlməsi, hansı islahatları keçirməyin gərəkli olması barədə müzakirələr aparacaqlar. 

Birinci forum Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi haqqında konstruktiv dialoqa başlamağa imkan verdi. İrlandiya  və Slovakiya təcrübəsində ölkəyə iqtisadi artımın fərdi modelini hazırlamaq, daxili və xarici risklərdən asılılığı balanslaşdırmaq təklif olundu, çünki dünya maliyyə və iqtisadi böhranı nəticəsində iqtisadi iqlimin dəyişməsi  və dünya bazarında neft qiymətlərinin enib-qalxması fonunda Azərbaycan sonrakı 10 il ərzində neftdənkənar ixracatı kəskin artırmalıdır. 

Dünya təcrübəsi göstərir ki, buna yalnız birbaşa xarici sərmayələrin cəlbi ilə nail olmaq mümkündür. Birinci forum çərçivəsində yerli sahibkarlar tərəfindən yeni əmtəə və innovasiyaların tətbiqi məqsədi ilə birbaşa  xarici investisiyaların cəlbi üçün gərək olan önəmli elementlər sırasında xüsusi olaraq makroiqtisadi sabitliyin saxlanması, dinamik biznes mühitinin yaradılması və əhalinin təhsil səviyyəsinin yüksəldilməsi vurğulanıb. 

Forumda bu fəaliyyət istiqamətlərində irəliləmə və nəticələrə qiymət veriləcək, tematik istiqamətlərdə müfəssəl müzakirələr aparılacaq. 

- Hazırda Azərbaycanda iş mühitinin yaxşılaşdırılması, neftdənkənar bölmənin inkişafı üzrə böyük islahatlar aparılır. Ölkənin xarici sərmayəçilər üçün cəlbediciliyinin artırılması baxımından daha nələri tövsiyə edərdiniz?

- Azərbaycan üçün əsas məsələ iqtisadiyyatın neft amilindən asılılığının azaldılmasıdır. Heç kim deyə bilməz ki, neft gəlirlərinin lazım olan səviyyədə daxil olması neçə il - 5, 10 və ya 15 il davam edəcək. Bu məsələnin əsas həlli kimi ölkədə Dövlət Neft Fondunun yaradılması oldu. Fondun əsas məqsədlərindən biri vəsaitlərin müəyyən qisminin gələcək nəsillər üçün saxlanılmasıdır. Hazırda Dövlət Neft Fondunda yığılan vəsaitlər  $30 mlrd.-dır və 10 il ərzində fondun vəsaitləri $100 mlrd.-ı ötəcək. 

Hökumət də təsdiq edir ki, ölkədə iqtisadi artımın davam etdirilməsi üçün neftdənkənar bölmənin inkişafı, iqtisadiyyatın şaxələndirilməsi çox vacibdir. Neft bölməsi ölkə üzrə maksimum 70-80 min iş yerini təmin edə bilər. Amma Azərbaycanda neftdənkənar bölmədə iş yerlərinin yaradılması üzrə böyük potensial var. Bu zaman çox önəmli bölmələrdən biri kənd təsərrüfatı (istehsal, emal sahələri) və aqrobiznesdir ki, bu da Bakıdan kənarda yeni iş yerlərinin açılmasına yardımçı ola bilər. 

İqtisadiyyatın şaxələndirilməsinə nail olmaq üçün ikinci önəmli istiqamət institusional islahatların dərinləşdirilməsidir, bu, mülkiyyət hüququnu təmin edən institutlardan başlamış vergi və gömrük sistemlərinə qədər geniş sahəni əhatə etməlidir. Amma qeyd etmək lazımdır ki, son illərdə burada müəyyən struktur dəyişiklikləri aparılıb. 

Bununla yanaşı, ölkədə rəqabət üçün şərait yaradan institutların yaranmasına, məhkəmə sisteminin inkişafına ehtiyac var. 

Üçüncü önəmli istiqamət təhsil sisteminin bütün səviyyələrində kompleks islahatların aparılmasıdır. Bununla bağlı bir ay qabaq ölkə başçısı Azərbaycanda təhsilin inkişafı ilə bağlı milli strategiyanın hazırlanması üzrə komissiyanın yaradılması haqqında qərar qəbul edib. Mən düşünürəm ki, bu tədbirlərin gerçəkləşdirilməsi ölkədə dayanıqlı iqtisadi artımın dəstəklənməsinə imkan yaradacaq. 

Bu gün Azərbaycanda özəl bölmə təmsilçiləri ilə ölkə hökuməti arasında birbaşa müzakirələrin təşkilinə gərək var ki, sahibkarlar öz ehtiyac və təşəbbüslərini dilə gətirə bilsinlər. 

Bununla yanaşı, dünya ölkələrinin əksəriyyətində investisiya şurası və ya sahibkarlar şurasının yaradılması kimi  uğurlu bir təcrübə də mövcuddur və ora 10-15 insan daxil olur. Bu cür birliklər bütün investorların və özəl bölmənin maraqlarını təmsil edir, ildə 1-2 dəfə prezidentlə və hökumətin iqtisadi bloku ilə görüşərək fikir mübadiləsi aparır və daha vacib məsələlər barədə məlumatlar çatdırır. 

Mən düşünürəm ki, Azərbaycan üçün də yaxın zamanlarda bu cür şuranın yaradılması faydalı olardı. Amma bununla yanaşı, bu təşəbbüs sahibkarların özlərindən gəlməlidir. Hökumət sahibkarlıqla birgə fəaliyyətdən ölkənin investisiya mühitinin yaxşılaşdırılması baxımından yararlana bilər. 

- DB Azərbaycanda fəaliyyəti ilə bağlı hansı prioritetlər müəyyən edib və yeni strategiyanın gerçəkləşdirilməsi necə gedir?

- Bankın yeni strategiyası iqtisadiyyatın neft bölməsinin möhkəmlənməsinə, o cümlədən, infrastrukturun və kənd təsərrüfatının inkişafına əsaslanır. Bununla yanaşı, bankın fəaliyyəti sosial xidmətlərin, o cümlədən səhiyyə, təhsil, sosal müdafiə və su təchizatı sistemlərinin effektivliyinin gücləndirilməsinə  yönəlib. 

DB Asiya İnkişaf Bankı və İslam İnkişaf Bankı kimi başqa beynəlxalq maliyyə qurumları ilə birlikdə ölkədə su təchizatı və kanalizasiya sistemlərinin yaxşılaşdırılması proqramlarının gerçəkləşdirilməsində fəal iştirak edir. Ölkə prezidenti tərəfindən qoyulmuş tapşırıqların yerinə yetirilməsi üçün 2013-cü ilə kimi Azərbaycanın hər bir rayonu yaxşı su təchizatı və kanalizasiya sistemi ilə təmin edilməlidir ki, bu da məqsədə çatmaq üçün işlərin sürətləndirilməsini tələb edir. 

Nəqliyyat sistemini biz çox cəlbedici sayırıq və bu sahədə yardım proqramının özəlliyi ondadır ki, onun iki qat effekti var. Birincisi, regionlar arasında qarşılıqlı əlaqənin yaxşılaşması əhalinin rifahının artmasına xidmət edir. İkincisi, Mərkəzi Asiya ilə Avropa arasında nəqliyyat dəhlizi formalaşır. Ölkə hökumətində belə hesab edirlər ki, məhz DB-nin yolların inkişafına yardımından sonra ölkədə nəqliyyat və yol infrastrukturu sahəsinə müsbət proqramlı yanaşma formalaşıb. Düşünürəm ki, bizim bank həm fiziki, həm də sosial infrastrukturun modernləşdirilməsində yetərincə yaxından iştirak edir. Bankla hökumət arasında çox konstruktiv dialoq mövcuddur. 

Ən başlıcası isə bizim fəaliyyət öz bəhrəsini verir və gözləyirik ki, xalq bu ölkəyə yatırılmış $2 mlrd.-dan fayda görəcək. Bu nəticələri artıq  ölkənin regionlarına baş çəkərkən görürük. Yaxınlarda  Şəki və Ağdaşda olmuşuq, orada bizim bankın maliyyə yardımı ilə iki xəstəxananın tikintisi başa çatdırılır.Yaxın bir il ərzində, ən azı, 8-10 rayonda yeni kanalizasiya və su təchizatı sistemi tam keyfiyyətli fəaliyyətə başlayacaq. Bunlar yalnız  maliyyələşdirdiyimiz rayonlardır. Başqa rayonlarda, həmçinin, hazırladığımız metodologiyadan istifadə edilir, yardımımız ilə lazımi ekoloji və sosial araşdırmalar aparılacaq. 

Yeni strategiya çərçivəsində bank artıq üç layihə təsdiqləyib, onların gerçəkləşdirilməsinə $125,4 mln ayrılıb. Onlardan $80 mln.-u Azərbaycan Su İstifadəçiləri Assosiasiyasının inkişafının dəstəklənməsi, $9,2 mln.-u məhkəmə sisteminin modernləşdirilməsi və $12 mln.-u isə kapital bazarlarının müasirləşdirilməsi  üçün bəyənilib. 

Bundan başqa, yeni dörd layihə üzərində də işlənilir ki, 2012-ci maliyyə ilində bankın direktorlar şurasının bəyənməsi üçün təsdiq ediləcək. Bunlar məcburi köçkünlərin iqtisadi inkişaf layihəsi (gerçəkləşdirilməsinə $50 mln ayırmaq planlaşdırılır), Hövsan Aerasiya Stansiyasından kanalizasiya axıntılarının  Xəzər dənizinə dərinsulu çıxışlarının tikilməsi layihəsi  ($80-90 mln) və "Azərbaycana kənd sərmayələri" layihəsinin gerçəkləşdirilməsinin davamı ($30-50 mln), həmçinin, kənd təsərrüfatının inkişafı və kreditləşdirilməsi üzrə uyğunlaşdırılmış proqramın  III fazasıdır ($30-50 mln).

Yeri gəlmişkən, hazırda DB Azərbaycan İpoteka Fonduna təqdim edilmiş texniki yardımı analiz edir. Ümumi çərçivələrin müəyyən edilməsindən sonra bankın dəstək verməsi mümkündür. Həmçinin tələbdən asılı olaraq yardımın forması - kredit və ya texniki kömək şəklində olması müəyyən ediləcək.  Texniki təhlil dövrü altı aydan bir ilə qədər çəkəcək. 

-  Bank tərəfindən Azərbaycanla yeni istiqamətlərdə əməkdaşlıq imkanlarına baxılırmı?

-  Bankın Azərbaycanla cari portfeli toplam dəyəri $2,3 mlrd. olan 20 layihədən ibarətdir. Azərbaycan 1992-ci ildən DB-nin üzvüdür. Bu günə kimi 43 layihənin maliyyələşdirilməsi üçün Azərbaycana $2,9 mlrd. ayırıb ki, bu, ölkəni bankın portfelinə görə Türkiyə və Qazaxıstandan sonra dünya üçüncüsü edir. 

Hazırda bizim strategiyanın əsas məqsədi layihələrin gerçəkləşdirilməsi zamanı uğur qazanılmış sahələrə diqqəti artırmaq, cari layihələrin gerçəkləşdirilməsini yaxşılaşdırmaqdır, amma bununla belə gələcəkdə yeni əməkdaşlıq istiqamətlərinin müəyyən edilməsi istisna edilmir. 

2012-ci ilin sonunda biz Azərbaycanla əməkdaşlığın işlək strategiyasında aralıq qiymətləndirməni  gerçəkləşdirməyi planlaşdırırıq. Qiymətləndirmə strategiyaya lazım olan dəyişikliklərin müəyyən edilməsi məqsədi ilə keçiriləcək. 

Strategiyadan görünür ki, biz öz proqramımızı yenidən balanslaşdırırıq. Vəsait ayırmaqla yanaşı, biz ölkə hökumətinə iqtisadi və digər  təhlillər, araşdırmalarının aparılmasında, siyasətlərin təhlilində, başqa ölkələrin ən yaxşı təcrübələrinin gətirilməsi işində yardımçı olmaqda daha çox maraqlıyıq. Buna misal olaraq bizim bankın təhsil, səhiyyə, pensiya sistemi, aqrar sahə islahatları üzrə müzakirələrdə bizm də iştirakımızı göstərmək olar. 


MƏSLƏHƏT GÖR:

443